Əliqulu mirzə Qovanlı-Qacar

Əliqulu mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar (d. 2 may 1854, Şuşa, Şuşa qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası - ö. 1905, Çita, Zabaykalski vilayəti, Rusiya imperiyası) — Qacar sülaləsinə mənsub olan şahzadə,[1] Abbas Mirzənin nəvəsi, Bəhmən Mirzənin oğlu. Rusiya İmperator Ordusunda hərbi komandan olmuş, polkovnik-leytenant rütbəsində xidmət etmişdir.[2][3][4][5]

Əliqulu mirzə Qovanlı-Qacar
Şəxsi məlumatlar
Doğum tarixi 2 may 1854(1854-05-02)
Doğum yeri
Vəfat tarixi 1905
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Dəfn yeri
Atası Bəhmən mirzə Qovanlı-Qacar
Hərbi fəaliyyəti
Qoşun növü süvari
Rütbəsi polkovnik-leytenant, podpolkovnik[d]
Təltifləri 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni "Şiri-Xurşid" ordeni "Rusiya–Osmanlı müharibəsinə (1877–1878) görə" medalı Order of noble Bukhara
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bəhməni ailəsinin üzvü olan Əliqulu Mirzə Qacar Rus-Yapon müharibəsi zamanı aldığı yaradan xəstəxanada vəfat etmişdir.

Həyatının erkən dövrü

[redaktə | mənbəni redaktə et]

Əliqulu Mirzə 1854-cü ildə Şuşa şəhərində anadan olmuşdur.[6] Atası Bəhmən Mirzə Qacar, anası isə atasının beşinci arvadı Kiçik Bərdə Xanım olmuşdur. Əliqulu Mirzə ailənin 13-cü oğlan övladıdır. O, Şuşada ailə evində böyümüş, bir müddət keçdikdən sonra isə Tiflis Kadet Korpusuna hərbi təhsil almağa göndərilmişdir.[7][8] Tiflis Kadet Korpusunu bitirdikdən sonra, 24 mart 1875-ci ildə hərbi xidmətə başlamış və Qafqaz ordusuna daxil olan hərbi birliyə süvari kimi təyinat almışdır. 27 oktyabr 1875-ci ildə 164-cü Zaqatala Piyada Alayına təyin edilmişdir.[9][10]

Hərbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1877-1878 Rus-Osmanlı müharibəsi

[redaktə | mənbəni redaktə et]

Əliqulu Mirzə 1877-1878-ci illərdə baş vermiş Rus-Osmanlı müharibəsinə qatılmış və Qafqaz cəbhəsində müxtəlif döyüşlərdə iştirak etmişdir.[4] 12 aprel tarixində onun alayı Çoloki çayını keçmiş və növbəti gün alayı ilə birlikdə Muxa döyüşündə iştirak etmişdir. 29 apreldə o, Xutsubanini ələ keçirmək üçün edilən hücuma qatılmış, 16 may tarixində Sameba təpələrinin ələ keçirilməsinə qatılmış və Zeniti kəndi yaxınlığındakı döyüşdə iştirak etmişdir. 29 may tarixində o, Tsixisdziri istehkamlarına artilleriya batareyalarının yerləşdirilməsinə rəhbərlik etmişdir.[10]

18 yanvar 1878-ci ildə o, Tsixisdziriyə təşkil ediləm ikinci hücuma da qatılmışdır. Lakin bu hücum zamanı sol əlindən yaralanmış və bir qədər sonra da IV dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilmişdir. Orden fərqlənməni göstərmək üçün "Cəsurluğa görə" yazısı ilə birlikdə 10 fevral 1878-ci ildə təqdim edilmişdir. Aprelin 25 1878-ci ildə isə Əliqulu Mirzə leytenant rütbəsinə yüksəldilmişdir.[11]

Severski polkunda

[redaktə | mənbəni redaktə et]

Əliqulu Mirzə ilk başlarda Qafqaz ordusuna tabe olsa da, sonradan Severskaya Süvari Alayına transfer edildi. Bu təyinat 29 iyun 1878-ci ildə edilmiş, 1 iyul 1878-ci ildə Russki İnvalid qəzetində bu barədə məlumat verilmişdir. 23 sentyabr 1878-ci ildə o, yeni xidmət yerinə gəlib çatmışdır.[12]

10 avqust 1885-ci ildə o, atış yarışmasına qatılmış və qalib gələrək 74 rubl pulla mükafatlandırılmışdır. 6 mart 1886-cı ildə hazırlanmış “Qafqaz Hərbi Dairəsinin qoşunlarında xidmət edən fars şahzadələrinin siyahısı və şəhadətnaməsi” sənədinə əsasən Əliqulu Mirzə yüksək əxlaqi dəyərlərə sahib, alicənab, xidmətdə peşəkar şəxs kimi dəyərləndirilmişdir.[12]

1886-cı il 12 oktyabrdan 4 noyabra qədər və 26 dekabrdan 1887-ci il 22 fevrala qədər o, müvəqqəti olaraq dördüncü squadron alayının komandiri vəzifəsini icra etmişdir. 2 iyuldan 24 iyul 1887-ci ilə qədər isə, o, altıncı squadron alayının komandanı vəzifəsini icra etmişdir. 23 dekabr 1887-ci ildə o, Qafqaz Ehtiyat Süvari Alayının üçüncü departamentinə göndərilmiş və 11 sentyabr 1888-ci ildə alaya göndərilmişdir.[12]

1888-ci il 20 noyabrdan 20 yanvar 1889-cu ilə qədər o, dördüncü squadron alayının komandiri vəzifəsini icra etmişdir. 1 sentyabr 1889-cu ildə o, alayın atıcı komandasının komandiri təyin edilmiş və 27 yanvar 1890-cı ildə alayın təlim komandasının komandiri olmuşdur.[13]

4 noyabr 1890-cı ildə o, alayın zabitlər cəmiyyəti məhkəməsinin üzvlüyünə namizəd seçilmiş və 18 noyabr 1890-cı ildə o, yenidən təlim komandasının komandiri təyin edilmişdir.[13]

30 avqust 1891-ci ildə o, bir illiyinə Qafqaz Ehtiyat Süvari Alayının üçüncü dakrlar departamentinə göndərilmiş və eyni gündə də təlim komandasının komandiri təyin edilmişdir. 1 sentyabr 1891-ci ildə departamentinin yerinə çatmış və 3 sentyabrda alaya geri göndərilmişdir.[13]

12 noyabr 1892-ci ildə o, alayın zabitlər cəmiyyəti məhkəməsinin üzvü seçilmişdir. 1893-cü il 10 iyundan 5 sentyabra qıədər üçüncü squadron alayına komandanlıq etmişdir. 1893-cü ilin 26 sentyabr tarixindən Süvari Zabitləri Məktəbinə göndərilmişdir. O, burada olduğu zaman kapitan rütbəsinə yüksəldilmişdir. 15 avqust 1895-ci ildə eskadron və istehkam komandirləri şöbəsində Zabit Süvari Məktəbi kursunu “uğurlu” qiymətlə bitirdi və 1 sentyabr 1895-ci ildə gəldiyi alayına geri qaytarıldı.[13]

Çerniqov polkunda

[redaktə | mənbəni redaktə et]

18 sentyabr 1896-cı ildə o, Oryol şəhərind yerləşən 51-ci Çerniqov Süvari Alayına təyinat almışdır. 20 noyabr 1896-cı ildən 20 may 1897-ci ilə qədər o, bu polkun zabit məhkəməsinin üzvü olaraq da çalışmışdır.[13]

1898-ci ilin 3 iyul tarixindən 3 sentyabrına qədər o, Qafqaz Mineral Suları bölgəsinə göndərilmişdir. 6 oktyabr 1898-ci ildən 7 yanvar 1899-cu ilə qədər o, zabit məhkəməsinin üzvü olaraq da çalışmışdır. 1899-cu ilin 13 mayından Riqa-Oryol dəmiryolunun Bejitsa stansiyasına göndərilmişdir. 1899-cu ilin 3 sentyabrından 7 dekabrına qədər, 1901-ci ilin 20 avqustundan 10 aprelinə qədər, 1 1902-ci ilin 1 aprelindən 1 noyabrına qədər o, alay məhkəməsinin üzvü olmuşdur.[14]

Çerniqov alayının Oryol şəhərindəki bölməsində xidmət edərkən Əliqulu Mirzə tez-tez alayın atıcılıq və süvarilik yarışmalarında qalib gəlmiş və müxtəlif mükafatlarla mükafatllandırılmışdır.[8]

Orada o, 1903-cü ildə polkovnik-leytenant rütbəsinə yüksəldilmişdir. Bundan sonra o, Yeletsdə yerləşən 51-ci Nejinski Alayına təyinat almış və burada vəzifə baxımından yüksəldilmişdir.[7]

Nejinski polkunda

[redaktə | mənbəni redaktə et]

2 mart 1903-cü ildə o, köhnə alayını təhvil vermiş və 14 iyun 1903-cü ildə ikinci komandan olaraq 52-ci Nejinski Süvari Alayına təyin edilmişdir. 16 iyun 1903-cü ildə o, yeni xidmət yerinə çatmış və 25 iyun 1903-cü ildə alayın döyüşən birlikləri üzrə alay komandirinin köməkçisi təyin edilmişdir. İmperator əmri ilə 26 iyul 1903-cü ildə polkovnik-leytenant Əliqulu Mirzə 51-ci Çerniqov Draqon Alayınından 52-ci Çerniqov Draqon Alayına təyinat almışdır.[14]

Şahzadə Əliqulu Mirzə 1904-1905-ci illəri əhatə edən Rus-Yapon müharibəsində də iştirak etmişdir.[4] Əliqulu Mirzənin oğlu Şəmsəddin Mirzə öz xatirələrində onun bu zaman ürək xəstəliyinə görə müalicə almaqda olduöunu bildirmişdir. Arvadının ürək xəstəliyinə görə təqaüdə çıxmasını istəyən məktubuna Əliqulu Mirzə o zaman on yaşlı olan oğlu Şəmsəddinin başına sığal çəkərək bu cavabı vermişdi:[3]

İndi belə söhbətlərin yeri deyil, xəstə adam çoxdan pensiyaya çıxmalı idi. İndi geri çəkilsəm, deyəcəklər ki, döyüşə getməkdən qorxdum...Mənim yerimə evdə belə bir kişi [oğlunu nəzərdə tutaraq] qalır.

Yaponiya ilə müharibə Əliqulu Mirzənin son hərbi xidməti oldu.[4] O, Port-Arturun müdafiəsi zamanı ciddi şəkildə yaralandı və Çitada bir hərbi xəstəxanada vəfat etdi.[8] Onun nəşi Çitadakı xəstəxanadan Qafqaza aparıldı.[14] Bu hadisə ilə əlaqədar Tərcüman qəzetində bu sözlər yazılmışdı:

Qızıl Xaç Cəmiyyətinin himayədarı Əlahəzrət İmperator Mariya Fedorovna mərhum polkovnik-leytenant Şahzadə Əliqulu Mirzə Qacarın cənazəsinin Qızıl Xaç Cəmiyyətinin vəsaiti hesabına Qafqaza Yevlax stansiyasına çatdırılmasını zəruri hesab etmişdir.

Əliqulu Mirzə Bərdədə yerləşən İmamzadə türbəsinin ailəsinə məxsus olan Bəhmən Mirzə Xəzinəsi adlı yerində, atasının məzarının yanında dəfn edildi.[7][15]

Rusiya Dövlət Hərbi Tarixi Arxivində Əliqulu Mirzə barədə 5 mart 1886-cı il və 1903-cü ildə hazırlanmış iki arxiv qovluğu saxlanılmaqdadır.[16][17][6].

Əliqulu Mirzə Qacarın 1886-cı ildəki xidmət kitabçasında 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsinin xatirəsinə “İgidliyə görə” yazısı olan IV dərəcəli Müqəddəs Anna ordeni və bürünc medalı olduğu qeyd edilmişdir. Bundan başqa, dövrümüzə qədər gəlib çatmış fotoşəkillərdən aydın olur ki, Əliqulu Mirzənin II və III dərəcəli Müqəddəs Stanislav ordeni, III dərəcəli Müqəddəs Anna ordeni, IV dərəcəli Müqəddəs Vladimir ordeni, İranın "Şiri-Xurşid" ordeniBuxaranın Qızıl Günəş ordeni də olmuşdur.[18]

Ailəsi və soyu

[redaktə | mənbəni redaktə et]

Əliqulu mirzənin soyu Qacarlar sülaləsindən gəlməkdədir. Onun atası olan Bəhmən Mirzə (1810-1883) Qacar imperiyasında müxtəlif vəzifələrdə çalışmış, eyni zamanda da ədəbi və elmi fəaliyyətlə məşğul olmuşdur. Bəhmən Mirzə məşhur Qacar vəliəhd-şahzadəsi Abbas Mirzə Qacarın dördüncü oğlu idi. Bəhmən Mirzə 1841-1847-ci illərdə Azərbaycan vilayətinin hakimi ikən xəstə Qacar şahı Məhəmməd şaha qarşı Xorasanda sülalənin bir digər üzvləri olan Allahyar xan Dəvəli-Qacar və onun oğlu Həsən xan Salar üsyan qaldırırlar. İddia edilir ki, onlar hakim sülalənin yan tirəsi olduqları üçün şahı endirib yerinə Bəhmən Mirzəni gətirmək istəyirlər. Bu qəsddə Bəhmən Mirzənin həqiqətən əlinin olub-olmaması bəlli deyil. Məhəmməd şah hər ehtimala qarşı Bəhmən Mirzəni öz yanına, yəni saraya gətirir və sığınacaq verir. Lakin ona qarşı saray intiriqalarına və baş vəzir Hacı Mirzə Ağası İrəvaninin ona qarşı planlarına görə 1847-ci ildə ruslara sığınır. Ruslar isə onu Qafqaza gətirib, Şuşa şəhərində yerləşdirirlər. Bəhmən Mirzə 1883-cü ildə Şuşada ölənə qədər Şimali Azərbaycanda yaşadı. Onun bu müddət ərzində 100-dən çox övladı və nəvəsi dünyaya gəldi. Onların bir çoxu yüksək vəzifələrə sahiplənmiş, Rusiya İmperiyasındaAzərbaycan Xalq Cümhuriyyətində xidmət etmişdirlər. Onlardan biri də Əliqulu Mirzə Qacar idi.[19][20]

Əliqulu Mirzənin həyat yoldaşı olan Sitarə Bəyim məşhur tacir Ağaəli Ələsgər İsmayılovun qızı idi. Avropa nümunəsində təhsil almış olan Sitarə Bəyim Azərbaycan, Fransız, RusFars dillərini mükəmməl bilmiş, eyni zamanda bu dillərin tədrisi ilə də məşğul olmuşdur.[21] Cütlüyün 3 oğlu və 1 qızları olmuşdur. 1905-cı ildə, yəni Əliqulu Mirzənin ölməsindən bir il sonra Sitarə Bəyim Sankt-Peterburqda öz övladları olan Şəxsi və Üveysi, eyni zamanda da öz qardaşı oğlu Tofiqi böyütməkdə idi.[21].

Oğlanları:

  • Şəmsəddin və ya Şəmsi Mirzə (d. 23 iyul 1894 - ö. 1979) - İmperial Hüquq Məktəbində təhsil alıb, fərqlənmə ilə oranı bitirdikdən sonra (1917-ci il) Peterburqdan Tiflisə qayıtmış və ölənə qədər orada yaşayıb işləmişdir. 1951-ci ildə öz atası barədə "O, geri dönəcəkdir" adlı xatirə əsəri yazmışdır. Əsər 1990-cı ildə aylıq ədəbiyyat və incəsənət jurnalı olan "Azərbaycan ədəbiyyatı"nda dərc edilmişdir.[22]
    • Şəmsəddin Mirzənin yeganə qızı və Əliqulu Mirzənin nəvəsi olan İzzət 1924-cü ildə Tiflisdə dünyaya gəlmişdir. Atası kimi o da, Tiflisdə yaşamış və həkim olaraq çalışmışdır.[21][23]
  • Soltan Üveys Mirzə (d. 22 dekabr 1896 - ö. 14 aprel 1931, Bakı) - o da, qardaşı kimi İmperial Hüquq Məktəbində bir müddət təhsil almış, daha sonra moskva Politexnik İnistitutuna transfer edilmişdir. Təhsilini bitirdikdən sonra Bakıya köçmüş və burada Kommunist qəzetinin mətbəəsində radio mühəndisi olaraq çalışmışdır. 1931-ci ildə xəstəlikdən vəfat etmişdir.[21][24]
  • Əliqulu Mirzənin qızı olan İzzət Xanım 7 yaşında ikən vəfat etmişdir.[18][21]
  • Əliqulu Mirzənin bir digər oğlu olan Murad Mirzə 5 yaşında ikən vəfat etmişdir.[18][21]

Əliqulu Mirzənin özü və arvadı müsəlman idilər.[18] hər ikisinin rus və fransız dillərini bilməsinə baxmayaraq, ailədə öz doğma dilləri olan Azərbaycan türkcəsində danışmışdırlar.[27]

Əliqulu Mirzə peşəkar hərbi fəaliyyət ilə yanaşı həvəskar fotoqrafda olmuşdur. O, ciddi formada müxtəlif incəsənət sahələri ilə məşğul olmuş, bunlardan birinci yeri isə fotoqrafiya tutmuşdur. Əliqulu Mirzənin oğlu Şəmsəddin Mirzənin öz xatirələrinin giriş qismində yazdığına görə,[5] bir çox müəlliflər şahzadəni Rusiya imperiyasında ilk azərbaycanlı fotoqraflardan biri kimi qəbul edirmişlər.[4][3] Əliqulu Mirzə Qacar Tiflis, BakıSankt-Peterburq arxivlərində saxlanılan Bəhmən Mirzə Qacar və ya Bəhməni ailəsinin üzvlərinin bir sıra fotoşəkillərinin müəllifidir.[3] Bu fotoşəkillər həm Əliqulu Mirzənin, həm də digər bəzi Qacar ailəsi üzvlərinin həyatını öyrənmək üçün məlumatları özündə ehtiva edir.[5]

  1. Исмаилов Э. Э., 2009. səh. 92
  2. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-14.
  3. 1 2 3 4 Nəzirli, 1995. səh. 137
  4. 1 2 3 4 5 Исмаилов, 2009. səh. 95
  5. 1 2 3 Литературный Азербайджан, 1990. səh. 85
  6. 1 2 Исмаилов, 2009. səh. 179
  7. 1 2 3 Исмаилов, 2009
  8. 1 2 3 Nəzirli, 1995. səh. 136
  9. Nəzirli, 2012. səh. 44
  10. 1 2 Исмаилов, 2009. səh. 180
  11. Исмаилов, 2009. səh. 180-181
  12. 1 2 3 Исмаилов, 2009. səh. 181
  13. 1 2 3 4 5 Исмаилов, 2009. səh. 182
  14. 1 2 3 Исмаилов, 2009. səh. 183
  15. Nəzirli, 1995
  16. РГВИА. Ф. 400. Оп. 9. Д. 21976. Л. 59-60об., 62об.-63об.
  17. и в 1903 году (с дополнениями)РГВИА. Ф. 400. Оп. 9. Д. 31108. Л. 641-643об.; Оп. 12. Д. 22476. Л. 392-393; Д. 23593. Л.65-66.
  18. 1 2 3 4 Исмаилов, 2009. səh. 184
  19. Calmard, 2004
  20. Nava'i, 1988. səh. 85
  21. 1 2 3 4 5 6 Каджар, 1990. səh. 85
  22. Исмаилов, 2009. səh. 184, 95, 325
  23. Исмаилов, 2009. səh. 327
  24. Исмаилов, 2009. səh. 325
  25. "Qacar Çingiz Oveys oğlu". Официальный сайт Национальной академии наук Азербайджана (az.). 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-02.
  26. "Akademik Çingiz Qacar vəfat edib". science.gov.az. 12.06.2021. 2022-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-12.
  27. Nəzirli, 1995. səh. 138

Ənvər Çingizoğlu, , Bakı, "Şuşa", 2008, 334 səh. Qacarlar və Qacar kəndi. Bakı: Şuşa. 2008. 334.

  • Каджар Ш. Он вернётся. Воспоминания. Bakı: Литературный Азербайджан № 3. 1990. 85–115.
  • Nəzirli Ş. Cumhuriyyət generalları. Bakı: Hərbi nəşriyyat. 1995. 212.
  • Исмаилов Э. Э. Персидские принцы из дома Каджаров в Российской империи. Moskva: Старая Басманная. Ответственный редактор А. А. Молчанов. 2009.
  • Исмаилов Э. Э. Персидские принцы – кавалеры Георгиевских наград // «Под сенью Святого Георгия». Материалы V Международных Дворянских чтений. Краснодар: Кубанькино. Ответственный редактор Е. М. Сухачева. 2009. ISBN 5-94932-002-8.
  • Nava'i, A. Bahman Mīrzā. Encyclopædia Iranica - London and New York: Routledge & Kegan Paul. In Yarshater, Ehsan (ed.). Encyclopædia Iranica, Volume III/5. 1988. ISBN 978-0-71009-117-8.
  • Calmard, Jean. Moḥammad Shah Qājār. Encyclopædia Iranica, Online Edition. Encyclopædia Iranica Foundation. In Yarshater, Ehsan (ed.). 2004.