Çingiz Oveys oğlu Qacar (6 iyun 1929, Bakı – 12 iyun 2021) — Azərbaycanlı fizik, "Şöhrət" ordeni laureatı, əməkdar elm xadimi, AMEA-nın akademiki və Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri.[1]
Çingiz Qacar | |
---|---|
Doğum tarixi | 6 iyun 1929 |
Doğum yeri | |
Vəfat tarixi | 12 iyun 2021 (92 yaşında) |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | molekulyar fizika |
Elmi dərəcəsi | Fizika-riyaziyyat elmləri doktoru |
Elmi adları | Professor, akademik |
İş yeri | Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu |
Təhsili | Leninqrad Politexnik İnstitutu, texniki fizika sahəsində mühəndis - tədqiqatçı |
Mükafatları |
|
Çingiz Oveys oğlu Qacar 1929-cu il iyunun 6-da Bakı şəhərində anadan olub.[1] Onun ulu babası məşhur Qacarlar sülaləsinin ziyalı nümayəndələrindən olan Bəhmən Mirzə Qacar idi.[2] Ç. Qacar orta məktəbi bitirdikdən sonra təhsilini 1947–1953-cü illərdə Leninqrad Politexnik İnstitutunda[1] texniki fizika ixtisası üzrə davam etdirib.[3] O, institutu bitirdikdən sonra, 1953-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat İnstitutunun Radiofizika laboratoriyasında işləməyə başlamışdır.[1]
Əmək fəaliyyətinə 1953-cü ildən Azərbaycan Elmlər Akademiyasında, Fizika İnstitutunun Radiofizika laboratoriyasında başlayan Çingiz Qacar burada kiçik elmi işçi, böyük elmi işçi və laboratoriya rəhbəri olub.[3]
O, elmi fəaliyyətini 1973-cü ildən Fotoelektronika İnstitutunda davam etdirib. Burada institutun əsas elmi istiqamətlərindən biri olan tətbiqi spektroskopiya şöbəsini yaradıb, oraya ən istedadlı alimləri toplayıb. Onun rəhbərliyi altında şöbənin kollektivi bir sıra maraqlı nəticələr əldə edib, nadir qeyri-standart elmi cihazların işlənib hazırlanması, quraşdırılması və zavod şəraitində kiçik seriyada istehsalı ilə məşğul olublar. Ç. Qacar İK-diapazonlu optik rabitə sistemlərinin parametrlərinin fiziki tədqiq metodlarının işlənib hazırlanması ilə bağlı yeni elmi istiqamətin yaradıcısıdır. Onun rəhbərliyi ilə TUBİTAK Türkiyə Elmi Mərkəzində "Kompüterləşdirilmiş topoqrafik istilikgörmə" layihələşdirilib konstruksiya olunub. Həmin kompleks Türkiyə Topoqrafik Mərkəzi ilə müvəffəqiyyətlə sınaqdan keçirilib.
Ç. Qacarın mikrodalğalı dövri spektroskopiya sahəsində işləri böyük maraq doğurur. İlk dəfə o, biratomlu spirtlərin onların çoxsaylı izotop əvəzedici analoqları ilə trans və qoş-konformerlərinin (etanol, propanol) fırlanan spektrlərini oxuyub və molekulyar strukturları və dipol momentləri araşdırıb. Bundan başqa, akademik etilmerkaptanın, etilftoridin və allil spirtin molekullarının fırlanan mikrodalğalı spektrlərini də araşdırıb.
Ç. Qacar 1980-ci ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib. Ç. Qacar institutun fizika-mexanika fakültəsində oxuduğu illərdə dünyanın tanınmış alimlərindən sayılan A. F. İoffe, J. İ. Frenkel, D. N. Nasledov və başqalarından dərs alıb. O, tələbəlik illərində Avropa mədəniyyətinə maraq göstərmişdir.
Çingiz Qacar 12 iyun 2021-ci ildə vəfat etmişdir. İkinci Fəxri Xiyaban'da dəfn olunmuşdur.[4]
Ç. Qacar mikrodalğalı spektroskopiya sahəsində Londonda keçirilən beynəlxalq konfransda Azərbaycanda yaradılmış həmin spektrometr və etil spirti molekulunun mikrodalğalı spektri haqqında elmi məruzə ilə çıxış etmiş, həmin vaxtlardan (keçən əsrin 60-cı illəri) beynəlxalq aləmdə elmi nəticələri ilə tanınmağa başlamışdır. Fundamental tədqiqatlar aparan Ç. O. Qacar atom və molekulların spektroskopiyası sahəsində bir sıra məsələləri həll etmişdir. Onun aldığı elmi nəticələrdən lazer fizikasında, qazların təhlilində, atmosferin lokal və məsafədən zondlanmasında, ulduzlararası fəzada molekulların axtarılması sahəsində və s. istifadə olunmuşdur.
2001-ci ildə Ç. Qacarın aldığı elmi nəticələrdən yapon mütəxəssisləri də istifadə etmişlər. Keçmiş İttifaqda mikrodalğalı spektroskopiya sahəsində müdafiə olunan namizədlik və doktorluq dissertasiyalarının bir çoxunun aparıcı təşkilatı Çingiz müəllimin rəhbərlik etdiyi şöbənin daxil olduğu Fotoelektronika İnstitutu olmuşdur. Akademik Ç. Qacar indi də Azərbaycan MEA Fizika İnstitutunda bu istiqamətin inkişafı üçün əlindən gələni əsirgəmir. Rəhbərlik etdiyi laboratoriya etil, izopropil, butil, izobutil, tretikbutil spirtləri və onların izotopomerlərinin mikrodalğalı spektrlərinin tədqiqi ilə məşğul olur. O, geniş tətbiqi olan mikrodalğa diapazonunda şüauducuların yaradılması problemləri üzrə də maraqlı işlər aparır.
Ç. Qacar Azərbaycanda yüksəkixtisaslı elmi kadrların hazırlanmasında da böyük xidmətlər göstərir. O, nüfuzlu spektroskopçular məktəbi yaratmış, yüksəkixtisaslı fiziklər yetişdirmişdir. Onun çoxsaylı yetirmələrinin bir çoxu Avstraliya, Rusiya, Amerika, Türkiyə, ölkəmizin nüfuzlu ali məktəblərində və elmi-tədqiqat institutlarında çalışır. O, Azərbaycanda molekulyar spektroskopiya elmi istiqamətinin rəhbəridir.
Molekulyar spektroskopiya sahəsində elmi əsasların yaranmasında kompleks işlər gördüyünə və geniş istifadəli elektron cihazların istehsal texnologiyasına görə Ç. O. Qacar 1982-ci ildə Azərbaycan SSR-nin Dövlət Mükafatına və SSRİ EA-nın S. İ. Vavilov adına mükafata layiq görülüb, 2004-cü ildə isə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.
Ona 1990-cı ildə Azərbaycan SSR Əməkdar Elm Xadimi fəxri adı verilib.
18 aprel 2014-cü ildə Akademik Çingiz Qacar fizika elmi sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Nəsirəddin Tusi adına mükafata layiq görülüb[5].
"Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri" (rus, ingilis və Azərbaycan dillərində) "Qacarlar" "Köhnə Bakı" "Köhnə Şuşa" "Tiflis. Vorontsova 53, 55" "Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri" "Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri" kitabının yazılmasının maraqlı tarixçəsi var. Çingiz Qacar Leninqradda oxuyarkən tələbəlik dostu, milliyyətcə gürcü olan Nuqzar Eliosaşvili ilə həmişə Azərbaycan və gürcü xalqlarından hansının daha çox görkəmli şəxsiyyətləri olmaları barədə mübahisə aparmışlar. Mübahisə bu kitab yazılana qədər davam etmişdir. Həmin kitab nəşr olunduqdan sonra Nuqzar Eliosaşvili özünün məğlubiyyətini ona yazdığı məktubunda etiraf etmiş və akademikin bu kitabını "Azərbaycanın görkəmli şəxsiyyətlərindən tərtib olunmuş Mendeleyev cədvəli" adlandırmışdır. Akademik bu kitabını ingilis dilinə tərcümə etmişdir.
O, fizikanın sahələri və tarixinə aid Azərbaycan, rus və ingilis dillərində yazılmış on monoqrafiyanın müəllifidir. Ç. Qacar Azərbaycanın birinci xanımı YUNESKO və İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi "Azərbaycan İrs" jurnalının redaktorlarından biridir.
Ç. O. Qacar 2009–2012-ci illərdə AMEA Fizika İnstitutunun direktoru vəzifəsində çalışmışdır. Hazırda akademik AMEA Fizika İnstitutunda Molekulyar spektroskopiya laboratoriyasının rəhbəridir.
Çingiz Qacar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|