Ömər Faruk Gergerlioğlu (2 noyabr 1965, İsparta ili) — tibb işçisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27-ci və 28-ci çağırışlarının deputatı.[1]
Ömər Faruk Gergerlioğlu | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı | |
Vəzifədədir | |
7 iyul 2018-ci ildən | |
Seçki dairəsi | 2018 — Kocaeli 2023 — Kocaeli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 noyabr 1965 (59 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | pulmonoloq, insan hüquqları fəalı, siyasətçi |
omerfarukgergerlioglu.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Ömər Faruk Gergerlioğlu 1965-ci ildə İsparta ilində anadan olub. Bursa İmam-Hatip Liseyindən və Anadolu Universiteti Tibb Bölməsindən məzun olub.[1]
Uzun illər dövlət xəstəxanalarında çalışıb. İstanbulda Süreyyapaşa Göğüs Xəstəxanasında vərəm üzrə ixtisaslaşıb.[1] 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddən sonra elan edilmiş fövqəladə vəziyyət (OHAL) dövründə — 6 yanvar 2017-ci ildə tutduğu vəzifədən azad edilib.
İnsan Hüquqları və Məzlum İnsanların Həmrəyliyi Dərnəyinin (MAZLUMDER) 2003-cü ildə Kocaeli şöbəsinin sədri, 2007-2009-cu illərdə isə qurumun sədri olub. İnsan hüquqları mövzularında məqalələri dərc olunub.[1]
Bir müddət AK Partiya, daha sonra isə HDP və DEM üzvü olub.[1]
2017-ci ildə Konstitusiya referendumundan əvvəl islam seqmentindən yazıçı və siyasətçilərin təmsil olunduğu Haqq və Ədalət Platformasının üzvü olub. Sosial media hesablarında dərc olunan paylaşımlarına görə barəsində Kocaeli 2-ci Ağır Cəza Məhkəməsində iddia qaldırılıb. 20 avqust 2016-cı ildə T24 xəbər saytında dərc olunan məqaləsində “Dövlət addım atsa, 1 aya sülh gələr” sözlərinə görə terror qrupunun təbliğatını aparmaqda günahlandırılaraq həbs cəzası alıb.
Barəsində istintaq davam edən zaman — 2018-cı ildə HDP namizədi olaraq Kocaeli ilindən Türkiyə Böyük Millət Məclisinin 27-ci çağırışının deputatı seçilib.[1] TBMM İnsan Hüquqları Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
2021-ci il martın 17-də TBMM iclasında Yargıtayın 16-cı Cəza Dairəsi tərəfindən təsdiq edilən həbs cəzası ilə bağlı təqdim edilən Prezidentin təqdimatından sonra o, deputat səlahiyyətlərindən azad edilib. Konstitusiya Məhkəməsinin 1 iyul 2021-ci il tarixli qərarı ilə onun siyasətlə məşğul olmaq hüququnun pozulduğuna qərar verib və 16 iyul 2021-ci ildə deputat səlahiyyətləri bərpa edilib.
2023-cü ildə Kocaeli ilindən Yaşıl Sol Partiyasının namizədi olaraq Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Səhiyyə, Ailə, Çalışma və Sosial məsələlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]
Ərəbcə və ingiliscə bilir. Evli və 3 uşaq atasıdır.[1]