Özbəkistanın dövlət quruluşu - 1992-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.
Özbəkistan | |||||
---|---|---|---|---|---|
O‘zbekiston Jumhuriyati | |||||
| |||||
Tarixi | |||||
• Özbəkistan SSR | 27 Oktyabr 1924 | ||||
• Özbəkistan Respublikası | 8 Dekabr 1991 | ||||
Paytaxt | Daşkənd | ||||
İdarəetmə forması | Prezident respublikası | ||||
Prezident | İslam Kərimov | ||||
Baş nazir | Şövkət Mirziyayev | ||||
Sahəsi | Dünyada 56-cı | ||||
• Ümumi | 448900 km² | ||||
• Su sahəsi (%) | 4.90% | ||||
Əhalisi | |||||
• Əhali | 31 022 500[2] nəfər (44-cü) | ||||
• Siyahıyaalma (1989) | 19 810 077[4] nəf. | ||||
• Sıxlıq | 65,8 nəf./km² (136-cı) | ||||
İİİ (2007) | 0.617 (artış; 102-ci) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Özbəkistan - güclü prezident idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1991) sentyabr ayının 1-də qeyd olunur. Ölkə Konstitusiyası 8 dekabr 1992-ci ildə qəbul olunmuşdur.
12 vilayətə (Buxara, Cizzəx, Nəvai, Qaşqadərya, Səmərqənd, Sırdərya, Surxandərya, Daşkənd, Fərqanə, Əndican, Namanqan və Xarəzm), Qaraqalpaq Muxtar Respublikasına və Daşkənd paytaxt şəhərinə bölünür [5].
Özbəkistanın suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün, ölkə Konstitusiyanın və qanunlarının, eləcə də vətəndaşların hüquq və azadlıqlarının qarantı olan Prezident ümumxalq səsverməsi yolu ilə 7 il müddətinə seçilir.
Mövcud Konstitusiyaya əsasən dövlətin idarə olunmasında çox geniş səlahiyyətlərə malik olan dövlət başçısı Özbəkistan Respublikasını ölkə daxilində və beynəlxalq münasibətlərdə təmsil edir, Baş naziri və digər nazirləri, Baş Prokuroru, məhkəmə hakimlərini, ali komanda heyətini, əyalət qubernatorlarını təyin və vəzifədən azad edir.
Eyni zamanda silahlı qüvvələrin ali baş komandanı sayılan dövlət başçısı, zərurət yarandıqda ölkədə müharibə vəziyyəti və səfərbərlik elan edərək qəbul etdiyi qərarını 3 gün ərzində Parlamentin təsdiqinə təqdim etməkdə səlahiyyətlidir.
2002-ci ildə keçirilmiş referendum nəticəsində Özbəkistan Respublikasının Ali Məclisinə növbəti seçkilər zamanı iki palatalı (Senat və Qanunverici palata) Parlamentin yaradılması haqqında qərar qəbul edilmişdir. Konstitusiyaya əsasən Parlament (Ali Məclis) iki palatadan – 100 yerlik Senatdan (Yuxarı Palatadan – senatorların 84-ü yerli icra şuraları tərəfindən səsvermə yolu ilə 5 il müddətinə seçilir, 16-sı Prezident tərəfindən təyin edilir) və 150 yerlik Qanunverici Palatadan (135-i ümumxalq səsverməsi yolu ilə 5 il müddətinə seçilirlər) ibarətdir. Ölkədə qanunvericilik fəaliyyətini həyata keçirən hər iki palatanın birgə iclasları Özbəkistan Prezidentinin andiçmə mərasimində, dövlət başçısının ölkənin sosial-iqtisadi həyatının, daxili və xarici siyasətinin çox mühüm məsələləri üzrə çıxışı, xarici ölkələrin dövlət başçılarının rəsmi səfərləri çərçivəsində Parlamentdə söylədikləri nitqlər və digər taleyüklü məsələlərin müzakirəsi zamanı baş tutur [6].
Nazirlər Kabineti və ona rəhbərlik edən Baş nazir Özbəkistan Prezidenti tərəfindən təyin və Ali Məclis tərəfindən təsdiq edilir. Prezident və Parlament qarşısında kollektiv məsuliyyət daşıyan Nazirlər Kabineti dövlət başçısının sərəncam və fərmanlarının, Ali Məclisin qərarlarının, Özbəkistan Respublikasının qanunlarının icrasını təmin edir, habelə iqtisadi, sosial və mədəni sahələrin effektiv fəaliyyətinə rəhbərliyi həyata keçirir.
Baş nazir Nazirlər Kabinetinin fəaliyyətini təşkil edir və ona rəhbərliyi həyata keçirir, Kabinetin işinin səmərəliliyinə görə fərdi məsuliyyət daşıyır, Hökumətin iclaslarına sədrlik edir və onun qərarlarını imzalayır, dövlət başçısının göstərişi ilə Özbəkistan Respublikasını beynəlxalq münasibətlərdə təmsil edir və mövcud Konstitusiyada təsbit edilmiş digər mühüm funksiyaları yerinə yetirir.
Hakimləri 5 il müddətinə Prezident tərəfindən təyin və Ali Məclis tərəfindən təsdiq olunan, ölkədə mülki, cinayət və inzibati sahələr üzrə ən yüksək məhkəmə orqanı sayılan Ali Məhkəmə, habelə qanunvericilik və icra hakimiyyətinin normativ-hüquqi aktlarının Konstitusiyaya uyğunluğu ilə bağlı işlərə nəzarət edən Konstitusiya Məhkəməsi ölkədə məhkəmə hakimiyyətini həyata keçirir.
Bundan əlavə, Özbəkistan Respublikasında hakimləri 5 illik müddətə Prezident tərəfindən təyin edilən, istər dövlət, istərsə də özəl təşkilatlar arasında iqtisadi mübahisələrin işləri üzrə məhkəmə orqanı olan Ali Təsərrüfat Məhkəməsi, Qaraqalpaq Muxtar Respublikasının mülki və cinayət işləri üzrə Ali Məhkəməsi və Təsərrüfat Məhkəməsi də fəaliyyət göstərir.