Özbəkistan mədəniyyəti — Orta Asiyada mərkəzi və şimal-qərb hissəsində yerləşən Özbəkistan Respublikasının mədəniyyəti.
Özbəkistanın böyük tarixi malik zəngin mədəniyyəti var. Özbək mədəniyyəti Şərqin ən parlaq və orijinal nümunələrindən biridir. Türk xalqları içərisində özünəməxsusluğu ilə seçilən özbəklərin könül oxşayan xalq mahnıları, təsviri sənəti, zəngin mətbəxi, geyim mədəniyyəti və memarlığı var.
Ölkənin Daşkənd, Səmərqənd, Buxara, Xivə, Kokand, Şəhrisəbz və digər şəhərlərdə çoxsaylı tarixi abidələr, məscid və muzeylər mövcuddur.[1]
Tarixi abidələri sırasında Bibixanım məscidi, Uluqbəy rəsədxanası və mədrəsəsi, Şahi Zinda məqbərəsi, Əmir Teymur və onun nəslinin uyuduğu Qur-Əmir mavzoleyi, Ağ-Sarayın adını çəkmək olar. Təkcə Buxarada 140-a yaxın arxitektura abidəsi var. Müxtəlif əsr və xalqlara məxsus tarixi abidələrin məkanı olan qədim Xivə 1967-ci ildə, İçan-Qala isə 1990-cı ildə UNESCO-nun mədəni irs siyahısına daxil edilib.[1]
Müstəqillik dövründə qədim məscidlər bərpa olunub, yeniləri tikilib. Özbək xalqının şedevri və milli fəxri olan mədəni və tarixi abidələr bərpa olunmaqla yanaşı, çoxlu xatirə kompleksləri tikilib. Məsələn, İmam Əl-Buxari, Əl-Fərqaninin heykəlləri, Teymurilər muzeyi və çoxlu başqa abidələr Şərq memarlıq ənənələrini öz gözəlliyi, zərifliyi və parlaqlığı ilə fərqlənən müasir arxitekturanın nailiyyətlərilə birləşdirir.[1]
Özbək musiqisi müxtəlif janr və mövzularla xarakterizə olunur. Özbəklərin klassik musiqisi "Şaşməqam" (altı muğam) XVI əsrin sonlarında Buxarada formalaşıb. "Şaşməqam" Azərbaycan və uyğur muğamlarına yaxındır.[1]
"Koşk" adlanan xalq musiqisi də özbəklərin milli-mənəvi dəyərlərindəndir. "Ev nəğmələri" adlanan bu mahnılar komik rəqslərlə də müşahidə olunur. Mahnının mətnlərini Şərqin milli poemalarının hissələri təşkil edir.[1]
"Lapar" (dialoq, deyişmə) Özbəkistanın digər milli musiqi növüdür. Ölkənin bəzi yerlərində "Ulan" adlanır və toy mərasimlərində istifadə olunur (burada bəy və gəlinin dialoqu kimi ifa edilir). Azərbaycanda olduğu kimi, Özbəkistanda da "Yallı" rəqsi məşhurdur. Özbəklərdə bu rəqsin iki növü var. Ölkədə klassik və xalq musiqisi ilə yanaşı, müasir populyar musiqi də inkişaf edir.[1]
Özbəklərə xas əsas xüsusiyyətlərdən biri qonaqpərvərlikdir. Nahar və ya şam yeməyinə dəvətdən imtina etmək düzgün sayılmır, qonaq üçünsə ən əsası dəqiqlikdir. Qonaq gedərkən hədiyyə olaraq suvenir və uşaqlar üçün şirniyyat aparmaq daha məqbul sayılır. Qonaqları ev sahibləri həyətdə qarşılayıb hal-əhval tutduqdan sonra evə dəvət edirlər. Süfrəyə öncə şirniyyat, sonra isə yeməklər verilir. Ümumiyyətlə, özbəklərdə çay içmə xüsusi mərasim hesab olunur. Çayı kişilər dəmləyib piyalələrdə süfrəyə verirlər. Əgər qonaq ev sahibinin yaxını, sevimlisidirsə, onun piyaləsinə çay az süzülür. Belə ki, çayını içən adam yenidən ona çay süzülməsini xahiş edir və beləliklə, bu hal bir neçə dəfə təkrarlanır. Digər qonaqlara isə çayla dolu piyalə verilir.[1]
Özbəkistan 1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra mədəni inkişaf respublikanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri oldu. Ötən müddətdə Ölkənin mədəniyyəti öz məzmununa və prioritetlərinə görə əsaslı şəkildə inkişaf edib. Onun əsas istiqaməti etnomədəniyyəti və ümumbəşəri dəyərləri aktuallaşdırmaq oldu. Özbəkistan mədəniyyəti xalqın çoxəsrlik ənənələrinə, qədim irsə əsaslanır.[1]
Müasir Özbəkistan mədəniyyətinin parlaq ifadələrindən biri çoxçeşidli janrlara malik ənənəvi xalq yaradıcılığıdır. Məsələn, bu gün dövlət ənənəvi sənətkarlığın inkişafına diqqət yetirir. Bu sahə sovet dövründə diqqətdən kənarda qalmışdı.[1]
Hazırda keramika və dekorativ əl işi, ipək parça emalı, xalçaçılıq və qızıl tikmə naxışlar, zərgərlik sənəti və bədii metal, lak miniatürlər, ağac yonma, musiqi alətlərinin dekorativ işlənməsi və başqa sənət növləri yeni dövrünü yaşayır.[1]
Ölkə Prezidenti İslam Kərimovun 1997-ci ildə imzaladığı "Xalq bədii sənətlərinin və tətbiqi incəsənətinin sonrakı inkişafına dövlət dəstəyi haqqında" sərəncam bu sahənin inkişafına mühüm təkan verib. Həmin Sərəncama əsasən, bacarıqlı işçilərin assosiasiyası yaradılıb. Respublikada xeyli sayda dövlət və ictimai təşkilatlar, yaradıcı birliklər və eyni zamanda qanunverici mexanizmlər çoxəsrlik ənənəvi xalq incəsənətinin qorunması işini tənzimləyir. Milli mədəniyyət, incəsənət və ənənələrin inkişafı və populyarlaşması bir sıra böyük festivalların keçirilməsinə də imkan yaradır. Bu sıraya əsasən "Şark taronalari" (azərb. "Şərq təranələri"), "Asrlar sadosi", (azərb. "Əsrlərin sədası") və digər festivallar daxildir.[1]
Müasir mədəniyyət və incəsənətdə ən parlaq nümunələrdən biri "Özbəkistanın Mədəniyyət və İncəsənət Forumu" adlı fondun hər il keçirdiyi tədbirlərdir. 2004-cü ildə yaradılan fondun məqsədi özbək xalqının mənəvi irsini, milli mədəniyyətini, görkəmli mədəniyyət və incəsənət nümayəndələrinin potensialını birləşdirmək, gənc və yaradıcı nəsillərə dəstək verməkdir. Fond moda festivallarının təşkilinə xüsusi diqqət ayırır. Yaradıcılığın bu istiqamətində toxuculuq sənayesinin inkişafı ilə yanaşı, həm də milli dizaynın formalaşmasına yeni nəfəs verilir. Hər il "Milli paltarlar", uşaqlar üçün "Balojonlar, kiçkintoylar" və digər respublika festivalları çərçivəsində ölkə dizaynerlərinin işləri nümayiş etdirilir. Hər il keçirilən moda və incəsənət həftəsi — "Style.uz" dünya moda sənayesində mühüm tədbirlərdən birinə çevrilib. Moda həftəsinin ənənəvi qonaqları arasında dünya şöhrətli rəssamlar, musiqiçilər, zərgərlik və feşn-brend sahibkarları, eyni zamanda dünyanın şou-biznes ulduzları təmsil olunur.[1]
Özbək xalqı Novruz, Ramazan və Qurban bayramlarını geniş qeyd edir.[1]
Böyük alim-astronom Mirzə Uluqbəyin 615, Əmir Teymurun 660, böyük alim Əl-Fərqaninin 1200, məşhur ilahiyyatçı-alim imam Əl-Buxarinin 1225, məşhur xalq eposu "Əlpomış"ın 1000 illiyi, dahi alim, miniatür ustası Kəmaləddin Behzadinin 545, Buxara və Xivə şəhərlərinin 2500, Şəhrisab şəhərinin 2700, Səmərqəndin 2750, Daşkəndin 2200 illik yubileylərinin UNESCO səviyyəsində qeyd olunması böyük rezonansa səbəb oldu. İSESCO-nun qərarı ilə Daşkənd 2007-ci ildə "İslam mədəniyyəti paytaxtı" elan olunmuşdur.[1]