"İdeal" (əvvəlki adı: Yanar ürək) — İsa Muğannanın bədii-fəlsəfi romanı.
İdeal | |
---|---|
Müəllif | İsa Muğanna |
Janr | Bədii-fəlsəfi |
Orijinalın dili | Azərbaycan dili |
Orijinalın nəşr ili |
"Yanar ürək" adı ilə: 1956 1960 1965 1979 "İdeal" adı ilə: 1985 1997 2005 2009 2013 |
Nəşriyyat |
Lider (2005) Avrasiya press (2009) Hədəf Nəşrləri (2013) |
Səhifə |
536 (2005) 576 (2009) 744 (2013) |
Növ | kitab |
Əsər yazıldığı ilk dövrlərdə müəllifə qarşı kəskin tənqid kampaniyası başlayır və İsa Hüseynov təqib və təzyiqlərə məruz qalır. Sonralar İsa Muğanna əsasən sovet dövründə yazdığı bir sıra əsərlərlə yanaşı "İdeal" əsərinin ilkin variantı hesab olunan "Yanar ürək"dən də imtina etmişdir.[1][2][3]
İ. Muğannanın həyatdakı ziddiyyətləri bütün kəskinliyi ilə göstərən "Yanar ürək" romanı özünün ictimai, vətəndaşlıq konsepsiyası ilə, mühüm sosial həqiqətlər barədə söz açmaq cəhdi ilə Azərbaycan ədəbiyyatının inkişafı üçün çox gərəkli hesab olunur. Bu əsərinin mövzusunu müəllif sonralar "İdeal" romanında bir qədər də dərinləşdirmiş, yeni bədii məzmunda zənginləşdirib. Azərbaycanın yaxın və uzaq keçmişindən tarixi hadisələrin, alim və filosoflarının vətənpərvərlik çarpışmalarının əks etdirildiyi "İdeal" əsərində yazıçı Azərbaycan xalqının qədim tarixi kökləri ilə müasir mənəvi problemlərini vahid süjet xəttində birləşdirib.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq Azərbaycan romanının, postmodernizmin başlanğıcını İsa Muğannanın (Hüseynovun) "İdeal" romanı ilə əlaqələndirir. Ş. Sadiq xüsusi qeyd edir ki: "İsa Muğannanın 1980-ci illərdə yazdığı "İdeal" romanı və ilk dəfə 1993-cü ildə "Dünya" jurnalının 3-cü nömrəsində çap edilən "Cəhənnəm" romanı Azərbaycan ədəbiyyatının ilk postmodern əsərlərindəndir." Ş. Sadiq İ. Muğannanın Azərbaycan ədəbiyyatında postmodernin birinci dalğasının banisi hesab edir, ikinci dalğanı isə Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı ilə əlaqələndirir.[4]
Şəmil Sadiq İsa Muğannanın "İdeal" romanının üzərində 6 dəfə dəyişiklik etməsinə də toxunmuşdur: "Ehtimalımıza görə "İdeal" əsərinin üzərində müəllif 6 dəfə dəyişiklik etmişdir. İlk dəfə "Yanar ürək" adı ilə 1956-cı ildə yazılan əsər 1965-ci ildə nəşr edilərkən, 1979-cu ildə yenidən nəşr edilərkən, 1984-cü ildə "İdeal" adı ilə ilk dəfə çap edilərkən, 1997-ci ildə "Peyğəmbərin möhürü" hissəsi əlavə edilərək çap edilərkən. Bu variantda heç bir nəşr ili və ya nəşriyyat göstərilməmişdir."[4]
12 fevral 2014-cü ildə Kulis.az mədəniyyət portalı azərbaycanlı yazıçı, şair, tənqidçi və ədəbiyyatşünaslardan ibarət 78 şəxs arasında sorğu keçirib. Sorğuda iştirak edənlərdən "Azərbaycan ədəbiyyatının ən yaxşı üç romanı"nı seçmək xahiş edilib.[5] Nəticələrə əsasən əsər ümumilikdə 17 səslə 3-cü, ayrı-ayrılıqda isə romanın "İdeal" adlı 2-ci variantı 12 səslə 4-cü, "Yanar ürək" adlı ilkin variantı isə 5 səslə 8-ci olub.[6]
"İdeal" romanı ədəbiyyatımızın Dostoyevskisi adlandırılan[7] İsa Muğannanın yaradıcılığında yeni səhifə açmış və böyük ajiotaj yaratmış romandır.Qeyd etmək lazımdır ki, bu roman Azərbaycan ədəbiyyatının ən sanballı romanlarından biri olmaqla yanaşı həm də dünya ədəbiyyatının da incilərindən hesab olunur.Dünya ədəbiyyatında sayılıb-seçilməsinin ən əsas səbəbi də ondadır ki iyirminci əsr dünya ədəbiyyatında ən möhtəşəm adlar olan Coys, Kafka, Prust, Tomas Mann, Feyxtvanger, Sartr, Kamyu, Brox, Faulz, Eko və s. kimi yazıçıların heç birinin yaradıcılığında bu növdə romana rast gəlinməmişdir.
"İdeal"da ictimai konflikt çox güclüdür. Həqiqi kommunist tərbiyəsi ilə böyümüş gənc Səmədin qarşısında çox böyük maneələr durur. Kəndə gəlib işə başladığı ilk gündən elə böyük çətinliklərlə, hər gün, hər saat, hər dəqiqə elə ağır və bəd xəbərlərlə, dəhşətli və anlaşılmaz müəmmalarla, el malına həris düşmən qüvvələrlə qarşılaşır ki, onun bu çətinliklərə necə dözəcəyini, bunlara necə tablaşacağını, bunlarla necə mübarizə aparacağını, öz ürəyinin, vicdanının tələbləri əsasında necə işləyəcəyini, məsələləri necə həll edəcəyini fikirləşdikdə az qala oxucunun nəfəsi təngiyir. Rayona çatan kimi, sevgilisini əmisi evində gəlin görməsi, ata yadigarı köhnə evlərini gözləri önündə Əlləzoğlunun yandırması,əmisi ilə barışmaq üzrə ikən gözünün qabağında Sultanın Gülgəzi zorlaması hələ bir yana, Səməd əmisinin idarəçilik işlərində geriyə doğru dəhşətli dönüş görür: illərlə Qudalılara qarşı mübarizə aparan əmisi indi Qudalıları iş başına gətirmiş, kolxoza rəhbərliyi onlara tapşırmışdır. Qudalı Rəhim kolxoz sədri olan kimi, əsas vəzifələri — mühasibliyi də, fermanı da qudalılara tapşırmışdır. Rəhim kişi sədr olan kimi, vaxtilə xalq düşməni çıxarılmış qardaşı Məhəmmədin intiqamını almağa başlayıb, kolxozçuların əmək haqqını ləngidir, onları dövlətdən narazı salır, gizli yolla kolxozu dağıtmağa çalışır. Təbiətən əyriliyə, soyğunçuluğa, el malına həris olan, faktiki olaraq Sovet hökumətinə düşmən mövqe tutan Qudalıları Sultan niyə birdən-birə iş başına gətirmiş, kolxozun ixtiyarını onlara vermişdir?
Romanı oxuduqca oxucu həyəcanla hadisələrin necə cərəyan edəcəyini,baş qəhrəman Səmədin,müəllifin diliylə desək SimOdun başına nələr gələcəyini düşünür. Müəllifin-İsa Muğannanın da elə əsl qələbəsi bunda oldu ki, Azərbaycan xalqının ulu tarixi kökləri ilə müasir mənəvi problemlərini vahid süjet xəttində ustalıqla birləşdirdi.
Əsər ilk dəfə Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə 1956-cı ildə, növbəti dəfələrdə isə 1960, 1965, 1979-cu illərdə əlavə və dəyişikliklərlə təkrar nəşr edilib.
Roman "İdeal" adı ilə tamamilə yenilərək Bakıda, ilk dəfə 1985-ci ildə, latın qrafikalı Azərbaycan əlifbası ilə isə ilk dəfə 2005-ci ildə Lider nəşriyyatında, 536 səhifədə, 25 min tirajla çap edilib. Əsərin 2005 nəşri Azərbaycan Respublikasının 3-cü Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli 56 №-li sərəncamı (Arxivləşdirilib 2020-02-04 at the Wayback Machine) ilə nəşr olunub və kitabxanalara hədiyyə edilib.[8]
Əsər 2009-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İsa Muğannanın 6 cildlik Seçilmiş əsərlərinin 4-cü cildində Bakıda, Avrasiya press nəşriyyatında, 576 səhifədə nəşr edilib.[9]
Romanın müəllif tərəfindən edilən yeni düzəliş və əlavələrlə olan yeni forması 2013-cü ildə Hədəf Nəşrlərinin "XAN" (Xalqım, Azərbaycanım Naminə!) bədii ədəbiyyat layihəsi çərçivəsində 744 səhifədə nəşr olunub.[10]
2013-cü il mayın 18-də Bakıdakı Atatürk Mərkəzində İ. Muğannanın 85 illik yubileyi münasibətilə ədibin "Hədəf nəşrləri" tərəfindən çap olunmuş romanlarının təqdimatı keçirilib. Müəllifin özünün də iştirak etdiyi mərasimdə "İdeal" silsiləsində işıq üzü görmüş 6 əsəri — "İdeal", "Məhşər", "İsahəq, Musahəq", "Qəbiristan", "GurÜn" və "Cəhənnəm" romanları son əlavələrlə, yeni çap üslubunda, yeni formada, nəfis tərtibatda oxuculara təqdim olunub. Bu əsərlərin çapa hazırlanması və redaktəsi yazıçının razılığı ilə baş tutub. Kitabların naşiri Müşfiq Xan, qrafik dizayneri isə Teymur Fərzəlidir.[11][12][13][14]
"İdeal" romanının 2013-cü il nəşri "Kitabevim.AZ" kitab mağazasının 2016-cı ildə ən çox satılan kitablarının siyahısında "Bədii (Milli Azərbaycan Ədəbiyyatı Silsiləsi üzrə)" kateqoriyası üzrə 30 kitab arasında 19-cu[15][16][17], 2017-ci ildə isə "Ən çox satılan yerli ədəbiyyat" kateqoriyası üzrə 50 kitab arasında 40-cı olub.[18]
"İdeal"ın o vaxt necə ajiotaj yaratmasından danışan AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov deyir ki, əsəri sərt şəkildə tənqid edənlərdən biri akademik Ziya Bünyadov olub: "İdeal" işıq üzü görəndən sonra çox böyük səs-küy yarandı. İsa Hüseynovun həm "Yanar ürək"dən, həm də "Hüseynov" soyadından imtina etməsi çaşqınlıq yaratmışdı. Azərbaycanda hələ belə bir hadisə olmamışdı və ümumiyyətlə müəllifin öz əsərindən imtina etməyi nadir hallarda rast gəlinən haldır. 60-cı illər nəsri, yeni nəsr "Yanar ürək"lə başladığına görə belə bir fikir irəli sürülürdü ki, İsa Hüseynovun bu əsərdən imtina etməyə haqqı yoxdur. Bundan başqa görkəmli tarixçimiz Ziya Bünyadov əsəri sərt tənqid edərək bildirdi ki, burada sadalanan faktların tarixə heç bir dəxli yoxdur. Ziya Bünyadov "İdeal" haqqında yaxşı yazı yazmış Qəzənfər Kazımovu da tənqid etmişdi. Amma Ziya müəllim bir şeyi nəzərə almamışdı ki, bu, bədii əsərdir, bədii əsərdə müəyyən tarixi faktların bir az başqa şəkildə təqdim olunması normaldır. Ümumiyyətlə, indiyədək ciddi müzakirə mövzudur ki, "İdeal"dakı yanaşma, estetika nə qədər doğru və qəbul olunandır. Ancaq istənilən halda "İdeal" bədii təfəkkür hadisəsidir".[19]
Əkrəm Əylisli "Yanar ürəy"i "İdeal"dan yaxşı əsər sayır: "Mənə İsa Hüseynovun Muğannaya qədərki yaradıcılığı maraqlıdır, ondan o tərəfi mənlik deyil. "Yanar ürək" dövrün, epoxanın ab-havasını göstərə bilən əsərdir. Həm də o vaxt bizim üçün yeni idi bu əsər. Müəllif "Yanar ürək"də insanın zəifliyini ustalıqla göstərə bilmişdi, halbuki sovet dövründə insanı zəif göstərməyə icazə yox idi. "İdeal" isə bədii cəhətdən o qədər yüksək əsər kimi qiymətləndirmirəm. Populizm, vətənpərvərlik var bu əsərdə, biz tarixin yiyəsi kimi təqdim edilirik. Belə şeylər mənlik deyil. İdeya ilə yüklənən, daha doğrusu ideyası gözlə görünən əsərləri bəyənmirəm. İdeyanı əsərin içində əritmək lazımdır".[19]
Tənqidçi Əsəd Cahangir bu fikirdədir ki, İsa Muğannanın "İdeal" romanının dəyərləndirilməsinə bir neçə kontekstdən yanaşmaq lazımdır: "Bu roman yazıçının 1958-ci ildə yazdığı "Yanar ürək" romanının dahiyanə redaktəsidir. Birinci roman realist-psixoloji, ikincisi isə postmodern düşüncə ilə yazılıb. Amma qərb postmodernistlərindən fərqli olaraq İsa Muğanna nəinki insana inanır, hətta onu ideal olmağa layiq bilir. Bu roman yeni bir inanc yaradır — dinin yerinə elmi, Allahın yerinə insanı qoyur."[19]
"İdeal"da Cənubi Azərbaycanla bağlı xeyli məqamlar var. Bu barədə yazıçı Həmid Herisçi deyib ki, İsa Hüseynov bu əsərdə Cənubi Azərbaycan sirləri barədə üstüörtülü yazıb, əsl həqiqətlər unudulub. Onun sözlərinə görə, Azərbaycan sirləri Bakıda yox, Təbrizdədir. Bu sirləri bilən yazıçılardan biri Sabir Əhmədli idi və bu barədə "Yasaq edilmiş oyun" əsərində az da olsa yazıb.[19]
"İdeal"ın Azərbaycan Milli Azadlıq Hərəkatına müəyyən təsiri barədə müxtəlif vaxtlarda müxtəlif fikirlər irəli sürülüb. Milli Azadlıq Hərəkatının aktiv iştirakçılarından olmuş yazıçı Səfər Alışarlı isə deyib ki, "İdeal" milli azadlıq hərəkatının bayrağına çevriləcək əsər deyil: "İdeal" kütlənin qavraya biləcəyi bir əsər deyil, xeyli mürəkkəbdir. O başqa söhbətdir ki, "İdeal" çap olunması ilə hərəkatın başlaması təxminən eyni vaxta təsadüf etdi. Və bu əsəri başa düşən ziyalılar o əsərdə fikirləri, xüsusilə stalinizmlə bağlı məqamları öz çıxışlarında bir daha vurğulayırdılar".[19]
Tənqidçi, ədəbiyyatşünas Ülvi Babasoyun fikrincə, "İdeal" Karlos Funtesin "Terra Nostra" (azərb. Bizim torpaq) romanına bənzəyir.[20]