İlk tibbi yardım

'İlk tibbi yardım zamanı (ing. First aid)— hər hansı bir qəza və ya həyati təhlükə yaradan bir vəziyyətdə həkimlərin köməyi təmin edilənə qədər həyatın xilas olunması və ya vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədi ilə hadisə yerində tibbi vəsaitsiz, mövcud vasitə və vəsaitlərlə edilən dərmansız müalicə[1].

İlk tibbi yardımın beynəlxalq simvolu

İlk tibbi yardımın mahiyyəti

[redaktə | mənbəni redaktə et]

Hər hansı zədə (əzilmə, sınıq, yanıq və s.) almış və ya qəfildən xəstələnmiş şəxsin həyatını xilas etmək və sağlamlığını bərpa etmək üçün ona göstərilmiş ilk həkiməqədər yardımın böyük əhəmiyyəti vardır. Hadisə yerində ( işdə, küçədə, evdə və s.) bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür. İlk tibbi yardım zədələnmə yerində təcili (15 dəq) göstərilməlidir[1].

İlk tibbi yardımın növləri

[redaktə | mənbəni redaktə et]
  • Həyati təhlükəni ortadan qaldırmaq.
  • Həyati funksiyaların davam etdirilməsini təmin etmək.
  • Xəstə və ya yaralının vəziyyətinin pisləşməsini önləmək.
  • Yaxşılaşmanı asanlaşdırmaq[1].

İlk tibbi yardım çantası

[redaktə | mənbəni redaktə et]
ilkin tibbi yardım çantası

Yardım çantasında olmalıdır:

  • üçkünc sarğı bezləri
  • rulonlu sarğı bezləri
  • steril qazlı bezlər
  • pambıq
  • yara bandları
  • boyunluq
  • turna jqutu
  • antiseptik məhlullar
  • ağrı kəsici preparat
  • sancaq
  • qayçı
  • fənər[1].

İlk üç tədbir

[redaktə | mənbəni redaktə et]
  1. Zərərçəkmişə xarici zədələyici amillərin (elektrik cərəyanı, aşağı və ya yuxarı hərarət, ağır təzyiq altında sıxılma və s.) təsirinin dərhal aradan qaldırılması və onun əlverişsiz şəraitdən uzaqlaşdırılması (sudan, yanan və ya qaz dolmuş yerdən çıxarılması).
  2. Alınmış travmanın növündənxarakterindən asılı olaraq dərhal tibbi yardımın göstərilməsi (qanaxmanın dayandırılması, süni tənəffüs verilməsi, ürəyin qapalı masajı, yaralara sarğı qoyulması və s.).
  3. Ən qısa müddətdə zərərçəkmişin yaxındakı müalicə müəssisəsinə çatdırılması. Bu zaman çox ehtiyatla davranmaq, yaxud hadisə yerinə təcili tibbi yardım çağırmaq lazımdır[1].

Qanaxmalar zamanı ilk tibbi yardım

[redaktə | mənbəni redaktə et]
Qanaxma

İstənilən güclü qanaxma zamanı əsas təhlükə ondan ibarətdir ki, orqanizm daxilində qan kütləsinin kəskin şəkildə azalması nəticəsində ürək fəaliyyəti pisləşir. Bu zaman bütün həyati vacib orqanlar da oksigen çatışmazlığından zərər çəkməyə başlayırlar. Bu halda huşun itirilməsi baş verə bilər. Güclü qanaxma zamanı ilk növbədə yaradan hansı qanın axdığını müəyyən etmək lazımdır.

Qanaxmalar 3 cür olur: Kapilyar qanaxmalar, Venoz qanaxmalar, Arterial qanaxmalar.

Ən təhlükəli qanaxma arterial qanaxmadır. Bu zaman fəvvarə şəklində al qırmızı qan sürətlə damardan xaric olur və zərərçəkmiş bir neçə dəqiqə ərzində çoxlu qan itirə bilər. Dərhal qanaxmanı saxlamaq üçün tədbirlər görülməlidir. Turna və ya əl altında olan hər hansı vasitədən (ip, rezin, parça, bel kəməri və s.) istifadə etməklə zədə nahiyəsindən yuxarıda iri magistral damarları turna ilə sıxmaqla qanaxmanı saxlamaq lazımdır. Əl altında heç nə olmadıqda iri magistral damarı barmaqla sümüyə doğru sıxmaq lazımdır. Turnanın qoyulduğu vaxt qeyd edilməlidir. Çünki 1–2 saatdan sonra 2–3 dəqiqəliyə sarğını boşaltmaq lazımdır ki, ətrafın qidalanması pozulmasın. Əks halda qanqrena baş verə bilər. Venoz qanaxma zamanı tünd albalı rəngdə qan fasiləsiz yavaş axınla xaric olur. Bu zaman sıxıcı sarğı qoymaqla qanaxmanı dayandırmaq olar. Kapilyar qanaxma zamanı adi sarğı qoyduqda qanaxma dayanır. Bütün hallarda sarğının üstündən buz qovuğu qoymaq ağrını azaltmağa və qanaxmanı dayandırmağa kömək edir. Burun qanaxması zamanı burnun içərisinə hidrogen peroksid məhlulu ilə isladılmış pambıq və ya bint yerləşdirmək, burun pərlərini bir-birinə sıxmaq, burnun üzərinə buz qoymaq lazımdır. Ağ ciyərlərdən qanaxma olarsa (bu zaman köpüklü al qırmızı qan gəlir) zərərçəkənə yarımoturaq vəziyyət vermək, döş qəfəsi üzərinə buz döşəmək, öskürəyi azaldan dərmanlar vermək lazımdır. Qanlı qusma olarsa (bu zaman qusuntu qəhvə çöküntüsünə oxşayır) xəstəyə tam sakitlik verilməli, qarnının üstünə buz qoyulmalı, yeməyə və maye qəbuluna icazə verilməməlidir[1].

Bintləmə qaydaları

[redaktə | mənbəni redaktə et]
Bintləmə qaydaları
  1. xəstəyə mümkün qədər rahat vəziyyət vermək lazımdır ki, ağrıları artmasın;
  2. yaranın bintlə sarınması bintin başını bədənin bintlə sarınan hissəsinin ətrafına fırlamaqla iki əllə aparılır. Bu zaman bintin başını soldan sağa olmaqla açırlar;
  3. bintin hər növbəti qatı özündən əvvəlki qatın eninin yarısını və ya 2/3 hissəsini örtməlidir;
  4. bintləmə zamanı bədənin bintlə sarınan hissəsi, xüsusən də ətraflar sarğı qoyulandan sonra olacaqları vəziyyətdə olmalıdır. Məsələn, sarğıdan sonra xəstə gəzərsə, diz oynağına dizin bükülmüş vəziyyətində sarğı qoyulması yararsızdır;
  5. bintin uclarını bədənin sağlam hissəsi üzərində bağlamaq lazımdır[1].

Termik yanıqlar zamanı ilk tibbi yardım

[redaktə | mənbəni redaktə et]
Termik yanıqlar zamanı ilk tibbi yardım

Yüngül və ya sahəsi çox da geniş olmayan yanıqlar zamanı ilk tibbi yardımı zədələnmiş sahənin soyudulmasından başlayırlar. Bədənin yanan sahəsini 10–15 dəqiqə ərzində soyuq axar su altında saxlayın. Bu dərinin soyumasına, ağrının keçib getməsinə və yanığın dərinin daha dərin qatlarına yayılmasının qarşısını alır. Bu zaman buzdan istifadə etmək olmaz, bu travmanı artıra bilər! Yanan sahəyə yağ, yağlı məlhəmlər, vazelin və digər yağlı maddələryumurta da sürtmək olmaz!

Dəri su ilə soyudulandan sonra yanıq sahəsini steril bint və ya xovu olmayan, təmiz, yumşaq, təzə ütülənmiş parça ilə sarımaq lazımdır. Binti spirtdə və ya araqda isladmaq olar, onlar ağrıkəsici təsir göstərir və bəzi hallarda suluqların əmələ gəlməsinin qarşısını alır. Yanıq sahələrinə heç vaxt yod, brilyant yaşılı (rus. zelyonka), kalium permanqanat və digər bu tipli antiseptikləri sürtmək olmaz. Həmçinin, yanıq sahəsini heç bir halda sidiklə "təmizləməyin", sürtkəcdən keçirilmiş kartof və ya kartof qabığı və s. bu kimi "vasitələr" də qoymayın, çünki bu zaman siz yaraya infeksiya sala bilərsiniz.

Güclü və sahəsi xeyli dərəcədə geniş olan yanıqlar zamanı zərərçəkəni təmiz döşəkağı ilə bürümək, daha sonra üstünü ədyalla örtmək, ona antihistamin, ağrıkəsici dərmanlar vermək, duz qatılmış su içirtmək (1l suya 1 çay qaşığı duz) və dərhal xəstəxanaya çatdırmaq lazımdır. Əgər zərərçəkən şəxsdə şok başlanarsa, ona içməyə maye vermək olmaz. Uşağa antihistamin preparatını, həmçinin ağrıkəsici dərmanı yaşına uyğun dozada olmaqla, yanıq sahəsi hətta geniş olmadıqda da vermək lazımdır. Güclü yanıqlar zamanı dözülməz ağrılar yarandığı üçün, ağrı şokunun qarşısını almaq məqsədi ilə, ağrıkəsici dərmanların verilməsi çox vacibdir. Zərərçəkənin dərisində qabarcıqlar əmələ gələrsa, onları deşmək olmaz. Bu, təhlükəli infeksiyaların yaraya daxil olmasına səbəb ola bilər. Gözlərin termik yanıqları zamanı gözləri xeyli həcmdə su ilə yumaq, boş sarğı qoymaq və zərərçəkəni təcili olaraq tibb müəssisəsinə çatdırmaq lazımdır[1].

Dəm qazı ilə zəhərlənmə zamanı ilk tibbi yardım

[redaktə | mənbəni redaktə et]
Dəm qazı ilə zəhərlənmə zamanı ilk tibbi yardım

Dəm qazı ilə yüngül zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə zamanı isə qıcolmalar, huşun uzun müddət itirilməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir. Yadda saxlamaq lazımdır ki, kiçik yaşlı uşaqlar az miqdarda dəm qazından hətta həyatlarını itirə bilərlər[1]!

Dəm qazı ilə zəhərlənmə zamanı:

[redaktə | mənbəni redaktə et]
  1. zərərçəkəni dərhal açıq havaya çıxarmaq (balkona, çölə);
  2. əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq;
  3. ona yarıoturaq vəziyyət vermək (ağ ciyər ödeminin qarşısını almaq üçün);
  4. zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq;
  5. əgər zərərçəkən nəfəs almırsa və ürək dayanmışsa dərhal reanimasiya tədbirlərinə başlayın ("Ürəyin xarici masajı" və "Süni tənəffüs")[1].

Suda boğulma zamanı ilk tibbi yardım

[redaktə | mənbəni redaktə et]

Suda batanı xilas edərkən ehtiyatlı olmaq lazımdır. Belə ki, suda batan hər şeydən tutmağa cəhd etdiyi üçün o, xilasedəni də batıra bilər.Batan şəxsə arxa tərəfdən yaxınlaşmaq, onu saçlarından, paltarının yaxalığından və ya qoltuqaltı nahiyəsindən tutaraq üzünu yuxarı çevirməklə onunla birlikdə sahilə tərəf üzmək lazımdır. Batan şəxsin sifəti mütləq suyun səthindən yuxarıda olmalıdır[1].

Suda boğulma zamanı:

[redaktə | mənbəni redaktə et]
Suda boğulma zamanı ilk tibbi yardım
  1. dərhal "təcili yardım" çağırmaq;
  2. tibbi yardım göstərməzdən əvvəl zərərçəkənin əynindəki sıxıcı paltarları (qalstuk, kəmər və s.) çıxarmaq lazımdır;
  3. cəld hərəkətlə zərərçəkənin ağız boşluğunu barmağınızla və ya dəsmalla dəniz yosunlarından və digər yad cisimlərdən təmizləyin;
  4. sonra sağ dizinizi yerə qoyaraq, zərərçəkəni üzüaşağı və qarnı budunuza söykənməklə, dizdən bükülmüş sol ayağınızın üzərinə qoyun;
  5. əlinizlə onun kürəkləri arasındakı sahəyə güclü şəkildə təzyiq etməklə tənəffüs yollarından suyu xaric edin;
  6. zərərçəkəni üzüyuxarı yerə uzadın, qusma başladığı halda onun boğulmaması üçün başını yana çevirin, nəfəs alıb-almamasını, ürəyinin döyünüb-döyünməməsini yoxlayın;
  7. əgər zərərçəkən nəfəs almırsa, ona süni tənəffüs vermək lazımdır. Əgər zərərçəkənin ürəyi dayanıbsa, süni tənəffüs hərəkətləri ilə yanaşı ürəyin qapalı masajını da icra edin. Bu reanimasiya tədbirlərini həkim gələnədək davam etdirmək lazımdır. Zərərçəkəni tibb müəssisəsinə çatdırmaq imkanı olarsa, bunu dərhal etmək, reanimasiya tədbirlərini isə yolda olarkən davam etdirmək lazımdır[1].

Əgər zərərçəkən huşunu itirməmişdirsə, tənəffüs yollarından suyu xaric etdikdən sonra onun əynindəki yaş paltarları çıxarmaq, bədənini spirt və ya quru dəsmalla ovxalamaq, içməyə isti maye vermək, onu isti bir şeyə bürümək, ayaqlarını bir qədər qaldırmaq və dərhal xəstəxanaya çatdırmaq lazımdır[1].

Dağıntılar zamanı yaranan zədələrə qarşı ilk tibbi yardım

[redaktə | mənbəni redaktə et]
Dağıntılar zamanı yaranan zədələrə qarşı ilk tibbi yardım

Dağıntılar zamanı meydana çıxan travmalardan biri uzunmüddətli sıxılma sindromu-Kraş sindromudur. Kraş sindromu-uzun müddət böyük mexaniki qüvvənin təzyiqi altında bədənin yumşaq toxumalarının zədələnməsi nəticəsində inkişaf edir. Sindromun meydana çıxmasına səbəb muxtəlif travmalar ola bilər. Daha çox zəlzələlər, muasir silahların istifadəsi zamanı baş verən dağıntılarda, inşaat meydanlarında, şaxtalar, karyerlərdə baş verən uçqunlar zamanı rast gəlinir. Ağır mexaniki qüvvə tərəfindən sıxılan yumşaq toxumada əzilmə, dağılma baş verir. Meydana çıxan ağrı zərərçəkmişin sinir, ürək-damar, tənəffüs sistemində ciddi pozuntular yaradır. Eyni zamanda əzilmə nəticəsində qansızmalar olur. Kraş sindromu zamanı ilk yardım kompleks şəkildə aparılır:

  1. Qısa müddət ərzində zədələnmiş şəxsin dağıntı altından azad edilməsi;
  2. Elastik kompressiya, zədələnmiş nahiyyənin soyudulması, ətrafların immobilizasiyası;
  3. Travmatik şok əleyhinə tədbirlər;
  4. Xəstənin yaxınlıqdakı xəstəxananın cərrahi şöbəsinə aparılması.

Xəstəliyin ilk 2–3 günü ərzində ağrı ilə əlaqədar travmatik şok əlamətləri olur: ağrı, arterial təzyiq aşağı düşür, tənəffüs, nəbz tezləşir, xəstədə oynaqlıq olur. 3–5-ci günlərində nisbi yaxşılaşma qeyd edilir. 4–7 gündən sonra sinir sistemi, böyrəklər zədələnir. Ağırlaşmalar baş verərsə xəstənin zədələnmiş ətrafında güclü ağrılar, qanqrena, böyrək çatışmazlığı baş verir[1].

Oynaq çıxıqları zamanı ilk tibbi yardım

[redaktə | mənbəni redaktə et]
Oynaq çıxıqları

Oynaq çıxıqları zamanı oynaqda olan sümüklərdən birinin oynaq kapsulasını yırtaraq oynaq boşluğu daxilindən xaricə çıxması hallarında baş verir. Oynaq çıxıqlarının ümumi əlamətlərinə oynağın normal formasının dəyişməsi, çıxan sümüyün digər yeni sahədə yerləşməsi, ətrafın ölçüsünün qısalması və ya uzanması, oynaq nahiyəsində olan kəskin ağrı kimi əlamətlər daxildir. Əgər travmaya məruz qalan uşaqdırsa, aşağıdakı əlamətlər oynaq çıxığından şübhələnməyə əsas verə birər: uşaq zədələnən ətrafını hərəkət etdirə bilmir və ya onu çətinliklə hərəkət etdirir, o narahat olur, ağlayır, böyüklərə travma aldığı qola və ya ayağa toxunmağa imkan vermir, toxunduqda isə daha bərkdən ağlamağa başlayır. Heç bir halda nə böyük şəxsdə, nə də uşaqda oynaq çıxığını sərbəst şəkildə yerinə salmağa, və ya bu məqsədlə xalq təbiblərinə müraciət etməyə cəhd etməyin. Travmadan sonra ilk 1–2 saat ərzində zərərçəkəni mütləq xəstəxanaya çatdırmaq lazımdır ki, cərrah çıxmış ətrafı yerinə salsın.

Yuxarı ətrafın hər hansı oynağı yerindən çıxdıqda, zədələnmiş ətrafı boyuna bağlanmış ləçəkdən sallamaq, zədələnmiş oynağın ətrafına parçaya bükülmüş buz qoymaq, daha sonra isə xəstəni təcili şəkildə travmatoloji məntəqəyə və ya xəstəxanaya çatdırmaq lazımdır. Aşağı ətrafdakı oynaq çıxığı zamanı zədə alan şəxsi uzatmaq, xəstə ayağa tam rahatlıq vermək üçün onun altına yastıq və ya mütəkkə forması verilən dəsmal qoymaq lazımdır. Zədələnmiş oynağın ətrafına parçaya bükülmüş buz qoyun[1].

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 "İlk tibbi yardım" (az.). ens.az. İstifadə tarixi: 2020-09-13.