Antiseptiklər

Antiseptiklər, (antiseptik maddələr) — xəstəliktörədən mikroorqanizmləri məhv etmək və ya onların çoxalmasının qarşısını almaq üçün preparatalar, kimyəvi maddələr. Tibbdə antiseptiklər dəriyə, yaraya və s.-yə infeksiya keçməsinin qarşısını almaq üçün işlədilir[1].

Antiseptiklərin bir qismindən (karbol turşusu, krezol, lizol, formalin, xloramin, xlorlu əhəng və s.) binaları dezinfeksiya etmək üçün istifadə olunur. Tibbdə işlədilən antiseptiklərə pantosid, yodoform, kalium-permanqanat, bor turşusu, natrium-hidrokarbonat, nişatır spirti, gümüş-nitrat, protarqol, Burov mayesi, spirt, rivanol, bəzi antibiotiklər (qramisidin, mikrosid), fitonsidlər və s. aiddir.

Antiseptik maddələr mikrob əleyhinə olan digər maddələrdən (antibiotiklərdən, kimyəvi müalicə vasitələrindən və s.) fərqli olaraq seçici təsiri ilə deyil, geniş spektrli antibakterial, antivirus, göbələklərə, ibtidailərə qarşı təsir göstərməsi ilə səciyyələnir. Antiseptik maddələrə xlor (qalazon, xloroksilenol və s.), yod (yod, yodoform, kalium -yodid və s.), oksidləşdirici (benzoilhidrogenin peroksidləri, kalium-permanqanat), aldehid (formaldehid, sitral və s.), spirt (dixlorbenziletanol, izopropanol, etanol), fenol (timol, xlorokrezol və s.), turşu (benzoy, borat, salisil və s.), rəngləyici (brilyant yaşılı, metil abısı, eozin və s.), alüminium (asetat), bismut, maqnezium, mis, qurğuşun, gümüş, sink preparatları, biquanidin törəmələri (sikloksidin, xlorheksidin), anion və kation detergentləri, habelə ambazon, heksamidin, miramistin, selen sulfidi, kükürd sulfidi, naftalan nefti və bir sıra bitki mənşəli preparatlar aiddir. Antisepdik maddələr dərinin, selikli qişaların, boşluqların və yaraların infeksiya ilə zədələnməsinin müalicə və profilaktikasında, cərrahiyyə əməliyyatı zamanı əllərin və əməliyyat sahələrinin dezinfeksiyasında istifadə olunur.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
  2. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 550. ISBN 978-9952-441-02-4.