İnformasiya cəmiyyəti

İnformasiya cəmiyyəti — əhalinin böyük hissəsinin müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olduğu cəmiyyət. İnformasiya cəmiyyəti IC postsənaye cəmiyyətinin bir konsepsiyasıdır. Bu, istehsalatın əsas məhsulunu informasiya və bilik təşkil edən sivilizasiyanın inkişafının yeni tarixi fazasıdır.

İnformasiya cəmiyyətinə xas olan münasibətlər informasiyalaşdırma prosesinin uğurlu başa çatdırılması nəticəsində formalaşır.

İC-nin fərqləndirici cəhəti:

  • Cəmiyyətin həyatında informasiya və biliyin rolunun artması;
  • daxili məhsulların axınında informasiya kommunikasiyalarının, məhsullarının və xidmətlərinin payının artması;
  • insanların effektiv informasiya qarşılıqlı əlaqələrini, dünya informasiya resurslarına müraciətlərini təmin edən və onların informasiya məhsullarına və xidmətlərinə olan tələbatlarını təmin edən qlobal informasiya fəzasının yaradılmasıır.

İC-nin xarakterik xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Mənbə:[1]

  • informasiya böhranı aradan qalxır, informasiya axını və informasiya “aclığı” arasındakı ziddiyyət həll olunur;
  • informasiyanın başqa resurslardan üstünlüyü təmin edilmiş olur;
  • bütün bəşəri sivilizasiya üçün qlobal informasiya mühiti yaranır;
  • informasiya və kommunikasiya texnologiyalarından istifadə kütləvi hal alır, sosial və iqtisadi fəaliyyətin yeni formaları yaranır;
  • informasiya əmtəəyə çevrilir, informasiya və bilik bazarı yaradılır və inkişaf edir;
  • inkişafın əsas forması kimi informasiya iqtisadiyyatı formalaşır;
  • İKT vasitəsilə hər bir insanın, bütün sivilizasiyaların informasiya resurslarına sərbəst çıxışı reallaşır;
  • təhsil sisteminin təkmilləşməsi, beynəlxalq, milli və regional səviyyədə informasiya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsi hesabına peşə və ümumi mədəniyyət səviyyəsi artır;

İC-nin də xarakterik xüsusiyyətləri ilə yanaşı təhlükəli meylləri vardır. Bunları aşağıdakı kimi vermək olar:

  • cəmiyyətə kütləvi informasiya vasitələrinin təsiri artır;
  • informasiya texnologiyaları təşkilatların və insanların şəxsi həyatına dağıdıcı təsirlər edə bilər;
  • informasiya bolluğunda daha dəqiq və keyfiyyətli informasiyanın seçim çətinliyi yaranır;
  • insanların böyük əksəriyyətində yeni cəmiyyətə uyğunlaşmaq çətinliklər yaradır.
  1. A.S.Əhmədova, İnformasiya cəmiyyətinin qurulmasında informasiyalaşdırmanın rolu və dövlət siyasəti // Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə, s.166, № 3(27) 2009