International Azerbaijan Television və ya qısaca İnterAz — 2002-ci ildə Rusiyada yayıma başlayan, Rusiyanın ilk azərbaycandilli televiziya kanalıdır.
İnterAz | |
---|---|
Ölkə | Rusiya |
Yayım ərazisi | (müxtəlif bölgələrdə) |
Dil |
Azərbaycan dili Rus dili Türk dili (test yayım) |
Baş qərargah | Moskva, Rusiya |
Yaranma tarixi | 2002 |
Bağlanma tarixi | 2023 |
Sahibi | Mətləb Bağırov (Hacı Mətləb)[1] |
Sayt | az.interaz.com.tr |
İnterAz 2002-ci ildən yayımlanıb və Rusiya ərazisində Azərbaycan dilində yayımlanan ilk telekanaldır. Telekanal 2007–ci ildə Rusiya Federal Vergi Xidmətinin rayonlararası müfəttişliyində qeydiyyata alınıb, eləcə də kütləvi kommunikasiyalar və mədəni irsin mühafizəsi sahəsində qanunvericiliyə nəzarət Federal Xidmətindən teleproqramların hazırlanmasına dair ЭЛ № ФС 77–22625 şəhadətnaməsini alıb.
Telekanal Azərbaycan və rus dillərində proqramlar yayımlayır. Rusiyanın aparıcı telekanalları ilə yaxın əlaqəyə malikdir. Telekanalın baş ofisi Moskvada yerləşir. Bakıda isə rəsmi nümayəndəliyi fəaliyyət göstərir.
İnterAz kanalı 75-ci dərəcədə yerləşən LMİ-1 (ABS-1) peyki vasitəsilə həyata keçirdiyi açıq yayımla Rusiya və MDB ölkələri daxil olmaqla bütün Avrasiya və Şimali Afrikanı əhatə edir. Rusiyada yaşayan izləyicilər peyk antennalarından başqa, Raduqa operatoru və yerli kabel şəbəbkələri vasitasilə kanalı seyr edə bilərlər.
2001-ci ildən İnterAz televiziyasına rəhbərlik etmiş jurnalist Saleh Xudiyev 2016-cı ildə Bakıda vəfat edib.[2][3]
2001-2007-ci illərdə "İnterAz" televiziyasının vitse-prezidenti Vasif Babayev olub.[4]
2016 və 2017-ci ildə bir neçə dəfə İnteraz TV-nin fəaliyyətində problemlər yaranıb, televiziyanın Azerspace peykində yayımı dayandırılıb.[5][6]
2017-ci ilin oktyabrında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aparılmış monitorinqlər zamanı "İnteraz" Televiziyasında ölkədəki dini duruma mənfi təsir göstərə biləcək məqamlar aşkar olunduğu və bu barədə həmin televiziyaya Dövlət Komitəsinin mövqeyinin bildirildiyini açıqlayıb.[7][8]
Kanalın 2013-cü ildən fəaliyyətə başlayan[9][10] "interaztv.com" xəbər portalının domeni 2021-ci ilin iyununda ABŞ Hökuməti tərəfindən 18 U.S.C. §§ 981, 982 və 50 U.S.C. 1701-1705 Sənaye və Təhlükəsizlik Bürosu, İxracın Mühafizəsi İdarəsi və Federal Təhqiqat Bürosu tərəfindən hüquq-mühafizə tədbirləri çərçivəsində bloklanıb.[11]
2023-cü ilin yanvarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakıda “İnteraz” TV-nin ofisində xüsusi əməliyyat keçirib.[12][13] Əməliyyat tədbirləri nəticəsində həmçinin “SalamNews" İnformasiya Agentliyinin və “İnterAz” televiziyasının rəhbəri “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırov saxlanılıb.[14] Bunun ardınca bir sıra hakimiyyətyönümlü Azərbaycan media orqanlarında kanalı tənqid edən materiallar yayımlanıb.[15][16][17][18]