Müqəddəs Nikolay kilsəsi — 1857–1930-cu illərdə fəaliyyət göstərmiş kilsə.
Müqəddəs Nikolay kilsəsi | |
---|---|
40°23′55″ şm. e. 49°52′55″ ş. u. | |
Ölkə | Azərbaycan |
Status | Yerli əhəmiyyətli abidə |
Şəhər | Səbail, Bakı |
Yerləşir | İçərişəhər |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu |
Memar | Belov |
Tikilmə tarixi | 18 mart 1850—28 oktyabr 1857 |
Vəziyyəti | 1930-cu illərdə yuxarı hissəsi sökülmüşdür. |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kilsənin tikintisinə 1850-ci il 18 mart tarixində başlanıldı. Bünövrənin əsasına məbədin tikildiyi il, ay və gün göstərilmiş gümüşü zərli lövhəcik qoyulmuşdu. Layihənin müəllifi tiflisli memar Belov idi. Kilsəni iki trabzonlu yunan - Semyon Qiter və Xarlampiy Polistov inşa etmişdi. Tikinti işləri 28 oktyabr 1857-ci ildə başa çatdı. Kilsəyə gürcü ekzarxı arxiyepiskop İsidorun təşəbbüsü və təkidi ilə e.ə. Likiya dövlətinin Mira şəhərində yaşamış arxiyepiskop müqəddəs Nikolaus Mirlikiyskinin (e.ə. 260-243) adı verilmişdir. Türkiyənin Antalya şəhəri yaxınlığındakı qədim Mira adlı q əsəbədə hal-hazırda da arxiyepiskop müqəddəs Nikolausun ev muzeyi və kilsəsi vardır.[1] 1920-30-cu illərdə kilsə qismən sökülmüş onun yalnız aşağı hissəsi qalmışdır. Hazırda həmin hissədə "Bakıelektrikşəbəkə"nin Səbayıl İdarəsi fəaliyyət göstərir.[2]
Hündürlüyü 45 metr olan, xaç formasında və mehrabı şimala tərəf tikilmiş Nikolay kilsəsinin iki prestolu (hündür stul) vardı. Bunlardan birincisi (əsası) müqəddəs Nikolayın adına, digəri isə müqəddəs Məryəmin şərəfinə tikilmişdi. Dörd yaruslu ikonlarla bəzədilmiş divarlar üzərində işlər 1853-cü ildə M.Q.Panin tərəfindən işlənilmişdi. Kənarlardakı iki yaruslu ikonlar isə qoz ağacından düzəldilmişdi. Taxta-dülgər işləri Bakıda Meyerin emalatxanasında aparılmışdı. Üç yaruslu zəng qülləsində 5 zınqırov var idi. Kilsə gürcü-bizans stilində, dördguşəli xaç şəklində tikilmişdi və 500 nəfərə qədər adam tuturdu.[1]
Binanın eksteryerində dekorativ və memarlıq elementlərin təsviri xüsusi yer tutur. Belə ki, binanın fasadı girintili-çıxıntılı formaya malikdir. Rus memarlıq məktəbinə aid elementləri pəncərələrin, karnizin (çıxıntılı bəzək dekoru) həllində müşahidə etmək olar. Hazırda binanın daxili planlaşdırılması elektrik şəbəkənin ehtiyaclarının ödənilməsinə uyğunlaşdırılmışdır. Binanın daxili və xarici bünövrələri daşdan, örtük konstruksiyaları ağac materialındandır. Binanın tikinti altı sahəsi 303,6 m2, ümumi sahəsi 482,4 m2, əsas sahə 377,6 m2, köməkçi sahə 104,8 m2-dir.[2]