İran Aşıqlar Birliyi (Xaneyi İran Aşıqları) — İran İslam Respublikasında yaşayıb fəaliyyət göstərən aşıqları öz ətafında birləşdirən təşkilat. Birliyin əsas məqsədi, aşıqları öz ətrafında birləşdirərək qədim aşıq yaradıcılığının qorunub saxlanılması, inkişaf etdirilməsi, həmçinin, aşıq sənətini və poeziyasını gələcək nəsillərə çatdırmaqdan ibarətdir.[1]
İran Aşıqlar Birliyi | |
---|---|
Xaneyi İran Aşıqları | |
Növü | Müstəqil İctimai Təşkilat |
Qeydiyyat tarixi | 2015 |
Mərkəzi | Tehran, İran |
Sədr |
Səlcuq Şahbazi (Kövsərəli Şahbazi) |
İran Aşıqlar Birliyi 2015-ci ildə müvafiq dövlət orqanları tərəfindən rəsmi qeydiyyata alınmışdır. Birliyin qurucusu və sədri aşıq Səlcuq Şahbazidir.[2]
10 oktyabr 2015-ci ildə[3] Tehranın Niyavəran Mədəniyyət Mərkəzində İran Aşıqlar Birliyinin (İAB) təqdimat mərasimi keçirilmişdir. Tədbirə İran aşıqları ilə yanaşı, Azərbaycan, Türkiyə və Orta Asiya respublikalarından rəsmi nümayəndələr və aşıqlar dəvət edilmişdir. Tədbirdə İran İslam Respublikasının parlamentinin sədr müavini, Mədəniyyət Nazirinin müavini, İslam İrşad Nazirliyinin rəsmi nümayəndəsi, Niyavəran mədəniyyət sarayının müdirinin çıxışları ilə yanaşı, İran Aşıqlar Birliyinin qurucusu və sədri Kövsərəli Şahbazi də çıxış edərək təşkilatın yaradılmasının məramından danışmışdır.[4]
Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, Azərbaycanın İrandakı səfiri Cavanşir Axundovun və Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun təbrik məktubları da oxunmuş, nazirliyin nümayəndəsi Rəşad Əliyev, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Çobanov, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə-Axundova çıxış etmişlər.[4]
Tədbirin bədii hissəsində İran və Azərbaycan aşıqlarının ifaları dinlənilmişdir.[4]