İrriqasiya

Özüyeriyən suvarma sistemi

Suvarma — bitkilərin rütubətlə təminatı və həmçinin şorlaşmış torpaqlarda duz rejiminin tənzimlənməsi məqsədilə torpaqların süni nəmləndirilməsi.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Meliorasiya növlərindən biridir. Suvarma arid zona torpaqlarının əhəmiyyətli dərəcədə yaşılaşdırılmasına imkan verir. Suvarmada məqsəd kənd təsərrüfatı bitkilərindən yüksək məhsul almaq, torpağın su, hava, istilik rejimlərini təmin edib nizamlamaqdır. Vegetasiya dövründə bitkinin inkişafı üçün torpaqda nəmlik çatışmadıqda suvarmaya ehtiyac yaranır. Suvarma kənd təsərrüfatı bitkilərinin suya olan tələbatını təmin edir, faydalı mikroorqanizmlərin inkişafına imkan yaradır, bitkinin qida rejimini, boy və inkişafını gücləndirir, torpağın hava rejimini tənzimləyir və məhsuldarlığı artırır, torpaqda çatışmayan rütubəti tamamlayır. Suvarma müxtəlif üsullarla (səthi suvarma, süni yağışyağdırma, torpaqaltı suvarma, damcılı suvarma və s.) aparılır[1].

Suvarma norması

[redaktə | mənbəni redaktə et]

Suvarma norması – bütün vegetasiya dövründə kənd təsərrüfatı bitkilərinin tələbatını ödəmək üçün 1 ha torpaq sahəsinə verilən suyun miqdarı. Suvarma norması vegetasiya dövründə bitkilərin inkişaf fazalarında onların su sərf etməsinə, suvarılan torpaqlarda suyun itməsinə müvafiq olaraq dövri suvarma normalarına bölünür. Dövri Suvarma norması müəyyən bitki əkilmiş tarlanın ha-na bir suvarma dövründə verilən suyun miqdarıdır. Dövri suvarma yağmurlararası fasilələrdə torpaqda çatışmayan rütubəti tamamlayır. Suvarılan rayonun iqlim şəraiti ilə sıx əlaqədardır. Torpaqiqlim şəraitindən asılı olaraq respublikanın ayrı- ayrı zonalarında hər hektar üçün Suvarma norması pambığa 5.8–7.8, taxıla 2.7.-4.7, yoncaya 6.-9.6, üzüm bağına 4.5–5.9, çay plantasiyasına 3.5–4.0, tütünə 4.0–4.5 min m³ arasında götürülür.[1]

Kənd təsərrüfatı bitkilərinin suvarma normasını, suvarmaların sayını və müddətini təyin edir. Suvarma rejimi bitkilərin inkişaf dövrü və fazalarında onların suya olan tələbatını və torpağın su, qida, duz və istilik rejiminin nizamlanmasına uyğun olaraq götürülməlidir. Belə uyğunluq suvarılan torpaqların münbitliyini artırır, kənd təsərrüfatı bitkilərindən yüksək və sabit məhsul götürülməsinə səbəb olur. Bitkilərin suvarma rejimi onlara lazım olan ümumi suvarma normasının vegetasiya dövründə paylanmasını nəzərdə tutur, dövri suvarmaların sayını, normasını və müddətini müəyyən edir.

Suvarma sistemi

[redaktə | mənbəni redaktə et]

Suyu suvarma mənbəyindən götürüb suvarılan sahəyə paylayan və bitkilərin suvarılmasını təmin edən qurğular. Suvarma sisteminə baş su qəbuledici qurğu, ana kanal, daimi paylayıcı kanallar, müvəqqəti kanallar, suvarma şəbəkəsi, hidrotexniki qurğular daxildir. Su ana kanallar vasitəsilə daimi paylayıcı kanallara, buradan isə təsərrüfatlara paylanır. Müvəqqəti kanallar suyu paylayıcı kanallardan götürüb suvarma şəbəkəsinə verir. Sızmaya və buxarlanmaya gedən itkinin qarşısını almaq üçün əksər hallarda Suvarma sistemi qapalı tikilir, suvarma kanallarının bir hissəsi, yaxud hamısı borularla əvəz edilir.

Suvarılan torpaqlarda eroziya prosesləri

[redaktə | mənbəni redaktə et]

Suvarılan torpaqların çox hissəsi isə (>90%) düzənlikovalıq relyef quruluşuna malik landşaft bölgələrində yayılmışlar. Bu bölgələrdəki əkin-şumlanan torpaqlarda səthi eroziya hadisəsi suvarma zamanı relyefin mailliyi və onların mənzillərinin məsafəsi nəzərə alınmadıqda və şumlama maillik bucağı istiqamətində aparıldıqda, eləcə də cərgələrarası becərilən bitkilərin yamacın boyu istiqamətində yerləşdirildikdə baş verir. Bu tip eroziya prosesinə irriqasiya eroziyası da deyilir. Suvarılan torpaqların eroziyaya uğrama dərəcələrinin müəyyən edilməsi zamanı hər hansı bir bölgədə və ya inzibati ərazi dairəsində əkinçilik mədəniyyətinin səviyyəsi və əkin-şumlama işlərinin aparılmasının tarixi dövrü nəzərə alınmalıdır. Yuyulmamış torpaqlar yayılan sahələrdə tünd rəngli möhkəm xırda topavari strukturlu və yüksək münbitli yeni yaranmış, qalın əkin qatına malik olması ilə fərqlənir. Yuyulmuş mədəniləşmiş torpaqlar isə çöl tədqiqatları zamanı ayrıca xəritələşdirilərək tipdaxili nomenklaturasmın müəyyənləşdirilməsinə xüsusi diqqət yetirilməlidir. Suvarma nəticəsində səth yuyulmalarının intensiv getdiyi və bu səbəbdən bütün torpaq qatlarının yuyulduğu yerlər torpaq- eroziya xəritəsində səthə çıxmış süxurlar kimi göstərilməlidir. Həmin süxurlar təsərrüfatda istifadə olunmaya yararlı və yararsız olmalarına görə iki qrupa ayrılır: birincisi, çəmənləşdirməyə, meşələşdirməyə və müəyyən qədər əkin üçün yararlı olan kövrək süxurlar, ikincisi isə əkin altında istifadəsi mümkün olmayan daşlı, sal qayalı (mərmərləşmiş əhəngli süxurlar, quru daşlı töküntülü yerlər, kristallik şistli sahələr) yerlər aiddir ki, həmin yerlər də xəritələşdirilmə zamanı ayrıca konturlar halında xüsusi qəbul olunmuş şərti işarələrlə "səthə çıxmış döşəmə süxurları", "səthə çıxmış qayalıqlar", "səthə çıxmış gilli-duzlu süxurlar" kimi göstərilməlidir. Suvarılan torpaqlar zonasında da dağlıq zonada olan becərilən torpaqlardakı kimi bu və ya digər dərəcədə səthi yuyulma proseslərinə məruz qalırlar. Daha doğrusu suvarma şəraitində intensiv becərilən (şumlanan) və müəyyən maillik bucağına malik olan torpaqlarda da zəif, orta və şiddətli dərəcədə səthi yuyulmalara məruz qalan torpaqlar müşahidə edilir ki, onların səciyyəvi xüsusiyyətləri barədə qısa məlumatların verilməsinə ehtiyac vardır.

Zəif yuyulmuş torpaqlar

[redaktə | mənbəni redaktə et]

Bu torpaqlar maillik bucağı <3° olan suvarılan sahələrdə yayılmaqla respublika ərazisinin dağətəyi sahələrində geniş yayılma areallarına malikdirlər. Səth yuyulmalarına məruz qalmış torpaqların profilinin üst akkumlyativ-humus qatının Aı horizontunun 30%-ə qədəri yuyulmuşdur. Belə torpaqlar suvarma şırımlarının mənbəyinə yaxın hissələrində daha çox müşahidə edilir. Suvarma şırımlarının mənbəyinə yaxın olan hissələrdə isə iri mexaniki hissəciklərin toplanması baş verdiyindən torpaqların bu hissəsində "gətirmə konusu" nun mikro forması yaranır. Ona görə də suvarma şırımlarının mənbəyinə yaxın olan hissələrində qranulometrik tərkibdə yüngülləşmiş, torpaqların profilinin üst qatının rəngi isə açıqlaşmışdır. Şırımların nahiyəsində qranulometrik tərkibi ağırlaşır, rəngi isə bir növ tündləşir. Çöl tədqiqatları zamanı bu tipli suvarılan ərazilərdə yuyulma və akkumlyasiyaya məruz qalmış sahələr də nəzərə alınmalıdır. Ona görə də zəif yuyulmuş torpaqların çöl tədqiqatları zamanı çətinlik yaranır. Həmin çətinliyin aradan qaldırılması üçün torpaqların rəngi və qranulometrik tərkibi əsas göstərici kimi qəbul olunmalıdır.

Orta dərəcədə yuyulmuş torpaqlar

[redaktə | mənbəni redaktə et]

Bu torpaqlar maillik bucağının ölçüsü 3°-5° arasında tərəddüd edən suvarılan yamaclı sahələrdə yayılmışdır. Səthi yuyulma nəticəsində suvarma şırımlarında akkumlyativ humus qatının 1/3 -də torpaqların yuyulduğu aydın müşahidə edilir. Bu halda akkumlyativ humus qatının 30%-dən çoxu, (5–10 sm) suvarma zamanı yuyularaq ya suvarılan tarladan tamamilə çıxarılır, ya da suvarma şırımlarının qurtaracağında toplanırlar. Torpaqların rəngi akkumilyativ humus qatının altından Bı qatının rəngi ilə əvəz olunur, qranulometrik tərkibində isə yüngülləşmə prosesi baş verir. Profil skeletli, yuxa və orta qalınlıqlı olduqda, eləcə də həmin profilli torpaqların döşəmə-ana süxurları üzərində yarandıqda torpaqların səthində kobud qırıntılı zəif aşınmış süxurlar səthə çıxmaqla əkin-şum dövriyyəsində iştirak edirlər.

Şiddətli yuyulmuş torpaqlar

[redaktə | mənbəni redaktə et]

Bu dərində yuyulmuş torpaqlar ən çox alçaq dağlıq və dağətəyi təpə və tirəli maili suvarılan düzənliklərdə yayılmışdır. Şiddətli dərəcədə yuyulma prosesi relyefin 5°-10° və 10°-dən çox mailliyə malik olan yamaclarda yayılmış torpaqlarda əkin-şum və suvarma əməliyyatları aqrotexniki qaydada, daha doğrusu eroziya təhlükəsinə qarşı mübarizə zəminində aparılmadıqda baş verir. Şiddətli dərəcədə yuyulmuş torpaqlar profilin üst akkumilyativ humus qatımn (Aı) tamamilə yuyulması, şumlamanın Bı qatımn hesabına aparılması ilə səciyyələnirlər. Torpağın rəngi illüvial (В) qatının üstündəki Bİ keçid qatımn rənginə çevrilmişdir və bu rəng çalarları müxtəlif torpaqlarda (çəmən-qəhvəyi, çəmən boz-qəhvəyi, çəmən-boz, qədimdən suvarılan qəhvəyi, qədimdən suvarılan çəmən-qəhvəyi və s.) müxtəlif olur. Torpaq profilinin üst akkumilyativ humus qatının şiddətli dərəcədə yuyulması prosesi çox da geniş sahələri əhatə etməsə də yamaclı suvarılan sahələrdə nəzərə çarpacaq dərəcədə müşahidə edilir. Onlar çox vaxt səthə çıxmış döşəmə, kövrək və gilli-duzlu süxurlar formasında təzahür edirlər.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Məmmədov Q. Ş. Xəlilov M. Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008
  2. Q. Ş. Məmmədov, Q. Ş. Yaqubov "Eroziyaya uğramış, şorlaşmış, şorakətləşmiş və digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqların müəyyən edilməsi və xəritələşdirilməsi, onlardan səmərəli istifadə olunması ilə bağlı təkliflərin hazırlanmasına dair TƏLİMAT" Bakı: 2010, səh: 32–34