İsrail–Almaniya Reparasiya Sazişi

İsrail və Almaniya Federativ Republikası arasında Reparasiya Sazişi (alm. Wiedergutmachungsabkommen‎;[1] ivr.הסכם השילומים‏‎ — Heskem HaŞillumim) və ya Lüksemburq Sazişi (alm. Luxemburger Abkommen‎) — 10 sentyabr 1952-ci ildə İsrailAlmaniya Federativ Respublikası arasında imzalanmış, 27 mart 1953-cü ildə qüvvəyə minmiş müqavilə.[2] Razılaşmaya görə, Qərbi Almaniya İsrailə təzminat ödəməli və mülkiyyətini itirmiş hər bir yəhudinin itkisini kompensasiya etməli idi. İsrailə ödənilən kompensasiyanın məqsədi İsrailin yaşadıqları yerlərdən didərgin düşmüş çoxsaylı kasıb yəhudini yeni evlərlə təmin etməsi və bunun qarşılığında çəkdiyi xərclər idi. Bundan əlavə, Yəhudilərin Almaniyaya qarşı maddi iddiaları üzrə Konfrans vasitəsilə Almaniya Nasizm rejiminin təqibinə məruz qalmış hər bir yəhudinin mülkünü və dolanışığını tək-tək bərpa etməli idi.[3]

İsrail və Almaniya Federativ Republikası arasında Reparasiya Sazişi
alm. Wiedergutmachungsabkommen
ivr.הסכם השילומים‏‎
alm. Luxemburger Abkommen
İmzalanma tarixi 10 sentyabr 1952-ci il
Təsdiqlənib 27 mart 1953-cü il
İmzalanma yeri Lüksemburq Şəhər Binası
İmzalayanlar Moşe Şaret
Konrad Adenauer
Məqsədi İsrailin yaşadıqları yerlərdən didərgin düşmüş çoxsaylı kasıb yəhudini yeni evlərlə təmin etməsi və bunun qarşılığında çəkdiyi xərclərin kompensasiya edilməsi

1952-ci ildə İsrailin ilk baş naziri David Ben-Qurion çıxışlarının birində reparasiya tələbinin mümkün qədər çox yəhudi mülkünü əhatə etməli olduğunu bildirdi. Beləcə, "qatillər eyni zamanda varis ola bilməyəcəkdilər". Həmçinin, Qurion İsrailə köçən Holokost qurbanlarının reabilitasiyasını maliyyələşdirmək üçün bu kompensasiyaya ehtiyac olduğunu vurğulamışdı.[4]

İddialar Konfransı

[redaktə | mənbəni redaktə et]

Yəhudilərin Almaniyaya qarşı maddi iddiaları üzrə Konfransın və ya qısa adı ilə İddialar Konfransının veb-səhifəsinə görə: "Yəhudi təşkilatlarının və İsrail dövlətinin çağırışlarına cavab olaraq, Qərbi Almaniya Kansleri Konrad Adenauer Almaniya Parlamentinə səsləndi:"

... Alman xalqı adına qorxunc cinayətlər törədildi, maddi və mənəvi zərər ödəməliyik ... Federativ hökumət, yəhudilərin və İsrail dövlətinin nümayəndələri ilə birlikdə ... maddi zərər məsələsinin həlli üçün hazırdırlar. Beləcə, sonsuz əzabların mənəvi həllinə gedən yolu asanlaşdıra bilərik.

Dünya Yəhudi Konqresinin prezidenti Nahum Qoldman İddialar Konfransının müqaviləsini imzalayır.

Adenauerin çıxışından bir ay sonra İsrail Yəhudi Agentliyinin həmsədri və Dünya Yəhudi Konqresinin prezidenti Nahum Qoldman Nyu-Yorkda 23 böyük yerli və beynəlxalq yəhudi təşkilatının iştirakı ilə görüş keçirdi. İştirakçılar bu danışıqların maddi iddiaların müzakirəsi ilə məhdudlaşdırılması qərarına gəldi və bu görüş nəticəsində yaradılan təşkilat "Yəhudilərin Almaniyaya qarşı maddi iddiaları üzrə Konfrans", yəni İddialar Konfransı adlandırıldı. Yeni konfransın Direktorlar Şurası təsisçi qruplardan təşkil olundu; belə ki, hər qrup iki nümayəndə ilə şurada təmsil edildi.

İddialar Konfransının vəzifəsi Holokost nəticəsində Almaniyanın hər bir yəhudiyə və yəhudi xalqına vurduğu maddi zərərin kompensasiyası proqramını reallaşdırmaq məqsədilə Almaniya hökuməti ilə danışıqlar aparmaq idi.

İsrailin dilemması

[redaktə | mənbəni redaktə et]

Holokostun ardınca, onsuz da həssas olan İsrail-Almaniya münasibətləri Soyuq müharibənin başlaması və Almaniyanın bir-birinə düşmən olan şərqqərb dövlətlərinə bölünməsi ilə daha da mürəkkəbləşdi. Müxtəlif səbəblərdən, tezliklə aydın oldu ki, Holokostla əlaqədar İsrailin iddialarını təmin etmək iqtidarında və niyyətində olan yeganə dövlət Qərbi Almaniyadır. Vəziyyəti daha da qarışdıran digər bir faktor isə İsrailin ABŞ-nin strateji maraqlarına həssaslıqla yanaşmalı olduğu gerçəyi idi. Müharibədən sonra SSRİ ilə əməkdaşlığı pozulan ABŞ üçün Bonnda yenicə formalaşmış demokratik idarəetmə ilə etibarlı və produktiv ittifaqın qurulması məqsədilə inkişaf edən Qərbi Almaniya iqtisadiyyatı yaratmaq böyük əhəmiyyət kəsb edirdi.

İsrail Avropada qalan yəhudiləri geri qaytarmaq niyyətində idi. Həmin dövrdə İsrail həm də 1948-ci il Ərəb-İsrail müharibəsindən sonra özünə gəlməyə çalışırdı; ölkə dərin iqtisadi böhranla üzləşmiş, bu da sərt idarəçiliyə gətirib çıxarmışdı. İşsizlik olduqca yüksək idi (xüsusən də maabara düşərgələrində). Xarici valyuta ehtiyatları azalmışdı.[5] David Ben-Qurion və onun MAPAY partiyası məsələyə praktiki yanaşaraq bu sazişi qəbul etməyin İsrail iqtisadiyyatını dirçəltmək üçün yeganə yol olduğunu dilə gətirdilər.[5] Qurion MAPAY mərkəzi komitəsinə bildirmişdi:

İki seçimimiz var. Biri gettodakı bir yəhudinin, digəri isə azad insanların seçimidir. Mən Almaniyanın arxasınca düşüb üzünə tüpürmək istəmirəm. Heç kimin arxasınca qaçmaq istəmirəm. Burda yaşamaq və burda qurub-yaratmaq istəyirəm. Amerikaya gedib Adenauerə gecə nəzarət etmək fikrində deyiləm.[6]

Nahum Qoldman Yerusəlimdə keçirilən 23-cü Sionist Konqresində. 1951-ci il.

Danışıqlar İsrailin Xarici İşlər naziri Moşe ŞaretAlmaniya Kansleri Konrad Adenauer arasında aparıldı.

1951-ci ildə İsrail hökuməti müharibədən sonra Almaniyanı işğal edən dörd dövlətə qarşı kompensasiya və geri ödəmə tələbi irəli sürdü. Bunu İsrailin müharibədən sonra didərgin düşən 500,000 Holokost qurbanını ölkədə qəbul etməsi və yerləşdirməsi ilə əsaslandırırdı. İsrailin hesablamalarına görə, bir yəhudinin yerləşdirilməsi üçün 3,000 dollar xərclənmişdi. Bu, bugünkü rəqəmlərlə 29,550 dollar deməkdir. Buna görə də hökumət Almaniyadan 1.5 milyard dollar ödəmə gözləyirdi. Bu isə günümüzdə 14,800,000,000 dollara bərabərdir. Bundan əlavə, İsrail altı milyard dollar dəyərində yəhudi əmlakının nasistlər tərəfindən talan edildiyini, ancaq almanların heç vaxt heç bir maddi təzminat ilə vurduqları zərəri əvəz edə bilməyəcəklərini vurğulamışdı.

İsrail və Almaniya arasında Reparasiya Sazişinin bağlanmasına gətirib çıxaran danışıqlar 1952-ci ilin martında başladı və Qoldmanın rəhbərliyi ilə Dünya Yəhudi Konqresinin nümayəndələrinin də iştirakı ilə Almaniya və İsrail hökumətlərinin nümayəndələri arasında gerçəkləşdi. Danışıqlar İsraildə xoşagəlməz mübahisələrə yol açdı; David Ben-Qurionun rəhbərlik etdiyi koalisiya hökuməti Holokost qurbanlarının əlindən alınan hər şeyin qarşılığı olaraq bu kompensasiyanın vacib olduğunu vurğuladı.

Saziş 10 sentyabr 1952-ci ildə Lüksemburq Şəhər Binasında Adenauer və Moşe Şaret tərəfindən imzalandı. Almaniya parlamenti (Bundestaq) sazişi 18 mart 1953-cü ildə təsdiq etdi və 239 lehinə, 35 əleyhinə olmaqla böyük səs çoxluğu ilə səsvermədən keçirdi. İqtidar XDİ/XSİ koalisiyasının 214 parlamentarisindən yalnız 106-sı bu sazişin lehinə səs vermişdi ki, bu da müxalif Sosial Demokratların sazişi yekdilliklə dəstəkləməsindən irəli gəlirdi. Ərəb Dövlətləri Liqası sazişə qarşı çıxdı və restitusiya sazişini parlamentdən keçirən Almaniya Federativ Respublikasını boykotla hədələdi. Amma daha sonra Liqa bu planından imtina etdi, çünki Almaniya ilə ticarət əlaqələrinin dayandırılmasından Qərbi Almaniya deyil, Ərəb Dövlətləri Liqası daha çox əziyyət çəkərdi.[7]

İctimaiyyət daxilində gedən müzakirələr İsrail tarixində ən şiddətli mübahisələrdən biri idi. Saziş həm sağ (HerutÜmumi Sionistlər), həm də sol (MAPAM) müxalifətdən müqavimətlə üzləşdi; hər iki tərəf reparasiya ödənişlərinin qəbul edilməsinin nasistlərin etdikləri cinayətlərə görə bağışlanmasına bərabər olduğunu iddia etdi.

1951-ci il noyabrın 5-də MAPAM-lı Yaakov Hazan Knessetdə çıxışı zamanı aşağıdakı ifadələri işlətmişdi:

Nasizm Almaniyada yenidən baş qaldırır və bizim sözdə Qərbli "dostlarımız" bu nasizmi tərbiyə edir, faşist Almaniyasını təkrar dirildirlər ... Bizim ordumuz, İsrail Silahlı Qüvvələri, nasist ordusu ilə eyni düşərgədə olacaq və faşistlər aramıza sızmağa başlayacaqlar və bunu ən qəddar düşmənimiz kimi deyil, müttəfiqimiz kimi edəcəklər ...[8]

Daha sonralar MAPAM-ın Knessetə deputat seçilən üzvü Yitshak Ben-Aharon Xarici İşlər və Müdafiə Komitəsinin 1952-ci ilin sentyabrında keçirilən iclasında çıxış edərkən qeyd etmişdi:

Almaniyanın 12 il ərzində ümumilikdə üç milyard alman markı ödəyəcəyinə və bunun boş bir vəd olmadığına inanan insanların olduğunu düşünmürəm ... İsrail dövləti üç milyard markın ödənəcəyinə dair kağız parçasından başqa heç nə əldə etməyəcək. Bütün bunlar yalnız ictimaiyyəti çaşdırmaq və hökumətin bu sazişə nail olduğunu iddia etmək üçündür ...[8]

Menaxem Begin 1952-ci ilin martında sazişə etiraz edərkən. Plakatda qeyd olunur: "Şərəfimiz pula satılmayacaq! Qanımız pullarla təmizlənməyəcək! Bu rüsvayçılıqdan qurtulacağıq!"

7 yanvar 1952-ci ildə Knessetdə gerçəkləşəcəyi gözlənilən müzakirələrlə əlaqədar yaxınlıqdakı bütün yollar bağlandı. Knessetin ətrafında bariqadalar və məftil çəpərlər quruldu və İSQ baş verə biləcək hər hansı hərəkatı yatırmaq üçün hazır vəziyyətə gətirildi. Sazişin əleyhdarları 15,000 nəfəri mitinqə cəlb etdi və Knessetdə qəbul edilən demokratik qərara qarşı çıxan bu kütlə İsrail tarixində ən böyük iğtişaşı həyata keçirdi. Knesset tarixində ilk dəfə idi ki, davam edən iğtişaşlar nəticəsində plennum iclası dayandırılırdı; lakin nəticə olaraq, 61–50 səs nisbəti ilə qərar qəbul edildi.[5]

Hərarətli və dramatik nitqin ardınca Menaxem Begin etirazçıları Knessetə yönəltdi. Begin çıxışında 1948-ci ildə baş vermiş Altalena hadisəsini xatırlatdı; hadisə zamanı İsrail ordusu, Ben-Qurionun əmri ilə, sionist paramilitar İrquna silah daşıyan gəmini bombalamışdı. Ardınca Begin əlavə etdi:

Mənə toplarla hücum etdiyiniz zaman cavab atəşi ilə qarşılıq verməmələrini əmr etdim. Amma bu gün əmr edirəm: "Hücum edin!"

Nümayişlər şiddətləndi və etirazçılar Knesset binasının pəncərələrinə daş atmağa başladılar. Polis güc tətbiq edərək onların qarşısını almağa çalışdı. Beş saatlıq iğtişaşdan sonra polis, təzyiqli su və gözyaşardıcı qazdan istifadə edərək vəziyyəti nəzarətə götürdü. Yüzlərlə adam həbs olundu; təxminən 200 etirazçı və 140 polis yaralandı.[5]

Növbəti etirazlar

[redaktə | mənbəni redaktə et]

Qərar etirazların qabağını ala bilmədi. 1952-ci ilin oktyabrında üzərində dinamit daşıyan Dov Şilanski Xarici İşlər Nazirliyinin binasının yaxınlığında ələ keçirildi. Məhkəmə prosesində o, Reparasiya Sazişinin əleyhinə olan yeraltı təşkilatın üzvü olmaqda ittiham olunaraq 21 ay həbs cəzasına məhkum edildi.[5] Bir neçə bomba paketi Adenauer və digər hədəf şəxslərə göndərildi; bombalardan biri paketi əlinə alan polis nəfərinin həyatına son qoydu.[9][10]

Yerusəlim Dəmiryol Stansiyasında Almaniya istehsalı olan qatar. 1956-cı il.

Etirazlara baxmayaraq, saziş 1952-ci ilin sentyabrında imzalandı və Qərbi Almaniya növbəti on dörd il ərzində İsrailə ümumilikdə 3 milyard alman markı ödədi; 450 milyon mark Dünya Yəhudi Konqresinə ödənildi. Ödəniş, ailəsinin heç bir üzvü sağ qalmayan qurbanların varisi kimi İsrail dövlətinə edildi. Pul ölkənin infrastrukturu üçün xərcləndi və yeni dövlətin iqtisadiyyatının qurulmasında mühüm rol oynadı. İsrail bu dövrdə dərin iqtisadi böhranla üzləşmişdi və xaricdə yaşayan yəhudilərin ianələrinə möhtac qalmışdı. Bu reparasiya ödənişləri isə ianələrlə birlikdə İsraili iqtisadi cəhətdən güclü dövlətə çevirəcəkdi.

Məbləğ birbaşa Kölndə yerləşən İsrail satınalma heyətinin qərargahına ödənildi. Heyət Almaniya hökumətindən ödənişi il ərzində hissə-hissə aldı. Daha sonra nümayəndə heyəti Tel-Əvivdə qurulan, nələrin kimlər üçün alınmasına qərar verən şirkətdən sifarişlər alaraq zəruri satışları gerçəkləşdirdi və malları İsrailə göndərdi. Təzminatın böyük bir qismi İsrail dövləti, İsrail Yəhudi AgentliyiHistadrut həmkarlar ittifaqına məxsus şirkətlər üçün xammal və avadanlıq alınmasına xərcləndi. Bu pulun böyük hissəsi təxminən 1300 sənaye zavodu üçün avadanlıq alınmasına yönəldilmişdir; pulun üçdə iki hissəsi isə 36 fabrikə verildi, həmin fabriklərin əksəriyyəti Histadruta məxsus idi. Eyni zamanda, çoxu özəl şirkətlərə aid olan yüzlərlə fabrik çox az olsa da, təzminatdan ödəmələr aldı. 1953-1963-cü illərdə İsrailin elektrik sisteminə qoyulan investisiyaların üçdə biri reparasiya ödənişləri hesabına maliyyələşdirildi. Bu da ölkənin energetika sahəsində gücünün üç dəfə artmasına təkan verdi. İsrail dəmiryollarına qoyulan investisiyanın yarsı bu ödənişlər hesabına qarşılandı. Dəmiryolları üçün alman istehsalı lokomotivlər, qatarlar, relslər və siqnalizasiya avadanlıqları satın alındı. Kompensasiya ödənişlərindən həmçinin alman istehsalı olan su təchizatı, neft qazma, Timna vadisində mis çıxarmaq üçün nəzərdə tutulan dağ-mədən avadanlıqları, kombaynlar, traktorlar və yük maşınları kimi kənd təsərrüfatı və tikintidə istifadə olunan ağır avadanlıqların alınmasında da istifadə edilmişdir.

Ödənişlərin təxminən 30%-i yanacaq, 17%-i isə İsrail ticarət gəmilərinin alınmasına sərf olundu; 50 ticarət gəmisi və 2 sərnişin gəmisi satın alındı. 1961-ci ilə qədər bu gəmilər İsrail ticarət gəmilərinin üçdə ikisini təşkil etdi. Reparasiya ödənişlərindən həm də limanların tikintisində də istifadə edildi. Hayfa Limanı üçün yeni vinç gəmiləri alındı; onlardan biri "Bor Koxba" adlanırdı.

Reparasiya ödənişləri hesabına İsrailin ümummili gəlirləri 15% artmış və 12 il ərzində 45,000 iş yeri açılmışdı. Lakin Bol hesabatlarına görə, kompensasiya məbləğinin burada həlledici rolu olmamışdı və bu ödənişlər olmasa belə, İsrail başqa mənbələr hesabına qeyd edilənləri təmin edə bilərdi.[11]

Yad Vaşem, 1990-cı illərdə yəhudilərin Şərqi Avropada oğurlanan mülkləri ilə əlaqədar tələblər irəli sürdüklərini müəyyən etmişdi. Müxtəlif qruplar, həmçinin, İsveçrədə yaşamayan, lakin İsveçrə banklarında əmanət pul qoyan və Holokostda həyatını itirən yəhudilərin, eləcə də İsveçrə banklarında əmanətləri olan nasistlərin həmin pullarının taleyinin necə olduğunu araşdırmağa başladılar. Bundan əlavə, bir çoxu Almaniyaya məxsus olan özəl şirkətlərə yəhudi təşkilatlarından təzyiq olunmağa başlandı; onlardan faşistlər tərəfindən məcburi əməyə cəlb edilən yəhudilərə kompensasiya ödənilməsi tələb olunurdu. Bu şirkətlərin sırasında Deutsche Bank, Siemens AG, BMW, VolkswagenOpel də vardı. Buna cavab olaraq, 1999-cu ilin əvvəlində Almaniya hökuməti, Holokostdan xilas olub maddi yardıma ehtiyacı olanlara kömək etmək üçün bu şirkətlərin pulu ilə bir fond qurduğunu elan etdi. Belə fondlardan biri də Macarıstan fondu idi ki, Holokost qurbanlarının və onların varislərinin kompensasiyası məqsədilə İsveçrə tərəfindən qurulmuşdu. 90-cı illərin sonunda, müharibədən əvvəl sığorta şirkətləri tərəfindən sığortalanan, lakin daha sonra faşistlər tərəfindən öldürülən yəhudilərin sığorta şirkətləri tərəfindən kompensasiyası mövzusunda müzakirələr aparıldı. Bu şirkətlərə Allianz, AXA, Assicurazioni Generali, Zürich Financial Services Group, Winterthur və Baloise Insurance Group daxil idi. Yad Vaşemin təqdim etdiyi Holokost qurbanları haqqında məlumatların köməyi ilə ABŞ-nin keçmiş Dövlət Katibi Lourens İqlbergerin rəhbərliyindəki beynəlxalq komissiya, müharibədən əvvəl sığortalanmış və Holokostda öldürülənlərin adlarını müəyyən etməyə çalışırdı. Bu səyləri təşkil etmək üçün Dünya Yəhudilərinin Restitusiyası Təşkilatı yaradıldı. ABŞ vətəndaşları adından ABŞ Xarici İddiaların Həlli Komissiyası, müharibədən sonra ABŞ-a köçən Holokost qurbanlarına kompensasiya vermək məqsədilə 1998-1999-cu illərdə Almaniya hökuməti ilə müqavilələr bağladı.

  1. "Zusammenfassung Abkommen zwischen der Bundesrepublik Deutschland und dem Staate Israel [Wiedergutmachungsabkommen], 10. September 1952 / Bayerische Staatsbibliothek (BSB, München)". 100(0) Schlüsseldokumente zur russischen und sowjetischen Geschichte (1917-1991) (German). Friedrich Alexander Universität Erlangen. 18 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 October 2015.
  2. Honig, F.: The Reparations Agreement between Israel and the Federal Republic of Germany Arxivləşdirilib 2019-08-02 at the Wayback Machine, American Journal of International Law 48(4), October 1954. URL last accessed 2006-12-13.
  3. Agreement between the State of Israel and the Federal Republic of Germany Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine, Bundesanzeiger Verlag
  4. Ronald W Zweig. David Ben-Gurion: Politics and Leadership in Israel. Routledge. 11 October 2013. 280. ISBN 978-1-135-18886-3. 22 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 June 2020. based on recovering as much Jewish property as possible... "so that the murderers do not become the heirs as well"... to finance the absorption and rehabilitation of the Holocaust survivors in Israel.
  5. 1 2 3 4 5 "סיקור ממוקד : הויכוח סביב הסכם השילומים". 2007-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-12-11.
  6. Barnea, Nahum. "Ben-Gurion's word". Ynetnews. 2008-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-12-11.
  7. "1952:Germany to Pay Reparations : IN OUR PAGES:100, 75 AND 50 YEARS AGO". 2016-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-26.
  8. 1 2 Sarid, Yossi. "Israel's great debate". Haaretz. İstifadə tarixi: 2007-12-11.
  9. Pedahzur, Ami, and Arie Perliger (2009). Jewish Terrorism in Israel. Columbia University Press. pp. 175-76
  10. Barkat, Amiram. "Book links Begin to 1952 plot to kill then-German Chancellor Adenauer". Haaretz. 2015-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-12-11.
  11. Segev, Tom: The Seventh Million: The Israelis and the Holocaust (2000, ISBN 0-8050-6660-8)