Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İsrail iqtisadiyyatı - regionun ən inkişaf etmiş dövlətidir. İstehsal qüvvələrinin sosial-iqtisadi strukturuna və istehsalın xarakterinə görə İsrail inkişaf etmiş ölkələr qrupuna aid edilir. Ölkənin qısa müddət ərzində sürətli inkişaf etməsinin əsas səbəbləri iri imperialist dövlətlərin və beynəlxalq sionizm dairələrinin ölkəyə güclü maliyyə, iqtisadi, texniki və siyasi yardımı, immiqrantlar arasında çox savadlı mütəxəssislərin olması idi. 2005-ci il üçün İsrailin ümummilli məhsulun dəyərcə həcmi 110 mlrd. ABŞ dollarını ötmüşdü. Adambaşına düşən gəlir isə 20 min dollara yaxınlaşmışdır. 1995-2000-ci illərdə ölkədə iqtisadi inkişaf sürəti 5-6, 2000-2005-ci illərdə isə 2-3 faizə bərabər olmuşdur. Müstəqilliyin ilk 10 illiklərində iqtisadi siyasətdə nəhəng miqyaslı dövlətə və həmkarlar ittifaqına məxsus mülkiyyətə çox fəal dövlət tənzimlənməsi müşahidə olunurdusa, ötən əsrin 90-cı illərinin əvvəllərində hökumət yeni iqtisadi siyasət konsepsiyasını həyata keçirməyə başlamışdır. Bu konsepsiyada yenilik azad rəqabətə və qiymətlərin sərbəstliyinə yol açmış, dövlət şirkətlərin tənzimləyici fəaliyyətini minimuma endirmişdir. Dövlət həmkarlar ittifaqı mülkiyyətinə məxsus zəif şirkətləri özəlləşdirir, xarici investisiyalar üçün əlverişli şərait yaradırdı. İsrail elmə və elmi tədqiqatlara xüsusi fikir verən ölkələrdən biridir. Ümumdaxili məhsulun illik dəyərinin təqribən 3 faizi elmi tədqiqatlara və eksperimental işlərə yönəldilir. Neqev səhrasında ABŞ-nin Silikon vadisinin analoqu yaradılmışdır. Bu sahənin inkişafına hər il 1,2 mlrd. dollar xarici investisiya yönəldilir. İsrail dünyada günəş enerjisindən istifadədə, kənd təsərrüfatında tətbiq edilən genealoji mühəndislikdə, pilotsuz kəşfiyyatçı təyyarələrin istehsalında liderliyini qoruyur. İsrail 1988-ci ildə ilk peykini kosmosa çıxarmışdır. Ölkənin milli istehsalı olan nüvə silahı və atom energetikası texnologiyası vardır. İnkişaf etmiş ölkələrin əksəriyyətində olduğu kimi İsraildə də işsizlik mövcuddur. İşsizlik səviyyəsi 2004-cü ildə 9-10 faiz həddində olmuşdur. İsrail zəhmətkeşlərinin mənafeyini Histadrut Həmkarlar İttifaqı birliyi müdafiə edir. Bu təşkilatda 1,5 mln nəfər işçi birləşir və o bir çox müəssisə və şirkətlərin sahibi və ya ortağıdır.
İsrail faydalı qazıntılarla zəif təmin olunduğundən onun hasilat sənayesi o qədər də inkişaf etməmişdir. Lakin son illərdə Aralıq dənizinin İsrailə aid olan hissəsində ümumi ehtiyatı təxminən 1 trilyon kubmetr olan təbii qaz yataqları aşkar edilmişdir. Hazırda bu yataqlarda aktiv olaraq təbii qaz hasilatı aparılır və bunun hesabına İsrail təbii qaza olan daxili ehtiyatını tam olaraq ödəyir. Hazırda təbii qazın Kipr, İordaniya və digər ölkələrə ixrac olunması haqqında danışıqlar aparılır. Hasilat sənayesinin əsasını Ölü dənizdəki natrium və brom duzları və Neqev səhrasındakı fosfor istehsalı təşkil edir. Çıxarılan fosfatın üçdə iki hissəsi Nxal-Sin yataqlarının payına düşür. İsrail nəinki fosfata olan daxili tələbatını tam ödəyir, hətta onu dünya bazarına da çıxarır. Bunun üçün Aşdod şəhərində xüsusi liman tikilmişdir. Ölü dənizdən çıxarılan müxtəlif duzların bir qismi ölkənin daxili tələbatını ödəmək üçün, bir qismi isə ixrac üçün istifadə olunur. Ölkədə irili-xırdalı 60-a qədər istilik elektrik stansiyası mövcuddur. Bu stansiyalar il ərzində 30 mlrd. kvt saata qədər elektrik enerjisi istehsal edə bilirlər. Bu hasilatın 95%-ni idxal olunmuş mazutla işləyən stansiyalar verir. Ölkədə arid iqlim mövcud olduğundan israillilər günəş enerjisindən də maksimum istifadə edirlər. Günəş batareyaları məişət cihazlarının enerjiyə olan tələbatlarının 40%-ni ödəyir. İsraildə kiçikhəcmli bir neçə atom elektrik stansiyaları da fəaliyyət göstərir. İsraildə su təchizatı ayrıca bir sənaye sahəsi kimi fəaliyyət göstərir. Dövlətin nəzarəti altında olan bu sahə ilə 40-a qədər təmizləyici müəssisə məşğul olur.
Emaledici sənaye İsrailin inkişaf etmiş sənaye sahələrindən biridir. Metal emalında müştərək kapitala malik yığma müəssisələri üstünlük təşkil edir. Belə müəssisələrdə elektron texniki cihazlar, tibbdə işlədilən cihaz və avadanlıqlar, avtomobillər, kənd təsərrüfat avadanlıqları və maşınları, müxtəlif təyinatlı dəzgahlar və s. istehsal olunur. Akkod şəhərində yerləşən metallurgiya müəssisəsində gətirilmə filizlərdən istifadə etməklə ildə 130-140 min tona qədər polad əridilir və ölkənin polada olan tələbatını tam ödəyir. Əlvan metallurgiya Təl-Əvivdəki alüminium prokatı istehsal edən zavodla, həmçinin Timna və Təl-Əvivdəki iri mis əritmə zavodları ilə təmsil olunur. Kimya sənayesi İsrailin dünya standartları səviyyəsində inkişaf etmiş sənaye sahəsidir. Ölkənin kimya müəssisələrində yüzlərcə müxtəlif kimyəvi məmulatlar istehsal edən onlarca müəssisə var. İsrailin kimya sənayesi məhsulların (mineral gübrələr, yağ-boya məmulatları, dərman preparatları və s.) dünya bazarlarına ayaq aça bilmişlər. Məsələn, əczaçılıq sənayesi müəssisələrinin 75%-i ölkədən ixrac olunur. Son illərdə İsraildə şin istehsal edən iki böyük müəssisə tikilib istifadəyə verilmişdir. Ölkənin Hayfa və Aşdod şəhərlərində idxal olunan xam neftlə işləyən iki böyük neftemalı zavodu fəaliyyət göstərir. İsrail dünyada almaz və brilyant istehsalı ilə də məşhurdur. Dünyada cilalanan almazların 40 %-i İsrailin payına düşür.
İsrail müstəqilliyinin ilk illərində hərbi sənaye sahələrinin inkişafına xüsusi fikir verir. Ölkədə olan hərbi zavodlarda tank, təyyarə, kater tipli hərbi gəmilər, raketdən müdafiə sistemləri və orta məsafəli raketlər istehsal olunur. Hazırlanmış silahların təqribən yarısı dünya bazarına çıxarılır. Ölkənin bütün yaşayış məntəqələrində yüngül (əsasən toxuculuq, ayaqqabı və gön dəri istehsalı) və yeyinti sənaye müəssisələri fəaliyyət göstərir. Yeyinti sənayesi əsasən meyvə-tərəvəz və ət konservləri müəssisələri ilə təmsil olunmuşdur.
İsrailin kənd təsərrüfatı qonşu ərəb ölkələrinə nisbətən yüksək dərəcədə mexanikləşdirilmiş və avtomatlaşdırılmışdır. Torpaqlar gübrə ilə yaxşı təmin olunmuşlar. Çatışmayan cəhət ancaq su problemidir. Bunu da işlənilmiş suları yenidən təmizləmək və ondan qənaətlə istifadə etmək hesabına ödəyirlər. Ölkənin əsas kənd təsərrüfatı məhsullarına (un, bitki yağları, ət və şəkərdən başqa) olan tələbatını ödəməklə yanaşı hər il orta hesabla 600-700 mln. dollar dəyərində kənd təsərrüfat məhsulları da ixrac edir. İsraildə torpaq dövlət mülkiyyətindədir. Kənd təsərrüfatında aparıcı sahə yüksək məhsuldarlı heyvandarlıqdır. Təbii otlaqları olan uzaq ərazilərdə, həmçinin ərəb mənşəli əhalinin təsərrüfatlarında qoyunçuluq geniş yayılmışdır. İribuynuzlu qaramal əsasən tövlə şəraitində saxlanılır. İsrail bu sahədə Qərbi Avropa ölkələrinin təcrübəsindən maksimum istifadə edir. Ölkədə əkin sahələrinin ümumi sahəsi 700 min hektardır. Bunun 250 min hektarı suvarılır, qalanlarında isə dəmyə əkinçiliyi inkişaf etmişdir. Taxılın məhsuldarlığı yüksəkdir. Orta hesabla hər hektardan 35 sentner taxıl məhsulu əldə edilir. Texniki bitkilərdən yağverən bitkilərin (əsasən günəbaxan, yer fındığı, pampıq) becərilməsinə xüsusi fikir verilir. Bitkiçilikdən gələn gəlirin təqribən 15%-i tərəvəz məhsullarının payına düşür. Ölkədə meyvəçilik, o cümlədən, sitrus meyvəçiliyinin inkişafına xüsusi fikir verilir.
İxracatında çay nəqliyyatı istisna olmaqla nəqliyyatın bütün növləri inkişaf etmişdir. Dəmir yollarının ümumi uzunluğu 610 km, avtomobil yollarının uzunluğu təqribən 16,0 min km, boru kəmərlərinin uzunluğu isə 998 km-dir. Hava nəqliyyatı əsasən beynəlxalq daşımalarla məşğuldur. Dəniz nəqliyyatı beynəlxalq yük və sərnişin daşımalarına xidmət edir. Ölkədə Hayfa, Aşdod və Eylat kimi üç müasir port fəaliyyət göstərir.
Ölkənin xarici siyasətinin ən tutarlı cəhətlərindən biri ABŞ və Qərbi Avropanı strateji müttəfiq görməkdir. Bununla belə ötən əsrin 90-cı illərinin ortalarından Cənub-Şərqi Asiyada, Latın Amerikasında və Şərqi Avropada işgüzar fəallığın artması gözə çarpmağa başlamışdır. 2003-cü ildə ölkədən ixrac olunan malların dəyəri 32 mlrd. dollar həcmində olduğu halda idxal, həmçinin dəyəri 36 mlrd. dollar təşkil etmişdir. İxracat potensialına malik əsas sahə yüksək texnologiya və hərbi sənaye məhsullarıdır. Elmi tutarlı ixracat göstəricisinə görə İsrail ancaq ABŞ-dən geri qalır. İdxal strukturunda yanacaq, cilalanmış almaz, nəqliyyat təyyarələri və vertolyotlar, sənaye avadanlıqları və hərbi ləvazimatlar üstünlük təşkil edir. ABŞ ölkənin başlıca ticarət ortağı olaraq qalır. İsrailin xarici ticarət dövriyyəsinin təqribən 20%-i ABŞ-nin payına düşür. ABŞ İsrailə hər il orta hesabla əvəzsiz olaraq 3 mlrd. dollar həcmində maddi yardım göstərir. 2003-cü ildə ölkədə cəmləşən xarici investisiyaların həcmi 52 mlrd. 2003-cü ildə ölkənin xarici borclarının miqdarı 71 mlrd. dollara çatmışdır. Son zamanlar İsrail Yaxın Şərqin mühüm maliyyə mərkəzlərindən birinə çevrilməkdədir. Ölkənin milli pul vahidi yeni şekeldir. Məzənnəyə görə 1 yeni şekel 1 ABŞ dollarına bərabər tutulur. Bir şekel isə 100 aqora bərabərdir.