İsrail əhalisi

İsrail əhalisi əsasən gəlmələr və ərəb mənşəli əhalinin yüksək təbii artımı hesabına əhalisi sürətlə artan ölkələrdən biridir. Məsələn, 1971-ci ildə ölkədə 3,0 mln, 1990-cı ildə 5,0 mln, 2005-ci ildə isə 6,7 mln nəfər yaşamışdır. Mütəxəssislərin hesablamalarına görə 2015-ci ildə ölkədə 7,8 mln. nəfərin yaşaması gözlənilir. Fələstin ərəbləri ölkədə qədim zamanlardan məskunlaşmış finikiya, xanaan və digər sami xalqlarının nəsilləridir. Fələstin ərazisi ərəblər tərəfindən işğal olunduqdan sonra yerli xalqlar ərəblərlə qarışmış və ərəb dilini qəbul etmişlər. Bunların əksəriyyəti müsəlmandır (sünni). Aralarında xristianlar da vardır. Bunlar arasında olan druzlar Qərbi və Mərkəzi Qalileydə, Hayfa ətrafında yaşayırlar. İsrail hökumətinin ölkənin ərəb əhalisinə qarşı ayrı-seçkiliyi siyasi, iqtisadi və sosial problemlərin meydana gəlməsinə səbəb olmuşdur. İsrail dövlətinin sərhədləri daxilində yaşamaqla ərəblər bu problemlərin – xüsusilə sosial problemlərin həlli qarşısında acizdir. Neqev səhrasında tayfa bölgüsünü saxlamış köçəri və yarımköçəri həyat tərzi sürən ərəblər (təqribən 65 min) iqtisadi və sosial inkişafdan çox geri qalmışlar. Karaimlər kiçik etnik qrup olub, iudaizmi qəbul etmişlər. Əsasən Raml şəhəri və onun ətrafında yaşayırlar. Çərkəzlər Fələstində türklər tərəfindən XIX yüzilliyin axırlarında məskunlaşmışlar. Onlar Qalileyin iki kəndində icma halında yaşayırlar. Müsəlmandırlar (sünni) və etnik ənənələrini qoruyub saxlayırlar.

Əhalinin formalaşması

[redaktə | mənbəni redaktə et]

İsrailin yəhudi əhalisi əsasən immiqrasiya nəticəsində folrmalaşmışdır. Fələstinə yəhudilərin immiqrasiyası XIX yüzilliyin 2-ci yarısında qüvvətli olmamışdır. 1914-cü ildə yəhudi əhalinin ümumi sayı 85 min idi. Birinci və ikinci dünya müharibələri arasında immiqrasiya qüvvətlənir. Xüsusilə Almaniya və onun işğal etdiyi ölkələrdə yəhudilər təqib edilir. Bunun nəticəsində 1948-ci ildə Fələstində yaşayan yəhudilərin sayı 655 minə çatır. İsrail dövləti yarandıqdan sonra ilk 4 il ərzində ölkəyə 700 min immiqrant gəlir. Ölkədə iqtisadi çətinliklər, həmçinin Yaxın Şərq böhranının kəskinləşməsi immiqrasiyanın zəifləməsinə, emiqrasiyanın artmasına səbəb olur. 1975-ci ildə immiqrantların sayı 17 min olmuşsa, ölkəni tərk edənlər 20 min təşkil etmişdir. 1948-73-cü illər ərzində ölkəni 300 min nəfər tərk etmişdir. 1989-96-cı illərdə MDB ölkələrindən İsrailə 800 min yəhudi köçmüşdür. Hazırda əhalinin 80 fazini Şərqi Avropa və MDB ölkələrindən, həmçinin Aralıq dəniziAfrikada ərəb dövlətlərindən gələn imminqrantlar, eləcə də İsraildə doğulan yəhudilər təşkil edir. Əhalinin təqribən 20 faizi ərəb mənşəli fələstinlilərdir. Ölkədə orta ömür müddəti 79 yaşdır. Kişilər üçün bu rəqəm 77, qadınlarda isə 80 yaşa uyğun gəlir. Hər 1000 nəfərə anadan olanların sayı 19,3, ölənlərin sayı 6,3 nəfərdir. İsraildə əsasən iki dinin yəhudi və islamın tərəfdarları yaşayır. Əhalinin təqribən 80 faizi iudaizm dininə etiqad bəsləyir. Dindarların 19 faizi sünni məshəbinə mənsub olan ərəblər, təqribən 1 faizi xristianlardır. İsrailin yaşlı əhalisinin 96 faizi savadlıdır. Nisbətən sanballı təhsil müəssisələri bunlardır: Hayfadakı İsrail Politexnik İnstitutu, Qüdsdəki Yəhudi Universiteti, Təl-Əvivdəki Universitet. Məşğulluğu olan hər 1000 nəfərə 135 alim və mühəndis düşür. Müqayisə üçün qeyd edək ki, bu göstərici ABŞ-da 70, Almaniyada isə 48-dir.

Əhali sıxlığı

[redaktə | mənbəni redaktə et]

Əhalinin orta sıxlığı barədə dəqiq məlumat vermək mümkün deyil. Əgər İsrail ərazisinin 20,8 min kv. km olmasının qəbul etsək, bu halda hər kv. km-ə orta hesabla 300 nəfərdən artıq adam düşəcəkdir. Əhali ərazi üzrə çox qeyri-bərabər şəkildə yerləşmişdir. Məsələn, Təl-Əviv mahalında hər kv. km-ə 200 nəfərə yaxın, Qüdsdə 1000 nəfərdən artıq, cənub mahallarına isə hər kv. km-ə orta hesabla 50 nəfər düşür.

İsraildə rəsmi dil ivritdir. Fələstin ərəblərinin yığcam yaşadığı ərazilərdə ərəb dili işlədilir. Bu iki dildən başqa idiş, rus, ingilis və digər Avropa dillərindən də geniş istifadə olunur. İmminqrantlar əsasən gəldikləri dövlətin dilində danışırlar. İsraildə sayı 1,2 mln nəfər olan güclü rus dilli diaspora yaranmışdır. İvrit dilinin geniş yayılması və hamı tərəfindən işlədilməsi üçün dövlətin xüsusi siyasəti mövcuddur. Ərəb dili ölkənin rəsmi dili olsa da, dövlət ərəb məktəblərinin ibtidai və natamam orta məktəblərində ivritin tədrisini məcburi sayır. Ölkəyə yeni gəlmiş immiqrantlara ivrit dilini öyrətməyin xüsusi sistemi yaradılmışdır. Bu işlərlə ivrit dili Akademiyası məşğul olur.

1983-cü ildə qəbul olunmuş yeni təsnifata görə əgər ölkənin hər hansı bir yaşayış məntəqəsində 2 min nəfərdən artıq əhali yaşayırsa o məntəqə şəhər sayıla bilər. Əhalisinin sayı 2000 nəfəri ötməmiş məntəqələr isə kənd hesab olunur. Belə təsnifata görə ölkə əhalisinin sayı 100 min nəfəri ötmüş 15-ə qədər şəhər vardır. Bunlardan ən böyükləri Yerusəlim (Qüds), Təl-Əviv, Hayfa, Bat-Yam və Xolondur. Bu şəhərlərin hər birinin əhalisinin sayı 200 min nəfəri ötmüşdür. Sonradan ölkənin paytaxtı elan olunmuş Yerusəlim bütün göstəricilərə görə ölkənin ən böyük mübahisəli şəhəridir. Üç dinin mərkəzi hesab olunan Yerusəlimə ziyarətçilərin axını çox güclüdür. 2005-ci ildə şəhər əhalisinin sayı 700 minə yaxınlaşmışdı. Yerusəlim dünyanın ən qədim şəhərlərindən biridir. Ölü dənizdən qərbdə, yarımsəhra iqlimli yaylada yerləşmiş Yerusəlim ölkənin böyük sənaye, ticarət və nəqliyyat mərkəzidir. Şəhərdə metal istehsalı, almaz cilalanması, toxuculuq, əczaçılıq, poliqrafiya, yeyinti sənaye müəssisələri, məişət texnikası istehsal edən iri müəssisə fəaliyyət göstərir. Şəhər haqqında ilk məlumat eramızdan əvvəl ikinci minilliyin ortalarına təsadüf edir. Kənanilərin qalası olmuş Qüdsü eramızdan əvvəl təqribən 1000-ci ildə yəhudi padşahı Davud işğal etmiş və şəhər İsrail-Yəhudi padşahlığının sonradan isə Yəhudi padşahlığının paytaxtı olmuşdur. Eramızın IV əsrində Yerusəlim xristianların «müqəddəs» şəhərinə çevrildi. Eramızın 638-ci ilində şəhər ərəblər tərəfindən işğal edilmiş və Məkkədən sonra müsəlmanların ikinci «müqəddəs şəhəri» olmuşdur. 1099-cu ildə səlibçilər şəhəri işğal etmiş, 1187-ci ildə Səlahəddin Əyyubi şəhəri geri ala bilmişdi. Sonradan şəhər təqribən 400 il Oısmanlı imperiyasının tərkibində olmuşdur. 1917-ci ilin sonlarında İngiltərə qoşunları şəhəri tutdu və özünün Fələstin mandatlı ərazisinin inzibati mərkəzi etdi. 1947-ci ildə BMT Baş Məclisinin qərarı ilə Qüds şəhəri BMT-nin idarəsi altında beynəlxalq xüsusi rejimli müstəqil inzibati vahid statusu aldı. Lakin sonradan baş vermiş İsrail-Fələstin və İsrail-Ərəb müharibələri nəticəsində Yerusəlim şəhəri iki hissəyə bölündü. Qərb (ərazicə böyük hissə) İsrailə, şərq hissə isə Ürdünə verildi. 1950-ci ildə İsrail qeyri-qanuni olaraq şəhərin qərb hissəsini özünün paytaxtı elan etdi. 1967-ci ildə İsrail qoşunları şəhərin şərq hissəsini də zəbt edib öz ərazisinə qatdı. BMT-nin ilk növbədə, ərəb ictimaiyyətinin bu məsələyə mənfi münasibətlərinə baxmayaraq İsrail rəhbərliyi Qüds şəhərini öz paytaxtı kimi genişləndirib inkişaf etdirir. Qüdsdə həm müsəlman, həm yəhudi, həm də xristian dini abidələri vardır. Şəhərin şərq hissəsində qədim dövr abidələrinin qalıqları, daha doğrusu xarabalıqları qalmaqdadır. Ömər və Əl-Əqsa məscidləri, müqəddəs Anna, müqəddəs İakov kilsələri bir neçə darvazası olan şəhər divarları (o cümlədən Dəməşq darvazası) Qüdsün maraqlı memarlıq abidələrindəndir. Şəhərin qərb hissəsi XIX əsrin ikinci yarısından tikilməyə başlamışdır. Burada çoxsaylı ictimai binalar, yeni Universitet kompleksi, tibb mərkəzi, otellər, hökumət binaları, muzey və kitabxanalar və s. inşa edilmişdir.