İsraildə din ölkənin həm mədəniyyətində, həm də əhalinin həyat tərzində mühüm əhəmiyyət kəsb edir. Din İsrail tarixində daima mərkəzi rol oynamışdır. İsrail dünyada əhalisinin əksər hissəsi yəhudi olan yeganə dövlətdir. İsrail Mərkəzi Statistika Bürosunun 2011-ci ildə verdiyi məlumata əsasən əhalinin 75,4%-i yəhudi, 20,6%-i ərəb, 4,1%-i isə digər etnik azlıqlardan ibarət olmuşdur.[1] Dini bölgü baxımından əhalinin 75,4%-i yəhudilərdən, 17,0%-i müsəlmanlardan, 2,1%-i xristianlardan, 1,7%-i druzlardan, qalan 4%-i isə bəhailik və ya digər dinlərə sitayiş edənlərdən ibarət olmuşdur.[2][3]
İsraildə konstitusiya yoxdur. Ölkədə qanunlar "İsrailin əsas qanunları" ilə müəyyən olunur və bu, ölkədə konstitusiya rolunu oynayır. Həmin qanunlarda ölkə "Yəhudi dövləti" kimi adlandırılmışdır.[4][5] İsrail qanunları rəsmi olaraq beş dini tanıyır ki, bunların da hər biri İbrahimi dinlər sırasına daxildir. Bu dinlər İudaizm, İslam, Xristianlıq, Druzizm və Bəhailikdir. Bunlardan başqa, qanunlar formal olaraq xristianlığın on başqa sektasını da tanıyır.[6][7] Ölkədə yəhudilər və digər dini qrupların üzvləri arasında vəziyyət tez-tez gərginləşir.
İsraildə əhalinin əksər hissəsi yəhudilərdən ibarətdir.[8] 2015-ci il hesablamalarına əsasən yəhudilər əhalinin 74,9%-ni təşkil edir.[9]
Qüds bütün dünyada müsəlmanlar üçün mühüm əhəmiyyət kəsb edən şəhərdir. Bu şəhər həm yəhudi məbədlərinin yerləşdiyi əsas şəhər kimi, həm də Səudiyyə Ərəbistanında yerləşən Məkkə və Mədinə şəhərlərindən sonra İslam dinində üçüncü müqəddəs şəhər hesab olunur.
İsraildə yaşayan müsəlmanların əksər hissəsi sünnilərdən ibarət olmasına baxmayaraq, Əhmədiyyə təriqətinin üzvləri də az sayda mövcuddur.[10]
İsraildə yaşayan xristianların əksər hissəsi etnik ərəblərdir, qalan hissəsi isə fərqli ölkələrdən buradakı kilsələrdə və monastırlarda işləməyə gəlmiş insanlardır.
Xristian ərəblər ölkədə ən təhsilli qruplardan hesab olunur. Maariv qəzeti xristian ərəbləri "təhsil sektorunda ən böyük irəliləyiş" əldə etmiş qrup adlandırmışdır. Hesablamalara görə xristian ərəblər istər bakalavr, istərsə də elmi dərəcə əldə olunmasına görə nisbətdə İsraildə yəhudilər, druzlar və müsəlmanlara nisbətən daha yüksək nəticələr göstərmişlər.[11]
İsraildə təqribən 102,000 nəfər druz yaşayır. Onların əksəriyyəti Hayfa və Əkka şəhərlərində məskunlaşmışdır. 1957-ci ildən etibarən İsrail hökuməti druzları ayrı etnik icma kimi qəbul etmiş və onlara özlərinə icma rəhbəri seçməyə icazə vermişdir.[12]
Bəhailiyin inzibati və mənəvi mərkəzi Hayfa şəhəridir. XX əsrin sonlarında İsraildə təqribən 10,000 nəfər bəhai yaşayırdı.