İsrailin xarici siyasəti — İsrail Dövlətinin xarici siyasəti. İsrail 11 may 1949-cu il tarixində Birləşmiş Millətlər Təşkilatına üzv olmuşdur. 2017-ci ilin mart ayına olan məlumata əsasən İsrail dünyanın 159 dövləti ilə diplomatik əlaqələrə malikdir.[1] Müvafiq olaraq 1979 və 1994-cü illərdə imzalanmış sülh razılaşmalarına əsasən İsrail iki Ərəb ölkəsi olan Misir və İordaniya ilə həm diplomatik əlaqlərə sahibdir, həm də həmin dövlətlərlə olan sərhədləri açıqdır.
ABŞ-la olan yaxın əlaqələr İsrailin xarici siyasətinin əsas hissəsini təşkil edir. İsrail və digər region ölkəsi olan İran arasında əlaqələr isə 1948-ci ildə müstəqil İsrail dövləti yaradıldıqdan 1979-cu ildə baş vermiş İran İslam İnqilabına qədər yaxşı davam etmişdir. İran Türkiyədən sonra İsrail dövlətinin müstəqilliyini tanıyan ikinci müsəlman ölkəsidir.[2][3] İsrail XX əsrin ortalarında Afrikaya tez-tez xarici yardımlar göndərir və təhsil proqramları həyata keçirirdi. Bu cür xarici yardımlara kənd təsərrüfatı, su təchizatı və səhiyyə sahəsində çalışan ekspertlərin Afrika ölkələrinə göndərilməsi də daxil olmuşdur.[4]
2011-ci ildə Misirdə baş vermiş hadisələr nəticəsində Misir və Türkiyə ilə diplomatik əlaqələr olduqca gərginləşmişdir.[5] Elə həmin dövrdə İsrail bir çox Avropa ölkələri ilə, o cümlədən Yunanıstan və Kiprlə "Enerji üçbucağı"na daxil olmuş, Asiyada isə Çin və Hindistan da daxil olmaqla bir neçə ölkə ilə yüksək texnologiyalı sistemlərin inkişafı ilə bağlı sənədlər imzalanmışdır.[6] Misirdə Müsəlman qardaşlar təşkilatı hakimiyyətdən düşdükdən sonra həmin ölkə ilə diplomatik əlaqələr yenidən dirçəlməyə başlamışdır, lakin Türkiyə ilə əlaqələr hələ də 2010-cu ildən əvvəlki səviyyədə deyil.
1948-ci ildə İsrail müstəqilliyini elan etdikdən sonra Ərəb Liqası ölkələri tərəfindən boykot edilmiş və diplomatik əlaqələr baxımından izolyasiya edilmiş dövlət halına salınmağa cəhd edilmişdir, lakin hazırda İsrail BMT üzvü olan 192 ölkədən 157-si, həmçinin üzv olmayan Vatikan və Avropa İttifaqı ilə diplomatik əlaqələrə malikdir.[1] Bəzi dövlətlər İsrailin müstəqilliyini tanısa da, onunla diplomatik əlaqələri yoxdur. Bir neçə ölkə isə əvvəllər diplomatik əlaqələri olsa da, hazırda əlaqələr ya qismən, ya da tam şəkildə kəsilmişdir. Bu cür dövlətlərə Latın Amerikasında Boliviya, Kuba və Venezuela, Afrikada Mavritaniya, Çad, Mali və Niger, həmçinin İslam İnqilabı baş verdikdən sonra İran daxildir. Ərəb Liqasına üzv olan Bəhreyn, Qətər, Oman, Mərakeş və Tunis dövlətləri İsraillə formal xarakterli iqtisadi əlaqələrə malik olduğu halda, bu təşkilata üzv olmuş başqa heç bir dövlət İsraillə əlaqələrə malik deyil.