İtirilmiş nəsil

İtirilmiş nəsil (fr. Génération perdue, ing. Lost Generation)[1]Birinci Dünya Müharibəsindən sonra meydana çıxmış ifadə. Buradakı “itirilmiş” sözü müharibədən sağ qayıtmış insanların “yönünü itirmiş, sərgərdan, didərgin düşmüş” ruhlarına istinad edir.[2] Belə ki, bu nəslin nümayəndələri hələ gənc yaşlarında müharibəyə getməli olmuş, onun dəhşətlərini öz gözləri ilə görmüş, müharibədən sonra isə həyata uyğunlaşa bilməmiş, içkiyə qurşanmış və ya intihar etmişdilər. İfadə əsasən 1920-ci illərdə vətənini tərk edib Parisdə yaşayan amerikalı yazıçılara aid edilir.[3][4][5] İfadənin yaranması amerikalı romançı və şairə Gertruda Staynın adı ilə bağlı olsa, Ernest Heminqueyin 1926-cı ildə yazdığı Fiesta romanının epiqrafında işlətdiyi “Siz hamınız itirilmiş nəsilsiniz” cümləsi sayəsində məşhurlaşmışdır.[6][7] Stayn "siz hamınız itirilmiş nəsilsiniz" cümləsini ilk dəfə Heminqueylə söhbət edərkən səsləndirmişdir.[6]

Gertruda Stayn 1924-cü ildə Ernest Heminqueyin oğlu Cek ilə birlikdə

“Kanadadan döndükdən sonra biz Notr Dam de Şan küçəsində yerləşdik, “itirilmiş nəsil” ifadəsini deyəndə miss Stayn və mən hələ yaxşı dost idik. O zaman miss Steynın sürdüyü köhnə “T” modelli “Fordu” işə düşmürdü və qarajda işləyən cəbhədən dönmüş gənc çilingər onu təmir edə bilməmişdir, ola bilsin ki, onun “Fordunu” növbəsiz təmir etmək istəməmişdir. Nəsə o işə ciddi yanaşmamışdır və miss Staynın sahibkara şikayətindən sonra ona ciddi töhmət verilmişdir. Sahibkar ona: Siz hamınız — fr. génération perdue! (itirilmiş nəsilsiniz!) — Budur siz kimsiniz! Və siz hamınız beləsiniz! — miss Stayn dedi. — Müharibədə olan bütün gənclər. Siz — itirilmiş nəsilsiniz.”

Ernest Heminquey, "Həmişə səninlə olan bayram"

Ümumi götürdükdə, “İtirilmiş nəsil” ifadəsi 1883-1900-cü illər arasında dünyaya göz açmış nəslə istinad edir.[8]

"İtirilmiş nəsil" dedikdə Birinci Dünya müharibəsi və ondan bir qədər sonrakı dövrdə yazıb-yaradan insanlar nəzərdə tutulduğu üçün bu nəslə bəzən "Birinci Dünya müharibəsi nəsli" də deyilir. Avropada bu yazıçılar daha çox "1914-cü il nəsli" adı ilə tanınır. Amerikanı tərk edən bu yazıçılar daha çox Fransada toplaşmışlar. Bu ölkədə onlar "Alov nəsli" (Generation ou feu) adlandırılmışlar. Geniş mənada "itirilmiş nəsil" anlayışı anlayışı gənc modernist ədəbiyyatçılara işarə edir.

Nümayəndələri

[redaktə | mənbəni redaktə et]

İtirilmiş nəslin ən məşhur nümayəndələri Ernest Heminquey, Frensis Skot Fitscerald və Gertruda Stayn özü olmuşdur. Digər nümayəndələrinə isə Con Patton, Erix Mariya Remark, Şervud Anderson, Silvia Biç, Con Dos Passos, Alan Ziger, Henri Miller, Ceyms Coys, Vircinia Vulf, Tomas Volf, Con Steynbek və başqaları nümunə göstərilə bilər.

İtirilmiş nəslə aid olan yazıçılar üçün burjua cəmiyyəti və onun idealları tamamilə uzaq idi. Elə buna görə də, onlara yenilik, daha dəqiq desək, yeni ifadə formaları lazım idi. Riçard Oldinqton, Erix Mariya RemarkErnest Heminquey kimi yazıçıların yaradıcılıqlarının ilkin mərhələləri də yeni ifadə formalarının axtarışı ilə səciyyələnir.Riçard Oldinqton bir itirilmiş nəsil nümayəndəsi olaraq dünya ədəbiyyatında bu nəslə həsr etdiyi əsərlərlə daha çox tanınan, ehtiramla xatırlanan yazıçılardandır. Onun Ernest Heminquey, Erix Mariya Remark kimi yazıçılarla bərabər xatırlanması təsadüf deyildir. Bu adı çəkilən yazıçların mövzuları və hadisələrə yanaşma tərzi arasında olan yaxınlıqdan irəli gəlir.

İtirilmiş nəslə aid olan yazıçılar bu nəslin həyatını əsərlərində təsvir edərkən öz qəhrəmanlarının yaşadığı cəmiyyətdə deyil yalnız eşq, məhəbbət dünyasında rahatlıq tapdığını bildirirlər. Özlərini heç yerə aid hiss etməyən bu insanlar, müəyyən qədər də olsa məhəbbət aləmində özlərinə sığınacaq tapırlar. Riçard Oldinqton da itirilmiş nəsli bu cür təsvir edən yazıçılardan idi. Onun təsvir etdiyi qəhrəman yaşadığı cəmiyyətlə barışa bilmir, kütlə içərisində tək qalır, düşdüyü vəziyyətdən çıxış yolunu tapmaqda çətinlik çəkir, ən sonda isə bu qarışıqlıq içərisində məhv olur.

İtirilmiş nəsil yazıçıları öz qəhrəmanlarını romantizm yolu ilə təsvir edirdilər. Onlar sanki müharibədə iştirak etdikləri vaxt qazandıqları ideyaları özləri üçün əsas ideal olaraq seçir və bu ideyaları yaşadıqları dövrün, cəmiyyətin ideyalarına qarşı qoyurdular.

İtirilmiş nəsli təmsil edən yazıçıların müharibədən sonra yazdıqları ilk əsərlər açıq strukturlu olması ilə fərqlənir. Bu nəslin nümayəndələri modernist təsviri rədd edərək həyat, gerçəklik axtarışına çıxırdılar. Bundan əlavə, onlar əsərlərində süjet tamlığına demək olar ki, əhəmiyyət vermirdilər. Bu yazıçıların özlərinin də itirilmiş nəsil nümayəndəsi olmaları və əsərlərində də bu nəslin nümayəndələrini təsvir etmələri süjet tamlığı çatışmazlığının əsas səbəblərindən idi. Belə ki, onların əsərlərinin qəhrəmanları müharibə nəticəsində həyatları məhv olmuş, yaşadıqları mühitə, cəmiyyətə münasibətləri tam olmayan, itirilmiş nəslin nümayəndələri olan insanlar idi və bu insanların təsvir olunduğu əsərlər də tam, bitkin süjetə malik ola bilməzdi.

Qeyd edilməli məqamlardan biri də budur ki, itirilmiş nəslə aid olan yazıçılar və bu yazıçıların yaratdıqları obrazlar əksər vaxtlar düşdükləri çətin vəziyyətdən çıxa bilmir, əhəmiyyətli məsələlərə düzgün yanaşa bilmir, doğru həll yolları tapa bilmir, bir sözlə özləri özlərini məhv edirdilər ki, hesab olunur ki, bu da onların sahib olduğu humanizm duyğusundan irəli gəlirdi.

Erix Mariya Remarkın 1930-1931-ci illərdə yazdığı “Qayıdış” (alm. “Der Weg zurück”‎) romanında Birinci Dünya Müharibəsindən qayıdan əsgər artıq normal həyatda yaşaya bilmir və həyatın mənasızlığına, qəddarlığına, iyrəncliyinə dözə bilmirlər, bəzən kimsə də yaşamağa cəhd edir.

Romanın epiqrafı bu sətirlərlə başlayır:

“Vətənə dönən əsgərlər, Yeni həyata yol tapmaq istəyirlər.”

Erix Mariya Remark, “Qayıdış”

Müəllifin “Qərb cəbhəsində yenilik yoxdur” əsərində isə cəbhədə döyüşən, dərin psixoloji sarsıntı keçirən, sağlamlıqlarını, bəzən isə ümumiyyətlə həyatlarını itirən yeniyetmələrin faciəvi taleləri təsvir olunmuşdur.

1937-ci ildə yazılmış “Üç yoldaş” əsərində də dəhşətli dünya müharibəsindən sağ qayıdan gənclərin müharibədən sonrakı həyatı təsvir olunur. Remark yaradıcılığında bu əsər dostluq haqqında ən maraqlı əsər kimi qiymətləndirilir. Lakin əsərin mövzusu təkcə dostluqla yekunlaşmır. Belə ki, “Üç yoldaş” əsəri həm sevginin ən gözəl, həm də insan münasibətlərinin ən faciəvi şəkildə təsvir edildiyi əsər kimi tanınır. Romanda müharibənin insan psixologiyasında hansı izlər qoyduğu oxucuya peşəkarlıqla çatdırılır.

Ernest Heminqueyin “Fiesta” əsəri itirilmiş nəslin təsvir olunduğu bariz ədəbiyyat nümunələrindəndir. Oxucu bu əsəri oxuduqca sanki itirilmiş nəsil mövzusunda beynində yaranmış suallara cavab tapır. Əsərin qəhrəmanları sanki özlərini qorumaq üçün əsl düşüncələrini, hisslərini gizlədir, vaxtlarını boş keçirərək vecsiz görünməyə çalışırlar. Onlar xarici aləmi olduqca təhlükəli hesab edirdilər və bu onların özlərini sözügedən təhlükədən qorumaq üçün bildikləri yeganə yol idi.

Heminqueyin “Əlvida, silah!” (ing. "A Farewell to Arms") əsərində müharibə bütün gerçəklikləri və dəhşətləri ilə təsvir olunur. Döyüşün törətdiyi qorxu ucbatından əsgərlər özlərinə qəsdən xələl yetirirlər. Belə ki, onlar ön cəbhədə olmamaq üçün özlərini qəsdən yaralayır, arxa cəbhəyə can atır, xəstəxanalarda daha çox qalmaq istəyirdilər.

Yazıçının müharibə ilə bağlı ilk böyük əsəri olan “Fiesta”da itirilmiş nəslə aid edilən insanların düşdüyü acınacaqlı, çıxılmaz vəziyyətdən danışılırsa, “Əlvida, silah!” əsərində bu insanları düşdükləri həmin acınacaqlı vəziyyətə salan səbəblərdən danışılır, həqiqətlər ortaya çıxarılır.“Əlvida, silah!” Ernest Heminquey yaradıcılığında təkcə bir əsər adi kimi deyil, yazıçının əksər əsərlərində oxucuya çatdırmağa çalışdığı ideya, əsas amal, yaradıcılıq qayəsi kimi qiymətləndirilir. Bu əsər bir itirilmiş nəsil nümayəndəsi olaraq Heminqueyin səngərlərdə əldə etdiyi təcrübənin bədii ifadəsi sayılır, onun müharibə ilə bağlı yazdığı ən uğurlu əsər hesab olunur.

Riçard OldinqtonQəhrəmanın ölümü” əsərində sanki müharibə nəticəsində həyatı məhv olmuş nəslin tarixini verərək, insanları oyatmağa çalışır, onları növbəti müharibənin başlamasına imkan verməməyə səsləyir. O, sanki bu əsər vasitəsilə müharibənin dəhşətlərini görmüş insanlara səslənərək, onları müharibənin nə üçün başlaması, bütün bu baş verən hadisələrdə kimin günahkar olması barədə düşünməyə vadar edir. Sonda isə özü bütün bu suallara cavab verərək, müharibənin başlama səbəbinin elə insanlar olduğunu, bütün insanların bu məsələdə günahkar olduğunu bildirir.

Oldinqtonun “Qəhrəmanın ölümü”, “Bütün insanlar düşməndirlər”, “Əsl cənnət” romanlarının qəhrəmanları yaşadıqları dövrdə baş verənləri, bu dövrün əsas xüsusiyyətlərini, şərtlərini, eyni zamanda, cəmiyyətdəki problemlərin səbəbini anlamağa çalışırlar. Bu qəhrəmanlar bütün baş verənlərdə müharibəni ittiham edirdilər.

Frensis Skott Fitscerald isə "Cənnətin bu tayı" (ing. This Side of Paradise) romanında 1920-ci ilin amerikan kübar cəmiyyətinin parlaq nümayəndələri Entoni Petç və onun arvadı Qlorinin həyatı təsvir edilir. Müəllif romanda itirilmiş nəsildən: adlı sanlı və hədsiz zəngin insanlardan, onların yaxşı təhsil almış, qarşılarında heç bir məqsəd olmayan, hedonizm həyat tərzi sürən, heç bir xeyir verməyən, xoşbəxtliyi tapmayan varislərindən söhbət açır.[9]

Riyaziyyat imtahanından kəsilən Emori redaktorluqdan uzaqlaşdırılır və o get-gedə xəyal qırıqlığına uğrayaraq hamı kimi müharibəyə geir. Geri döndükdən sonra dostunun bacısı Rozalinda Konnecə vurulur. Rozalinda da ona vurulsa da keçmiş vərdiş və xasiyyətlərinə görə Emori ilə evliliyə razılıq vermir. Tam yoxsullaşan Emori sosial ədalət uğrunda mübarizə aparmalı olur. O, hesab edir ki, “bütün uşaqlar üçün əvvəldən eyni imkan və şans verilməlidir”.

“Bütün tanrılar ölmüş, olmuş müharibə insanlığın inamını məhv etmişdir.”

Frensis Skott Fitscerald, “Cənnətin bu tayı[10].

  1. "Lost-Generation". 2015-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-28.
  2. Hynes, Samuel. A War Imagined: The First World War and English Culture. London: Bodley Head. 1990. səh. 386. ISBN 0-370-30451-9.
  3. Madsen, Alex. Sonia Delaunay: Artist of the Lost Generation. Open Road Distribution. 2015. ISBN 9781504008518.
  4. Fitch, Noel Riley. Sylvia Beach and the Lost Generation: A History of Literary Paris in the Twenties and Thirties. WW Norton. 1983. ISBN 9780393302318.
  5. Monk, Craig. Writing the Lost Generation: Expatriate Autobiography and American Modernism. University of Iowa Press. 2010. ISBN 9781587297434.
  6. 1 2 Hemingway, Ernest, 1899–1961. The sun also rises. New York: Scribner. 1996. ISBN 0684830515. OCLC 34476446.
  7. Monk, Craig. Writing the Lost Generation: Expatriate Autobiography and American Modernism. Iowa City: University of Iowa. 2004. səh. 1. ISBN 9781587297434. 2021-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-04.
  8. "Time use of millennials v. non-millennials". 2019-12-22. 2021-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 December 2019.
  9. Fitzgerald, F. Scott, "This Side of Paradise", ISBN 9781593083816
  10. "Arxivlənmiş surət". 2021-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-29.
  • Əliyev Y.Ə. “Ernest Heminqueyin yaradıcılığında insanın bədii dərki” mövzusunda dissertasiya işi, Bakı: 2013, s.148
  • Musayeva İ. “Azərbaycan ədəbiyyatında itirilmiş nəsil varmı”, Ədəbiyyat qəzeti. 2015, 25 iyul, s.20