Şövkət Sürəyya Aydəmir (türk. Şevket Süreyya Aydemir; d. 1897, Ədirnə - ö. 25 mart 1976) — Türk yazıçısı, mütəfəkkir, iqtisadçı, tarixçi, müəllim.
Şövkət Sürəyya Aydəmir | |
---|---|
Şevket Süreyya Aydemir | |
Doğum adı | Şövkət Sürəyya |
Təxəllüsü | Aydəmir |
Doğum tarixi | |
Doğum yeri | Ədirnə, Osmanlı İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Ankara |
Atası | Mehmet ağa |
Anası | Şaziylə xanım |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, iqtisadçı, siyasətçi, bioqraf |
Fəaliyyət illəri | XX əsr |
1919-1920-ci illərdə Nuxada (Şəkidə) müəllimlik etmiş, 1920-ci ilin martında Nuxadan Qarabağa yola düşən 400 nəfərlik könüllülər dəstəsinin komandanı olmuş və o zaman bir xalq qəhrəmanı kimi məşhurlaşmışdı. O, həmin ilin 30 aprel tarixində XI Qızıl Ordunun Nuxaya daxil olmasını da öz gözləri ilə görmüş və bu hadisələrin hamısını daha sonralar öz əsərində ətraflı təsvir etmişdir. Şövkət Sürəyya 1920-ci il sentyabrın 1-də Bakıda öz işinə başlayan Şərq xalqlarının I qurultayında Nuxa şəhərindən göndərilmiş nümayəndə kimi iştirak edibdir. O, 1932-ci ildə Türkiyədə nəşrə başlayan "Kadro" adlı jurnalın yaradıcılarından və Kadro hərakatının rəhbərlərindən də biri idi. Yaşlaşdığı zaman, yazıçılığa girişmiş, türk tarixində əhəmiyyətli rolu olan şəxsiyyətlər barədə əsərlər yazmışdı. Öz həyatından bəhs etdiyi "Suyu arayan adam" (1959), Atatürk və İnönü dövrləri haqqında hər biri 3 cildlik "Tək adam" (1963-65) və "İkinci adam" (1966-68) adlı kitabları onu bir yazıçı kimi məşhurlaşdırdı.
Şövkət Sürəyya müxtəlif dövrlərdə fərqli ideologiyaların tərəfdarı olmuşsa da, onun əsas məqsədi Türkiyənin qurtuluşu və irəliləməsi idi. Gəncliyində turancı, 1925 - 1927-ci illər arasında Türkiyə Kommunist Partiyası idarəçisi, 1927-ci ildən sonra isə kamalist rejimin tərəfdarı və qurucusu kimi fəaliyyət göstərmişdi.
1897-ci ildə Ədirnədə Balkan köçkünü, torpaqsız bir ailənin uşağı kimi dünyaya göz açmışdır. Atası Mehmet ağa, vaxtilə Bolqarıstanın Deliorman adlı yerində torpaq sahibi, varlı bir adam olmuşsa da, sonradan bütün var-dövlətini itirmişdi və Ədirnədə bağbanlıq edirdi. Anası savadlı bir adam olan Şaziylə xanım idi. Şövkət Sürəyya oxuyub-yazmağı anasından öyrənmişdi. Məhəllə məktəbindən sonra hərbi məktəbdə təhsil almağa başladı. Kiçik yaşlarından etibarən siyasətlə maraqlanırdı. Hələ 11 yaşında ikən İttihad və Tərəqqi Cəmiyyətinin üzvü oldu. Balkan müharibələrinin əvvəlində anasını və bir böyük qardaşını itirdi. Ədirnənin işğalınadək, gözlənilən qətliamdan xilas olmaları üçün İstanbula yola salınmış uşaqlar arasında o da var idi. Küleli Hərbi Liseyinə qəbul olundu. Amma Ədirnənin işğaldan azad edilməsindən sonra bir oğlunun da hərbçi olmasını istəməyən atasının tələbiylə Ədirnəyə qayıtdı. Ədirnə rüştiyəsi və müəllim məktəbində (bugünkü Ədirnə Liseyində) təhsil aldı. Bu illərdə turancı baxışları qəbul etdi. Diğər böyük qardaşının Sarıqamışda həlak olmasından təsirlənərək, könüllü olaraq Birinci dünya müharibəsinə – Qafqaz cəbhəsinə getdi, döyüşlərdə iştirak etdi və yaralandı. Türk ordusunun Qafqaz cəbhəsindən geri çəkilməsindən sonra Ədirnəyə qayıdan Şövkət Sürəyya, müəllimlik təhsilini tamamladı. Ədirnənin yunanlar tərəfindən işğalı zamanı isə bir müddət yerli müqavimət hərəkatlarına qatıldı.
1918-ci ildə Azərbaycanın müstəqilliyini bəyan etməsi və təhsili inkişaf etdirmək üçün Türkiyədən müəllimlər istəməsi nəticəsində, Şövkət Sürəyya Nuxa şəhərinə müəllim işləməyə göndərildi. Nuxaya gedərkən o, vaxtilə mütaliə etdiyi Müfidə Feritin "Aydəmir" adlı turançılığı təbliğ edən romanındakı qəhrəmanın adını – "Aydəmir"i, özünə soyadı götürdü. Xatirələrində də yazdığı kimi
"O gündən sonra mənim adım Aydəmir oldu. Çünki Turanda idim və mən də bir Aydəmir idim."[1].
Aydəmir Nuxada yerli ziyalılarla, ilk növbədə tanınmış din xadimi və alim Axund Fərəcullah Pişnamazzadə ilə dostluq əlaqələri qurmuşdu. Həmin dövrdə şəhərdəki əsas təhsil müəssisəsi dərslərin rusca aparıldığı Şəki progimnaziyası idi. Məktəbə Rusiyada universitet bitirmiş Məmməd Əfəndizadə rəhbərlik etsə də iki-üç nəfərdən başqa qalan müəllimlər rus və qeyri millətlərin nümayəndələri idilər. Təhsilin milliləşdirilməsinə ilk növbədə bu progimnaziyadan başlanmışdı. Aydəmirin yazdığına görə, ideyanın əsas müəlliflərindən biri kimi ortaya düşdüyündən bir müddət sonra yalnız türk dili, ədəbiyyat, tarix deyil, coğrafiya, hətta həndəsə dərslərini də aparmalı olmuşdu. Tədrisə yeni, milli ruhlu gənclər cəlb edilmişdi.
1920-ci ilin martında Qarabağ erməniləri qiyam etmişdilər. “Qarabağ kimin əlində isə, Kür vadisinə və Azərbaycan düzənliklərinə o yuxarıdan baxa bilər” – deyə bu regionun ölkə üçün strateji əhəmiyyətini dəqiq qiymətləndirən Aydəmir, özünün yazdığına görə, Şəki könüllülərinin Əsgəran savaşına yollanmalarının təşəbbüskarı olmuş və hərb təcrübəsi olan kiçik zabit kimi onlara rəhbərlik etmişdi.
Bir neçə gün içərisində Şəkidən və kəndlərindən Qarabağın müdafiəsinə getmək istəyən dörd yüzdən çox könüllü toplanmışdı. Dəstəyə rəhbərlik gənc müəllim Aydəmirə həvalə olunmuşdu. Şəhər əhalisi adından ona at və mauzer hədiyyə edilmişdi. Bütün bunları o, özü sonradan belə təsvir edir:
"Ata mindim, dəstənin önünə keçdim. Qaladan çıxıb şəhərin ana küçəsi ilə düzənliyə tərəf enməyə başladıq. Qabaqda uca səslə təkbir edənlər gedirdi. Yolların kənarları, pəncərələr, balkonlar, divarların, ağacların, damların üstü yüzlərlə qışqıran, ağlayan, alqışlayan qadın, kişi, qoca, cavan və uşaqlarla dolmuşdu"[1].
Qarabağ uğrunda savaşda Şəki könüllüləri 15 qurban verdilər. Əvəzində isə qələbəni Şuşada bayram etdilər. Şövkət Sürəyya hətta Gövhər ağa məscidinin minbərindən nitq də söylədi.
Aydəmir 30 aprel 1920-ci il tarixdə XI Qızıl Ordunun Nuxaya necə daxil olduğunu da öz gözləri ilə gördü:
"Arıq atların qoşulduğu sınıq-salxaq arabalara qarmaqarışıq şəkildə əşyalar, çadırlar, pulemyotlar yığılmışdı. Atlılarla piyadalar biri-birinə qarışmışdı. Kimin əsgər, kimin zabit, kimin komandan olduğunu təyin etmək mümkün deyildi"[2].
1920-ci il sentyabrın 1-də Bakıda keçirilən Şərq xalqlarının I qurultayına Nuxadan göndərilmiş nümayəndə kimi iştirak etdi. Bu qurultay onun kommunizmə marağını artırdı. Qurultaydan 10 gün sonra, yenə Bakıda keçirilmiş Türkiyə Kommunist Partiyasının toplantısında da iştirak edən Şövkət Sürəyya, bu ideologiyanı öyrənmək həvəsinin gücü ilə Milli mübarizəyə qatılmaq əvəzinə, Nuxaya dönməyi üstün tutdu. O, Nuxada Sitarə adlı bir qızı sevirdi. Bu qız Cənubi Azərbaycandan anası ilə gəlib Nuxada məskunlaşmışdı;
"Sitarə bir sultandı. Könlümün sultanı. İllərcə yuxuma girən, taleyimin aradığı dilbər hər halda o idi... Bəlkə əzəldən bir-birimizə nəsib olmaq üçün yaranmışdıq. Bəlkə də nağıllardakı kimi bir dərviş xəbərimiz olmadan eşq badəsini ikimizə də içirmişdi. Bəlkə dağları, dənizləri qismətimə qovuşmaq üçün aşmışdım?" –üstündən otuz il keçəndən sonra dəruni bir duyğu ilə yazılan bu sətirlər Aydəmirin o zamankı hisslərinin ani, ötəri olmadığını bir daha sübuta yetirir. "[3].
Lakin qızı başqa oğlana nişanlayırlar, Şövkət Sürəyyaya isə Nuxanı tərk edib əvvəl Tiflisə, sonra isə Batuma gedir.
Şövkət Sürəyya Batumda Kommunist partiyasına üzv olur. Sonra orada bir müəllim həmkarının bacısı ilə evləndi və bu evliliyi ömrünün sonuna qədər davam etdi. Daha sonra Batumdan Moskvaya gedərək xeyli türk tələbəsinin də təhsil aldığı Şərq Zəhmətkeşləri Kommunist Universitetinə qəbul olundu. İqtisadi və ictimai elmlər məktəbində iqtisadçı təhsili aldı. 1923-cü ildə Türkiyəyə geri döndü.
Şövkət Sürəyya Türkiyəyə döndükdən sonra "Aydınlıq" jurnalında kommünist fikirləri təbliğ edən məqalələrini dərc etdirməyə başladı. 1924-cü ildə isə onun Sədrəddin Cəlal Antel ilə birlikdə hazırladığı Lenin və leninizm adlı kitabı çap olundu. Şövkət Sürəyya Türkiyə Kommunist Partiyasının üçüncü qurultayında (1925) partiyanın Mərkəzi Komitəsinin yeddi üzvündən biri oldu.
Türkiyə Fəhlə və Kəndli partiyasının (türk. Türkiye İşçi ve Çiftçi Fırkası'nın ) 1 may tarixində "Bütün ölkələrin proletariatı birləşin" yazılı broşüra paylamasına görə həyata keçirilən "1925-ci il həbsləri (türk. 1925 Tevkifatı)" nəticəsində jurnal qapadıldı, Aydəmir isə Ankara Istiqlal Məhkəməsində, o dövrün bir çox kommunistləri ilə birlikdə mühakimə olunaraq 10 illik həbs cəzasına məhkum edildi. Nazim Hikmət isə o vaxt 15 ilik cəza almışdı[4]. Şövkət Sürəyya həbsxanada ikən "Müasir Türkiyənin iqtisadi inkişaf istiqamətləri" adlı növbəti kitabını yazdı, lakin bu əsəri çap edilmədi. Afyon türməsində ilyarım həbsdə qaldıqdan sonra 29 oktyabr 1927-ci ildə elan edilən ümumi əfv sayəsində azadlığa çıxdı. "1927-ci il həbsləri (türk. 1927 Tevkifatı)" nəticəsində yenidən həbs edilsə də bu dəfə vaxtında bəraət ala bildi və azadlıqda qaldı. Bundan sonra kommunizm xəttindən ayrılıb bir növ milliyyətçi kommunizm anlayışını müdafiə etməyə başladısa da Türkiyə üçün ən etibarlı ideyanın kamalizm olması qənaətinə gəldi. Sonra Türkiyə Kommunist partiyasının üzvlüyündən çıxdı. Kommunistlər isə əvəzində onu partiyanı polisə satmaqda günahlandırdılar.
1928-ci ildə dövlət məmuru olaraq Ankarada işə başladı. 1951-ci ilə qədər pedaqoq və iqtisadçı olaraq müxtəlif dövlət vəzifələrində işlədi.
1932-ci ildə Atatürkün təklifi ilə Yaqub Qədri Qaraosmanoğlu ilə birlikdə "Kadro" jurnalını çıxartdı. Jurnal bağlanıldığı zaman Ankara Ticarət məktəbində müdir olan Aydəmir, bu vəzifəsində 1936-cu ilə qədər işlədi. Sonra 2 il Ankara Bələdiyyəsində iqtisad müdiri, daha sonra isə İqtisadiyyat nazirliyində işləmiş və İsmət İnönünün etibarını qazanmışdı. Kommunist keçmişi səbəbiylə daima sıxışdırılsa da, uğurları səbəbiylə yüksəlirdi.
1951-cü ildə təqaüdə çıxdıqdan sonra yazıçılığa başladı.
25 mart 1976-ci ildə Ankaradakı evində vəfat etmişdir. Ankara bələdiyyə sədrinin əmri ilə tabutu Türkiyə bayrağına sarılı olaraq dəfn edilmiş, yaşadığı evin yanından keçən küçəyə isə onun adı verilmişdir.