Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sabir Gəncəli (tam adı: Sabir Süleyman oğlu Məmmədov; 1932, Gəncə) — tarix elmləri doktoru, yazıçı, jurnalist.
Sabir Gəncəli | |
---|---|
Sabir Süleyman oğlu Məmmədov | |
Təxəllüsü | Sabir Gəncəli |
Doğum tarixi | 1932 |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Təhsili | |
Fəaliyyəti | yazıçı, jurnalist, publisist |
Mükafatları |
|
Sabir Gəncəli 1932-ci ildə Gəncədə anadan olmuşdur. M. Ə. Sabir adına orta və ibtidai rəssamlıq məktəbini bitirmişdir. 1952–1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində ali təhsil almışdır. 1958–1963-cü illərdə Bakı qəzetində, 1963–1967-ci illərdə "Azərbaycan qadını (jurnal)" jurnalı redaksiyasında ədəbi işçi, 1967–1975-ci illərdə Azərbaycan Elmi Tədqiqat Pedaqogika İnstitutunda baş elmi işçi işləmişdir. 1976–2010-cu illərdə "Azərbaycan qadını (jurnal)" jurnalının məsul katib vəzifəsində çalışmışdır. 1990–1996-cı illərdə yeni yaranan bir çox qəzet və jurnalların — "Fermer" və "Vəfa" jurnalı, "Cik-Cik" qəzeti, "Səhnə", "Dəli Kür" qəzetlərinin nəşrlərində fəal iştirak etmiş, onların işıq üzü görməsində köməklik götərmişdir. 2000–2014-cü illərdə Azərbaycanın İctimai Siyasi Universitetinin professoru olan Sabir Gəncəli "Azərbaycan mətbuat tarixi" və "Jurnalistika sənətkarlığı" fənnindən dərs demişdir.[1]
Sabir Gəncəli ömrünün 68 ilini jurnalistika və elmi-tədqiqat işinə, milli mətbuatın öyrənilməsinə və təbliğinə həsr etmişdir. 1947-ci ildən başlayaraq, Azərbaycanda maarif və mədəniyyətin, qadın azadlığı hərəkatının, qadın təhsilinin inkişafında böyük rolu olmuş ziyalı qadınlarımızın həyatından, nəcib xidmətlərindən bəhs edən 1000-dən çox məqalə, tarixi silsilə oçerk, sənədli hekayə, iki sənədli povestin müəllifidir. 1967-ci ildə "XIX əsrin əvvəllərində Azərbaycanda maarif və mədəniyyətin inkişaf etdirilməsində Azərbaycan qadınlarının rolu" mövzusunda namizədlik, 1996-cı ildə Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda "Azərbaycanda qadın təhsili və Azərbaycanın tərəqqipərvər qadınlarının maarifçilik fəaliyyəti (XIX əsrin ikinci yarısı — 1920 ilə qədər)" mövzusunda dissertasiya müdafiə edib tarix elmləri doktoru alimlik dərəcəsi almışdır. Azərbaycan, rus, ingilis, ərəb, fars dillərində 20-dən artıq kitabın, o cümlədən 9 ensiklopedik toplunun müəllifi olan Sabir Gəncəli əsərlərində ilk dəfə olaraq milli mədəniyyətimizin görkəmli xadimləri Hacı Zeynalabdin Tağıyev, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, ilk publisist qadın Şəfiqə Əfəndizadə, ictimai xadim Həmidə Cavanşir, ilk dramaturq xanım Səkinə Axundzadə, görkəmli akademik Zərifə Əliyeva, Azərbaycanın ilk maarifpərvər qadınları: Hənifə Məlikova, Mədinə Qiyasbəyli, Xədicə Ağayeva, Sara Vəzirova, Nazlı Tahirova və yüzlərlə elm, mədəniyyət, maarif, incəsənət xadımləri haqqında bəhs etmişdir.
Sabir Gəncəlinin elmi-publisistik fəaliyyəti Azərbaycanın dövlət və ictimai təşkilatları tərəfindən yüksək qiymətləndirilmişdir. 2015-ci ildə Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə Tərəqqi medalına, iki dəfə "Qızıl qələm mükafatı" (1983, 1996) mükafatına, 2006-cı ildə Beynəlxalq Dinlər arası və Dünya Sülh Federasiyaının Sülh Məramlı səfiri fəxri adına, Azərbaycan mətbuat şurasının fəxri Diplomuna (2015) layiq görülmüşdür.