Şəki Oğuz ekogeokimyəvi landşaft rayonu-Ekogeokimyəvi rayonun mərkəzi hissəsində sulfatlı-natriumli duzlar,şimal-qərb və cənub-şərq hissələrində isə, sulfatlı-natriumlu-kalsiumlu və sulfatlı-natriumlu-maqneziumlu duz birləşmələri üstünlük təşkil edir.
Rayonda geokimyəvi cəhətdən ekoloji gərginliyə səbəb olan əsas amillər buradakı landşaftlardan(xüsusən torpaqda və səth sularında)kobalt, ftor və yod kimi sağlam həyat üçün zəruri olan kimyəvi elementlərin çatışmaması, mərgümüş,civə,qurğuşun,molibden,bor kimi konserogen xarakterli mikroelementlərin çox olmasıdır.
Şəki sahəsindəki torpaqların tərkibində sulfatlı-natriumlu-hidrokarbonatlı, Oğuz ərazisindəki torpaqların tərkibində isə sulfatlı-natriumlu-kalsiumlu birləşmələr üstünlük təşkil edir.Humusun miqdarı Şəki ərazisindəki torpaqların tərkibində 1,38–4,76%, Oğuzdakı torpaqların tərkibində 2,59–4,76%-dir. Şəki ərazisindən götürülmüş torpaqların tərkibində civə, molibden,gümüş və sirkonium müşahidə edilməmiş,mis,sink, nikel və kobaltın təxminən ümumdünya klarkı səviyyəsində,vanadium, mərgümüş və xromun klarka nisbətən çox olduğu müəyyənləşdirilmişdir. Oğuz şəhəri sahəsində torpağın tərkibində mis, sink, qurğuşun, civə, bor, vanadium və mərgümüşün çox, stronsium, kobalt və sirkoniumun az olması nəzərə çarpır.
Haqqında danışdığımız şəhərlərdəki təbii suların da mühiti zəif qələvidir. Həm Kişçayda, həm də Türyançayda pH 7,5-lə 7,8 arasında dəyişir. Hidrokimyəvi analizlərin nəticələrinə görə Kişçayının(Şəki) suları natriumlu-hidrokarbonatlı-kalsiumlu, Türyançayın(Oğuz) suları isə sulfatlı-natriumlu-kalsiumludur. Bu çay sularının tərkibində mikroelementlərin miqdarının son dərəcə azlığı,mis,sink,qurğuşun,stronsium, molibden, vanadium,nikel,manqan, gümüş,qalay və sirkonium kimi mikroelementlərin mövcud olması aşkar edilmişdir.
Böyük Qafqazın cənub yamacındakı suların minerallaşma dərəcəsinin aşağı olduğu yerlərdə ftor çatışmazlığı da müşahidə edilir və belə ərazilərdə yayılan diş kariyesi xəstəliyi də bununla əlaqələndirilir. Şəki, Oğuz və Qəbələ bölgələrində ftor çatışmazlığı xüsusi ilə kəskin hiss olunur. Bu bölgələrdəki torpaqların tərkibində ftorun ümumi miqdarı 0,042–0,049% təşkil edir. İnsan orqanizmində diş emalının möhkəmliyi,sümüklərin,dişlərin,saçın və dırnaqların inkişafı mühitdəki ftorun miqdarından asılıdır. İnsan orqanizmi üçün çox vacib olan ftorun əsas mənbəyi bilavasitə su olub landşaftdakı su mənbələrində onun optimal miqdarı 7–10 mq/l-dir. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Böyük Qafqazın cənub yamacında ftorun konsentrasiyası hətta mineral sularda da 0,4–1,2 mq/l olub, Qəbələ bölgəsinin zəif minerallaşmış azotlu, qələvi Kəmərvan termal su mənbəyində Böyük Qafqaz ərazisi üçün maksimal səviyyəyə — 2,5–5,5 mq/l-ə çatır. Mühitdə bu və ya digər kimyəvi elementin ifrat artıqlığı da landşaftların ekoloji şəraitinə mənfi təsir göstərir.
Şəki ərazisindən götürülmüş bitkilərin tərkibində xrom və vanadiumun miqdarı o qədər çox olmasa da, qurğuşun və sink bioloji udulma əmsalının yüksək olması ilə seçilir. Bitkilərin tərkibində toplanan bu mikroelementlərin insan orqanizmi üçün təhlükəli olub-olmamasını müəyyənləşdirmək üçün spektral analizlər zamanı alınan nəticələr yol verilən konsentrasiya hədləri ilə müqayisə edilmişdir. Müəyyən edilmişdir ki,bitkilərin tərkibində qurğuşun və sinkin yol verilən konsentrasiya hədləri uyğun olaraq 100 və 300 mq-dır. Ümumilikdə Şəki-Oğuz ekogeokimyəvi landşaft rayonu ərazisində ftor,yod və kobalt kimi mikroelementlərin çatışmaması, qurğuşun, molibden və vanadiumun miqdarının yol verilə bilən konsentrasiya hədlərindən çox olması burada ekoloji-geokimyəvi şəraitin yaxşılaşdırılması üçün müəyyən meliorativ tədbirlər görülməsinin zəruri olduğunu sübut edir. Çünki, landşaftda ftor çatışmazlığı diş kariyesi, yod çatış-mazlığı zob, kobalt çatışmazlığı V12 avitaminozası xəstəliklərinin əmələ gəlməsinə, mühitdə borun artıqlığı isə insanlarda, xırda buynuzlu mal-qarada və s.ev heyvanlarında endemik bor enteritinə səbəb olur..[1]