Əflatun Nemətzadə (25 aprel 1944, Ərçivan, Astara rayonu) — Azərbaycan və Türkiyə teatr rejissoru, yazıçı və şair. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2011) və xalq artisti (2018). Ankara Qazi Universitetinin professoru, fəlsəfə və sənətşünaslıq doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Yəməndə milli operanın qurucusu.
Əflatun Nemətzadə | |
---|---|
Nemətzadə Əflatun Nemət oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Ərçivan, Astara rayonu, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rejissor |
Mükafatları |
Əflatun Nemətzadə 1944-cü ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub.
1962–1967-ci illərdə M.Əliyev adına Azərbaycan Teatr İnstitutunun musiqili komediya fakültəsində təhsil almışdır.
1970–1975-ci illərdə Leninqrad (indiki Sankt-Peterburq) Rimski-Korsakov Dövlət Konservatoriyasının opera rejisorluğu fakültəsini bitirib.
1976-cı ildə Moskvada Böyük Opera və Balet teatrında dünyada məşhur olan Boris Pokrovskinin yanında rejissor köməkçisi olub.
1980-ci ildə Yəmən Xalq Respublikasında işə göndərilən rejissor, Adendə Dövlət Milli Musiqi Teatrını qurub və bununlada Yəməndə milli operanın qurucusu hesab olunur. 1984–1992-ci illər arasında Bakı Dövlət Opera və Balet teatrında bir çox operalara rejisorluq edib. 1988-ci ildə Gürcüstanın İncəsənət Universitetində incəsənət elmləri doktoru elmi dərəcəsi alıb.
1991-ci ildə Ankara Dövlət Opera və Balet teatrına dəvət olunan Ə.Nemətzadə, daha sonra Mersin Dövlət Opera və Balet Teatrında rejissor kimi işə başlayıb.
Əflatun Nemətzadənin 100-dən çox elmi araşdırması, məqalələri və şerləri "Ədəbiyyat və incəsənət", "Qobustan", "Azərbaycan gəncləri", "Literaturnıy Azerbaydjan" və Rusiya, Yəmən, Misir, Türkiyə və Polşada yayınlanmışdır.
Keçmiş sovetlər dövründə Azərbaycanda, eləcə də Rusiyanın Sankt-Peterburq, Moskva, Özbəkistanın Karşi, Qazaxıstanın Almaata, Qırğızıstanın Bişkek, Tatarıstanın Kazan şəhərlərində tamaşalar səhnələşdirib.
1970–1980-ci illərdə Azərbaycan Dövlət Televiziyasında "Opera haqqındasöhbətlər" silsilə verlişlərin aparıcısı olmuşdur.
"Koroğlu" və "Alpamış" operası kimi Türk Dünyasına aid bir çox önəmli projeni həyata keçirərək, böyük uğurlar qazanmışdır. Onun səhnələşdirdiyi operalar bütün Türk dünyasında, eləcə də Avropada böyük maraqla qarşılanıb. Ulu Öndər Heydər Əliyevə həsr olunmuş "Üstün zəka" kitabı Türkiyədə nəşr olunub.
Türkiyədə ilk dəfə "Opera rejissorluğu" dərs kitabının müəllifi olub.
Uzun illərdir Türkiyədə Qazi Unversitetinin müəllimi olmaqla yanaşı, "İl" qəzetinin köşə yazarı, Yeni Azərbaycan Yardımlaşma və Kültür Dərnəyinin başqanı, eyni zamanda Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin (ATXƏM) Türkiyə təmsilçisidir.
Əflatun Nemətzadə bütün bu geniş fəaliyyəti ilə yanaşı, həm də Türk dünyası diasporaları arasında əlaqələrin qurulmasında,bu əlaqələrin inkişaf etdirilməsində xüsusi rol oynayıb.
2014-cu ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Ankarada Əflatun Nemətzadənin yaradıcılığının 50 illik ömürünün 70 illiyinə həsr olunmuş tədbir keçirilib və tədbir zamanı türk dünyası qarşısında səmərəli fəaliyyətinə görə Əflatun Nemətzadəyə TÜRKSOY-un yubiley medalı təqdim olunub.[1]
Mədəniyyətinin inkişafındakı xidmətlərinə görə hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib,15 mart 2011-ci il Azərbaycan Respublikasının "Əməkdar incəsənət xadimi"[2] , 27 may 2018-ci il-ci ildə Azərbaycan Respublikasının "Xalq artisti" fəxri adları ilə təltif olunub.[3]
O, 2022-ci ildə “tikinti dələduzlarının” həqiqətən də Bakıdakı mənzilini əlindən aldıqlarını bildirib və prezident İlham Əliyevdən kömək istəyib[4].