Əkbər Əliyev (dövlət xadimi)

Əkbər Fəttah oğlu Əliyev (26 aprel 1950, Nehrəm, Naxçıvan rayonu) — Azərbaycan dövlət və partiya xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri (1991), Azərbaycan Kommunist Partiyası Naxçıvan Respublika Komitəsinin birinci katibi (1991), Azərbaycan KP Babək Rayon Komitəsinin birinci katibi (1989–1991), Naxçıvan MSSR Nazirlər Soveti sədrinin müavini (1988–1989).

Əkbər Əliyev
5 aprel 1991 – 3 sentyabr 1991
ƏvvəlkiAfiyəddin Cəlilov
SonrakıHeydər Əliyev
aprel 1991 – 14 sentyabr 1991
ƏvvəlkiAfiyəddin Cəlilov
Sonrakıvəzifə ləğv edilib
1989 – aprel 1991
bayraq
Naxçıvan MSSR Nazirlər Soveti sədrinin müavini
bayraq2
1988 – 1989
Şəxsi məlumatlar
Doğum tarixi 26 aprel 1950(1950-04-26) (74 yaş)
Doğum yeri
Partiya
Təhsili

Əkbər Fəttah oğlu Əliyev 26 aprel 1950-ci ildə hazırkı Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur.[1] 1966-cı ildə Nehrəm kənd orta məktəbini bitirdikdən sonra rayondakı "Kommunizm" kolxozunda kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır. 1969–1970-ci illərdə Bakı şəhərindəki 85№-li Tikinti İdarəsində fəhlə işləmişdir.[2] 1971–1973-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçmiş, 1974-cü ildən Bakı metaltökmə zavodunda nəzarətçi kimi çalışmışdır.[1]

Əkbər Əliyev 1979-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirmiş və 1979–1980-ci illərdə Rusiyanın Smolensk vilayətinin Qaqarin şəhərində Ümumittifaq Beynəlmiləlçi Komsomolçu Gənclər Tikinti Dəstələri qərargahının rəisi işləmişdir. Sonra yenidən Naxçıvan MSSR-ə qayıtmış və 1982-ci ilədək Naxçıvan MSSR Aqrokimya Laboratoriyasında böyük mühəndis, 1982–1983-cü illərdə isə 145 №-li Texniki-Peşə Məktəbinin direktoru olmuşdur.[2]

1983-cü ildən Əkbər Əliyev Azərbaycan Kommunist Partiyası Babək Rayon Komitəsində şöbə müdiri, 1984-cü ildən Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı, daha sonra isə şöbə müdirinin müavini işləmişdir. 1988-ci ildə o, Naxçıvan MSSR Nazirlər Soveti sədrinin müavini vəzifəsinə təyin edilmiş, 1989-cu ildə isə Azərbaycan KP Babək Rayon Komitəsinin birinci katibi seçilmişdir. 1990-cı ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir.[1]

1991-ci ildə Azərbaycan KP Naxçıvan Respublika Komitəsinin birinci katibi seçilən Ələkbər Əliyev eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri və Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Sonralar Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində çalışmışdır.[2]

Əkbər Əliyev 1979-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.[1] Azərbaycan KP Mərkəzi Komitəsinin büro üzvü seçilmiş, 1990–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.[2] Suveren Dövlətlər İttifaqı haqqında Müqavilənin imzalanması üzrə Azərbaycan Respublikasının səlahiyyətli nümayəndə heyətinin tərkibinə daxil edilmişdir.[3]

Əkbər Əliyev 1993-cü ildən qeyri-dövlət sektorunda fəaliyyət göstərir.[2]

  1. 1 2 3 4 Алиев Акпер Фаттах оглы // Известия ЦК КПСС (rus). № 6. Москва: издательство ЦК КПСС «Правда». 1991. С. 141. ISSN 0235-7067 (#bad_issn).
  2. 1 2 3 4 5 Əliyev Əkbər Fəttah oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 448.
  3. "Suveren Dövlətlər İttifaqı haqqında Müqavilənin bağlanmasında Azərbaycan Respublikasının iştirakı barəsində Azərbaycan Respublikası Ali Sovetinin Qərarı". e-qanun.az. 1991-06-26. İstifadə tarixi: 2023-12-01.