Ələt-Culfa dəmir yolu

Ələt-Culfa dəmiryoluBakı ilə Azərbaycanın cənub-qərb bölgələrini birləşdirən dəmir yolu xətti.

Ələt-Culfa dəmir yolu
Ölkə
Uzunluğu
  • 409 km

Yaranması ideyası[redaktə | mənbəni redaktə et]

Culfa istiqamətində dəmir yolu çəkilməsi təklifini ilk dəfə 1898-ci ildə rus sahibkarları F. Y. Yenakiyev və A. M. Qoryainov irəli sürmüşdü. Onların tapşırığı ilə 1900-cü ildə Hacıqabuldan Araz çayı boyunca Culfaya qədər ərazidə texniki-kəşfıyyat işlərinə başlandı. Rus sənayeçiləri həmin dəmir yolu xəttini gələcəkdə İranaTürkiyəyə doğru uzatmaq niyyətində idilər. Tərtib olunmuş layihə sonradan "Təbriz dəmir yolu cəmiyyəti"nin rəhbərlərindən olan S. Podqurskiyə verildi.

Culfa-Hacıqabul dəmir yolu xəttinin çəkilməsinin zəruriliyi "Birinci Dünya müharibəsi" (1914–1918) başlandıqdan dərhal sonra özünü göstərdi. Rusiya Qafqaz cəbhəsindəki qoşunlarını ərzaq və döyüş sursatı ilə təchiz etməkdə ciddi çətinliklərlə üzləşdi. 1914–1916-cı illərdə Qafqazın cənubuna doğru daşınan yüklərin həcmi 2 dəfədən çox artmışdı və Aleksandropol-Culfa xətti bu qədər yükü daşımağa qadir deyildi. Bu vəziyyət Qafqazdakı rus ordusunun komandanı və Qafqaz canişini Nikolay Nikolayeviçi Culfanın "Cənubi Qafqaz" dəmir yolunun şərq hissəsindəki stansiyalardan biri ilə birləşdirilməsini təklif edən layihələrə ciddi diqqət yetirməyə məcbur etdi.

İnşası tarixindən[redaktə | mənbəni redaktə et]

Canişin bu layihələr içərisində Culfanın Ələtlə birləşdirilməsi təklif edilən varianta üstünlük verdi və 1916-cı il fevralın 4-də Nazirlər Şurasına müraciət edərək, Ələt-Culfa dəmir yolu xəttinin çəkilməsi məsələsini irəli sürdü. Culfanı məhz Ələt stansiyası ilə birləşdirmək təklifi onunla bağlı idi ki, bu stansiya hələ Bakı-Tiflis dəmir yolu çəkildiyi zaman dəmir yolu xətti vasitəsilə Ələt buxtası ilə birləşdirilmişdi. Buxtanın özündə isə gəmilərin yan alması üçün körpü inşa edilmişdi.[1]

Bu da tikinti materiallarını və sonrakı dövrdə həm də hərbi yükləri onsuz da yüksək gərginliklə işləyən "Cənubi Qafqaz" dəmir yolundan, Bakı yük stansiyasından yan keçməklə daşımağa imkan verərdi. Dəmir yolu xətti Ələt stansiyasından başlayaraq, Şirvan, Muğan, Mil düzlərindən çəkilməli, 46-cı verstdə Kür çayını, 91-ci verstdə Araz çayını keçməli idi. Təqribən "Bəhmənli" stansiyası yaxınlığından (165-ci verstdən) başlayaraq Araz çayı vadisi ilə, Xudafərin körpüsündən Ordubada kimi isə 90 verstlik məsafədə ensiz çay yatağı boyunca inşa edilməli idi. Bu yeni dəmir yolu xətti 383-cü verstdə İran sərhədi yaxınlığında — Culfada Uluxanlı-Culfa və Culfa-Təbriz dəmir yolları ilə qovuşmalı idi. İşçi layihəsində dəmir yolu xəttinin keçəcəyi dağlıq bölgədə ümumi uzunluğu 460 sajın (1 sajın=2,13360 m) olan 13 tunel inşası planlaşdırılmışdı. Layihədə həmçinin 13 yeni stansiya tikintisi də nəzərdə tutulurdu. Çar hökuməti bu yolun çəkilməsinə dərhal icazə verdi. Artıq 1916-cı il mayın 14-də Ələt-Culfa dəmir yolunun Qafqazdakı rus ordusunun təchizi üçün fövqəladə dərəcədə vacibliyini nəzərə alaraq, tikinti xərclərinin hərbi fondun hesabına ödənilməsi barədə yollar naziri A. F. Trepova göstəriş verildi. Həmçinin inşaat işləri üçün lazım olan bütün materialın və avadanlıqların hərbi yük kimi növbədənkənar qəbul edilib, yola salınması əmr olundu. Yolun çəkilməsinə cəlb edilən qeyri-müsəlmanlara hərbi xidmətdən möhlət hüququ verilirdi. 1916-cı il iyulun 30-da dəmir yolu xəttinin inşasına başlandı. Tikintinin podratçısı Cənubi Qafqazda yerli şəraitə və dəmir yolu inşası işinə yaxından bələd olan S. Podqurski, baş mühəndisi isə A. Treskinski idi. Dəmir yolu inşası üçün zəruri olan materiallar həm ölkə daxilində, həm də xaricdə sifariş edilmişdi. Yolun çəkilişində 50 min nəfərə qədər adam çalışırdı. Bu da tikinti işlərini yüksək sürətlə aparmağa imkan verirdi. 1917-ci ilin sonuna kimi torpaq işlərinin 73%-i, süni tikililərin 60%-i, qalereya və tunel çəkilişinin 80%-i artıq başa çatdırılmışdı. Kür çayı üzərindən Qafqazda ən böyük — 152 sajın uzunluğunda körpü inşa edilmişdi. Həmçinin "Ələt" stansiyasından başlayaraq, hazırlanmış dəmiryolu yatağına sürətlə rels döşənirdi.

1918-ci ilin əvvəlində Ələtdən "Bəhmənli" stansiyasına qədər 165 verstlik sahədə rels döşənməsi işi, əsasən, başa çatdırılmış, işçi qatarların hərəkəti başlanmışdı, lakin 1917-ci ilin sonu — 1918-ci ilin əvvəlində RusiyadaQafqazda baş verən siyasi hadisələr tikinti işlərini davam etdirməyə imkan verməmişdi. 1918-ci il mayın sonunda isə o zaman Naxçıvana gəlmiş Osmanlı qoşununun Culfa-Bakı istiqamətində irəliləməsinin qarşısını almaq üçün, "Bakı Xalq Komissarları Soveti"nin daşnak-bolşevik rəhbərliyinin göstərişi ilə artıq dəmir yolu xətti çəkilmiş sahələrdə relslər sökülmüş, digər dəmir yolu əmlakı ilə birlikdə başqa yerə daşınmışdı. Sonralar bu sahədən sökülmüş relslərin çoxundan Bakı-Tiflis dəmir yolu xəttinin təmirində istifadə edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti çox ağır iqtisadi və maliyyə böhranı keçirməsinə baxmayaraq, Ələt-Culfa dəmir yolunun inşasını davam etdirməyə xüsusi diqqət yetirirdi.[2] 1919-cu ilin büdcə layihəsində bu məqsəd üçün 100 026 000 çervon vəsait ayrılması bunu sübut edir, lakin o zaman tikinti işlərini canlandırmaq mümkün olmadı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yalnız Ələtlə Zubovka (indiki Şirvan) arasındakı dəmir yolu xətti (48 verst uzunluğunda) normal işləyirdi. Sovet hakimiyyəti qurulduqdan sonra Culfa istiqamətində dəmir yolu xəttinin inşasını davam etdirmək qərara alındı. Bununla əlaqədar, Nəriman Nərimanov 1921-ci il avqustun 30-da RSFSR Xalq Komissarları Sovetinə teleqram vuraraq, "Cənubi Qafqaz" dəmir yolunun Azərbaycan sahəsindən 117 verst uzunluğunda ikinci yolun sökülmüş relslərinin respublikadan kənara çıxarılmasının dayandırılmasını tələb etmişdi. Azərbaycan rəhbərliyi bu relslərdən Ələt-Culfa dəmir yolunun inşasında istifadə etməyi nəzərdə tuturdu. 1921-ci ilin payızında bu dəmir yolunun çəkilməsinə yenidən başlansa da, yalnız '"Böyük Vətən Müharibəsi" başlandıqdan sonra bütövlüklə istifadəyə verildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Əliyev Q. Ə., Azərbaycan nəqliyyatı və iqtisadiyyatı (XIX əsrin sonu — XX əsrin ilk onillikləri), B., 2001;
  2. "Xudadat bəy Məlikaslanov - Cümhuriyyət 100" (PDF). 2021-12-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-01-02.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]