Əl-Əzhər

Əl-Əzhər Universiteti — İslam dünyasının ən qədim Universitetlərindən biri, Misir Universiteti

Əl-Əzhər Universiteti
Loqonun şəkli
Xəritə
30°03′29″ şm. e. 31°18′45″ ş. u.
Əsası qoyulub 970, 1961[1]
Ölkə
Sayt azhar.edu.eg
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əl-Əzhər Uiversiteti təkcə müsəlman Şərqində deyil, bütün dünyada ən qədim universitetlərdən biridir. Artıq 1000 ildir ki, bu universitet islam elmlərini öyrənir, tədris edir və müsəlman dünyasının mötəbər elm, din, mədəniyyət mərkəzi olaraq qalır. Əl-Əzhər Universitetinin əsası 359 (970)-cu ildə Misir Fatimiləri dövründə qoyulmuşdur. O, əvvəlcə universitet kimi deyil, cümə məscidi kimi inşa edilmişdir.

Fatimilərin ordu başçısı Cövhər əs-Səqəli 358 (969)-ci ildə son İxşidi hökmdarı Əhmədi (968–969) taxtdan salıb Füstata (Qədim Qahirəyə) daxil oldu. Misirdə Fatimilər öz paytaxtlarını salmaq istədilər və Qahirəni (əl-Qahirə — "Qalib şəhər") tikməyə başladılar. Əl-Əzhər də həmin vaxt inşa edilmişdir. Tikinti işləri iki il davam etmiş və 972-ci ildə məscid ilk dəfə namaz qılanları qəbul etmişdir. Fatimi xəlifəsi Müizz Lidinillah (953–975) Qahirəyə gəldikdən sonra əl-Əzhər məscidi İsmaili Fatimilərin əqidələrini təbliğ edən bir mərkəz olmuşdur. Baş qazı Əbülhəsən Əli bin ən-Nüman əl-Qeyruvani 365 (975)-ci ilin səfər ayından etibarən məsciddə tarix, fəlsəfə və fiqh dərslərini deməyə başlamışdır. Onun dinləyiciləri çox idi.

Əl-Əzhər məscidi tədricən elm və tədris müəssisəsinə, ənənəvi (nəqli) və rasional (əqli), dini və dünyəvi elmlər mərkəzinə çevrilir. Artıq 988-ci ildə əl-Əzhər müstəqil universitet kimi fəaliyyət göstərir. Fatimilərin süqutu və Qahirənin Səlahəddin Əyyubinin hakimiyyəti altına keçməsi ilə Əl-Əzhərdə dərslər bir müddət dayandırılsa da, müəyyən islahatlardan sonra universitet yenidən dirçəlmiş və fəaliyyətini davam etdirmişdir.

Bütün min illik tarixi boyu Əl-Əzhər fəaliyyətində aşağıdakı prinsipləri əsas götürmüşdür:

  • universitet islam elmlərini öyrənmək və islamın tədqiqi ilə məşğul olmaq istəyən hər bir tələbənin üzünə açıqdır;
  • universitet müsəlmanlar üçün intellektual mərkəz, islamın təbliği və tədrisi ilə məşğul olan elm müəssisəsidir;
  • universitet öz tələbələrinə həm dini, həm də dünyəvi biliklər verir;
  • universitet müstəqil elmi araşdırmalar aparır, ərəb və müsəlman dünyası üçün islam sahəsində yüksək ixtisaslı dini kadrlar hazırlayır, elmi dərəcələr verir;
  • universitet dünyanın aparıcı universitetləri və tədqiqat mərkəzləri ilə sıx elmi əlaqələr saxlayır, müəllim və tələbə mübadiləsi aparır, elmin ən yeni nailiyyətlərini təbliğ edir.

1961-ci ildən etibarən Əl-Əzhər Universiteti Qahirədə qızlar üçün də xüsusi tədris şöbələri açmışdır. Hazırda Əsyut şəhərində də belə bir şöbə fəaliyyət göstərir. Universitetin tibb, ticarət, elm, sinxron tərcümə, əczaçılıq, iqtisadiyyat fakültələri, habelə İslam və Ərəb araşdırmaları mərkəzinin fəaliyyəti xüsusi qeyd edilməlidir. Əl-Əzhər Universitetində tədris əsasən ərəb dilində aparılır. Lakin tələbələr başqa mühüm dilləri də öyrənirlər. Bu gün universitetdə 119453 tələbə təhsil alır ki, bunların 60%-i oğlan, 40%-i qızdır. Hər il universiteti orta hesabla 13827 nəfər tələbə və 8770 aspirant bitirir. Təkcə Qahirədə oğlanlar üçün 40, qızlar üçün 14 fakültə vardır.

Qahirənin əl-Hüseyn məhəlləsində yerləşən tarix fakültəsinə əd-Dəva (İslam çağırışı — islam missionerliyi), Üsuliddin (Dinin əsasları — islam ilahiyyatı), Ərəb dili və Şəriət şöbələri daxildir. Bu gün əl-Əzhər universitetinin ayrı-ayrı fakültələrində bütün islam dünyasından, o cümlədən, Azərbaycandan müxtəlif ixtisaslar üzrə tələbələr təhsil alır.

Hazırda Əl-Əzhərdə 156 azərbaycanlı müdavim biliklərə yiyələnir.

Bu gün Əl-Əzhərin məzunlarına bütün islam ölkələrində rast gəlmək olar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]