Əliövsət Quliyev

Əliövsət Nəcəfqulu oğlu Quliyev (23 avqust 1922[1], Qızılağac, Salyan qəzası, Azərbaycan SSR, SSRİ6 noyabr 1969, Bakı, Azərbaycan SSR, SSRİ) — tarix elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın müxbir üzvü, 1953–1958-ci və 1967–1969-cu illərdə Azərbaycan SSR EA Tarix İnstitunun direktoru.[2] 

Əliövsət Quliyev
Əliövsət Nəcəfqulu oğlu Quliyev
Doğum tarixi 23 avqust 1922(1922-08-23)[1]
Doğum yeri
Vəfat tarixi 6 noyabr 1969(1969-11-06) (47 yaşında)
Vəfat yeri
Vəfat səbəbi leykoz
Dəfn yeri Fəxri xiyaban
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adları professor, Azərbaycan SSR EA-nın müxbir üzvü
İş yerləri
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əliövsət Nəcəfqulu oğlu Quliyev 1922-ci il avqustun 23-də Salyan rayonunun Qızılağac kəndində anadan olmuşdur.

Əliövsət Quliyevin Bakıda yaşadığı bina

1930-cu ildə Əliövsət Quliyev Qızılağac kənd orta məktəbinə daxil olur. Yaxşı oxuduğuna görə Ə.Quliyevi birinci sinifdən birbaşa üçüncü sinifə keçirirlər və o, altı illik məktəbi beş ilə bitirərək 1935-ci ildə Salyan pedaqoji məktəbinin tarix fakültəsinə daxil olur. Pedaqoji məktəbdə oxuya-oxuya Salyandakı 4 №-li orta məktəbdə tarixdən dərs deməyə başlayır. 1939-cu ildə Salyan pedaqoji məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olur. Eyni zamanda, Bakıdakı 172 №-li orta məktəbdə tarix dərsi deyir. 1943-cü ildə ADU-nun həmkarlar ittifaqı komitəsinin sədri seçilir.1944-cü ildə ADU-nu fərqlənmə diplomu ilə bitirir, Azərbaycan tarixi kafedrasının tövsiyəsi ilə həmin kafedrada müəllim kimi saxlanılır və «Azərbaycan tarixi» ixtisası üzrə aspiranturaya daxil olur. 1945-ci ilin dekabrında ali məktəb və elmi idarə işçiləri həmkarlar ittifaqının sədri seçilir və 1950-ci ilədək həmin vəzifədə çalışır.[3]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1948-ci ildə Əliövsət Quliyev «1903-cü ildə Bakıda iyul ümumi tətili» mövzusunda namizədlik dissertasiyasını müdafiə edir və ADU-nun tarix fakültəsinin dekanı olur. Eyni zamanda, Azərbaycan Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutunun yeni tarix şöbəsinin müdiri vəzifəsinin icraçısı təyin edilir. Bakı Zəhmətkeş Deputatları Sovetinin deputatı seçilir. «1903-cü ildə Bakıda iyul ümumi tətili» adlı ilk kitabı 1949-cu ildə işıq üzü görür. 1950-ci ildə yenidən tarix fakültəsinin dekanı seçilir. Ə.N.Quliyev 1953-1958-ci və 1967-1969-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstituna rəhbərlik etmişdir.

1958-ci ilin yanvarından 1965-ci ilin aprelinədək Azərbaycan EA Tarix İnstitutunun Azərbaycanın yeni tarixi şöbəsinin baş elmi işçisi, 1965-ci ilin aprelindən 1967-ci il iyulun 4-dək həmin şöbənin rəhbəri vəzifələrini yerinə yetirmişdir. 1961-ci ildə müdafiə etdiyi «Azərbaycan XIX əsrin ikinci yarısında – XX əsrin əvvəllərində» mövzusunda dissertasiyaya görə Əliövsət Quliyevə tarix elmləri doktoru alimlik dərəcəsi, 1962-ci ildə isə «Azərbaycan tarixi» ixtisası üzrə professor elmi adı verilmişdir. 1968-ci ildə Əliövsət Quliyev Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Əliövsət Quliyevin ümumi həcmi 300 çap vərəqindən çox olan dərc edilmiş əsərləri, o cümlədən monoqrafiyaları, dərslikləri və digər kitab nəşrləri vardır. 80-ə qədər elmi əsərin müəllifi olan tətqiqatçı əsasən Azərbaycan tarixinin problematik məsələlərini, xüsusən Azərbaycanda feodal münasibətlərinin meydana gəlməsini, Azərbaycan xalqının mənşəyini, Azərbaycanın XVI-XVIII əsrlər tarixini araşdırmışdır. Alim çoxcildlik «SSRİ tarixi» (I-VI cildlər, 1966-1968), «İnqilabdan əvvəlki Rusiyanın neft sənayesində inhisarçı kapital (1883-1914-cü illər)» (B., 1967), «Yeni inqilabi yüksəliş illərində Azərbaycanda fəhlə hərəkatı (1910-1914-cü illər)» kitablarının tərtibçilərindən biri və redaktoru olmuş, «Dünya xalqları seriyası»ndan «Qafqaz xalqları» (B., 1962) adlı cildin hazırlanaraq çap edilməsində müəllif və redaktor kimi yaxından iştirak etmişdir.

Ə.N.Quliyev Azərbaycan Ali Sovetinin Rəyasət Heyəti yanında Toponimiya komissiyasının ilk sədri olmuşdur. Alimin Azərbaycan xalqının tarixi ilə bağlı bir sıra məqalələri SSRİ ensiklopediyalarına daxil edilmiş, keçmiş Sovet İttifaqının müxtəlif respublikalarında, Hindistanda, Çexoslovakiyada və başqa ölkələrdə dərc olunmuşdur. Ə.N.Quliyev məqaləsi Moskvada çap olunaraq ikicildlik etnoqrafiya toplusuna daxil edilmiş ilk Azərbaycan tarixçisidir.

Azərbaycan tarixi

[redaktə | mənbəni redaktə et]

3 cildlik «Azərbaycan tarixi» (kollektiv) Əliövsət Quliyevin baş əsəri hesab oluna bilər[4]. 1948-ci ildə o, Mircəfər Bağırovun göstərişi ilə redaksiya heyəti yaradıb «Azərbaycan tarixi» adlı fundamental əsər üzərində işə başlayır. Redaksiya heyətinə Azərbaycan Elmlər Akademiyasının akademikləri İ.A.Hüseynov, Ə.S.Sumbatzadə, M.A.Dadaşzadə, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Z.İ.İbrahimov, tarix elmləri namizədi Y.A.Tokarjevski və Ə.Quliyev özü daxil idi. Heyətin katibi isə İ.V.Striqunov idi. 1954-cü ildə «Azərbaycan tarixi»nin ikicildlik maketi buraxılır və müzakirə zamanı bütövlükdə müsbət qiymət alır. 1958-ci ildə «Azərbaycan tarixi»nin «Ən qədim zamanlardan Azərbaycanın Rusiyaya birləşdirilməsinə qədər» adlanan birinci cildi nəşr edilir. İki il sonra, 1960-cı ildə «Azərbaycanın Rusiyaya birləşdirilməsindən 1917-ci ilin fevral burjua-demokratik inqilaba qədər» adlanan ikinci cild işıq üzü görür. Bu cilddə ilk dəfə olaraq Azərbaycan burjuaziyasının və sənaye fəhlələrinin təşəkkülü, ictimai, milli-azadlıq hərəkatı tarixi, mədəniyyətimizin inkişafı kimi məsələlər tədqiq edilmişdir. 1963-cü ildə «Azərbaycan proletar inqilabı və sosializm quruculuğu dövründə» və «Azərbaycan sosializm cəmiyyəti quruculuğunun başa çatdırılması illərində və geniş kommunizm quruculuğu dövründə» adlı iki kitabdan ibarət üçüncü cild çapdan çıxır.

1968-ci ildə Ə.N.Quliyev hökumət nümayəndə heyətinin tərkibində Hindistana səfər edir. Güman olunur ki, Hindistan səfərindən öncə vurulmuş peyvəndlər alimin səhhətinə pis təsir göstərmişdir. Səfər öncəsi nümayəndə heyətinin hər bir üzvünə Moskvada on altı peyvənd vurulmuşdu. Ə.N.Quliyev hər peyvənddən sonra özünü çox pis hiss etdiyindən şikayətlənirdi. Ə.N.Quliyev 1969-cu il noyabrın 6-da 47 yaşında kəskin leykoz xəstəliyindən vəfat etmişdir [2] . 1969-cu il noyabrın 10-da Fəxri xiyabanda dəfn olunmuşdur. Nazirlər Kabinetinin qərarına əsasən Əlövsət Nəcəfqulu oğlu Quliyevin yaşadığı Bülbül prospektindəki 39 nömrəli binaya xatirə lövhəsi vurulmuşdur. Bakının mərkəzi küçələrindən biri onun adını daşıyır. Eyni zamanda, alimin vətəni Salyanda mədəniyyət evinə onun adı verilmişdir.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

1943-cü ildə Əliövsət Quliyev Xanım Rəhimova ilə ailə həyatı qurmuş və bu nikahdan 4 övladı dünyaya gəlmişdir: qızları-Kəbutər, Afaq, Ceyran və oğlu Təlatüm.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • «Qırmızı Əmək Bayrağı» ordeni - 1967
  • «1941–1945-ci illərin Böyük Vətən müharibəsində rəşadətli əməyə görə» medalı
  • Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı (2 dəfə)
  • Çexoslovakiya–Sovet Dostluğu İttifaqı Mərkəzi Komitəsinin II dərəcəli «Şərəf nişanı» medalı

Digər elmi və kütləvi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Neft sənayesi fəhlələri həmkarlar ittifaqının 50 illiyi. M.İ.Naydel ilə birlikdə (Kitab). Azərneftnəşr. Bakı, 1956.
  • Alyoşa Caparidze (tarixi-bioqrafik oçerk). Azərnəşr. Bakı, 1957.
  • Краткий исторический очерк Азербайджана. (Раздел в книге «Азербайджанская ССР»). Географиздат. Moskva, 1957 (rus dilində).
  • Azərbaycan SSR. Tarixi oçerk. Ukrayna Sovet Ensiklopediyası, 1-ci cild. Kiyev, 1960. (Ukrayna dilində).
  • Sovet Azərbaycanının 40 yaşı. 1920-1960 (kollektiv). Gürcüstan SSR EA nəşriyyatı. Tbilisi, 1960 (gürcü dilində).
  • Azərbaycan. Tarixi oçerk. «Azərbaycan SSR-in atlası» kitabı. Bakı-Moskva, 1963.
  • Azərbaycanda fəhlə hərəkatının başlanması. İlk sosial-demokrat dərnəklərinin əmələ gəlməsi. RSDFP-nin Bakı təşkilatının yaranması (XIX əsrin 80-cı illəri – 1901-ci il). İ.V.Striqunovla birlikdə. I fəsil. «Azərbaycan Kommunist Partiyasının tarixi oçerkləri» kitabı. Azərnəşr. Bakı, 1964.
  • «Ana dili» (Tarix bölməsi). Azərnəşr. Bakı, 1951-1967.
  • «Ana dili» (Tarix bölməsi). Uşaqgəncnəşr. Bakı, 1961-1967.
  • «Azərbaycan tarixi» (7-8-ci siniflər üçün). (Müvafiq fəsillər). Uşaqgəncnəşr. Bakı, 1964.

2022-ci ildə Əliövsət Quliyevin 100 illiyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasında elmi konfrans keçirilmişdir[5].

Əliövsət Quliyev haqqında fikirlər

[redaktə | mənbəni redaktə et]
  • «Allah ona o qədər böyük və müstəsna istedad bəxş etmişdi ki, hər şeyi bizim hamımızdan yaxşı edə bilərdi. Qətiyyətlə bildirirəm ki, bizlərdən heç kəs, nə mən, nə də həmkarlarım onun səviyyəsinə qalxa bilməmişik ». İqrar Əliyev (akademik).
  • «Ə.Quliyev xalqın tarixində böyük şəxsiyyət idi. Elə bir alim idi ki, tarix elminin təməlini qoymuş və nəzəriyyəsini inkişaf etdirmişdir». Cəmil Quliyev (akademik).
  • «Əliövsət Quliyev bütöv insan idi, alçaqlıqdan özünü gözləyirdi. Dost üçün dost idi, düşmənlə barışmazdı. Fəxr edirəm ki, onun tələbəsi olmuşam». Teymur Bünyadov (akademik).
  • «Bu insanın çox böyük enerjisi var idi. Bütün günü institutda işləyərək, sonra da gecə səhərədək evdə çalışırdı. Azərbaycan tarixinin Sovet elmində yer tutmasında Ə.Quliyevin xidmətləri misilsizdir». Yaqub Mahmudov (akademik).
  • E.Axundova, M.Hüseynzadə "Əliövsət Quliyev: O, tarix yazırdı", Bakı, Azərnəşr. 2003, 348 səh.
  1. 1 2 Faceted Application of Subject Terminology.
  2. 1 2 "Əliövsət Nəcəfqulu oğlu Quliyev". 2017-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-21.
  3. "Böyük insan, böyük müəllim, böyük alim və böyük elm təşkilatçısı Əlövsət Quliyev – 100". AZƏRTAC. 2022-08-23. İstifadə tarixi: 2024-05-27.
  4. Baku TV. "Mikoyana qarşı çıxan azərbaycanlı tarixçi" (az.). Youtube.com. 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-23.
  5. AzTV. "Əliövsət Quliyev - 100" (az.). Youtube.com. 07.10.2022. 2022-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]