Bəhmən Mirzə Qacar türbəsi — Bu türbə Bərdə şəhəri İmamzadəsinin həyətində yerləşir[1].
Bəhmən Mirzə Qacar türbəsi | |
---|---|
40°22′49″ şm. e. 47°07′43″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bərdə |
Yerləşir | Bərdə |
Tikilmə tarixi | XIX əsr |
Üslubu | Arran memarlıq məktəbi |
İstinad nöm. | 208 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Türbə XVII-XVIII əsrlərə aiddir. Türbə başdan-başa bişmiş kərpicdən inşa olunmuşdur. Türbənin bəzi yerlərində xüsusi memarlıq nümunələri hiss olunur. Qəbir yerləşən otağında altı daş kitabə həkk olunub. Döşəmədən günbəzədək hündürlüyü 1 metrdir. Türbənin divarlarının qalınlığı 1 metrdir[2].
Türbədə dəfn edilən şəxs Qacarlar sülaləsindən olan, böyük kitabdar, alim və tarixçi Bəhmən Mirzədir. Dövrünün ağıllı, savadlı, bacarıqlı adamlarından olan Bəhmən Mirzə ibn Naib Əs-səltənət Abbas Mirzə göründüyü kimi hökmdar oğlu olmuşdur. Raudət üs-səfa-yi Nasiriyə görə o, Abbas Mirzənin salamat qalmış 26 oğlunun yaş ardıcıllığına görə dördüncüsüdür. O hicri tarixinin 1225-ci ilində (miladi tarixinin 1810-cu ilində) anadan olmuşdur. Özünün hicri tarixinin 1247-ci ilində (miladi 1831-1832-1834) yazmış olduğu “Təzkireyi Məhəmməd-Şahi” əsərində qeyd edir ki, hələ gənc yaşlarında atası onu Ərdəbilə hökmdar təyin etmişdir. Müəllifin öz qeydinə görə bu kitabı o, hicri tarixinin 1250 (miladi 1835-1836) ilinin rəcəb ayında böyük qardaşı Məhəmməd şahın xahişi ilə yazmışdır.
Bəhmən Mirzə Azərbaycana hökmdar təyin edilmişdir ki, bu da hicri tarixinin 1257-ci ilinə (miladi 1841) təsadüf edir. Mənbələrə görə o bu vəzifədə çox qalmamışdır. Bu vəzifəyə onun digər qardaşı Nəsirəddin Mirzə təyin edilmişdir. Vəziyyəti belə görən gənc Bəhmən Tehranda yaşayan böyük qardaşı Məhəmməd şahın yanına getmiş və o da kiçik qardaşını böyük sevinclə qarşılamışdır. Bu zaman Azərbaycan hökmdarlığını yenicə qəbul edən Nəsirəddin Mirzəyə xəbər verdilər ki, guya Bəhmən böyük qardaşları Məhəmmədlə onu taxtdan salacaqlar. Taxt-tacın əldən gedəcəyindən qorxan Nəsirəddin Mirzə Bəhmənin gözünün çıxarılmasına əmr verir. Vəziyyətin müşkül olduğunu görən Bəhmən Mirzə yayınaraq rus səfarətxanasına girir və ondan sığınacaq istəyir. Səfir öz növbəsində onu çox yaxşı qəbul edir və Bəhmənə Rusiya ərazisində yaşamağa icazə verir. Miladi tarixinin 1848-ci il mayın 12-də Lənkəran gəmisiylə Bakıya gəlir. Mayın 15-də Bakıdan Şamaxıya gəlir. Bəhmən Mirzə burada da qalmayıb mayın 20-də Tiflisə gəlir və burada yaşamağı qət edir. Bu tarixlə də onun yaradıcılığının İran dövrü qurtarır və Azərbaycan dövrü başlayır.
Bəhmən Mirzə Rus çarı I Nikolaydan (1825-1855) hər il aldığı 9600 manat böyük məbləğdə təqaüdlə Şimali Azərbaycanda yaşamağa başladı. Bəhmən Mirzə Tiflisdə uzun müddət yaşaya bilmədi və 1851-ci il oktyabrın 4-də Şuşa şəhərindən köçüb gedən Məlikbəyovların mülkünü aldı və ailəsi ilə oraya gəlib bu şəhərdə qaldı. O, Şuşada yaşasa da, bütün Qarabağın mədəni tədbirlərində yaxından iştirak edirdi. Tez-tez Azərbaycanın ən qədim şəhərlərindən olan Bərdəyə gəlirdi. Qarabağda yaşadığı 24 il müddətində özünün yeni tarixi əsərini “Şükürnameyi Şəhənşahi” əsərini yazmağa başladı. Bu əsərdə alim Azərbaycana fatehçilik niyyətiylə gələn Çingiz xandan başlamış XIX əsrə kimi olan dövrün tarixi hadisələrin ardıcıllıqla təsvir edir. Əsər hicri tarixinin 1288-ci ilində (miladi 1871-ci il) başa çatmışdır[3].
Bəhmən Mirzə 1880-cı il ərəfəsində Bərdə şəhərində özü üçün türbə inşa etdirdi və oğlanlarına vəsiyyət etdi ki, öləndə onu həmin türbə də dəfn etsinlər. 1884-cü il fevralın 11-də vəfat etdi. Vəsiyyətinə əməl edən oğlanları onu İmamzadənin 25 metr şərqdə olan türbədə dəfn etdilər[3].
Bəhmən Mirzə Qacar türbəsi Bərdə şəhərində – İmamzadə memarlıq kompleksinin 25 metr şimal şərqində üç gümbəzli tam orijinal bir memarlıq abidəsidir. Bu nadir tikili bişmiş kərpicdən olub Arran memarlıq üslubu ilə çox bitkin bir formada inşa edilmişdir. Onun gümbəzlər hissəsi istər xaricdən və istərsə də daxildən çox böyük ustalıqla bir-birinə bənd edilmişdir. Girəcəkdən üçüncü, həm də axırıncı otağın orta hissəsində qəbir yerləşir. Bir növ sərdabə üslubu ilə tikilmiş həmin qəbrin üstü tağvari formada tamamlanmışdır. Gümbəzin daxili divarlarının til üstü hissəsində qara mərmər üzərində altı kitabə yerləşdirilmişdir. Kitabələr nəstəliq xəttilə yazılmış və mətnlər əsasən Quranın ayələrindəndir.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |