16 böyük türk imperiyası (türk. 16 Büyük Türk Devleti) — 1969-cu ildə xəritələrin tərtibi üzrə məmur Akib Özbəy tərəfindən tanıdılmış,[1] türk milliyətçiliyinə dair anlayış. 1980-ci illərdə Kənan Evrən hökuməti dövründə türk səlahiyyətlilər tərəfindən daha geniş şəkildə təbliğ olunmuşdur. Bu anlayışın təqdim edilməsindən əvvəl Türkiyə Prezidentinin forsundakı 16 ulduz Səlcuqlu imperiyasından sonra Anadoluda qurulmuş on altı bəyliyi təmsil edən simvol kimi qəbul edilmişdi.[2]
Konsepsiyaya görə "16 Böyük Türk İmperiyası" bunlardır:[Qeyd 1]
Bayraq (uydurma)[3] |
Ad | Türk adı | Rəhbər[4] | Tarixlər(Qriqori) |
---|---|---|---|---|
Böyük Hun İmperiyası | Büyük Hun İmparatorluğu | Mete xaqan | E.ə.220 — e.ə.46 | |
Qərbi Hun İmperiyası | Batı Hun İmparatorluğu | Çiçi xan | 48-216 | |
Avropa Hun İmperiyası | Avrupa Hun İmparatorluğu | Atilla | 375-469 | |
Ağ Hun İmperiyası | Akhun İmparatorluğu | Ağsuvar | 390-577 | |
Göytürk xaqanlığı | Göktürk İmparatorluğu | Bumın xaqan | 552-745 | |
Avar xaqanlığı | Avar İmparatorluğu | Bayan xaqan | 565-835 | |
Xəzər xaqanlığı | Hazar İmparatorluğu | Tonq Yabqu xaqan | 651-983 | |
Uyğur xaqanlığı | Uygur Devleti | Qutluq Bilgə Kül xaqan | 745-1369 | |
Qaraxanilər dövləti | Karahanlılar | Bilgə Kül Qədir xan | 840-1212 | |
Qəznəvilər | Gazneliler | Alp Təkin | 962-1186 | |
Böyük Səlcuq imperiyası | Büyük Selçuklu İmparatorluğu | Səlcuq bəy | 1040–1157 | |
Xərəzmşahlar | Herzemşahlar | Əlaəddin Məhəmməd | 1097–1231 | |
Qızıl Orda | Altınordu Devleti | Batı xan | 1236–1502 | |
Teymurilər dövləti | Büyük Teymur İmparatorluğu | Əmir Teymur | 1368–1501 | |
Böyük Moğol imperiyası | Babür İmparatorluğu | Babur | 1526-1858 | |
Osmanlı imperiyası | Osmanlı İmparatorluğu | I Osman | 1299-1922 |
Türk yazıçısı, şair, publisist və tarixçi, pantürkizm və Turanizm ideologiyasının əsas dəstəkçisi olan Hüseyn Nihal Atsız bu siyahıya daxil olan bir sıra imperiyanın əslində qəti şəkildə müəyyənləşdirilməmiş mənşəyə sahib olduqlarını və türk mənşələrinin yalnız fərziyyə olduğunu qeyd etmişdi. Ağqoyunlular kimi bir çox həqiqi türk imperiyası bu siyahıdan kənarda qalmışdı. Bu səbəblərdən o, siyahını "uydurmadan başqa bir şey" olmadığını qeyd etmişdir.[5]
Atsızın tənqidlərinə baxmayaraq, bu konsepsiya, 1980-ci ildə Türkiyədəki hərbi çevrilişindən sonra qüvvəyə minən Kənan Evrən prezidentliyi dövründə türk-islamçı sintezinin türk milliyyətçiliyinin əsas komponenti elan edilməsi ilə türklərin əsas milli ideologiyasına çevrilmişdir.[3] Yazıçı Reha Oğuz Türkqanın (1920-2010) rəhbərliyi altında əvvəlcə təqvim, sonra bir sıra markalar buraxılmışdır. Bundan sonra qədim türk dövlətlərinin bayraqlarının bu rəsmləri nüfuzlu Türkiyə Tarix Qurumu konfransında təqdim edilmişdir.
Türkiyə Poçt İdarəsi 1984-cü ildə qurucularının portretlərini və bayraqlarını əks etdirən "16 imperiya" adlı bir sıra poçt markaları buraxmışdır. 1985-ci ildə bu konsepsiya Türkiyə Prezidentinin forsundakı 16 ulduzun retrospektiv izahı kimi təqdim edilmişdir. Türkiyə dövləti tərəfindən irəli sürülən tarixşünaslıq narrativinə görə 16 ulduz həmin dövlətləri simvollaşdırır.[6]
Keçiörən (Ankara), Mamak, Ankara, Etimesgut, Niğdə, Nevşehir, Pınarbaşı və s. yerlərin bələdiyyə binaları da daxil olmaqla Türkiyədəki bir sıra dövlət binaları və ictimai parklarda Türkiyənin qurucusu hesab edilən Mustafa Kamal Atatürkün heykəli ilə birlikdə 16 böyük imperiyanın qurucularının büstləri və ya heykəlləri də qoyulmuşdur.[4]
2000-ci ildə Türk Telekom bu mövzuda bir sıra smart kartlarını satışa təqdim etmişdir.[7]
2015-ci ilin yanvarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin dövlət başçısı Mahmud Abbası 16 "döyüşçü"nün mühafizəsi ilə, tarixi zireh və 16 imperiyanı simvolizə etmək üçün hazırlanmış geyimləri geyən aktyorlarla birlikdə Türkiyə Prezident sarayında qəbul etmişdir.[8] Kostyumların dövrlərinə uyğunluğu tənqid olunmuşdur.[9]
2015-ci ildə “16 türk imperiyası” mövzusuna həsr olunmu, 1 kuruş nominallı mis-nikel ərintisindən hazırlanmış bir sıra sikkələr buraxılmıdır.
"16 böyük türk imperiyası" haqqındakı tarixi tezis tədricən pantürkçülük və türk milliyətçiliyinin simvollarından birinə çevrilmişdir.