Babur

Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483[3][4][…], Əndican, Teymurilər dövləti26 dekabr 1530, Aqra, Böyük Moğol imperiyası) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur.[5]

Zahirəddin Məhəmməd Babur
fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد
bayraq
Fərqanə əmiri
iyun 1494 – 1500
ƏvvəlkiÖmər Şeyx Mirzə
Sonrakıyoxdur
bayraq
Kabil əmiri
oktyabr 1504 – 26 dekabr 1530
ƏvvəlkiMukim
Sonrakıyoxdur.
bayraq
Böyük Moğol İmperiyasının
I hökmdarı
30 aprel 1526 – 26 dekabr 1530
ƏvvəlkiDövlətin əsası qoyulub.
SonrakıSultan Hümayun
Şəxsi məlumatlar
Doğum tarixi 14 fevral 1483[3][4][…]
Doğum yeri
Vəfat tarixi 26 dekabr 1530 (47 yaşında)
Vəfat yeri
Dəfn yeri Kabil[q 1]
Fəaliyyəti şair, avtobioqraf[d], monarx, yazıçı
Atası Ömər Şeyx Mirzə[1]
Anası Qutluq Nigar xanım[2]
Həyat yoldaşları Aişə Sultan Bəyim
Zeynəb Sultan Bəyim
Məsimə Sultan Bəyim
Maham Bəyim[q 2]
Dildar Ağa Bəyim
Gülnar Ağa Bəyim
Gülrux Bəyim
Əfqani Ağa Bəyim
Nargül Ağa Bəyim
Salehə Sultan Bəyim
Uşaqları Sultan Hümayun (oğlu)
Kamran Mirzə (oğlu)
Əsgəri Mirzə (oğlu)
Hindal Mirzə (oğlu)
Fəxr ün-Nisə (qızı)
Gülrəng Bəyim (qızı)
Gülbədən bəyim(qızı)
Gülçöhrə Bəyim (qızı)
Altun Bişik (oğlu olduğu düşünülür)
Ailəsi Baburlu sülaləsi
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Soyu və ailəsi

[redaktə | mənbəni redaktə et]

Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi.[1] Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın[6] qızı Qutluq Nigar xanım idi.[7]

Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş[8][9] monqol[10][11] boyu idi. Monqolların gizli tarixi (rus. Монголын Нууц Товчоо) adlı əsərə görə barlaslar boruciginlərlə bir soydan gəlir. Karçar barlaslar barlas e3boyunun qurucu əcdadlarıdır.[10] Monqolların gizli tarixi XIII əsrdə Ögedey xana yazılmış epik əsərdir. Bu əsərdə göstərilir ki, Karçar barlaslar eyni zamanda Çingiz xanın əcdadı olan əfsanəvi monqol lideri Bodonçirin nəslindən gəlir.[12]

Orta Asiyanın yerli əhaliləri ilə sıx əlaqələrə görə barlaslar arasında İslam dinindən başqa digər dinlərə (Buddizm, Şamanizm) də inananlar yaşayırdı.[11] Bu sıx əlaqələr mədəni cəhətdən bir-birlərindən təsirlənmələrinə və qarışmalarına səbəb olmuşdu. Bu kimi səbəblərdən monqol mənşəli boy olan barlaslar monqol dilindən başqa çağataycanı da (Türk dillərinin uyğur mənşəli bir növü; ərəbfars dillərindən də təsirlənmiş[13] və çağdaş özbəkcənin[14][15] yaranmasında rol oynamışdı) geniş şəkildə istifadə edirdilər.

Baburun 12 yaşında olarkən hakimiyyətə keçməsini göstərən səhnə. Baburnamə.

Babur 14 fevral 1483-cü ildə hal hazırda Özbəkistanda yerləşən Əndican şəhərində anadan olub.[16] Bu müddətdə artıq Teymurilər dövləti özünün keçmiş qüdrətini itirmiş, yalnız Mərkəzi Asiyanın kiçik bir bölgəsində hakimiyyətini qoruya bilmişdi. Babur 1494-cü ildə atasının ölümündən sonra 12 yaşında olərkən Fərqanəyə hakim oldu.[17] O, Fərqanə hakimi olduqdan sonra Səmərqənd hakimi olan əmisi Sultan Əhməd və Daşkənd hakimi olan dayısı Məhəmməd Fərqanəyə hücum etdilər.[18] Babur atasının sərkərdələrinin köməyi ilə bu hücumları dəf edə bildi.

Babur 1497-ci ildə Səmərqəndi ələ keçirdi.[19] Buna baxmayaraq Şeybani xanla mübarizədə uğur qazanmayaraq məğlub oldu.[20][21] 1501-ci ildə Səmərqəndi yenidən ələ keçirsə də, 1503-cü ildə özbəklər növbəti dəfə şəhəri tutdular. Şeybani xan Teymurilər soyundan gələn şəxslərin idarə etdiyi bölgələri bir-bir ələ keçirdi. Nəticədə Teymurilər önəmli şəhərləri olan Səmərqənd, BuxaraHeratdakı hakimiyyətini itirdilər. Bölgədə Teymurilər sülaləsindən yalnız Babur hakimiyyətini qoruya bilmişdi. Buna baxmayaraq Babur da Şeybani xanla mübarizədə uğur qazanmayaraq Pamir dağları istiqamətində geri çəkilmişdi. Ətrafına 20000 əsgər topladıqdan sonra Hindiquş dağlarını keçərək Kabilə daxil oldu və burada özünü şah elan etdi.[19] Babur ilk dəfə 1508-ci ilin sentyabr ayında Hindistana yürüş etdi. Üç ay davam edən bu yürüş nəticəsində Babur xeyli qənimət əldə etdi və Hindistanla yaxından tanış olmaq fürsətini qazandı.

Şeybani xan 1510-cu ildə[22] baş vermiş Mərv döyüşündə Şah İsmayıla məğlub oldu və öldürüldü. Babur yaranan fürsətdən istifadə edərək keçmiş torpaqlarını geri qaytarmaq üçün Səfəvilərlə yaxınlaşdı.[23] Səfəvilərin də köməyi ilə 1512–1513-cü illərdə BuxaraSəmərqənd ələ keçirildi.[24] Baburun Səfəvilərlə yaxınlaşması uzun müddət davam etmədi. 1514-cü ildə baş vermiş Çaldıran döyüşündə Şah İsmayılın Sultan Səlimə məğlub olmasından sonra özbəklərə olan Səfəvi təzyiqi azaldı. Bundan sonra Babur özbəklərin hücumları qarşısında geri çəkilməyə məcbur olmuş və Səfəvilərin dəstəyini itirmişdi.

Baburun Böyük Moğol İmperiyasının əsasını qoyması

[redaktə | mənbəni redaktə et]
Baburnamədə təsvir olunmuş Panipat döyüşünə aid illustrasiya.

Səmərqənddə möhkəmlənə bilməyən Babur cənuba irəliləyərək 1518-ci ildə Cənubi Əfqanıstana yürüş etdi. Bu yürüşdə Xeybər keçidini keçərək Sind bölgəsini ələ keçirdi. 1519-cu ilin noyabr ayında 1500 nəfərlik birliklə Sind çayını keçdi və Pişəvər ətrafına yaxınlaşdı. Babur 5 dəfə Pəncab bölgəsinə yürüş edərək buranı özünə tabe etdi.[25][26] 1522-ci ildə Qəndəhar zəbt edildi. Babur 21 aprel 1526-cı ildə Panipat döyüşündə Dehli sultanı İbrahim Ludinin qüvvələri ilə qarşılaşdı. İbrahim Ludinin qüvvələri sayca üstün olsa da,[27] Baburun ordusunda odlu silah vardı.[q 3][28] Bu döyüşdə İbrahim Ludi ağır məğlubiyyətə uğradı və öldürüldü.[24][29][30] Babur bu qələbədən sonra DehliAqranı ələ keçirdi. Aqra şəhəri dövlətin mərkəzi oldu. Panipat döyüşündəki qələbə tarixçilər tərəfindən dövlətin əsasının qoyulması kimi qəbul olunur. Qələbədən sonra Aqraya daxil olan Babur özünü Hindistanın hakimi elan etdi.[31][32]

Baburun Panipat döyüşündə qələbə qazanması hinduları narahat edirdi. 15 fevral 1527-ci ildə Rana Saqanın başçılıq etdiyi hindu ordusu ilə Baburun qüvvələri arasında Kanya döyüşü baş verdi. Babur sayca özündən üstün olan hindu qüvvələrini məğlub etdi. Bu döyüş Baburun müsəlman olmayan bir hökmdara qarşı qələbə qazandığı ilk döyüş idi. Bu qələbə onu məşhurlaşdırdı və Babur özünə Qazi titulu götürdü.[33][34]

Mədəni fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

Babur şah türk dünyasının yetişdirdiyi dahi şəxsiyyətlərdən biri olmuşdur. Müdrik və ağıllı dövlət xadimi, siyasətçi, mahir sərkərdə olmaqla yanaşı, həm də incə ruhlu bir şair idi. Baburun idealı belə idi: "Əgər atan gözəl bir qanun yaratmışsa, onu saxla, əgər bu qanun pisdirsə, yenisini yarat".

Babur şah cavan yaşlarında mükəmməl təhsil görmüş, elm və sənət adamlarının əhatəsində olmuşdur. Babur hakimiyyəti illərində sənəti və sənətkarları dəstəkləməklə yanaşı özü də sənətkar və yazıçı idi. O, Əlişir Nəvaidən sonra çağatayca yazılmış ədəbiyyatın ən böyük şairi hesab olunur. Baburun divanında Risaləyi Validiyyə tərcüməsindən başqa 119 qəzəl, 18 məsnəvi, 210 rübai, 50 müəmma, 19 qitə, 15 tuyuq, 18 tamamlanmamış qəzəl, 3 nəzm, 16 müsərra beyt, 5 müfred və 4 mənsur əsər vardır. Bundan əlavə divanda farsca yazılmış 2 qəzəl, 12 rübai, 8 qitə, 17 mətlə və 1 mənsur əsər də mövcuddur. Divanda əsasən eşq, təbiət, gözəllik, sosial həyat, əxlaq və təsəvvüf kimi mövzulara toxunulub. Divanın beş nüsxəsi vardır. Nüsxələr İstanbul Universitetinin kitabxanası, Fransa Milli Kitabxanası (fr. Bibliothèque nationale de France), Topqapı sarayının Rəvan kitabxanası, İstanbul 100-cü il Atatürk Kitabxanası Müəllim Cədvəl yazmaları və Hindistanın Nəvvab kitabxanasında saxlanılır.

Baburun Əruz Risaləsi adlı başqa bir əsəri də vardır. Risalədə 500-dən çox vəznə yer verilmişdir. Əsərin Fransa Milli Kitabxanasındakı (fr. Bibliothèque nationale de France) nüsxəsi Mehmet Fuad Köprülü tərəfindən tapılmışdır. Əsərin başqa bir nüsxəsinin Tehranda surəti çıxarılmışdır.

Baburun Hənəfi fiqhinə aid Mübəyyən Dər Fiqh adlı məsnəvisi vardır. Baburun tərcümə etdiyi Risaləyi Validiyyə 243 beytdən ibarətdir və bu tərcümə tədqiqatçılara onun təsəvvüfə meylləndiyini söyləməyə əsas verir.

Baburun ən önəmli əsəri Çağatayca yazdığı Baburnamə əsəridir. Bu əsərdə Babur uşaqlığından həyatının sonlarına qədər olan hadisələrdən bəhs etmiş, gəzib gördüyü yerlər, tanış olduğu insanlar və mədəniyyətlər haqqında yazmış, bir çox sərkərdə və dövlət xadimlərini səciyyələndirmişdir. Əkbər şahın hakimiyyəti illərində çağataycadan farscaya tərcümə olunan əsər daha sonralar urduca, ingiliscə, fransızca, yaponca və başqa dillərə tərcümə olunmuşdur. Əsər Azərbaycan dilinə Ramiz Əskər tərəfindən tərcümə olunmuşdur.

Babur tərəfindən Xətti Babur adlanan yazı sistemi yaradılmışdır. Bu yeni yazı sistemi İslam xəttatlıq sənətinin yazı sistemlərindən fərqlənməklə yanaşı həm də yeni bir əlifbadır. Xətti Babur ərəb və uyğur əlifbalarının sintezidir. Baburun bu yazı sistemi ilə xəbərləşdiyi, hətta bir Quran yazdırdığı məlumdur.

Babur hakim təbəqənin türk olduğunu bilsə də, yerli xalqa — hind xalqına hörmət etmişdir. O, bu ölkənin adət-ənənəsinə, idarəçilik sisteminə əsla toxunmamışdır. Bununla da əhalinin və məmurların rəğbət və dəstəyini qazanmışdır.

Ölümü və mirası

[redaktə | mənbəni redaktə et]
Baburun Kabildə yerləşən türbəsi.
Böyük Moğol İmperiyasının əsasını qoymuş Baburun şərəfinə adlandırılan Pakistan istehsalı qanadlı raket. IDEAS beynəlxalq müdafiə sərgisi. (2008).

Babur 26 dekabr 1530-cu ildə Aqrada 47 yaşında olarkən öldü. Yerinə oğlu Sultan Hümayun keçdi. Babur əvvəlcə öldüyü Aqra şəhərində dəfn olunmuşdu. 1539-cu ildə Baburun vəsiyyəti yerinə yetirildi və məzarı Kabil şəhərində yerləşən Babur bağlarına köçürüldü. 1646-cı ildə Sultan Cahan şah tərəfindən Baburun məzarı üzərində türbə tikildi. Türbəyə 1842-ci ildə baş verən zəlzələdə zərər dəysə də, müxtəlif bərpa işləri aparılmışdır.

Babur öldükdən sonra Həzrəti Firdövsi MəkanHəzrəti Giti-Sitani adları ilə xatırlanmışdır. Baburun əsasını qoyduğu dövlət 1857-ci ilə qədər varlığını davam etdirə bildi. Baburun irsinə sahib çıxan dövlətlər arasında Hindistan, Pakistan, ÖzbəkistanQırğızıstan kimi dövlətlər vardır.

Türkiyədə Baburun xatirəsinə büstlər qoyulmuşdur və yanında ona aid olduğu iddia olunan bayraq dalğalanmaqdadır. İlk sınaqları 2005-ci ildə həyata keçirilən Pakistana aid qanadlı raket Babur adlanırdı.[35] Özbəkistanda Babura heykəllər qoyulmuşdur. Hal hazırda Özbəkistanda yerləşən və Baburun anadan olduğu Əndican şəhəri Babur yurdu olaraq tanınır. Bu şəhərdə Babura həsr olunmuş xatirə parkında onun simvolik məzarı və muzeyi vardır.[36][37] Qırğızıstanın şəhərində yerləşən Süleyman dağındakı Baburun evi pir kimi ziyarət olunur. İnanca görə evdəki mehraba istiqəmətlənmiş diz izləri Babura məxsusdur. Baburun Süleyman dağındakı evinə çıxan yolda inanclarla bağlı müxtəlif ayinlər icra olunur.