1940 Yay Olimpiya Oyunları — rəsmi adı XII Olimpiada (第十二回オリンピック競技大会 Dai Jūni-kai Orinpikku Kyōgi Taikai) (Fincə: Kesäolympialaiset 1940) və 1940-cı ilin 21 sentyabr-6 oktyabr tarixləri arasında Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilməli idi, lakin İkinci dünya müharibəsinin başlanması ilə təxirə salındı.
1940 Yay Olimpiya Oyunları | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
1940 Yay Olimpiya Oyunları üçün ev sahibi olacaq şəhərin seçilməsinə 1932-ci ildə başlanmışdı və namizədlər arasında Barselona, Roma, Helsinki və Tokio şəhərləri var idi. Yaponiyanın Millətlər Liqasından çıxarılmasından sonra Tokio şəhəri rəsmiləri kampaniyanı beynəlxalq diplomatiya vasitəsi kimi təlqin edirdilər.[1] Tokio rəsmiləri və Beynəlxalq Olimpiya Komitəsi nümayəndələri kampaniyanın arxasında idilər, lakin hərbi məsələlərdə daha çox maraqlı olan milli hökumətin diplomatik jest üçün güclü dəstəkləyənləri yox idi. 1936-cı ildə Tokio sürpriz şəkildə seçildi və ilk dəfə idi ki, ev sahibliyi Şərqdə olan şəhərə verilmişdi.
Tokioda keçirilən 1930 Uzaq Şərq Oyunları ərzində hindli idmançılar Britaniya Hindistanının bayrağı əvəzinə, öz müstəqillik hərəkatlarının bayrağını dalğalandırdılar. Bu, Britaniya Olimpiya Komitəsinin narazılığına səbəb oldu. 1934-cü ildə Yaponiya Uzaq Şərq Oyunlarına Avropa müstəmləkələrini dəvət etməyə təşəbbüs göstərdi.[2]
Əsas stadion Meiji Jingu stadionu idi, sonra 1964 Yay Olimpiya Oyunlarında istifadə edilmişdi. Olimpiya kəndi Kinuta Park və ya Todoroki Gorge ərazilərində tikilmişdi. Aylıq jurnallar və posterlər hazırlanmışdı. Bir neçə binalarda tikinti işləri başlamış, otellər, səyahət agentlikləri və hava yolları hazır vəziyyətə gətirilmişdi.[3]
1937-ci ilin 7 iyulunda İkinci Çin-Yapon müharibəsi başlayanda, Kono İçiro dərhal Olimpiya Oyunlarının təxirə salınmasını xahiş etdi.[4] 1938 Uzaq Şərq Oyunları həmçinin ləğv edildi, lakin Yaponiyanın BOK nümayəndələri müharibənin tezliklə bitəcəyi inamı ilə israr etdilər.[5] Müharibənin intensivləşməsi ilə Yay Olimpiya Oyunları və 1940 Qış Olimpiya oyunlarının mümkünlüyü yarışların müxtəlif yerlərdə keçirilməsini və Yaponiyanın oyunları keçirməsinin boykot edilməsini təklif edən ölkələr üçün sual altında idi.[6]
1938-ci ildə yaponlar BOK-un Qahirə şəhərində keçirilmiş konfransında təşkilatı inandırmağa çalışdılar ki, Tokio hələ də ev sahibi şəhər kimi xidmət etməyə qadirdir. Halbuki, Yaponiyada açıq şəkildə Olimpiya Oyunlarına müharibə şəraitində ev sahibliyi edilməsi ilə bağlı şübhələr yaranmışdı və yapon hökuməti şüursuzcasına tələb edirdi ki, təşkilatçılar idman obyektlərini odundan tiksinlər, çünki onların cəbhə üçün metala ehtiyacları var idi.[7] İyulda Yay və Qış Olimpiya Oyunları barədə qanunverici sessiya keçirildi. Yaponiyanın genişlənməkdə olan müharibəni aparmasına görə, Olimpiya Oyunlarının ləğv olunması ilə yarışlar təxirə salındı.[8]
Koiçi Kido 1938-ci ilin 16 iyulunda oyunların təxirə salınmasını elan etdi. O, nitqini bitirərkən dedi: "Sülh yenidən Uzaq Şərqdə bərqərar olacaq, biz oyunları Tokioya gətirə və bu fürsətlə dünya xalqlarına əsl yapon ruhunu sübut edə bilərik."[3] Bu, 1964-cü ildə baş verdi.
1940 Yay Olimpiya Oyunlarının ləğvinə baxmayaraq, Tokio təşkilat komitəsi öz büdcəsini oyunlar üçün buraxdı. Ümumi büdcə 20.1 milyon yen idi və Tokio şəhər hökuməti tərəfindən ödənilmişdi.[9]
BOK, oyunları Helsinki şəhərinə həvalə etdi, şəhər seçkilər zamanı 2-ci yer tutmuşdu. Oyunların 1940-cı ilin iyul ayının 20-dən avqust ayının 4-nə qədər keçirilməsi qərara alındı. Olimpiya Oyunları, İkinci dünya müharibəsinin başlaması ilə dayandırıldı və 1948 Yay Olimpiya Oyunlarına qədər keçirilmədi.
Olimpiya Oyunlarının ləğvindən sonra, ilin əsas beynəlxalq yüngül atletika tədbiri analoji Finlandiya-İsveç yüngül atletikası kimi Helsinki Olimpiya Stadionunda keçirildi, bundan başqa Finlandiya, İsveç və Almaniya arasında üçlü formatda da baş tutdu.
Helsinki, nəhayət 1952 Yay Olimpiya Oyunlarını və Tokio isə 1964 Yay Olimpiya Oyunlarını keçirdi.
1940-cı ilin avqust ayı ərzində, hərbi əsirlər Beynəlxalq hərbi əsir Olimpiya Oyunları adlanan xüsusi olimpiadanı keçirdi. Almaniyanın Nürnberq şəhəri yaxınlığında yerləşən Lanqvasserdə təntənəli surətdə qeyd edildi. Olimpiya bayrağı 29-46 sm uzunluğunda idi, polyak əsirin köynəyindən hazırlanmışdı. Karandaşla çəkilmiş bu bayraq Belçika, Fransa, Böyük Britaniya, Norveç, Polşa və Hollandiya üçün bayraqlara və Olimpiya halqalarına malik idi. 1980-ci ildə rejissor Andrzey Kotkovski tərəfindən əsirlərdən biri olan Teodor Nieviadomski və bu oyunlar barədə "Olimpiada 40" bədii filmi çəkilmişdir.[10]