Ağ gəmi (kitab)

Ağ gəmi — Görkəmli Qırğızıstan yazıçısı, Çingiz Aytmatovun 1970-ci ildə nəşr olunan bədii əsəri.[1]

Ağ gəmi
rus. Белый пароход
Müəllif Çingiz Aytmatov
Janr povest
Orijinalın dili rus
Ölkə Azərbaycan
Orijinalın nəşr ili 1970
Nəşriyyat Altun Kitab
Cild Yumşaq
Səhifə 176

"Ağ gəmi" povesti Çingiz Aytmatovun yaradıcılığında yeni mərhələnin başlanğıcı oldu. Yazıçı povestində istifadə etdiyi əfsanə ilə qırğızların tarixin dərinliklərinə enən bir keçmişinin olduğunu bütün dünyaya çatdırmış oldu.[2]. Onun üçün bu əsər folklor — xalq təcrübəsini göstərmək və gələcək nəsillərə vəsiyyət etmək əhəmiyyəti daşıyırdı.[3] Yazıçı bu povestində əfsanələri, mifləri, nağılları real həyatla, müasiri olduğu hadisələrlə, zəmanə ilə, mühitlə sıx əlaqələndirmiş və bütün bunları povestin ideya-məzmun xüsusiyyətləri ilə vəhdətdə təsvir etmişdir. Həmçinin, burada mifoloji motivdən istifadə etməklə həyat hadisələrinin arxasında duran reallıqları oxucuya çatdırmağa çalışmışdır. Nəticədə faciəvi, amma zahirən sadə bir əhvalatı insan taleyinin ən mürəkkəb problemləri ilə əlaqələndirmişdir. Əsərdəki "Ağ gəmi" nağılı böyük çətinliklər qarşısında ümidlə yaşamaq, iradə göstərmək, idealı yaşatmaq düşüncəsini meydana qoyurdu.[4]

Əsərin baş qəhrəmanı Mömin kişi və onun adsız nəvəsidir. Onlar Issık göl yaxınlığında ögey nənə, Bekey xala və onun yoldaşı Orozqulla birgə yaşayırdılar. Babanın nağıl etdiyi əfsanələr, xüsusən də "Ana Maral" əfsanəsi oğlanı tam bir xəyalpərəst etmişdi. Əfsanəyə görə, Enesay çayı sahilində məskunlaşmış qırğız tayfası öz qocaman başçısını dəfn edərkən düşmənin hücumuna məruz qalmışdılar. Mərasimin təşkili zamanı meşəyə gedən bir qız və bir oğlan sağ qalaraq, hücum edənlərin arxasınca düşməyə başlamış, tutulanda isə Çopur Topal Qarı tərəfindən öldürülmək üçün dərin uçurumun kənarına aparılmışdılar. Bu zaman bir Ana maral oraya gələrək uşaqları öz himayəsinə alıb Issıkkul gölünün kənarına gətirmişdi. Vaxt keçdikdən sonra qız və oğlan evlənib İssıkkul gölündə özlərinə Buqular nəsli qurdular. Bir gün varlı Buqu nəslindən olan iki qardaş maral soyundan gəlmələrini bildirmək üçün bir maralı öldürərək onun buynuzlarını atalarının qəbri üzərinə sancması ilə bu adət halını alaraq davam etdirildi. Buynuzlu Ana Maral ən uca dağ başına qalxıb İssıkkul göllə vidalaşdı və ən son övladlarını toplayıb, onları başqa bir dağlara apardı. Beləliklə də, heç kim Issıkkul gölü ətrafında bir dənə də olsa ağ marala rast gəlmədi. Oğlan bu əfsanəsi ilə böyüyərək öz iç dünyasında marallara qarşı böyük sevgi bəsləmişdi. Ana və atasının onu tərk etməsi səbəbi ilə zamanını, babasının durbinini alaraq dağın ətəyini seyr etməklə keçirən bu oğlanın ən böyük xəyalı isə Ağ Gəmi idi. Onu tərk edən atasının hər gün eyni saatda Issıkkul gölündə görünən Ağ gəmidə işlədiyini, özünün gölə atılaraq üzüb, Ağ Gəmiyə çıxmasını və atası ilə görüşəcəyini xəyal edirdi. Bir gün Mömin baba, yanında işlədiyi meşə işçilərinin komandiri olan kürəkəni Orozqulla sözü düz gəlmədiyinə görə işdən qovuldu. Qoca həm qızının xətrinə, həm də nəvəsi böyüyüb boya-başa çatınca işləmək və ona baxmaq məcburiyyətində olduğu üçün qəddar Orozqulun etdiklərinə göz yumurdu. Orozqul uşağı olmadığı üçün davamlı olaraq içib, Bekey xalanı döyürdü və sonda onu da evdən qovdu. Qəlbində Orozqula qarşı nifrət yaranan oğlan Ana Maraldan ona bir uşaq gətirməsi üçün dua edir və yuxuda Ana maralın buynuzundakı səbətdə ona uşaq gətirməsini görür. Daha sonra gölün ətrafında Ana maral və maralların geri gəldiyin görən uşaq hər şeyin düzələcəyinə ümidlənmişdi. Bir səhər xəstələndiyi üçün məktəbə getməyib, evdə yatan oğlan gözünü tüfəng səsi ilə açıb Mömin babanın çox içmiş, peşiman halda qalanan ocağın yanında oturduğunu gördü. Çünki, Orozqul qarşısında məğlub olan baba öz tayfasının müqəddəs hesab etdiyi Ana maralı öldürmüşdü. Nəyin baş verdiyini dərk edə bilməyən oğlan kəsilmiş Ana Marala aid başı görəndə donub qaldı. Mömin baba Buynuzlu ana maralı haqqındakı hekayətinin, talesiz qızının və bədbəxt nəvəsinin xətrinə qəsd etməsinin cəzasını çəkirdi. Bütün ümidləri və xəyalları alt-üst olan oğlan, artıq burada qala bilməyəcəyini başa düşür və balıq kimi üzərək Ağ Gəmiyə çatmaq xəyalını gerçəkləşdirmək üçün gölün kənarına gəlir və özünü gölə atır…[5] [6]

Çingiz Aytmatovun "Ağ gəmi" əsəri bir çox yazıçıların geniş tədqiqat obyektinə çevrilmişdir. Filologiya üzrə elmlər doktoru Elnarə Akimovanın yazıçının 85 illik yubileyinə həsr etdiyi "Çingiz Aytmatov-türk ruhunun qələbəsi"[7] adlı kitabında Azərbaycan və digər ölkə yazarlarının bu əsər haqqındakı fikirlərinə, geniş yer ayrılmışdır. Bu kitabda xalq yazıçısı Anarın "Onunla biz də fəxr edirik", deputat Nizami Cəfərovun "Böyük mədəniyyətin övladı, yaxud varisliyin poetikası" , professorlar İmamverdi Əbilovun "Narahatlığın epopeyası", Arif Məmmədovun "Ç. Aytmatov nəsrində kosmos və xaos" ("Ağ gəmi" povesti əsasında) və s. başlıqlı tədqiqat xarakterli məqalələrində "Ağ gəmi" əsərinin dərin təhlilini aparmışlar. Filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlinin 2020-ci ildə "Çingiz Aytmatov fenomeni və Azərbaycan"[8] adlı kitabı çap olunmuşdur. Türk xalqları ədəbiyyatı üçün etibarlı mənbə ola biləcək bu monoqrafiyada yazıçının digər əsərləri ilə yanaşı, "Ağ gəmi" əsəri də tədqiq edilmişdir.[9][10]İlk öncə Ç. Aytmatovun yaradıcılığında "Ağ gəmi" povestinin rolundan bəhs edən Mehman Həsənli daha sonra əsərdəki personajların dərin təhlilini apararaq, onları cəmiyyətdə baş verən hadisələrlə əlaqələndirmişdir.[11] Həmçinin Mehman Həsənlinin "Çingiz Aytmatov və müasir dövrün çağırışları" adlı III Beynəlxalq İssık-kul İntellektual forumu haqqında yaranan təəssüratlardan bəhs edən "Nağıldan gerçəyə: "Ağ gəmi" və ya əbədiyaşar Aytmatov" adlı məqaləsi də vardır.[12] XX əsrin ortalarında rejisor Bolot Şamşiyev "Ağ gəmi" povesti əsasında eyniadlı filmi çəkmişdir.[13]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 3 Alma. "Çingiz Aytmatov". 2023-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2023.
  2. Orhan Söylemez. Türk dünyasında tarihi roman ve milli kimlik. Ankara: Bengü yayınları. 2019.
  3. "Çingiz Aytmatovun əsərlərinin ekran təcəssümü". (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2023.
  4. İsa Həbibbəyli. "Əbədi mogikan - Çingiz Aytmatov-90". 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2023.
  5. KitabYurdu.org. "Çingiz Aytmatov - "Ağ Gəmi" əsəri ilə tanışlıq və qısa məzmunu". 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2023.
  6. Çingiz Aytmatov. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb. 2009. səh. 760. ISBN ISBN 978-9952-34-236-9. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-02.
  7. Elnarə Akimova. Çingiz Aytmatov-türk ruhunun qələbəsi. Bakı: Nağıl evi. 2013. səh. 284.
  8. Mehman Həsənli. Çingiz Aytmatov fenomeni və Azərbaycan. Bakı: Elm və təhsil. 2020. səh. 406. ISBN 978-9952-8376-6-7.
  9. Orhan Söylemez. Türk dünyasında tarihi roman ve milli kimlik. Bengü yayınları. 2019.
  10. Arif Əmrahoğlu. Türk xalqları ədəbiyyatı(məqalələr, resenziyalar). Bakı: Elm və Təhsil. 2009.
  11. Çingiz Aytmatov. Ağ gəmi.Povestlər. Bakı: Yazıçı. 1980.
  12. Mehman Həsənli. "Nağıldan gerçəyə: "Ağ gəmi" və ya əbədiyaşar Aytmatov.III İssık-kul İntelektual Forumu haqında təəssüratlar". (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2023.
  13. "Çingiz Aytmatovun əsərlərinin ekran təcəssümü". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2023.