AS532 vertolyotunun qəzası — Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "Eurocopter AS532 Cougar" vertolyotunun 4 mart 2021-ci il tarixində, Türkiyənin Bitlis vilayətində yerləşən Tatvan qəsəbəsinin yaxınlıqlarında qəzaya uğraması ilə baş verən aviasiya hadisəsi. Qəza nəticəsində vertolyotdakı 11 Türkiyə hərbçisi həlak olmuş, ikisi isə yaralanmışdır. Qəza zamanı ilk öncə yaralanan dörd hərbi qulluqçu xəstəxanaya yerləşdirilmiş, onlardan 8-ci Korpus komandiri general-leytenant Osman Erbaş da daxil olmaqla ikisi aldığı yaralardan vəfat etmişdir.
AS532 helikopterinin qəzası | |
---|---|
| |
Ümumi məlumatlar | |
Tarix |
|
Qəza səbəbi | bilinmir; istintaq davam edir |
Yer | Tatvan, Bitlis, Türkiyə |
Ölkə | |
Sərnişin sayı | 13 |
Yaralı sayı | 2 |
Ölü sayı | 11 |
Helikopter | |
Helikopter modeli | Eurocopter AS532 Cougar |
Havayolu şirkəti | Türkiyə Hərbi Hava Qüvvələri |
Qalxma yeri | Bingöl, Türkiyə |
İstiqamət | Tatvan, Bitlis, Türkiyə |
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "Eurocopter AS532 Cougar" vertolyotu Qrinviç saatı ilə 10:55-də Türkiyənin şərqində yerləşən Bingöldən havaya qalxmışdır. Helikopter türk ordusunun ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatı olaraq təyin edilmiş Kürdüstan Fəhlə Partiyasının (PKK) silahlılarına qarşı mübarizə apardığı regiona,[1] Türkiyənin əsasən kürdlərin yaşadığı Bitlis vilayətindəki Tatvan qəsəbəsinə gedirdi.[2] Qrinviç saatı ilə 11:25 radələrində vertolyot ilə əlaqə kəsilmişdir.[3] Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) vertolyotun Tatvan qəsəbəsi yaxınlığındakı kənd ərazisinə düşdüyünü açıqlamışdır.[4] Qəza qarla örtülmüş və dumanlı dağlıq bölgədə baş vermişdir.[5]
Qəza nəticəsində 8 türk hərbçisi yerindəcə həlak olmuş, digər 5 hərbçi isə yaralanmışdır. Yaralanan hərbçilər dərhal xəstəxanaya yerləşdirilmiş, onlardan 8-ci Korpus komandiri general-leytenant Osman Erbaş da daxil olmaqla ikisi aldığı yaralardan vəfat etmişdir.[6][7][8]
Qəza barədə məlumatı Türkiyə MMN açıqlamışdır. Nazirlik yaralanan personalın xəstəxanaya köçürülməsi üçün səylərin davam etdiyini bildirmiş,[9] hadisə ilə bağlı dərhal istintaq başladıldığını əlavə etmişdir.[7] Türk hərbi rəhbərliyi dərhal axtarış və xilasetmə əməliyyatına başlamış, əraziyə bir PUA, bir "CASA/IPTN CN-235" nəqliyyat təyyarəsi və bir helikopterdən ibarət dəstə göndərmişdir.[2]
Türkiyə MMN hadisədə həlak olanlara Allahdan rəhmət diləmiş, zərərçəkənlərin ailələrinə və dostlarına, o cümlədən Türkiyə xalqına başsağlığı vermiş, hadisəni "çox üzücü bir qəza" adlandırmışdır. Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, Türkiyə Prezidentinin Kommunikasiya Direktoru Fəxrəddin Altun və Fəxrəddin Qoca qəza ilə əlaqədar başsağlığı dilə gətirmişdir.[2]
ABŞ-nin Ankaradakı səfirliyi yayımladığı bəyanatda qəzada həlak olan və yaralanan türk əsgərlərinə başsağlığı vermiş, yaralıların sürətli bir şəkildə sağalmasını arzu etmişdir.[2] Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov həlak olanların ailələrinə və yaxınlarına, eləcə də Türkiyə millətinə başsağlığı vermiş, hadisəyə görə kədərləndiyini dilə gətirmişdir.[10]