AZAL

Azərbaycan Beynəlxalq Hava Yolları və ya qısaca AZALAzərbaycanın ən iri aviaşirkəti, milli aviadaşıyıcı. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür. AZAL-ın qərargahı Bakı şəhərində yerləşir.

AZAL
(Azərbaycan Hava Yolları)
Loqonun şəkli
IATA
J2
ICAO
AHY
Çağırış adı
AZAL
Təsis olunub 7 aprel 1992
Mərkəz hava limanı Heydər Əliyev
Donanma ölçüsü 27 (+12 sifariş olunub)
Alt şirkət Buta Airways
Təyinat məntəqələri 35
Qərargahı Azərbaycan Azərbaycan, Bakı
Rəhbər Samir Rzayev
Saytı azal.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

7 aprel 1992-ci il tarixdə təsis edilmişdir və ölkənin müstəqillik əldə edildikdən sonra yaradılmış ilk milli aviaşirkətidir.

Aviaşirkətin baza hava limanı, Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı şəhərindən 20 km şimal-şərqdə yerləşir. Şirkət Avropa, MDB, Şimali Amerika, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımalarını həyata keçirir.

Azərbaycan Prezidenti İlham Əliyevin 30 mart 2021-ci il tarixli sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə verilmişdir.[1]

1992-ci ilin aprel ayında müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası hökumətinin qərarı ilə aviasiya üzrə dövlət orqanı – "Azərbaycan Hava Yolları" Dövlət Konserni yaradılmışdır.

1996-cı ildə "Azərbaycan Hava Yolları" dövlət konserninin tərkibində "Azəraeronaviqasiya" hava hərəkətinin idarəedilməsi mərkəzi yaradılmışdır.

1997-ci ildə "Azərbaycan Hava Yolları"-nın tərkibində AZALOIL müəssisəsi yaradılmışdır.

1999-cu ildə Bakı hava limanında yeni beynəlxalq terminal açılmışdır.

2000-ci ildə "Azərbaycan Hava Yolları" ilk Boeing 757–200 tipli təyyarələr almışdır.

2004-cü ildə ölkə Prezidenti İlham Əliyevin qərarı ilə "Binə" hava limanı "Heydər Əliyev Beynəlxalq Aeroportu" adlandırılmışdır.

2004-cü ildə Naxçıvan şəhərindəki hava limanı beynəlxalq hava qovşağı statusu almışdır.

2005-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni yük terminalı (Baku Cargo Terminal) açılmışdır.

2008-ci ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "AZAL" dövlət konserninin yenidən təşkili yolu ilə "Azərbaycan Hava Yolları" QSC yaradılmışdır.

2009-cu ildə əsaslı yenidənqurmadan sonra Zaqatala və Lənkəran hava limanları beynəlxalq status almışdır.

2011-ci ildə Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatası (EEIG) tərəfindən "Azərbaycan Hava Yolları" QSC-yə Avropa Xidmət Standartı verilmişdir.

2011-ci ildə "Azərbaycan Hava Yolları"nın parkına "Boeing 767–300ER" tipli təyyarələr əlavə olunmuşdur.

2013-cü ildə "Azərbaycan Hava Yolları" Airbus A340–500 tipli uzaq magistrallı sərnişin təyyarələri almışdır.

2013-cü ildə Yevlaxda "Azalaqro" aviaşirkəti açılmışdır.

2014-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksi (Terminal 1) istifadəyə verilmişdir.

2014-cü ildə "Azərbaycan Hava Yolları"nın donanmasına Boeing 787–8 Dreamliner tipli təyyarələr əlavə edilmişdir.

2014-cü ildə "Azərbaycan Hava Yolları" aviaşirkətinin hava gəmiləri parkına Braziliya istehsalı olan Embraer 190 və Embraer 170 tipli reaktiv təyyarələr əlavə olunmuş və 2017-ci ildə həmin təyyarələr "Azərbaycan Hava Yolları" aviaşirkətinin törəmə müəssisəsi olan "Buta Airways" aşağıbüdcəli aviaşirkətinə verilmişdir.

2014-cü ildə "Azərbaycan Hava Yolları" Bakıdan Nyu-Yorka müntəzəm transatlantik uçuşlar yerinə yetirməyə başlamışdır.

2015-ci ildə Britaniyanın "Skytrax" konsaltinq şirkəti tərəfindən Azərbaycanın milli aviadaşıyıcı "4 ulduz" reytinqinə layiq görülmüşdür.

2016-cı ildə Azərbaycan Amerika Birləşmiş Ştatları ilə "Open Skies" sazişi imzalamışdır.

2016-cı ildə AZAL QSC-nin tərkibində Embraer tipli hava gəmilərindən ibarət Azərbaycanın ilk aşağı büdcəli Buta Airways aviaşirkəti yaradılmışdır.

2018-ci ildə "Skytrax" şirkətinin versiyasına görə "Azərbaycan Hava Yolları" aviaşirkəti Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət adlandırılmışdır.

2018-ci il iyun ayından Heydər Əliyev Beynəlxalq Aeroportunda "Azəraeronaviqasiya" HHİ-nin nəzdində Azərbaycan Hava Məkanına Nəzarət və Səmərəlilik Mərkəzinin (ASEC) rəsmi açılışı olub.

2021-ci ilin oktyabr ayında Füzuli Beynəlxalq Hava Limanının açılışı baş tutub.

2022-ci ilin oktyabr ayında Zəngilan Beynəlxalq Hava Limanının açılışı baş tutub.

2023-cü ilin aprelində AZAL 12 Airbus A320neo ailə təyyarəsinin, o cümlədən A320neo və A321neo laynerlərinin tədarükü ilə bağlı müqavilə imzalayıb.[2] 2028-ci ildən etibarən hər il 4 təyyarənin istismara verilməsi planlaşdırılır.[3]

2023-cü il oktyabr ayında Azərbaycan Hava Yolları" və "Buta Airways" sərnişinlərə daha yaxşı xidmət göstərmək məqsədilə vahid brend altında birləşdi.

Maliyyə vəziyyəti

[redaktə | mənbəni redaktə et]

AZAL Azərbaycanda böyük ziyanla fəaliyyət göstərən dövlət şirkətlərindən biridir. Hava nəqliyyatında sərnişin daşımaları artsa da, aviaşirkətin ziyanının 1999-cu il ilə 2013-cü il arasında 500 milyon manata çatdığı açıqlanıb. "AZAL" QSC 2000-ci ildən ziyanla işləməyə başlayıb. Rəsmi məlumatlarda aviaşirkətin 1996–1998-ci illərdə çox böyük mənfəətlə işlədiyi bildirilib. 2000-ci ildə şirkət sərnişin daşımalarından 33 milyon manat əldə etsə də, ümumilikdə 7,4 milyon manat ziyan edib. 2008-ci ildə sərnişin daşımalarından 203 milyon 887 min gəlir ədldə edən şirkətin ziyanı 11,3 milyon manat olub. 2009-cu ildə şirkət 254 milyon 247 min manat gəliri müqabilində ili 98,8 milyon manat, 2010-cu ildə 252 milyon 175 min manat gəlir müqabilində 119,8 mln manat ziyanla başa vurub. 2011-ci ildə ziyan bir qədər azalsa da, kifayət qədər böyük olub – 63 milyon manat. 2012-ci ildə isə bu rəqəm 33,2 milyon manata düşüb. Qəribədir ki, AZAL-ın sərnişindaşımaları artdıqca ziyanı da daha da böyüyüb. Belə ki, 1998-ci ildə cəmi 833 min sərnişin daşındığı halda aviaşirkət 40,3 milyon manat gəlir əldə edib. Ancaq 2007-ci ildə 1 milyon 526 min, 2011-ci ildə 1 milyon 394 min, 2012-ci ildə isə rekord səviyyəydə — 1 milyon 600 min nəfər sərnişin daşındığı halda aviaşirkətl böyük ziyan edib. AZAL maliyyə hesabatlarını açıqlamadığından bu ziyanın səbəbləri də qaranlıq qalır. AZAL bilet satışından beynəlxalq daşımalar üzrə orta hesabla 181,5 manat, yerli daşımalar üzrə 49 manat gəlir əldə etsə də, bu qədər ziyanın haradan qaynaqlandığı rəsmi olaraq bilinmir. Digər tərəfdən AZAL xərclərinin artım tempi gəlirlərin artımını orta hesabla 20 faizə yaxın üstələyib. Bunun səbəbi isə izah olunmur. Rəsmən zərərli Bakı-Naxçıvan-Bakı marşrutları ilə uçuşlar hesab edilir ki, bununla əlaqədar da dövlət hər il AZAL-a 12 mln manat subsidiya ödəyir. Hər iki istiqamətdə biletlərin qiyməti 140 manat təşkil edir, onun 40 manatı dövlət büdcəsindən ödənilir. Ayrı-ayrı media orqanları bu illər ərzində zərərin səbəblərini aydınlaşdırmaq üçün dəfələrlə AZAL QSC-yə yazılı sorğu göndərsə də, şirkət maliyyə göstəricilərini şərh etməkdən imtina edib və bunu kommersiya sirri ilə əsaslandırıb.

AZAL-ın daşımalar üzrə və digər gəlirləri 2021-ci ildə 491 milyon 750 min manat ikən, 2022-ci ildə 1 milyard 149 milyon 954 min manata yüksəlib (658 milyon 204 min manat və ya 2,3 dəfə artıb).

Həmçinin 2022-ci il üzrə AZAL dövlətdən 108 milyon 809 min manat subsidiya alıb. Şirkət 2021-ci ildə dövlətdən 98 milyon 909 min manat subsidiya almışdı.

2022-ci ildə AZAL-ın cəmi əməliyyat gəlirləri 1 milyard 298 milyon 578 min manat, cəmi əməliyyat xərcləri 1 milyard 40 milyon 625 min manat, cəmi əməliyat mənfəəti 257 milyon 953 min manat olub.

AZAL-ın İdarə Heyətinin (İH) tərkibi — prezident, birinci vitse-prezident və vitse-prezidentlərindən ibarətdir. Prezident Samir Rzayev, I vitse-prezident Sabir İlyasov, vitse-prezidentlər isə İlham Əmirov, Fərdil Məmmədov.

Uçuş nöqtələri

[redaktə | mənbəni redaktə et]

AZAL-ın marşrut şəbəkəsi

  • 5 dekabr 1995. "AZAL"a məxsus Naxçıvan-Bakı reysi ilə hərəkət edən "TU-134" təyyarəsi qalxdıqdan bir neçə dəqiqə sonra sol mühərrik sıradan çıxıb, bort mühəndisi isə səhvən sağ mühərriki söndürüb. Pilot təyyarəni şumlanmış sahəyə endirməyə qərar verib. Yüksəkgərginlikli elektrik xəttinə toxunan təyyarə alışıb, 82 nəfərdən 52-si həlak olub.
  • 15 may 1997. "AZAL"a məxsus "Yak 40" təyyarəsində Gəncə yaxınlığında təlim keçən gənc pilotlar 4-cü dairəni tamamlayarkən təyyarə böyük bucaq altında şığıyaraq yerə çırpılıb və təyyarədəki 6 nəfərin hamısı həlak olub. Sonradan araşdırma zamanı təyyarənin oksigen balonunda güllə izi aşkar edilib. Məlum olub ki, kimsə alçaqdan uçan təyyarəyə atəş açıb. Həmin gün aeroport yaxınlığındakı poliqonda Azərbaycan ordusu təlim keçirdi.
  • 23 dekabr 2005-ci ildə Bakıdan Aktau şəhərinə hərəkət edən AHY Antonov An-140 təyyarəsi texniki nasazlıqlara görə paytaxtdan 30 km şimalda, Xəzər dənizinə düşmüşdür. Təyyarədə olan bütün 18 sərnişin və 5 ekipaj üzvləri həlak olmuşdur. Aviaşirkət qalan An-140 təyyarələrini geriyə çağırmışdır və Ukraynadan təzə partiya sifariş etməmişdir.
  • 12 oktyabr 2007. "AZAL Helicopter"ə məxsus "Mi 8T" vertolyotu xəstə neftçini təxliyə etmək üçün Zabratdan qalxaraq Xəzər 4 platformasına gəlib. Xəstəni götürən vertolyot platformadan 12 metr aralıda naməlum səbəbdən qəzaya uğrayıb. Hadisə yeri sahildən 20 km aralıda idi. Vertolyotun qalıqları 12 metr dərinlikdə aşkar edilib. Qəzada 4 ekipaj üzvü və 2 pilot həlak olub.
  • 12 iyul 2009. "AZAL Helicopter"ə məxsus "Mi 8T" vertolyotu qazma qurğusunun kranına toxunaraq dənizə düşüb, vertolyotdakı 6 nəfərdən ikisi həlak olub. Maşının qalıqları 90 metr dərinlikdə aşkar edilib.
  • 12 avqust 2010-cu ildə İstanbulun Atatürk hava limanında AZAL-ın A319 təyyarəsi enmə zamanı uçuş-enmə zolağından kənara çıxıb. Təyyarə yerə endikdən sonra zolaqdan çıxaraq kənardakı torpaq sahəyə girib. Nəticədə təyyarənin burnu sağ tərəfdən qırılıb. Sərnişinlər arasında xəsarət alan olmayıb.

Təyyarə parkı

[redaktə | mənbəni redaktə et]
Azərbaycan Hava Yollarına məxsus Airbus A340–500 təyyarəsi
Təyyarənin tipi[4] Sayı Sifarişlər Sərnişinlər Qeydiyyat nişanı
B PE E Cəmi
Airbus A319–100 4 0 8 114 122 4K-AZ03 "Ganja", 4K-AZ04 "Guba", 4K-AZ05 "Gazakh",4K-8888 "Baku"(Azərbaycan hökumətinə məxsusdur)
Airbus A320-214 7 0 20 126 146 4K-AZ77 "Lerik", 4K-AZ78 "Naftalan", 4K-AZ79 "Oghuz", 4K-AZ80 "Shirvan",4K-AZ83 "Julfa", 4K-AZ84 "Kurdamir"

4K-AI07 "Baku-7"(Azərbaycan hökumətinə məxsusdur)

Airbus A320 neo 3 186 VP-BTF"KALBAJAR" , VP-BTN"LACHIN", VP-BTS"ZANGİHAN"
Airbus A340-542 2 0 36 201 237 4K-AZ85 "Karabakh", 4K-AZ86 "Nakhchivan"
Boeing 757–200 3 0 22 158 180 4K-AZ11 "Sumgayit" 4K-AZ12 "Mingachevir"

4K-AZ38 "Qobustan"

1 0 20 150 170 4K-AZ43 "Lankaran"
Boeing 767-300ER 2 0 22 176 198 4K-AZ81 "Babek",4K-AZ82 "Koroglu"
Boeing 787-8 2 4 18 35 157 210 VP-BBS "Shusha" VP-BBR "Ordubad"
Boeing 737 MAX 0 0 Sifarişdən imtina olunub [ölü keçid]
Cəmi 19 0
Azərbaycan Hava Yollarına məxsus Baku 2015 Birinci Avropa Oyunların loqosu ilə bəzədilmiş Airbus A320–200 təyyarəsi

2020-ci ilin avqust ayında prezident İlham Əliyev çıxışında AZAL-ın bütün təyyarələrinin dövlət tərəfindən alındığını, bütün aeroportların dövlət tərəfindən tikildiyini və əvəzində AZAL-ın dövlətə heç bir mənfəət vermədiyini bildirərək şirkətin fəaliyyətini tənqid edib.[5]

AZAL-ın inhisarçı olduğu və bilet qiymətlərinin çox baha olduğu Azərbaycan mediasında tənqid edilir.[6][7]

  1. ""Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 16 aprel tarixli 2761 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-30.
  2. "«Азербайджанские Авиалинии» заказали 12 самолетов семейства A320neo - ФОТО" (rus). news.day.az. 2023-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
  3. "Новые воздушные судна для AZAL будут поставлены в Азербайджан c 2028 года - Самир Рзаев" (rus). news.day.az. 2023-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
  4. "Arxivlənmiş surət". 2015-11-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-19.
  5. "İlham Əliyev SOCAR, AZAL, ADY və Azərenerji-nin fəaliyyətini tənqid etdi". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-06.
  6. "56 manata İstanbula uçuş, yoxsa köhnə üslubda yeni fırıldaq?". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-22.
  7. "Antalyadan İrəvana 50, Bakıya isə 274 dollara təyyarə bileti... - FOTO". 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-31.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]