Bu məqaləni vikiləşdirmək lazımdır. |
"Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (və ya qısaca AZANS) — Azərbaycan Respublikasının hava məkanında uçuşların təhlükəsizliyinin, hava hərəkətinin əlaqələndirilməsi və xidmət funksiyasını yerinə yetirir. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binası Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yerləşir. Baş Mərkəzin yeni binası rəsmi olaraq 2013-cü ildə açılmışdır. Açılışda Prezident İlham Əliyev şəxsən iştirak etmişdir.
Azəraeronaviqasiya | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | aviasiya |
Təsis tarixi | 1 aprel 1996 |
Baş qərargahın yeri | Bakı |
asec.az |
1996-cı il aprelin 1-də Dövlət Konserninin müdiriyyətinin qərarı ilə, ICAO və Avropa İnkişaf Bankının himayəsi altında, "Azərbaycan Hava Yolları" Dövlət Konserninin struktur bölmələri arasında ilk olaraq hüquqi müstəqillik statusu əldə etmiş "Azəraeronaviqasiya" (AZANS) aeronaviqasiya xidməti müəssisəsi yaradılmışdır. Yeni müəssisənin başlıca vəzifəsi, Azərbaycan Respublikasının hava məkanında uçuşların təhlükəsizliyinin təmin edilməsi olmuş və eyni zamanda, ona hava hərəkətinin əlaqələndirilməsi və xidmət funksiyası da həvalə edilmişdir.
Müəssisənin fəaliyyətinin əsas məqsədləri aşağıdakılardır:
beynəlxalq standartlar əsasında yüksək keyfiyyətli aeronaviqasiya xidmətinin təmin edilməsi; yeni beynəlxalq standartların və tövsiyələrin çevik tətbiqi, texniki sistemlərin və informasiya təminatının inkişafı və müasirləşdirilməsi; səriştəli və ixtisaslı heyətin öyrədilməsi və hazırlanması; etibarlı və yüksək keyfiyyətli aeronaviqasiya və meteorologiya məlumatlarının təqdim edilməsi.
Yeni təşkilatın qarşısında qoyulmuş başlıca məqsədlərdən biri ICAO CNS|ATM konsepsiyasının tələblərinə uyğun olaraq, texniki və texnoloji baxımdan yenidən tam təchizetmə məsələsindən ibarətdir. "Azəraeronaviqasiya" müəssisəsi yaradıldığı ilk gündən etibarən uçuşların aeronaviqasiya təminatının milli sisteminin qurulması ilə bağlı mürəkkəb vəzifələrin həll edilməsi üçün intensiv işə başlanmışdır. Buna, həmçinin dövlət başçısı, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin də böyük töhfəsi olmuşdur.
Bütün regional layihələrdə fəal iştirak, müasir naviqasiya avadanlığının, müasir texnologiyaların, ICAO tərəfindən tövsiyə edilən prosedurların və praktikanın tətbiqi və əlbəttə ki, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması dünya aviaşirkətləri üçün Bakının iqtisadi cəhətdən cəlbediciliyini nəzərə çarpacaq dərəcədə yüksəltmiş və hərəkət intensivliyinin müntəzəm artımını təmin etmişdir. Ölkədə aviasiyanın inkişafında ən müsbət məqamlardan biri Bakı aeroportunda Heydər Əliyevin adını daşıyan yeni beynəlxalq aerovağzal kompleksinin istismara verilməsi olmuşdur.
1996-cı ilin sonunda "AZAL" Dövlət Konserni tərəfindən bağlanmış müqavilə əsasında Bakı şəhərində Hava Hərəkəti İdarəsinin Əsas Mərkəzində müasir avtomatlaşdırılmış sistemin satın alınıb quraşdırılması üçün "Azəraernaviqasiya" müəssisəsi Avropa Yenidənqurma və İnkişaf Bankından kredit almışdır. Yeni strukturun qarşısında duran məqsədlərə nail olmaq üçün, həyata keçirilən modernizasiya prosesində hava hərəkətinə xidmət sahəsində standart və prosedurların beynəlxalq harmonizasiyası yolu ilə rabitə, naviqasiya və müşahidə sistemləri ilə təmin edilmiş texnologiyalardan istifadə olunmuşdur.
1997-ci ildən etibarən hava hərəkətinin idarə edilməsinin yeni Baş Mərkəzinin yaradılması üçün işlərə başlanılmışdır. Bu, həmin vaxtdan dünya aviasiya icmasına fəal şəkildə inteqrasiya olunan Azərbaycan mülki aviasiyasının əsas nailiyyətlərindən biri olmuşdur. Ölkənin aeronaviqasiya sisteminin nüvəsinə çevrilmiş Hava Hərəkətinin Avtomatlaşdırılmış İdarəetmə Mərkəzi Beynəlxalq Mülki Aviasiya Təşkilatının CNS/ATM konsepsiyasına uyğun texniki və əməliyyat səviyyələrinin tələbləri nəzərə alınmaqla qurulmuşdur.
2002-ci ildən etibarən radiolokasiya sistemlərinin müasirləşdirilməsi işlərinə başlanmış və Bakıda, Naxçıvanda, Yevlaxda, Gəncədə və daha sonra Lənkəranda və Qəbələdə RSM 970 S və STAR2000 stansiyaları istismara verilmişdir. Görülən işlər nəticəsində respublikanın və qonşu ölkələrin hava məkanının radiolokasiya sahəsilə maksimal örtülməsinə nail olunmuşdur.
Süni örtüklü bütün uçuş-enmə zolaqları mürəkkəb meteoşərtlərdə yerə enmə sistemləri, ILS 420/DME dəqiq keçidli səmt-qlissad mayakları ilə təchiz edilmişdir ki, bu da ICAO-nun II və III kateqoriyası üzrə bütün hava gəmilərinin enib qalxmasına imkan vermişdir. Hava hərəkətini idarəetmə (HHİ) qüllələri, HHİ texniki blokları və RTOPİS, habelə HHİ avtomatlaşdırılmış sistemləri qurulmuşdur. Azərbaycan Respublikasının bütün ərazisində geniş zonalı multilaterasiya və ADS-B sisteminin tətbiqi layihəsinin planlı şəkildə həyata keçirilməsinə başlanmışdır.
Dayanmadan artan hava hərəkəti axınına lazımi səviyyədə və beynəlxalq tələblərə və standartlara uyğun şəkildə xidmət etməyə hazır olmaq üçün "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin və Hava Hərəkətinin Vahid İdarəetmə Sisteminin Baş Mərkəzinin yeni binasının geniş formatlı layihəsi işlənib hazırlanmış və 2012-ci ildə 65 m hündürlüyündə qülləsi olan kompleksin tikintisinə başlanmışdır. Yeni Mərkəzdə müasir texnologiyalar və gələcək üçün hesablanmış texniki inkişafın nailiyyətləri tətbiq olunacaqdır, məsələn: İspaniyanın "INDRA" şirkətinin istehsalı olan avtomatlaşdırılmış HHİ sistemləri, OLDİ, Searidge video müşahidə sistemləri, AMHS, ADS-B, A-SMGCS və s.
Bu gün Hava Hərəkəti İdarəsi – gündəlik qrafiklə uçan bütün sinfilərə aid 270 hava gəmisi deməkdir. Onların yarıdan çoxu dünyanın aparıcı aviaşirkətlərinin Avropa və Asiya arasında həyata keçirilən tranzit reyslərdə uçur. Şaqulu eşelonlaşdırmada qısaldılmış intervalların uğurlu tətbiqindən sonra hərəkət axını nəzərəçarpacaq dərəcədə çoxalmışdır. On altı il ərzində hava hərəkətinin intensivliyi 200%-dən çox artmışdır.
Bu gün "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi ICAO və EUROCONTROL tərəfindən tövsiyə edilən standartların və praktikanın tətbiqi yolu ilə Avropa aeronaviqasiya sisteminə inteqrasiya olmağa çalışır.
Dünyanın və Avropanın bir çox aviasiya təşkilatlarına üzvlük, hava hərəkətinin Avropa standartlarına uyğun təşkili sahəsində beynəlxalq hüquqi-normativ bazanın tətbiqi, aeronaviqasiya sahəsində aparılan beynəlxalq müşavirələr ölkəmiz tərəfindən Avropa dövlətlərinin nəzərə alacağı milli maraqların həyata keçirilməsinə və ölkəmizin hava hərəkətinin təşkili üzrə ümumavropa proqramının tamhüquqlu iştirakçısı olmasına imkan verəcəkdir.
20 oktyabr 1910-cu il tarixində Bakı şəhərinin üzərindən ilk təyyarə uçmuşdur. Sergey Utoçkinin idarə etdiyi uşaqsayağı yöndəmsiz və möhkəm olmayan "Farman-4" sistemli fransız biplanı heyrətdən yerində donmuş tamaşaçıların başı üzərində bir neçə dairə vurmuş, sonra isə gurultulu alqışlar altında yerə enmişdi. Azərbaycanın mülki aviasiyası öz inkişafına 1923-cü ildə ilk poçt və sanitar reyslərinin icrası ilə başlayıb. Ondan kənd təsərrüfatında həşəratlarla mübarizə üçün istifadə edilirdi. Həmin dövrdə xüsusi təyinatlı aviasiya, sanitar aviasiyası yaradılır. 20-ci illərdə Xəzər dənizi üzərində uçuşların birində təyyarəçi Teymur Mustafayev dənizin dibindən çıxan qovuqlar və su üzərində yağlı ləkələr görüb. Bu haqda "Azneft" rəhbərliyinə xəbər verilmişdir. Həmin yerə gələn geoloqlar neft sahələri aşkar ediblər. Bununla da Xəzər dənizinin akvatoriyasında neft yataqlarının mənimsənilməsinə başlanılıb və indi dənizdən neft çıxarılması dünyanın aparıcı şirkətləri tərəfindən fəal inkişaf etdirilir. Azərbaycan hava məkanının aviatorların iş yeri olması haqqında, Respublikada mülki aviasiyanın inkişafı haqqında bizim tarixi arayışmız. 1923-cü ilin avqust ayında "Yunkers" təyyarəsində Bakı-Tbilisi-Bakı marşrutu ilə uçuş həyata keçirilmişdi. Mülki Aviasiya Şurası tərəfindən hazırlanan mülki aviasiyanın 3 illik inkişaf proqramı (1924–1926-cı illər) Azərbaycanın mülki aviasiyasının yaradılması və inkişafında mühüm əhəmiyyət kəsb edir. Həmin plan Respublikanın mülki aviasiyasının planlı şəkildə inkişafını, Bakı-Tbilisi-Bakı; Bakı-Pyatiqorsk-Bakı; Bakı-Hacıqabul-Yevlax-Bakı marşrutları ilə Qafqazda ilk hava traslarının yaradılmasını nəzərdə tuturdu. 1925-ci ildə Azərbaycan və Gürcüstan aviasiyasının birləşməsi baş verib. Bu da iki respublikanın iqtisadi əməkdaşlığına şərait yaradıb. 1925-ci ildə Keşlədə hava limanı tikilib və poçt, yük və sərnişin daşınmaları ilə məşğul olan "Hava stansiyası" yaradılıb. Hava limanları arasında təyyarələrin qalxması və enməsi barədə məlumat mübadiləsi teleqraf vasitəsilə həyata keçirilirdi. 1926-cı ildə Mineral sular-Qroznı-Mahaçqala-Bakı-Yevlax-Tbilisi müntəzəm hava trasları açılıb.
Müharibədən əvvəl Respublikada iqtisadiyyatın və sənayenin inkişafı mülki aviasiyanın inkişafına şərait yaradır (Bakıda (Binə) (1930–1933), Yevlaxda (1932), Hacıqabulda (Şəki) (1933) hava limanlarının inşasına başlanılır). Həmin dövrdə hava traslarının yeni naviqasiya avadanlığı ilə təchizatı da aparılırdı. 1933-cü il iyunun 25-də ilk dəfə olaraq Qafqaz dağlarından keçməklə Moskvaya uçuş həyata keçirilib və bununla da Moskvaya yol 1100 km qısalıb. 1933-cü ildə Bakı hava limanında rabitə kanalları ilə təmin etmək üçün Radioötürücü Mərkəz istismara verilib. Mərkəz hava limanının və HNİ-nin fəaliyyətini təmin edirdi. 1937-ci ildə Bakı-Moskva marşrutu ilə müntəzəm hava xətti açılıb. Onun vasitəsilə hər gün 15 sərnişin aparılırdı, bu da o vaxt üçün böyük nailiyyət idi. Moskvaya müntəzəm reyslərin icrası zamanı Moskva ilə birbaşa teleqraf kanalı açılmışdı və təyyarələrin uçuşu haqqında məlumatlar göndərilirdi. 1938-ci ildə Xalq Komisarları Şurasının Sərəncamı ilə Bakı hava limanı müstəqil təsərrüfat vahidinə ayrılmışdı. Bu da uçuşların müntəzəmliyinin, təhlükəsizliyinin və qənaətliliyinin artırılmasına imkan yaradıb. Eyni zamanda Bakı-Moskva; Bakı-Xarkov; Bakı-Rostov; Bakı-Qroznı aviasiya trasları şəbəkəsi genişlənib. Mülki aviasiya Azərbaycan xalq təsərrüfatının ayrılmaz hissəsinə çevrilib. Müharibə illərindən sonra Respublika hava nəqliyyatının dirçəlişi başlanıb. "Lİ-2" təyyarələrində sərnişinlər, poçt, həmçinin xalq təsərrüfatı üçün təcili yüklər daşınıb. Sülh dövrü səmasında ilk traslar Moskva, Aşqabad, Xarkov, respublika daxilində Yevlax, Gəncə (Kirovabad) və Hacıqabula açılmışdı. Moskvaya uçuş Bakı-Mahaçqala-Həştərxan-Stalinqrad (Volqoqrad)-Voronej-Moskva marşrutu ilə keçib. 1954-cü ilə qədər təyyarələrlə rabitə QD (qısadalğalı diapazon) ilə həyata keçirilirdi. 1955-ci ildə ABŞ istehsalı olan ilk UQD (ultraqısadalğalı diapazon) radiostansiyası yaradılıb. 1956-cı ildə onlar sovet istehsalı olan UQD radiostansiyaları ilə əvəz edilib. Bakı hava limanında quraşdırılan ilk lokasiya avadanlığı 1956-cı ildə işə salınan YRS (yer roadiosorğuçusu) olub. YRS istismara verildikdən sonra HNİ dispetçeri təyyarənin uzaqlığını və azimutunu, həmçinin onun dövlət mənsubiyyətini müəyyən etmək imkanını əldə edib. 1950-ci ilə qədər Bakı hava limanında təyyarələrin enməsinə nəzarət vizual keçirilirdi. 1950-ci ildən başlayaraq enməyə giriş üçün ötürücü radiostansiyalardan istifadə olunmağa başlayıb. 1955-ci ildə Azərbaycanın hava məkanına yeni çoxyerli İl-14 təyyarəsi qalxıb. Qısa müddət ərzində aviasiya mütəxəssisləri yeni aviasiya texnikasına yiyələniblər. Respublikanın mülki aviasiyasında yeni dövr 1959-cu ildə — yeni İl-18 turbopərli təyyarəsinin Azərbaycana gətirilməsindən başlanıb. Hava traslarında çoxyerli rahat İl-18 təyyərəsinin uçuşlarının başlanması ilə əlaqədar mühəndis-texniki və dispetçer heyətinin ixtisasını tez bir zamanda yenidən qaldırmaq lazım idi. 60-cı illərin əvvəllərində QD diapazonunda rabitə kanallarına əlavə olaraq operativ şəkildəHNİ məntəqələri ilə teleqraf və telefon rabitə kanalları tətbiq olunmağa başlandı. Həmin vaxt, yeni pilotaj və naviqasiya avadanlığı ilə təchiz edilmiş yeni turbopərli texnikanın mənimsənilməsi dövründə, həmçinin uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün yüksək ixtisaslı mühəndislərin hazırlanması tələb olunurdu. Yeni nəsil təyyarələrin təhlükəsiz idarəolunması və enməsi üçün Bakı hava limanını yeni lokasiya və naviqasiya vasitələri ilə təchiz etmək lazım idi. Bu məqsədlə 1959-cu ildə dairəvi görünüşlü radiolokator P-20 ("Romaşka") istismara verilib. Bundan əlavə, ilk alətli enmə sistemi (ES-50) də istismara verilib. 60-cı illərdə ilk enmə radiolokatoru yaranır, 1962-ci ildə Bakı hava limanında 335 və 155 kurslu yeni QEZ (qalxma-enmə zolağı) istismar edilməyə başlanıb. Yeni QEZ ötürücü radiostansiyası və iki enmə sistemi "ES-75" ilə təchiz edilib. Yeni xəttin təchizi zamanı görünüşlü və enmə radiolokatoru "RSP-5" də istismara verilib. 1964-cü ildə təyyarəsürmə və enmənin yerüstü vasitələrinin inkişafında yeni mərhələ başlanır. Yeni enmə radiolokatoru "PRL-7", aerodrom radiolokatoru "DRL-7" istismara verilir. 1968-ci ildə "PRL-7" daha müasir və dəqiq "RP-2F" (Çexiya istehsalı "TECNA") radiolokatoru ilə əvəz edilir. Onun vasitəsilə HNİ dispetçeri enmə zamanı təyyarəyə daha dəqiq nəzarət edirdi. Azərbaycan mülki aviasiyasında sürətli texniki proqreslə bağlı problem uğurla həll olunmuşdur. 1967-ci ildə Bakı aviatorları İl-14-ü əvəz edən An-24 turbin təyyarələrini uğurla mənimsəyiblər. 70-ci illərdə respublikanın 11 rayonunda, o cümlədən Naxçıvanda, Beyləqanda, Zaqatalada Yak-40 reaktiv təyyarələrinin qəbulu üçün süni örtüklü qalxma-enmə zolağı tikilib. Bakı və Gəncə hava limanları müasir radio və işıq texnikası vasitələri ilə təchiz edlmişdir. Bu da uçuşların təhlükəsizliyinin və müntəzəmliyinin artırılmasına şərait yaradıb. Respublikanın hava traslarına həmin illər yeni Tu-134, Yak-40 reaktiv laynerləri çıxıb. 1976–1980-ci illərdə Azərbaycanda mülki aviasiyanın yüksək inkişaf templəri nəzərdə tutulurdu. Həmin məqsədlə Tu-154 magistral təyyarəsinin qəbulu üçün Bakı hava limanında qalxma-enmə zolağında yenidənqurma işləri aparılıb. Yeni müasir aerovağzal kompleksini 1984–1988-ci illərdə tikmək planlaşdırılırdı. Lakin kompleksin inşası dayandırılmışdı və yalnız xarici sərmayələrin cəlb edilməsi nəticəsində 1999-cu il oktyabrın 2-də tikinti başa çatıb və aerovoğzal kompleksinin açılışı keçirilib. Binanın 8 mərtəbəsində "Azəraeronaviqasiya" müəssisəsinin baş ofisi yerləşib.
90-cı illər Azərbaycan mülki aviasiyasının inkişafında möhtəşəm hallar baş verib. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqda mülki aviasiya yenidən beynəlxalq xarakterli olub. 1992-ci ildə Azərbaycan Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo konvensiyasına qoşulur, ICAO-nun üzvü olur. "Boeing-727", "Boeing-707" təyyarələrinin istismarına başlayır. "Boeing" təyyarələrinin uçuşlarını təmin etmək üçün İCAO standartlarına cavab verən radiolokasiya nəzarəti tələb olunur. Həmin məqsədlə "Azəraeronaviqasiya" müəssisəsi 1996-cı ildə İCAO tələblərinə cavab verən ikinci "Koren AS" radiolokatorunu alıb və istismara verib. Aerodrom zonasına radiolokasiya nəzarətinin təmin edilməsi üçün 1998-ci ilin yanvar ayında "İrtış" istismara verilib. 2004-cü ildə Binə hava limanının adı dəyişdirilərək mərhum prezident Heydər Əliyevin adına adlandırılmışdır.
Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal inşa edilir. Terminalın layihəsi və tikintisi isə mərkəzi ofisi Londonda yerləşən ARUP şirkətinə həvalə edib. Yeni terminal ümumi sahəsi isə 53 min kvadrat metr olacaq və ildə 3 milyon sərnişinə xidmət edə biləcək. Eyni zamanda, 8 "hava körpüsü"nə malik terminal "Airbus A380" tipli təyyarələri qəbul edə biləcək. Terminalın estetik görüşünü və konik fasada malik olması sərnişinlərin rahatlığı və uçuşqabağı stresin azaldılması üçün nəzərdə tutulub. Belə ki, terminalın böyük şüşə divarlarında içəri Günəş şüaları asanlıqla daxil olacaq. Terminalda ticarət və istirahət zonaları da olacaq. Terminalın inşasına 2011-ci ildə başlanıb. Tikinti işlərinin 2013-cü ilədək başa çatıdırllacağı planlaşdırılıb.[1]
2012-ci ildə mövcud terminalın döşəməsi və tavanı tamamilə yenilənib. Mövcud terminal beləcə, inşa edilən yeni terminalın arxitekturası ilə döşənib.[2]
Mülki hava donanmasının tərkibinə "Airbus-319", "Airbus-320", "ATR-72" və "ATR-42" avialaynerləri əlavə olundu.
2010-cu il iyulun 22-də "Boeing" və "Azərbaycan Hava Yolları" arasında iki 737 tipli təyyarənin bir 767–300ER (genişlənmiş diapazon) tipli təyyarə və iki 767 tipli təyyarə ilə dəyişdirilməsinə dair saziş imzalandı.
2010-cu il dekabrın 24-də AZAL bütün Rusiya istehsallı təyyarələrin istifadəsindən imtina etdi.
2011-ci ilin yanvar ayında Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının (EEIG) Direktorlar Şurasının yekdil qərarı ilə "Azərbaycan Hava Yolları" QSC-yə Avropa Xidmət Standartı verildi.
2011-ci il iyunun 2-də "Azərbaycan Hava Yolları" iki "Boeing 767–300ERs" tipli təyyarəsindən birincisini aldı[3].
2013-cü ilin may ayında "Azərbaycan Hava Yolları" iki "Airbus А-340" təyyarəsindən birincisini aldı[4].
2014-cü il 23 və 24 dekabr tarixlərində "Azərbaycan Hava Yolları" iki "Boeing 787 Dreamliner" təyyarəsini aldı[5].
2016-cı il 27 mart tarixində "Azərbaycan Hava Yolları" aviaşirkəti aşağı büdcəli "AZALJET" brendini yaratdı.
2016-cı il 14 dekabr tarixində "Azərbaycan Hava Yolları" aviaşirkəti aşağı büdcəli "BUTA AIRWAYS" brendini yaratdı.
2017-ci il mart ayında Skytrax Heydər Əliyev Beynəlxalq Aeroportunu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında ən yaxşısı adlandırıb.
2017-ci il sentyabr ayında AZAL QSC-nin tərkibinə daxil olan loukoster "Buta Airways" uçuşları həyata keçirməyə başlayıb.
2018-ci il iyun ayından Heydər Əliyev Beynəlxalq Aeroportunda "Azəraeronaviqasiya" HHİ-nin nəzdində Azərbaycan Hava Məkanına Nəzarət və Səmərəlilik Mərkəzinin (ASEC) rəsmi açılışı olub.
2021-ci ilin oktyabr ayında Füzuli Beynəlxalq Hava Limanının açılışı baş tutub.
2022-ci ilin oktyabr ayında Zəngilan Beynəlxalq Hava Limanının açılışı baş tutub.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |