Gəncə Beynəlxalq Hava Limanı — Gəncə şəhərində ən böyük beynəlxalq hava limanı. Gəncə Hava Limanı uzun müddət hərbi aerodrom kimi istifadə olundu. Vaxtı ilə SSRİ Hərbi Hava Qüvvələrinin bazasında olmuşdur. SSRİ vaxtı aerodrom müştərək bazalı aerodrom idi, burada aeroport və hərbi aerodrom yerləşirdi. SSRİ dağıldıqdan sonra hərbi aviasiya Rusiyanın aerodromlarına köçürüldü.
Gəncə Beynəlxalq Hava Limanı | |
---|---|
40°44′16″ şm. e. 46°19′03″ ş. u.HGYO |
|
IATA: GNJ[1] – ICAO: UBBG | |
Məlumat | |
Hava limanı tipi | Mülki |
Ölkə | |
Yeri |
Gəncə Azərbaycan |
Sahibkar | Azərbaycan Hava Yolları |
Xəritə | |
|
Böyük Vətən müharibəsi dönəmində aviabaza ehtiyat qırıcı polkunun təlim düşərgəsi rolunu oynayırdı. 1942-ci ilin yanvarından 1946-cı ilə qədər olan dövrdə Zaqafqaziya Cəbhəsi Hərbi Hava Qüvvələrinin 4-cü ehtiyat aviasiya briqadasının 11-ci ehtiyat qırıcı aviasiya alayı aerodromda yerləşirdi. 1945-ci ilin dekabrından 1953-cü ilin sentyabrına qədər burada 761-ci qırıcı aviasiya polku yerləşirdi. Bu alay yenidən cəbhə üçün 23-dən çox döyüş alayı hazırladı və təşkil etdi. Yeni alayların pilotları burada Petlyakov Pe-2, Republic P-47 Thunderbolt, North American B-25 Mitchell və digər təyyarələrdə təlim keçirdilər.
İlk dəfə 1948-ci ildə Gəncədə (Kirovabadda) aeroportun tikilişinə başlanılmış, 1951-ci ildə sona çatıb istifadəyə verilmişdir. Bu aeroport süni örtüklü uçuş-enmə zolaqları ilə təchiz olunmuşdu və Yak-40 reaktiv təyyarələrini qəbul etmək imkanına malik idi. 1945-ci ilin dekabrından 1963-cü ilə qədər burada 259-cu qırıcı aviasiya polku dislokasiya olunurdu. Sonrakı illərdə burada 36-cı bombardmançı aviasiya polku yerləşdirilir. Burada Su-24 YK-9, YK-3, MiQ-15 və MiQ-17 hərbi təyyarələri yerləşdirilmişdi. SSRİ-nin dağılmasının elanından bir gün sonra, 26 dekabr 1991-ci ildə Sovet ordusunun hərbi birlikləri Gəncə aviabazasını tərk edirlər.[2]
Azərbaycan respublikası nazirlər kabinetinin qərarı ilə 1996-cı ildə beynəlxalq status almış Gəncə Beynəlxalq Hava Limanının güc əmsalı, təklif etdiyi xidmətlərin səviyyəsi obyektiv səbəblər üzərindən dünya mülki aviasiyasının daim təzələnən təzələnən tələblərinə cavab vermirdi. Aeroportun 1964-cü ildən istismar olunan uçuş-eniş zolağı yalnız orta tipli və hərbi təyyarələri qəbul edə bilirdi. Buna görə Gəncə Hava Limanı 2006-cı ildə yenidən tikilmiş və həmin ildə Beynəlxalq Hava Limanı statusunu qazanmışdır. Yenidənqurma işlərində 1500 nəfər çalışmışdır. Sovet dövründə qurulmuş bütün avadanlıq tamamilə yeniləşdirilmişdir. Hava limanının İCAO kodu UBBG, İATA kodu isə KVD-dir.[3] Hava limanında 1 saat ərzində 300 sərnişinə xidmət göstərmək imkanı vardır. Gəncə aeroportunda 2005-ci ildən başlanan yenidənqurma işlərinə 40 milyon dollara yaxın vəsait ayrılıb. Mütəxəssislər Gəncə beynəlxalq hava limanının rentabelli olması üçün aeroportun daha çox tranzit kimi istifadə edilməsini məqbul hesab edirlər.[4] 2007-ci il aprelin 6-da Gəncə Beynəlxalq Hava Limanı Honkonq-Budapeşt marşrutu ilə uçan 400 tonluq Boeing-747 yük təyyarəsini qəbul edib. Bu, Gəncə aeroportunun qəbul etdiyi beynəlxalq marşrutla uçan ilk təyyarə oldu.[5]
2020-ci ildə İkinci Qarabağ müharibəsi başlanmazdan öncə Azərbaycan və Türkiyə ordularının birlikdə keçirdikləri hərbi təlimlər zamanı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 qırıcı təyyarələri 31 iyulda Gəncə Beynəlxalq Hava Limanına eniş edərək təlimlərdə iştirak etdilər. Təyyarələr təlimlər bitdikdən sonra da Gəncədə qalmış, İkinci Qarabağ müharibəsi zamanı Gəncə şəhəri Ermənistan ordusu tərəfindən aktiv şəkildə raket və artilleriya hücumuna məruz qaldığı üçün cəbhədən daha aralı olan Qəbələ Beynəlxalq Hava Limanına köçürülmüşdülər. Prezident İlham Əliyev xalqa müraciətində həmin təyyarələrin Azərbaycanda olmasını təsdiqləsə də, onların Qarabağdakı hərbi əməliyyatlarda iştirak etmədiyini bildirib, əgər müharibəyə hansısa üçüncü tərəfin müdaxilə edəcəyi təqdirdə F-16 təyyarələrinin Azərbaycanı qoruyacağını deyib.[6] Bəzi iddialara görə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun pilotsuz təyyarələrinin idarəetmə mərkəzi Gəncə Hava Limanında yerləşirdi.[7]
12 avqust 2021-ci ildə Azərbaycan Hava Yollarının yaydığı məlumata görə, 10 sentyabr 2021-ci ildən etibarən Gəncə Beynəlxalq Hava Limanın IATA kodu "KVD"-dən "GNJ"-ə dəyişildi.[8]
Aeroportun ümumi sahəsi 15 min kvadrat metrdən çoxdur. Beynəlxalq mülki Aviasiya Təşkilatının tələblərinə cavab verən yeni 3 mərtəbəbəli aerovağzal binası saatda 300 sərnişinə xidmət gösrərir. Bu aerovağzal yeni texnoloji avadanlıqlarla, aviabiletlərin qeydiyatı, gömrük və sərhəd xidməti nəzarət postları ilə təmin edilib. Uzunluğu 3300 metr olan yeni uçuş-enmə zolağı ağır tipli təyyarələri qəbul etməyə imkan verir. Uzunluğu 2490 metr olan digər beton uçuş enmə zolağı isə illərdir ki, istifadə edilmir və lazımi naviqasiya avadanlıqları ilə təchiz edilməyib. Aeroportun bəzən hərbi təyyarələr tərəfindən də istifadə edilməsi bu uçuş-enmə zolağının da yenidən qurulmasını zəruri edir. Buradan həm də Avropa və Asiyaya uçuşları həyata keçirən Azərbaycanın və xarici dövlətlərin aviaşirkətlərinin təyyarələri üçün tranzit ehtiyat hava limanı kimi də istifadə ediləcəkdir. A-319 aerobusları və AN-140 təyyarələri ilə Moskva, Sankt-Peterburq, Kiyev, Bakı, Naxçıvan, Təbriz, Qars, Rostov, Volqoqrad və Mineralnıye-Vodı şəhərlərinə uçuşların təşkili nəzərdə tutulmuşdur. Zəruri hallarda İl-76 və AN-12 təyyarələri ilə yükdaşımalar da həyata keçiriləcəkdir. Azərbaycanda fəaliyyət göstərən xarici aviaşirkətlərə Gəncə hava limanından müxtəlif reyslər təklif olunacaqdır. Hava limanında 200 daimi işçi çalışır. Yenidənqurma zamanı aeroportda 2 min kvadratmetr olan yük terminalı, sahəsi 100 min kvadratmetr olan yeni asfalt-beton örtüklü perron, 80 min kvadratmetr sahədə yönəldici yol, aeroportun perimetri boyu 20 kilometr mühafizə hasarı, nəzarət-buraxılış məntəqələri, transformator stansiyası, yanacaqdoldurma məntəqəsi, yanğınsöndürmə binası və başqa mühüm obyektlər inşa olunmuşdur. Aerodrom ərazisində 400 min kvadratmetr sahədə asfalt-beton döşənmişdir. Aerovağzaldan Gəncə – Qazax magistralına qədər uzunluğu 3 kilometr, sahəsi isə 55 min kvadratmetr asfalt-beton yolun tikintisi tamamlanmışdır.