Abılay xan (1711[1], Türkistan – 23 may 1781, Daşkənd) — Orta juzun, sonra isə bütün Qazax xanlığının qurultayda seçilmiş xanı, Qazaxıstanın azadlıq və müstəqillik simvolu (1711–1781)
Abılay xan | |
---|---|
Orta Juz dövlətinin xanı | |
Əvvəlki | Abulmambet xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | suveren[d] |
Atası | Korkem Vali sultan |
Ailəsi | Çingizlilər |
Dini | sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
Əsl adı Əbilmənsur olan və sonralar babasının adı ilə Abılay xan kimi tanınan bu böyük və cəsur insan 1711-ci (1713) ildə o dövrün məşhur xanı Korkem Vali sultanın ailəsində anadan olub. Uşaq ikən cəsurluğu və döyüşkənliyi ilə seçilən Əbilmənsur dərhal ətrafındakıların diqqətini cəlb etmişdi. Oğlunun cəsurluğunu görən atası onun haqqında fəxrlə: "Onun gözlərində qorxu yoxdur. O, ölümündən qorxmur, ondan yaxşı sərkərdə çıxacaq",-demişdi.
Hələ gənc ikən Abılay həm də müdrik bir insan təsiri bağışlayırdı və o ən çətin vəziyyətlərdən belə çıxış yolu tapa bilirdi. Ona görə də ona "Aruvaq" (ataların ruhu) ləqəbini vermişdilər.
Abılay 13 yaşında olanda Cunquriya xanı Tsevan Rabdan Orta Cüzə hücum etdi. Bu hücum zamanı Abılayın atası qəhrəmancasına həlak oldu. Ancaq düşmən güclü idi və ona görə də Orta Cüzün əhalisi Səmərqəndə çəkilməyə məcbur oldu. Abılay xan isə qisas almaq üçün alışıb yanırdı və ona görə də bir neçə dəfə Cunquriya xanına qarşı yürüşdə iştirak etdi. Bu yürüşlərdə onun göstərdiyi qəhrəmanlıqlar qazaxların dilində dastana çevrilmişdi. Hər yerdə onu məşhur bir qəhrəman kimi tərifləyirdilər. 1739-cu ildə Abulmambet Orta Cüz xanı seçildi. Abılaya isə Orta Cüzün hərbi qüvvələrinə başçılıq etmək (müdafiə naziri vəzifəsi) tapşırıldı. 1741-ci ildə Abılay xan Cunquriya ordusuna ağır zərbə vuraraq, onların məşhur əyanını öldürdü. Ancaq 1742-ci ildə Cunquriya xanının hücumu zamanı düşmən Abılay xanı mühasirəyə aldı. Qızğın döyüşlərdən sonra Abılay xan əsir alındı. Əsirlikdə Abılay xan monqol və mancur dillərini öyrəndi. Əsirlikdə o, məşhur Oyrot xanı Amırsanla dostlaşdı. 1743-cü ildə qohumları Abılay xanın yerinə digər bir girov verərək, onu əsirlikdən azad etdilər. Abılay xan azad edildikdən sonra düşmənə qarşı siyasi savaşı önə çıxartdı. O, Cunquriya və Çin imperiyası arasında olan düşmənçilikdən məharətlə istifadə etməyə başladı. Həmin dördə Rusiya da Qazaxıstan çöllərinə doğru irəliləməyə başlamışdı. Bunu görən Abılay xan Rusiya ilə Çin arasında manevr etməyə başladı və buna görə də Orta Cüzdə əmin-amanlıq bir müddət bərpa edildi. 1771-ci ildə Abulmambet xan öldü. Bununla bağlı Orta Cüzdə keçirilən yığıncaqda əyanlar Abılay xanı yeni xan seçdilər. Abılay xan bundan sonra qısa müddətdə dağınıq halda olan qazaxları və digər xalqları bir dövlətdə birləşdirdi və ona rəhbərlik etməyə başladı. Bu dövlətin sərhədləri indiki Ural ətrafını, Volqaboyui, Qazaxıstan, Özbəkistan və Türkmənistanın böyük hissəsini əhatə edirdi. Abılay xan Çin və Rusiya ilə isti münasibətlərə girərək, onların öz ərazilərinə hücum etməsinin qarşısını ala bildi. Onun olduqca incə siyasət yeritməsi və mahir bir strateq kimi düşmənlərini neytrallaşdıra bilməsi barədə Rusiya və Çin arxivlərində çoxlu sayda məlumat var. Abılay xan ölənə kimi dövlətinin müstəqilliyini qoruyub saxlaya bildi. Onun ən böyük xidmətlərindən biri də qazaxları öz ətrafında birləşdirməsi, onları milli ruh üzərində kökləyə bilməsi idi. Ona görə də qazaxlar arasında böyük hörmət və məhəbbət qazandı. Qazax xalqının bu böyük oğlu Abılay xan 1781-ci ildə indiki Daşkənddə vəfat etdi. Çox təəssüflər olsun ki, onun qurduğu bu dövlət ölümündən sonra dağıldı. Abılay xanın ölümündən illər sonra onun qurduğu dövlət ruslar tərəfindən işğal edildi. Ancaq məşhur siyasətçi və dövlət xadiminin birlik ideyaları hədər getmədi, Abılay xan tərəfindən əsası qoyulan qazax xalqının müstəqillik ideyası, müstəqil dövlət quruculuğu ruhu yaşamaqda davam edərək əsrlər sonra Qazaxıstanın öz müstəqilliyini əldə etməsinə gətirib çıxardı. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev "Tarixin axarında" adlı kitabında Abılay xan haqqında belə yazır: "Qazax xalqını birləşdirən və onu müstəqillik üzərində kökləyən Abılay xan öz qəhrəmanlığı ilə gələcək nəsillər üçün azadlıq və müstəqillik nümunəsinə çevrildi. Qazax xalqı Abılay xanın azadlıq və qəhrəmanlığından ruhlanaraq, öz müstəqillikləri uğrunda mübarizəyə qalxdı və nəticədə istədiyinə nail oldu. Abılay xan mahir bir siyasətçi, dövlət xadimi və cəsur sərkərdə kimi qazax xalqının ürəyində sonsuzacan yaşamaqda davam edəcək".
Qazaxıstan müstəqilliyini əldə etdikdən sonra Abılay xanın adı əbədiləşdirildi. Bir çox küçələrə onun adı verildi. Almatıda onun at üzərində heykəli qoyulub. 100 təngə dəyəri olan ilk milli valyutanın üzərində Abılay xanın əksi var. Qazaxıstan Beynəlxalq Əlaqələr və Xarici Dillər Universitetinə Abılay xanın adı verilib. 2001-ci ildə Abılay xanın adına poçt markası buraxılıb. 2008-ci ilin avqust ayında Petropavlovsk şəhərində Abılay xanın iqamətgahı — muzey kompleksi açılıb. Muzeyin qabağında Abılay xanın at üzərində bürüncdən hazırlanmış abidəsi ucaldılıb. Bu il Qazaxıstanda Abılay xanın 300 illiyi böyük təntənə ilə qeyd ediləcək. Yubileylə bağlı ölkənin paytaxtı Astanada ona heykəl qoyulması, onun adına orden təsis edilməsi və Şuşinsk şəhərinin Abılay xan adlandırılması gözlənilir.