Abrizəgan — Zərdüşt festivalı. Azərbaycanda da tarixən qeyd edilib.
Tarixi qaynaqlardan məlum olur ki, Azərbaycanda Abrizəgan bayramı adlı su bayramı olmuşdur. Bir sıra xalq bayramları kimi bu bayramın da tarixi çox-çox qədimlərə aid edilir. Əfsanəyə görə o, Yer üzündə suların yaranması və yeddi-illik quraqlıq illərindən sonra yağmış leysan yağışın şəninə keçirilirdi. Qədim "Avesta təqvimi"nə görə, bayram ilin dördüncü ayı olan tir ayının 30-da (17-18 iyul) qeyd olunurdu.
Məlumdur ki, yay fəslinin başlanması ilə istilər get-gedə şiddətlənir, əkin sahələri daha çox su tələb edir. Məhz bu dövrdə ümidini yağışa bağlayan əkinçilər su bayramı Abrizəgan bayramı keçirirmişlər. Bu vaxt ilk növbədə yağışın süni əlamətlərini yaratmağa səy göstərirdilər. Bayram günündə su ilə əlaqədar mərasimlər icra edilərdi. Hamı əllərində müxtəlif su qabları və musiqinin müşayiəti ilə çay kənarına, bulaq başına, yaxud hər hansı bir su hövzəsi yanına toplaşaraq çalıb oynayır, bir-birinin üstünə su atır, bir-birini suya itələməyə çalışardılar. Qabı su ilə doldurub yan-yörəyə səpməklə yağışın özünü çağırmaq kimi ayinlər, oyun və əyləncə xarakterli mərasimlər icra edərdilər.