Azərbaycanlılarda Xızır Nəbi bayramı

Azərbaycanlılarda Xızır Nəbi bayramı
Naxçıvanda Xızır Nəbi süfrəsi
Daxil olduğu ay Kiçik Çillə

Azərbaycanlılarda Xızır Nəbi bayramıAzərbaycan mühitində Xızır Nəbi bayramının qeyd edilməsi və bununla bağlı adət-ənənələr.

Tarixi-mədəni arxa plan

[redaktə | mənbəni redaktə et]

Azərbaycanlılarda Xızır və İlyas kultu

[redaktə | mənbəni redaktə et]
Xızır peyğəmbər. Fransa Milli Kitabxanası

Xızır Nəbi mifik qəhrəmanı baharla əlaqəli olan, yaşıllıq və su kultudur. O, boz at sürən qoruyucu şəklində təsvir edilir.[1] Azərbaycan əfsanələrində nadir də olsa, Xızır və bozqurdun bir-birinin yerinə keçdiyini görmək mümkündür.[2] "Kitabi-Dədə Qorqud"da isə Xızır Buğacın yarasını 3 dəfə oxşayıb, ona lazım olan məlhəmi (dağ çiçəyi və ana südü) deyir.[3]

Azərbaycan mifologiyasında Xızır Nəbi bayramının Xızır və İlyasın şərəfinə keçirilməsi ilə bağlı rəvayətlər var. Bir fikrə görə, Tanrı İlyasa suyun, Xızıra isə yaşıllığın hamisi vəzifəsini vermişdir və bu vəzifəyə görə onlar bir-birindən ayrı-ayrı qalırlar. Azərbaycanlıların inanclarına görə, Novruzdan 40 gün əvvəl iki qardaş bərəkət vermək, xəstələri sağaltmaq, insanların arzularını yerinə yetirmək üçün yer üzündə görüşürlər.[4]

Müddəti və adlandırılması

[redaktə | mənbəni redaktə et]

Yalquzaq zamanı və ya "Xızır Nəbi günləri" Kiçik Çillənin ilk 10 günlüyüdür. Bu sərt soyuq vaxtlar Xızır Nəbi ilə əlaqələndirilir və "Xıdır girdi, qış girdi, Xıdır çıxdı, qış çıxdı" deyilir.[5]

Azərbaycanlılar Xızır Nəbi bayramını Novruz bayramından 6 ay əvvəl, fevral ayının ortalarında qeyd edirlər.[6] Digər istifadə edilən tarixlər qışın 12 soyuq gününün 10-cusu və ya qışın son 3 günüdür (25–28 fevral). [7][8] Xızır Nəbinin bayramının Novruz bayramı kimi dəqiq tarixi olmamasının səbəbi odur ki, Səlcuq dövründə qəbul edilən Cəlali təqvimində Xızır Nəbi bayramı yox idi. Bundan başqa Xızır Nəbi bayramı Novruzun yayıldığı kimi böyük etno-mədəni ərazidə yayılmamışdı.[8] Türkiyədə və Cənubi Qafqaz yaşayan qarapapaqlar Azərbaycan mühitinə yaxın yaşadıqları üçün Xızır Nəbi bayramını azərbaycanlılarla oxşar şəkildə, fevral ayında qeyd edir.[9]

İran Azərbaycanında ayrımlar fevral ayını "qurd cütləşmə ayı" və ya "Xızır Nəbi ayı" adlandırırlar.[10] Təbriz azərbaycanlıları Xızır Nəbi bayramını "Əli Heydər bayramı" da adlandırırlar.[10]

Xızır Nəbi bayramı azərbaycanlılar üçün Novruzdan sonra ikinci ən vacib bayramdır.[11] Bu bayram Azərbaycan Respublikasının cənub rayonlarında və Şirvanın düzlük ərazilərində qeyd edilmir. Novruz bayramının yaxşı qeyd edildiyi yerlərdə Xızır Nəbi qeyd edilmir və ya zəif qeyd edilir. Xızır Nəbi bayramının yaxşı qeyd edildiyi yerlərdə isə Novruz bayramı güclü qeyd edilmir. B. Abdulla, G. Pənah, and A. Xürrəmqızı bu bayramın quruluşunu ritual prosesi olaraq təsvir etmişdir. [1]

Xızır Nəbi bayramı eyniadlı mifik qəhrəmanın şərəfinə keçirilir. Mərasimdə oxunan mahnılar vasitəsilə, insanlar Xızırdan bahar və istiliyin tez gəlməsini, onun əkin sahələrinə, çəmənlik, məhsullar və bağlara xeyir-dua verməsini istəyirlər.[1] Mərasim üçün qovut (odda pişirilmiş buğda unundan) hazırlanır. Günəş və yazın rəmzi olaraq, pişirilmiş yumurtalar qırmızı və yaşıl rəngə boyanır.[7]

Bayramın ən vacib anı Xızır Nəbi gecəsidir. Xızır Nəbi gecə xeyir-dua üçün gəlir. Mərasimdən əvvəlki gün uşaqlar alma çubuqlarını bağdan qoparıb evə gətirir, pambıq yununa bükürlər. Hər çubuq ayrıca bir mənanı ifadə edir: inkişaf, sağlamlıq, məhsul bolluğu, mal-qaranın artması və s. Günəş batanda çubuqlar şam kimi yandırılır. Qovut yeməyinə gün çıxana qədər heç kəs toxuna bilməz. Çünki gecə xeyir-dua paylayan Xızır Nəbi boz atı ilə gəlir, qamçısı ilə qovuta toxunur və payını götürür. Səhər qovutu yoxlayan insanlar Xızırın qamçısının izini axtarırlar, izi görəndə xoşbəxt olurlar. Çünki bu fakt özü həmin evin Xızır Nəbinin xeyir-duasını əldə etdiyini göstərir. Ailə üzvləri qovutu öz aralarında paylaşır və yeyirlər.[7] Qovrulan buğdadan isə toyuqlara, qarışqalara pay verilir və bu yolla evə gələ biləcək xəstəliklərin qarşısını alınır.[12] Uşaqlar bayram gecəsi boyunca evləri gəzir, mahnı oxuyur və pay yığırlar. Həmin gün ləzzətli yeməklərlə birlikdə yazın gəlişini simvolizə edən qarpız da süfrəyə qoyulur.[7]

Bu bayramda oğlan evlənəcəyi qıza, ata isə evlənib köçmüş qızına bayram payı göndərir. Adətə görə, nişanlı qızın gözü oğlanın evində, evlənmiş qızın gözü isə ata evində qaldığı üçün onların gözünü yolda qoymaq olmaz.[12] Naxçıvanda Cəhriçay hövzəsi və ona yaxın kəndlərdə isə qız evi nişanlı oğlana "Xızır payı" gətirər. Bunun səbəbi Xızırın kişi olması və bayramın da ona görə kişilərə aid edilməsidir.[13]

Digər bir Naxçıvan adəti isə, Xızır Nəbi bayramında meyvə verməyən ağacın və yumurtlamayan toyuğun qorxudulmasıdır. Bu adətə görə, səhət tezdən ev sahibi əlinə balta alaraq, ağacı kəsəcəyini hamıya elan edir. Bunu eşidənlər gəlib, baltanı onu əlindən alırlar və ağacı kəsməyib, dibinə qovrulan buğdadan tökməsini, budaqlarına qırmızı və yaşıl parça bağlamasını tövsiyə edirlər. İnanılır ki, belə edilsə, ağac bar verəcək. Toyuqları qorxutmaq üçün isə onlar səhər tezdən kəsilmək üçün dəyirmana aparılar. Ancaq yenə yolda bir adam məsləhət verər ki, toyuğun buğdasına Xızır Nəbi bayramında qovrulmuş buğda əlavə edilsin. Beləliklə, toyuğun yumurta verəcəyinə inanılır.[13]

  1. 1 2 3 Albaliyev, 2022. səh. 1082
  2. Kahraman, Arıkan, 2015. səh. 17
  3. Gadirzade, 2017. səh. 6-7
  4. Gadirzade, 2017. səh. 2
  5. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 16
  6. Kahraman, Arıkan, 2015. səh. 15
  7. 1 2 3 4 Albaliyev, 2022. səh. 1083
  8. 1 2 Albaliyev, 2022. səh. 1084
  9. Aslan, 2015. səh. 210
  10. 1 2 Kahraman, Arıkan, 2015. səh. 18
  11. Albaliyev, 2022. səh. 1081
  12. 1 2 Gadirzade, 2017. səh. 3
  13. 1 2 Gadirzade, 2017. səh. 4
  • Albaliyev, Shakir Alif oglu. 2022. "The Ritual-Mythological Semantics of the Azerbaijan Khidir Nabi Holiday". Etnoantropološki Problemi / Issues in Ethnology and Anthropology 17 (3):1081–1100. https://doi.org/10.21301/eap.v17i3.13.
  • Arık Gadirzade, T. (2017). AZERBAYCAN TÜRK KÜLTÜRÜNDE HIDIR-NEBI BAYRAMI. Avrasya Uluslararası Araştırmalar Dergisi, 5(11), 1–8. https://doi.org/10.33692/avrasyad.509456
  • Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.
  • Aslan, Serkan. "Karapapak-terekeme türklerinde Xıdırellez geleneği". Millî Folklor (108). 2015.
  • Kahraman, D. D. N., & Arıkan, Y. D. D. R. (2015). Orta Asya’dan Bilecik’e Hıdırellez. Türk Dünyası İncelemeleri Dergisi, 15(1), 13–28.