Aləmin yatdığı vaxt

Aləmin yatdığı vaxtAzərbaycan xalq inanclarında qışın qurtardığı, yazın başladığı mistik vaxt. Bu vaxt təbiətin təzələnməsini simvolizə edir.

Təsviri[redaktə | mənbəni redaktə et]

Aləmin yatdığı vaxt Novruz bayramına açılacaq gecə gündüzə çeviriləndə, bulaqlar, dərələr, çaylar, yəni bütün axan sular bir anlığına dayanıb, təkrar axanda baş verir. Bu zaman canlı və cansız aləmdə olan hər şey bir anlıq yatır və sonra oyanır. Bunun mənası ölüb-dirilmədir. Həmin vaxtda kim nə arzu diləsə, yerinə yetər.[1]

Hər şey təzələndiyi üçün gecə evdəki köhnə su atılmalı, bütün qablar təzə su ilə yuyulmalıdır. İnsanlar çeşmə başına gedib, əl-üzünü yuyar, su üstündən atılıb, evə yeni su gətirərlər.[2] Xalq inancına görə, biri sudan götürüb, xəmir yoğursa, sudakı balaca daşlardan evə gətirib, yağ küpünə, çörək qabına və ya evin bir bucağına qoysa, o evdə çörək bol olar.[1]

Aləmin yatdığı vaxt deyilən zaman perioduna yaradılışdan bəri keçmiş bütün zamanlar daxildir. Mənası yaradılışın təzələnərək yenidən canlanmasını simvolizə etməsidir. Bu vaxt hər gələndə dünya yenidən təzələnir və buna görə də aləmin yatdığı vaxt yaradılış anını simvolizə edir. Aləmin yatdığı vaxt deyilən period dünyanın başlanğıcının bir anını özündə saxlamışdır və buna görə də təbiətin sonsuz ölüb-dirilmələr dövranında əbədi yaşayışı canlandıran bir rəmzdir. Yəni aləmin yatdığı vaxtda köhnə nə varsa, yuxuya gedər, oyanması, başqa bir deyişlə ölüb-dirilməsi ilə hamısının adı simvolik olaraq "dəftərdən silinər". Bu anlayış təbiət və yaradılışın davamlılığına dair köhnə düşüncədən gəlir. Aləmin yatdığı vaxt inancındakı ölüb-dirilmə motivi türk tanrıçılıq inanclarının izlərini daşıyır.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

  • İlqayax — türk və altay xalq mədəniyyətində yeni ilin başlanğıcı.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Beydili, 2003. səh. 42
  2. Beydili, 2003. səh. 431

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, 2003, Yurt Yayınevi  (türk.).