Adıgey tarixi

Adıge ərazisində ilk insan izləri Erkən Paleolit dövrünə aiddir.[1] E.ə.I-ci minilliyin ortalarına aid yazılı abidələrdə adıqların əcdadları meotlar, sindlər, kerketlər və s. adlarla məlumdur.[2] Hunların ardınca IV–IX əsrlərdə Şimali Qafqaz avarların, Bizansın, bulqarlarınxəzərlərin hücumlarına məruz qalmışdı. VI əsrin sonlarından 630-cu ilə dək Adıge Göytürk xaqanlığının nəzarəti altında olmuşdur.

Adıge Dneprboyu slavyanlar, Qafqaz xalqları və Yaxın Şərq ölkələri ilə ticarət aparırdı. XIII əsrin 2-ci yarısından XV əsrin 1-ci yarısınadək Qara dəniz sahillərində yerləşən Genuya şəhər-koloniyaları Adıgenın tarixi-mədəni inkişafında və ticarətində mühüm rolu olmuşdur. Əsasən çörək, meyvə, kürü, mis, mum, xəz və qul ixrac olunur, duz, parça, silah və bəzək əşyaları idxal edilirdi. XIII əsrdə Adıge Qızıl Ordaya tabe oldu. 16–18 əsrlərdə Osmanlı imperiyasıKrım xanlığının Adıge ilə müharibələri nəticəsində burada islam dini yayılmağa başlamışdı. XVI əsrdə Adıge Rusiyanın himayəsinə sığındı. XIX əsrin 60-cı illərində adıgelərin kütləvi surətdə Osmanlı imperiyasına köçürülməsi nəticəsində Adıgedə onların ancaq 5% qaldı. 

1888-ci il martın 21-də III Aleksandr Kuban və Tersk vilayətləri və Çernomorsk quberniyasında idarəçiliyin təsisi haqqında yeni əsasnamə imzaladı. Əsasnaməyə görə, inzibati-ərazi vahidlərində mülki idarələr ləğv edilərək hərbi-kazak idarəçiliyi yaradıldı. 1918-ci ilin yanvarında Adıgedə Sovet hakimiyyəti quruldu. Həmin ilin mayında Kuban-Qara dəniz Sovet respublikasına daxil oldu. 1918-ci ilin payızında ağqvardiyaçılar Kuban və Adıgeni ələ keçirdilər. 1920-ci ilin martında Adıgedə Sovet hakimiyyəti bərpa olundu.

1922-ci il 27 iyulda Çərkəz (Adıge) MV yaradıldı. 1922-ci il avqustun 24-dən Adıge (Çərkəz) MV, 1928-ci il avqustun 13-dən isə Adıge MV adlandırıldı. 1923–24 illərdə Cənub-Şərq vilayəti, 1924–34 illərdə Şimali Qafqaz ölkəsi, 1934–37 illərdə Azov–Qara dəniz ölkəsi, 1937–91 illərdə isə RF-nin Krasnodar diyarına daxil idi. Vilayətin mərkəzi əvvəlcə Krasnodar, 1936-cı ildən isə Maykopdur. 1991-ci il iyunun 28-də Adıgenın dövlət müs təqilliyi haqda bəyanat qəbul edildi. RSFSR-in 1991-ci il 3 iyul qanununa əsasən RSFSR tərkibində Adıge SSR yaradıldı. 1992-ci il martın 24-də müasir adı qəbul edildi.[3] 

Adıge Respublikası // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 89–92. ISBN 978-9952-441-02-4.

  1. Минаева Т. М. Очерки археологии Ставрополья. Каменный век Arxivləşdirilib 2015-11-27 at the Wayback Machine // Ставрополь в описаниях, очерках, исследованиях за 230 лет / Под ред. проф. В. А. Шаповалова, проф. К. Э. Штайн. — Ставрополь: Издательство Ставропольского государственного университета, 2007. — 1344 с.
  2. Зихи // Большая советская энциклопедия / Гл. редактор А. М. Прохоров. — 3 издание. — Москва: "Советская Энциклопедия", 1973. — 629 тыс, экз.
  3. "Закон Республики Адыгея от 23 марта 1992 года № 1-1 «Об изменении наименования Республики Советская Социалистическая Республика Адыгея»". 2016-01-13 tarixində arxivləşdirilib.