Alazan- Əyriçay fiziki- coğrafi rayonu

Alazan- Əyriçay fiziki- coğrafi rayonu - rayon eyniadlı çökəkliyi əhatə edib, Baş Qafqaz silsiləsinin cənub ətəkləri ilə Acınohur öndağlığı arasıda yerləşir. Alazan – Əyriçay çökəkliyi cənub yamac çaylarının yerli eroziya bazisi olduğundan burada çaydaşı və qumlardan ibarət allüvial çöküntülər qalın örtük yaratmışdır. Fiziki — coğrafi rayonun şimal hissəsi selli çayların gətirmə konuslarından təşkil olunub qabarıq səthə malikdir. Gətirmə konusları yuxarı hissəsədən konuslararası çökəkliklərlə ayrılır. Burada toplanan çay çöküntüləri iri həcmli olması ilə seçilir. Rayonun ərazisi düzənliyin meşə və meşə- çəmən landşaftı ilə örtülmüşdür. Bu landşaftlar ərazinin əlverişli tektonik və litoloji şəraitə malik olması sayəsində, qrunt sularının səthə yaxın yerləşməsi ilə əlaqədar olaraq formalaşmışdır.

Rayonun Topçu kəndi yaxınlığında və başqa sahələrinə düzənlik meşələri ilə alçaq dağ meşələri bir- biri ilə birləşərək meşə örtüyü yaradır. Lakin insanların çoxəsrlik təsərrüfat fəaliyyətilə əlaqədar düzənlik meşələri əsaslı şəkildə qırılıb məhv edilmış, onun yerində bağ və əkin sahələri yaradılmış və yaxud da kollu, seyrək meşəli çəmənlik əmələ gəlmişdir.

Alazan — Əyriçay rayonu Azərbaycanda kənd təsərrüfatının inkişafında, xüsusilə fındıq, qoz, şabalıd, barama qızılgül istehsalında mühüm rol oynayır. Çay plantasiyalarını genişləndirmək imkanı da vardır.[1]

  1. Azərbaycan Respublikası Konstruktiv Coğrafiyası. Bakı-Elm — 1996, I cild