Kür çökəkliyi fiziki-coğrafi vilayəti

Kür çökəkliyi fiziki-coğrafi vilayəti — Azərbaycanın fiziki-coğrafi vilayəti.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Kür çökəkliyi vilayəti Böyük və Kiçik Qafqaz dağlarının arasında yerləşir və respublika ərazisinin 1/3-ni əhatə edir. Vilayətin sahəsi şimal-qərbdən (Qarayazı düzündən) cənub-şərqə (Xəzər sahillərinə qədər) doğru genişlənir. Vilayətdə Gəncə-Qazax, Qarabağ, Şirvan, Muğan, Mil, Salyan, Cənub-Şərqi Şirvan və Arazboyu (Hərami, Gəyən və s.) düzləri yerləşir. Kaynozoy yaşlı (xüsusilə, Dördüncü dövr) çöküntülər üstünlük təşkil edir. Vilayətin qərbindəki dağ ətəyi düzənliklərdə (Şirvan, Qarabağ, Mil) çayların gətirdiyi çöküntülər, şərqində isə dəniz çöküntüləri üstünlük təşkil edir. Vilayət neft, təbii qaz, müxtəlif tikinti materialları ehtiyatlarına malikdir. Dünyada yeganə müalicə nefti də burada (Naftalanda) yerləşir.

Geoloji vahidləri - Şirvan, Cənub-Şərqi Şirvan, Qarabağ, Mil, Muğan, Salyan, Gəncə-Qazax düzənlikləri, Acınohur-Ceyrançöi ön dağlığı, Qanıx-Əyriçay vadisi.

Faydalı qazıntıları - neft-qaz, tikinti materialları, Naftalan müalicə nefti, palçıq vulkanları, vilayət çökmə süxurlardan təşkil olunduğundan filiz yataqları yoxdur.

Vilayətdə Qanıx-Əyriçay vadisini çıxmaq şərti ilə yalnız bir iqlim tipi - qışı mülayim, yayı quraq keçən yarımsəhra və quru çöl iqlimi (quru subtropik) hakimdir. Orta illik temperatur +140C, orta illik yağıntı 200–1000 mm-dir. Qanıx-Əyriçay Azərbaycanın 2-ci rütubətli subtropik zonası olub, vilayətin ən çox yağıntı alan sahəsidir.

Çayları tranzitdir (yəni başqa ərazilərdə formalaşır). Vilayətin daxilində daimi axarlı çay formalaşmır. Əsas çayları Kür, Araz və onların qollarıdır. Artezian (Azərbaycanda 1-ci yer) və qrunt suları ilə zəngindir. Suvarma kanallarının sayı çoxdur. Gölləri - Acınohur, Mehman, Ağgöl, Hacıqabul, Sarısu, Candargöl və s. Su anbarları - Mingəçevir, Varvara, Şəmkir, Bəhramtəpə, Cavanşir, Ağstafa, Coğaz və s. Su kanalları - Yuxarı Şirvan, Yuxarı Qarabağ, Baş Mil, Baş Muğan, Sabir, Əzizbəyov və s.

Torpaq örtüyü

[redaktə | mənbəni redaktə et]

Torpaqları - boz, boz-qonur, boz-çəmən, açıq şabalıdı, şoran və s. Pambıq, taxıl, üzüm əkilir. Qış otlağı kimi istifadə olunur. Son illər əkin sahələri və yaşayış məntəqələri genişləndiyindən qış otlaqlarının sahəsi azalır.

Vilayətin əsas hissəsini yarımsəhra və quru çöllər; Kür sahillərində tuqay meşələri, Qanıx-Əyriçayda düzən meşələri formalaşıb. Vilayətdə düzən relyefin üstünlüyü, qışın mülayim, şaxtasız keçməsi, fəal temperaturun yüksək olması ərazinin mənimsənilməsini asanlaşdırır.

  1. Ağgöl
  2. Elləroyuğu
  3. Qarayazı
  4. Şirvan
  5. Qızılağac
  6. Türyançay

Problemləri. Vilayətdə quraqlıq olduğundan ərazi suvarılır. Nəticədə qrunt sularının səviyyəsi yüksəlir və şoranlıqlar yaranır. Torpaqları yumaq və kollektor-drenaj şəbəkəsi çəkməklə bu şoranlıqlara qarşı mübarizə aparılır.

Kür vilayətində 6 fiziki-coğrafi rayonlar vardır:

  1. Acınohur-Ceyrançöl rayon
  2. Alazan-Əyriçay rayonu
  3. Qazax-Qarabağ rayonu
  4. Küdrü-Şirvan rayonu
  5. Arazboyu maili düzənliklər rayonu
  6. Mərkəzi Aran rayonu

Aşağı Kür çökəkliyi

[redaktə | mənbəni redaktə et]

Qərbdə Kiçik Qafqaz dağlarından şərqdə Xəzər dənizinə qədər, şimalda Böyük Qafqaz dağlarından cənubda Talış dağlarının ətəklərinə kimi olan geniş düzənlik ərazi Kür-Araz ovalığı adlanır. Ümumi sahəsi 21,8 min km2-dir. Bu da Azərbaycan respublikası ərazisinin 25% - nə bərabərdir. KürAraz çayları ovalığda bir-birindən ekocoğrafi xüsusiyyətlərinə görə fərqlənən düzənliklər arasında əsasən sərhəd hesab edilir. Burada Qarabağ düzü (3250 km2), Mil düzü (3690 km2), Muğan düzü (4780 km2), Şirvan düzü (6800 km2), Cənub-Şərqi Şirvan düzü(1800 km2) və Salyan düzü (1440 km2) ayrılır.

Ovalığın səthi əsasən yastı, az meyilli, hamar relyef ə malikdir. Dağətəyinə bitişik hissələrdə düzənliyin səthinin meyilliyi və mütləq hündürlüyü nisbətən artırır və relyef allüvial mənşəli çöküntülərdən ibarət gətirmə konusları ilə mürəkkəbləşir. Ovalığın müasir relyefində ekzogen mənşəli qədim və müasir çay dərələri, axmaz göl çayları, çayboyu və dəniz sahili tirələr, basdırılmış qalxmalara uyğun gələn formalar, antropogen mənşəli çay sahili bəndlər, kanallar, kollektor-drenaj sistemi və s. rast gəlinir. Kür - Araz ovalığının əsas hissəsi okean səviyyəsindən aşağıda yerləşib, müvafiq tektonik çökmə ərazisinin 35% - nə bərabərdir. Ovalığın şimalında dördüncü dövrdə formalaşmağa başlamış Ceyrançöl - Acınohur alçaq dağlığının şərqə davamı olan Qaraməryəm tirəsi fəal tektonik qalxmaya məruz qaldığı vaxt Göyçay, Girdimançay və s. çaylar vasitəsi ilə kəsilmiş və hissələrə bölünmüşdür. Bu görünüşünə görə ona "pəncərə" deyilir. Böyük və Kiçik Qafqaz dağlarındn başlayan bir sıra çaylar - Turyançay, Qarqarçay, Tərtərçay, Göyçay, Girdimançay və s. düzənliyə çıxdığı yerdə relyefdə aydın seçilən gətirmə konusları yaratmışlar. Gətirmə konuslarının və konuslararası çökəkliklərin landşaft ekoloji  xüsusiyyətləri və mənimsənilmə vəziyyəti bir-birindən kəskin fərqlənir. Burdakı əsas seliteb landşaftlar və onların konfiqurasiyası gətirmə konuslarının səthinə uyğun gəlir.

Kür-Araz ovalığı , geoloji quruluşuna görə tektonik çökmə sahəsində yerləşən akkumlyativ düzənlikdir. Ərazinin şərq hissəsində əsasən dəniz çöküntüləri, Kür və Araz çayları boyunca, qədim çay dərələrində allüvial çöküntülər, dağətəyinə yaxın hissələrdə isə allüvial-dellüvial, dellüvial-prolüvial çöküntülər geniş yayılmışdır. [1]

  1. Azərbaycan respublikasının coğrafiyası. III cild “Regional coğrafiya”. (müəlliflər: Əlizadə E.K., Tarixazər S.Ə.). Bakı, 2015, s.45