Qobustan-Abşeron fiziki-coğrafi rayonu

5 - Qobustan-Abşeron fiziki-coğrafi rayonu

Qobustan-Abşeron fiziki-coğrafi rayonu — Şamaxı-Qobustan sinklinorisiniAbşeron yarımadasını əhatə edir. Böyük Qafqaz təbii vilayətin şərqində yerləşən Qobustan-Abşeron fiziki-coğrafi rayonu Xəzər dənizinin sahillərindən şimal-qərbdə Gədi dağına (1222 m) qədər olan əraziləri əhatə edir. Rayon cənub-qərbdə Şirvan düzünə qədər, cənubda Cənub Şirvan düzünə qədər uzanır. Qobustan alçaq dağlıq sahəsi və Ələt tirəsi fiziki-coğrafi rayonda mühüm relyef formalarıdır. Burada həmçinin yarğanlar, alçaq dağlar, tirələr, dağlararası çökəkliklər və sahilboyu terraslar geniş yayılmışdır.[1]

Geoloji quruluşu və relyefi

[redaktə | mənbəni redaktə et]
Palçıq vulkanları.

Bölgə paleogenin, neogenindördüncü dövrün əhəngdaşlarından, qumgillərindən təşkil olunmuşdur. Alçaq dağlıqdan və dağətəklərindən ibarət olan bu ərazidə dağ tirələri, yastanlar, dağarası çökəkliklər, düzəlmə səthləri, dəniz terrası düzənlikləri əsas yer tutur. Burada əsasən ariddenudasiya, eroziya-denudasiya, abraziyaakkumulyasiya relyefəmələgətirici proseslər üstünlük təşkil edir. Azərbacanın ərazisində inkişaf etmiş palçıq vulkanlarının iri, sıx və aktiv olanları bu rayon daxilindədir. (Torağay, Axtarma Paşalı, Otman Bozdağ və s)[2]

Temperatur rejimi və iqlimi

[redaktə | mənbəni redaktə et]

Qonustan-Abşeron fiziki-coğrafi rayonunun ərazisi yayı quraq keçən mülayim - isti yarımsəhra və quru çöl iqlimi zonasına daxildir. Burada bir ildə günəşli saatların miqdarı 2400-2500-ə bərabərdir. Ümumi günəş radiasiyasının illik miqdarı 135 - 140 kkal/sm²-ə bərabərdir. İyul ayında torpaq səthi ilə hava temperaturu arasındakı orta aylıq fərq 6 - 7 °C - dir. Qobustan - Abşeron rayonunun cənubunda və cənub-şərqində il ərzində müşahidə edilən buxarlanma defisiti (900 –1000 mm) respublikada ən yüksək olub, Naxçıvan Muxtar Respublikasının Arazboyu düzənliyində olduğu qədərdir.

Havanın orta illik temperaturu Qobustanın cənub-şərqində 14-14,5 °C- dir. Deməli, bura respublikada ən isti sahədir. Rayonun qalan ərazisində isə havanın orta illik temperaturu 10-12 °C-dir. Əgər yanvarda havanın orta aylıq temperaturu 0 °C ilə müsbət 3 °C arasındadırsa, iyulun orta aylıq temperaturu 25 -27 °C -dir. Qobustanın cənubi-şərqində bu temperaturu 27 °C -dən də artıqdır. Qeyd olunan temeratur göstəricilərindən yayın isti, qışın isə mülayim keçdiyi aydın görünür.

İl ərzində havanın mütləq minimal (18 - 22 °C) və mütləq maksimal (40-43 °C) temeraturunun amplitudu 65 °C-yə qədərdir. 10 °C-dən yuxarı orta sutkalıq temperaturun illik cəmi cənub-şərqi Qobustanda 4400 °C-dən çoxdur, ondan şimalda və şərqdə isə bu temperatur 3800 °C-yə qədərdir. 10 °C-dən yuxarı orta sutkalıq temeraturun cəmi gəstərir ki, Qobustan - Abşeron rayonu ərazisində olan yüksək istilik ehtiyatından kənd təsərrüfatı bitkiləri becərilməsində istifadə edilərsə, ondan yüksək məhsul götürmək mümkündür. Lakin buranın illik təbii yağıntısının azlığı (300 mm) və rayonun cənub-şərq hissəsində onun respublika ərazisi daxilində minimuma (200 mm-dən az) çatması burada təsərrüfatın genişləndirilməsinə ciddi maneə yaradır. İsti yarımildə (aprel-sentyabr) 100 mm-dən az, soyuq yarım ildə isə 150 mm-ə qədər yağıntı düşür.

Qobustan-Abşeron rayonunda il ərzində qar örtüyü olan günlərin sayı cənub-şərqdə minimal olub, 10 gündən az, şimal-qərbdə isə 20 gündən artıqdır. Bu, Qobustan-Abşeron ərazisindən qış otlaqları kimi istifadə etməyə geniş imkanlar yaradır. Odur ki, bu ərazi respublikamızın ən iri qış otaqlarından biridir. İl ərzində cənub-şərqdə nisbi nəmlik cüzi (20%), şimal-qərbdə isə zəifdir. (30-40%). İl ərzində (aprel-sentyabr) Qobustan-Abşeronda 50-yə qədər ağ yelli günlər olur. Bu isə təsərrüfata ciddi ziyanlar vurur. Əgər Qobustanda hakim küləklər qərbdən və şərqdən əsirsə, Abşeronda əksinə, şimaldan (xəzri) və cənubdan (gilavar) əsir.

Qobustan-Abşeron rayonunun ərazisi respublikamıza daxil olan (yerli hava şəraitindən başqa) 8 hava tipindən ən azı beşinin bilavasitə təsiri altındadır. Odur ki, Qobustan və Abşeron ərazilərində hava əsasən dəyişkən olur.

Sumqayıtçay. Sumqayıt kanyonu.

Ərazi ən az axım zonasına daxildir. Burada il ərzində axım 1 l/san km²-dən azdır. Qobustanın şimalında çay şəbəkəsinin sıxlığı 0,20 km/km²-ə çatırsa, onun cənub şərqində və Abşeronda bu rəqəm sıfra enir. Qobustan ərazisindən Sumqayıtçay, Pirsaatçayları keçir. Dövrü olaraq quruyan Ceyrankeçməz çayı Qobustan ərazisində formalaşır. Birinci hər iki çay ilin isti yarısında (xüsusilə iyulavqust aylarında) quruyur. Ceyrankeçməz çayı isə yağış və qar sularıdan qidalandığından burada su ancaq ilin soyuq yarısında olur. Şıdırığı yağış zamanı Ceyrankeçməz çayından geclü su-palçıq axınlı sel keçir. Bu sellər təsərrüfata ziyan vurmaqla bəzən insan tələfatı ilə də nəticələnir.[3]

Sular öz kimyəvi tərkibinə görə natrium-sulfatlıdır. Bəzi quru dərələrin suyu (xüsusilə ilin yay aylarında) çox acı olub istifadəyə tam yararsızdır. Suyu acı olduğundan dərələrin birini Acı dərə adalandırmışlar. Qobustanda üzə çıxan şirin qrunt suları ancaq onun şimal, şimal-qərb hissəsindədir. Ərazidə suların codluğu çox yüksəkdir.

Torpaq örtüyü

[redaktə | mənbəni redaktə et]

Qobustan-Abşeron ərazisi torpaqları şimal-qərbdən cənub-şərqə doğru tədricən dəyişir. Şimal-qərbdə relyefin qismən yüksəkliyi, illik yağıntıların qismən artıqlığı, ot örtüyünün olması burada şabalıdı və açıq-şabalıdı torpaqların yaranması ilə nəticələnmişdir. Cənub-şərqə doğru havanın temperaturunun artması torpağın qismən quru iqlim şəraitində formalaşmasına və qismən şorlaşmasına səbəb olmuşdur. Odur ki, həmin istiqamətdə şabalıdı, açıq-şabalıdı torpaqlar boz-qonur torpaqlarla, ondan şərqə isə (dəniz sahillərinə doğru) şorakətvari boz-qonur torpaqlarla əvəz olunur.

Təpəlik və yastanlararası çökəkliklərdə şoran və şoranvari torpaqlar yayılmışdır. Abşeron yarımadasının təpəlik və yüksək terras düzənliklərində boz-qonur torpaqlar inkişaf etmişdir. Yuxarıda adları çəkilən torpaqlarda süvarma tətbiq olduqda bir sıra kənd təsərrüfatı bitkilərinin (xüsusilə üzümçülük, bağçılıq, tərəvəzçilik, taxılçılıq) inkişaf etdirliməsi və yüksək məhsul alınması imkanı vardır.

Flora və faunası

[redaktə | mənbəni redaktə et]

Qobustan ərazisində, xüsusilə onun şimal-qərbində və cənub-qərbində yovşanlı, yovşanlı-şoranlı quru çöl bitkiləri, cənub-şərqində isə şoranotulu xırda kollu (kəngiz) yarımsəhra bitkiləri vardır. Abşeron yarımadasının mərkəz hissəsində efemerli, müxtəlif otlar, sahil zonası boyu isə qum bitkiləri yayılmışdır. Şor göllərin yerində və sahillərində, həmçinin tirəarası çökəkliklərdə şoranlıqlar vardır. Abşeron yarımadası bitkiləri bəzən yarımsavanna xarakterini daşıyır. Qobustanın şərq zonasında dar zolaq şəklində birillik şoran otlu sahələr (Bağaz düzü, Lökbatan-Sanqaçal düzü və s.) vardır.

Qobustan-Abşeronda çöl siçanı, qırmızıquyruq qum siçanı çox geniş yayılmışdır. Keçmişdə sürü ilə olan ceyranlardan indi əsər-əlamət qalmamışdır. Burada qırqovulkəklik vardır. Bu ərazi əsasən qışlaq kimi istifadə olunur. Burada maldarlıq, suvarma əkinçiliyi, üzümçülük və bağçılıq ilbəil inkişaf edir. Zeytun plantasiyaları yüksək məhsul verir. Badampüstə sahələridə yetərincə genişdir.

  1. Qurbanov Veis Aydın oğlu. “BÖYÜK QAFQAZIN ŞİMAL-ŞƏRQ VƏ CƏNUB-QƏRB YAMACLARINDA TƏBİİ DAĞIDICI PROSESLƏRİN YARATDIĞI EKOLOJİ PROBLƏMLƏR VƏ ONLARA QARŞI MÜHAFİZƏ TƏDBİRLƏRİ” Arxivləşdirilib 2018-09-20 at the Wayback Machine.BAKI - 2015. səh: 9
  2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu Arxivləşdirilib 2017-09-27 at Archive.today
  3. "Sel suları Qobustanda fəsadlar törədib". 2017-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-16.
  • B.Ə.Budaqov. Azərbaycan təbiəti. Bakı. s. 202. səh:126-129
  • Müseyibov M.A., Budaqov B. Ə. Azərbaycan SSR-nin yeni fiziki-coğrafiy rayonlaşması. № 2, 1975, s.71 -76