Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Zaqatala-Lahıc fiziki-coğrafi rayonu — Böyük Qafqazın (Azərbaycan daxilində) cənub yamacına uyğun gələn zona. Bu rayon ərazisi qərbdə Gürcüstanın sərhəddindən (Mazımçay hövzəsindən) başlayıb, şərqdə Girdimançay hövzəsinə qədər 220 km məsafədə uzanır. Onun şimal sərhəddi Dağıstan ilə qovuşmaqla Baş Qafqaz silsiləsinin suayrıcı boyu, cənub sərhəddi isə Alazan-Əyriçay çökəkliyinin şimal sərhəddi boyu keçir.
Bölgənin ən geniş yeri şərq və qərb hissədə olub, 26 km-dir. Onun ən dar yeri mərkəzdə — Daşaqılçay hövzəsində olub, 10 km enə malikdir. Baş Qafqaz silsiləsinin suayrıcısı dar olub şiş, konusvari zirvələrdən ibarətdir. Onu eninə kəsib keçən aşırımlar həmin istiqamətdə uzanan təknəvarı dərələrdən (Tinov— Rosso, Dindidağ, Xnov, Nohurlar və s.) və yaxud da dar, yəhərvari formada olan Qərbi Salavat, Ağbulaq, Şərqi Salavat alçalmalarından keçir. Onların ən hündür olanı 3400 metrə, ən alçaq olanı isə 2600 m-ə qədər mütləq yüksəkliyə malikdir. İndi Baş Qafqaz sıra dağları aşırımlarının bəzilərində gediş-gəliş olmadığından onlar keçilməz hala düşmüşdür. Dağlarda yayda saxlanılan qar talaları, Bazardüzü, Bazaryurd və Tufan dağlarının şimal yamaclarında isə buzlaqlar vardır. Onlar 3600 metrdən yeksəkdə yerləşmişdir. Silsilədən cənuba doğru onlarca dağ qolları (Qubah, Qumbaşı, Saral, Çobanbaba və s.) uzanır. Silsilələr arasından gur dağ çayları axır. Cənub yamacın relyefi 500-600 m mütləq yüksəklikdən başlamış 4466 m-ə (Bazardüzü dağı) qədər uzanır. 18-22 km məsafədə relyefin 4000 metrə qədər kəskin enməsi güclü sellərin, uçqunların, sürüşmələrin, qəcirliklərin yaranmasına səbəb olmuş.
Böyük Qafqazın cənub yamacı boyu Tufan antiklinorisi və Zaqatala-Qovdağ sinklinorisi uzanır.[1] Onların hər ikisi çox mürəkkəb tektonik quruluşa malik olmaqla, çoxlu qırışıqlıqlardan ibarətdir. İstər uzununa və istərsə də eninə olan tektonik pozulmalar, eləcə də gərgin tektonik şərait burada yayılmış əsas süxurların - yura və təbaşir yaşlı qumdaşlarının, qumdaşlı-əhəngdaşlarının, gilli şistlərin yüksək dərəcədə metomorfizmə uğramasına və onların sıx çat şəbəkəsi ilə örtülməsinə gətirib çıxarmışdır. Burada inkişaf etmiş bütün tektonik strukturlar çay dərələri vasitəsilə əsasən eninə istiqamətdə kəsilmişdir. Süxurların eroziya və denudasiya proseslərinə intensiv uğraması yamaclarda qalın çöküntülərinin toplanmasına səbəb olur. Bu isə öz növbəsində qravitasiya-denudasiya və eroziya proselərinin əlavə fəallığına zəmin yaradır.
Ərazidə suayrıcılar boyu qravitasiya-tektonik mənşəli çatlar uzanır. Bu çatlar suayrıcı boyu aydın görünən yarıq zonası yaradır. Onların görünən dərinliyi bəzən 6-8 m-ə çatır. Çatlar hərəkətdə olduğunda onların dibində yeraltı sular gölməçələr şəklində çox nadır hallarda toplanır. Çatlar boyu istər yeraltı və istərsə də səth suları asanlıqla hopur. Nəticədə dik yamaclarda ağırlaşmış süxurlar üzü aşağı dərələrin dibinə doğru hərəkət edir. Yamacların aşağı hissələrində sıx yarğan şəbəkəsi yaradır. Ümumən silsilənin cənub hissəsində sürşmə prosesləri iki formada gedir: sahəvi və xətti. Sahəvi sürşmələr başlıca olaraq Mazımçayla Göyçay hövzəsi arasında, sahəvi və xətti (işğın) sürşmələr isə Göyçay-Girdimançay hövzələrində intensiv gedir.[2]. Böyük Qafqazın cənub yamacının şərq hissəsində sürşmələr çox güclü fəaliyyət göstərir. Burada Müdrü, Ximran və başqa sürşmələr vaxtaşırı baş verir. Girdimançayın sağ sahilində, Lahıc kəndi ilə üzbəüz yamacda ilk dəfə 1963-cü ildə iri sürüşmə yaranmış və o, həmin ilin may-iyun aylarında vaxtaşırı fəal sürüşmüşdü. Girdimançay dərəsinin sağ sahil yamacda olan və öz fəaliyyətini uzaq keçmişdə dayandırmış, "Ağ sürşmə (işğın)" yenidən 1973-cü il mart ayının 5-də fəaliyyətə başlamışdır.
Ümumiyyətlə, sürüşmələr yamacları dağıtmaq, onları vaxtaşırı hərəkətə gətirməklə, torpaq qatını və bitki örtüyünü sürüşmüş süxurlara qatmaqla həmin ərazilərdə istər əkinçiliyin, bağçılığın və istərsə də maldarlığın inkişafına ciddi ziyan verir. Yolları dağıdır, çay dərələrini dolduraraq göllər yaradır.
Zaqatala-Lahıc təbii rayonunun cənub hissəsinin alçaq dağlıq qurşağında yağıntıları təxminən bərabər paylanmış mülayim isti iqlim, cənubda qışı quraq keçən müıayim isti iqlimlə, orta dağlıqda isə qışı rütubətli keçən soyuq iqlimlə sərhəddir. İqlim tip və yarımtiplərinin müxtəlifliyi burada müşahidə edilən ayrı-ayrı iqlimin ünsürlərinin fərqli olması və onların yüksəklik istiqamətində dəyişməsi ilə əlaqədardır. Böyük Qafqazın cənub yamacında ildə günəşli saatların miqdarı 1900-2200-ə, ümumi günəş radiasiyasının illik miqdarı isə 125-145 kkal/sm²-ə bərabərdir. İl ərzində buxarlanmaya sərf olunan istilik - 15-30 kkal/sm²-ə bərabərdir.
Cənub yamacda iyul ayında torpaq səthi ilə hava temperaturu arasında orta aylıq fərq 5-6°-dir. İl ərzində buxarlanma defisiti bu ərazilər üçün 100-200 mm-ə çatır. Havanın orta illik temperaturu dağ ətəklərində 10°, yüksək dağlıqda isə 0°-dən aşağıdır. Yüksək dağlıqda yanvarın orta aylıq aylıq temperaturu - 14°-dən aşağıdırsa, iyulun orta aylıq temperaturu 5°-dən aşağıdır. Alçaq dağlıqda bur rəqəmlər müvafiq şəkildə 0-3° və 15-20°-dir. İl ərzində havanın mütləq minimal temperaturu yüksək dağlıqda - 22 -30°, mütləq maksimal yemperatur isə 10°-yə çatır.
İl ərzində yağıntı yüksək dağlıqda 1600-1800 mm-ə çatır. Bu, əsasən orta dağlığın yüksək hissəsinə müvafiq gəlir. Seləmələgətirici ocaqlar da başlıca olaraq yağıntı çox düşən ərazidədir. Orta illik yağıntı alçaq dağlıqda 900 mm-ə qədər azalır. Orta illik yağıntının azlığı alçaq dağlıq qurşaqda, xüsusilə Muxaxçayla Filfiliçay arasında aridsevər meşə kolluğunun və eləcə də quru çöl bitkilərinin yaranmasına səbəb olur. İlin istər soyuq və istərsə də isti yarısında yağıntının miqdarı demək olar ki, bərabər paylanmışdır. Bu, yayda da çayların sulu olmasına səbəb olur. Zaqatala-Lahıc ərazisində göy gurultusu, şimşək çaxması, ildırım düşməsi çox tez-tez olur. Təsadüfü deyildir ki, cənub yamacı Azərbaycanın başqa yerlərinə nisbətən ən çox tufanlı keçən sahədir.
Əgər dağ ətəklərində ildə 40 gün qar örtüyü qalırsa, yüksək dağlıqda 160 gündən çox qalır. Yüksək dağlıqda qar örtüyünün 5-6 ay qalması, torpağın tədricən su ilə doydurulması, çayların sululuğu ilə nəticələnir. Böyük Qafqazın cənub yamacında olan illik nisbi nəmlik həddindən artıq olub, öz kəmiyyət göstəricilərinə görə Astara rayonu ərazisinin nəmliyinə bərabərdir (150 %-dən çox). Burada şimal-şərq və şimal küləkləri üstünlük təşkil edir.
Böyük Qafqazın cənub yamacı çayları gur sulu olub iti axır. Onların dərələri yüksək dağlıqda dar və dərin olub, alçaq dağlığa doğru genişlınir. Bu çayların böyük əksəriyyəti sellidir. Bu ərazi çayları nəninki Qafqazda və eləcə də MDB miqyasında ən selli çaylar sırasındadır. Katex, Mazım və Balakən çaylarının hövzələrinin çox hissəsi Zaqatala dövlət təbiət qoruğunda yerləşdiyi üçün orada meşələr və subalp, alp çəmənləri yaxşı mühafizə olunur. Buna görə də bu ərazidə eroziya prosesi zəif gedir, sel hadisələri az olur. Bu çayların su rejimi normal olur, suları isə həmişə şəffaf axır.[3]
Böyük Qafqazın cənub yamacında torpaq örtüyü yüksəklik qurşağına tabe olmaqla mürəkkəbdir. Alçaq dağlıq ərazidə qəhvəyi dağ-meşə torpaqları üstünlük təşkil edir. Ondan yuxarıda yerləşən orta dağlıqda isə qonur dağ-meşə torpaqları vardır. Yüksək dağ yamaclarında çimli dağ-çəmən torpaqları yayılmışdır. Bu torpaqlar 3000 metr mütləq yüksəklikdən yuxarı ancaq dağarası çökəkliklərin dibində və qismən dağ düzənliklərinin saəthində adalar şəklində saxlanılmışdır. Qayalıq hissədə torpaqəmələgəlmə prosesi çox bəsit şəkildə gedir.
Böyük Qafqazın dağətəklərində və orta dağlıqda fıstıq meşəsi (əsasən şərq fıstığı) üstünlük təşkil edir. Fıstıq meşələri əsasən orta dağlığın yüksək yamaclarında, xüsusilə 1400-1800 metr mütləq yüksəklikdə əsas yer tutur. Kürmükçay hövzəsi ilə Filfiliçay hövzəsi arasında şərq fıstığı geniş talalar şəklində (əsasən quzey yamaclarda) yayılmışdır. Güney yamacları isə iri gövdəli və seyrək palıd meşəlikləri tutur. Cənub yamac meşələrinin strukturunda vələs, cökə və başqa ağac növləri üstünlük təşkil edir. Qırılmış dağ meşələrinin yerini ardıc (orta dağlıqda), qaratikan (alçaq dağlıqda) kolları və müxtəlif otlar tutur. Zaqatala-Lahıc ərazisində meşə örtüyü geniş sahə əhatə etdiyindən burada meşə təsərrüfatı və meşə emalı sənayesi üstün yer tutur.
Böyük Qafqazın cənub yamacının coşqun çayları, sıx meşəsi, əlvan çəmənlikləri, gur şəlalələri, qayalı yamacları turistləri özünə cəlb edir. Burada olan kükürdlü termal və soyuq mineral bulaqlar (İlisu, Xalxal və s.) böyük müalicə əhəmiyyətinə malikdir. Onların ətrafında və digər ərazilərdə müalicə və istirahət mərkəzləri yaradılmış.