Acınohur-Ceyrançöl öndağlığı fiziki-coğrafi rayonu

Acınohur-Ceyrançöl öndağlığı fiziki-coğrafi rayonu — rayon ərazisi Qərbdə Gürcüstan Respublikası sərhəddindən başlayıb, şərqdə Ağsuçaya kimi davam edir. Şimalda Alazan — Əyriçay çökəkliyi, cənubda Kür-Araz ovalığı ilə əhatə olunur. Relyefin mütləq yüksəkliyi 200 m-lə 700–1000 m arasında dəyişib, asimmetrik quruluşlu alçaqdağ tirələrindən və onların arasında qalan sinklinal quruluşlu çökəkliklərdən və yüksək düzənliklərdən ibarətdir. Dağlığın dik, cənub yamaclarında arid- denudasiya prosesləri əsas relyefəmələgətirici proses olub, onun yaratdığı bedlend, gilli karst və yarğanlar geniş inkişaf etmişdir. Ərazidə yerüstü şirinsu ehtiyatı az olub, başlıca olaraq ərazini kəsən tranzit çaylardan ibarətdir. Rayon ərazisi yüksək aridliyi ilə xarakterik olub, relyefin müxtəlif yüksəkliklərində yarımsəhra, kserofit kollu quruçöl, seyrək arid — meşə landşaftları bir — birini əvəz edir (Müseyibov, Süleymanov, 1978, Mikayılov,1982). Acınohur- Ceyrançöl fiziki- coğrafi rayonu ərazisindən bilavasitə qış və payız otlaqları kimi geniş istifadə olunur, respublikamızda qoyunçuluğun inkişafında mühüm əhəmiyyəti vardır. Acınohur öndağlığında həmçinin taxılçılıqüzümçülük inkişaf etmişdir.[1]

Dövlət qoruqları

[redaktə | mənbəni redaktə et]

Acınohur öndağlığı ərazisində landşaftları mühafizə məqsədilə əsasən AğdaşYevlax rayonları ərazisində Axar-Baxar silsiləsinin TüryançayƏlicançay çayları arasında yerləşən hissəsinin cənub yamacında Türyançay dövlət qoruğu yaradılmışdır. Qoruqda arid seyrək meşə- kol bitkiliyi və bura üçün xarakter olan fauna kompleksi qorunur. Qoruğun ərazisinin 73%-i arid-seyrək meşələr, 26%-i ilə bozqır landşaftlardır.

Türyançay qoruğunda təkcə ağac və kol bitkilərinin 60-a yaxın növü qorunur. Qorunan əsas ağac növləri, ardıc və saqqız (yabanı püstə) ağaclarıdır. Həmçinin tək-tək gürcü palıdına, qarağac, gürcü ağcaqayınına, qoruq ərazisindən keçən çayların sahillərində isə qovaq, söyüd və başqalarına rast gəlinir. Adətən ardıc meşəliyi məhv olan yerlərdə quru-çöl formasiyası inkişaf edir. Qoruqda bitən adi nar, adi üzüm Azərbaycanın "Qırmızı kitab"ına daxil edilmişdir. Hazırda yalnız Türyançay dövlət təbiət qoruğu Acınohur öndağlığının landşaft ekoloji müxtəlifliyi üçün etalon sayıla bilər.

Tədqiq olunan ərazinin ən böyük gölü olan Acınohurun iqlimin mülayimləşməsində, ekoloji müxtəlifliyin zənginləşməsində mühüm rolu vardır. Buradakı su-bataqlıq quşları və digər vəhşi heyvanlar ətraf dominant yarımsəhra landşaftının biomüxtəlifliyinin artmasında vacib mənbə sayıla bilər. Son zamanlar gölün su aynasının tədricən kiçilməsi yeni ekoloji böhran ocağının yaranması üçün əsas səbəbdir.

Landşaftın mühafizəsi

[redaktə | mənbəni redaktə et]

Acınohur öndağlığında landşaft ekoloji müxtəlifliyin mühafizəsi və onun daha da artırılması üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi vacibdir:

— Acınohur gölündəki qızıl qazları və fauna növlərini qorumaq məqsədilə "Acınohur" yasaqlığının yaradılması məqsədəuyğundur;

— İntensiv taxılçılıq sahələrini genişləndirərkən 4–5 zolaqlı tarla qoruyucu meşə zolaqlarının yaradılması;

— Nadir təbiət abidələrini, yaşlı, ekzotik tək ağacları, çay dərələri boyunca formalaşmış çay-dərə landşaftlarını, həmçinin ekotonları qorumaq məqsədilə proqram-layihələrin hazırlanması;

— Meşəsizləşmiş yamaclarda yerli ağac cinsləri (saqqız ağacı, yabanı armud, uzunsaplaq palıd və s.) əsasında meşə əkinlərinin genişləndirilməsi.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikası Konstruktiv Coğrafiyası. Bakı – Elm-1996, I cild
  2. 1Azərbaycan Respublikasının fiziki coğrafiyası, I cild, Bakı 2016, 529 s.