Amygdalus armeniaca

Adi ərik (lat. Prunus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.

Adi ərik
Elmi təsnifat
Beynəlxalq elmi adı

Adi ərik mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqust aylarında yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3–18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi ərik təzə halda istehlak edilir. Ondan kompot, şirə, mürəbbə, cem, marmelad, pat, pastila, jele, povidlo, sukat, karamel üçün içlik və şərab hazırlanır, həmçinin qurudulur. Çəyirdəyi ilə birlikdə qurudulduqda uryuk, çəyirdəksiz bütöv qurudulduqda qaysı, iki yerə bölünüb qurudulduqda isə kuraqa adlanır. Qurudulmuş ərikdən tamlı qatqı kimi bir çox xörəklərin hazırlanmasında istifadə olunur. Çəyirdəyinin qabığından aktivləşdirilmiş kömür, budaqlarının ifraz etdiyi qətranlardan isə kley hazırlanır. Balverən bitki kimi az məşhurdur. Çünki çox qısa müddətdə çiçəkləyir. Yabanı ərik qiymətli calaq materialı hesab edilir. Mədəni sortların yetişdirilməsində onun böyük əhəmiyyəti vardır.[2]

Adi əriyin tərkibində 20%-ə qədər şəkər (əsasən saxaroza), 2,6% üzvi turşu (alma, limon və az miqdarda salisil, şərab), 1%-ə qədər pektin, karotin, B1 və B2 vitaminləri vardır. Çəyirdək ləpəsində 40%-ə qədər badam yağına oxşar qurumayan yağ, 20%-ə qədər zülali maddə, 10% karbohidrat vardır. Yabanı halda bitən əriklərin çəyirdək ləpəsində 1–3% miqdarında acı amiqdalin qlükozidi olur. Ona görə də qida məqsədləri üçün işlədilmir. Əriyin mineral tərkibi (mq/100 q) aşağıdakı şəkildədir: Kalsium-20, Dəmir-0,2, Maqnezium-2, Kalium 28,3, Natrium az miqdarda.

Əriyin vətəni Orta Asiya hesab olunur. Əfsanəyə görə, Babilistanı tərk edən sakinlər Qafqaz dağlarından aşaraq özləri ilə ərik ağacının tinglərini aparmış və onları yol boyu əkmiş və bundan sonra gözəl ərik bağı yaranmışdır. Bundan sonra yaxınlıqda yerləşən kəndlərin sakinləri gümrahlığı və uzunömürlülüyü, qızlar isə qeyri-adi gözəlliyi ilə fərqlənməyə başladı. Qədim Yaponiyadan bizə gəlmiş mövhumata əsasən, əriyin yumşaq əti və şirəsi həyatı uzadır və orqanizmi cavanlaşdırır.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Ərik qızılgülçiçəklilər (rosaceae) fəsiləsindən olub, Zaqafqaziyada və Orta Asiyada geniş yayılmışdır. Ana vətəni Çindən Böyük İsgəndərin Asiya yürüşlərində (m.ö. 330–323) İran və Qafqaz dağlarının üzərindən Anadoluya aparılan əriyin Azərbaycanda iki min ildən çox keçmişi var. Romalıların Anadolunu istilası zamanı yerli tacirlər tərəfindən əvvəlcə İtaliyaya, sonra isə Yunanıstana aparılan "Qızıl Alma" da adlandırılan meyvənin istehsalına bu ölkələrdə böyük əhəmiyyət verilmişdir. Ərik, İtaliyaYunanıstandan 13-cü əsrdə İngiltərəyə, 17-ci əsrdə isə FransaAmerikaya aparılmışdır. Azərbaycanda bu bitki çoxdan bəri becərilir və onun bir sıra rayonlarda ildən-ilə becərilməsi genişləndirilir. Dərman məqsədilə meyvələrinin toxumlarından, eləcə də ərik ağacının gövdəsində və qol-budaqlarında da qonur-sarı rəngli yapışqan əmələ gəlir ki, bu da ilk vaxtda yumşaq olur, sonralar isə açıq havada quruduqda bərkiyir və qırmızı-qonur rəngə çevrilir.

Ərik ağaclarının yapışqanı günəş qarşısında qurudulduqda ağ rəng alır. Ərik ağacı yapışqanı suda yaxşı həll olduğu üçün əczaçılıq təcrübəsində Ərəbistan kitrəsini əvəzedici kimi həb və tablet dərmanlarının tərkibində, eləcə də emulsiyaların hazırlanmasında istifadə olunur. Əriyin meyvələri son dərəcə faydalıdır. Meyvələrini yetişən vaxt toplayır, həm təbii, həm də konservləşdirilib yeyinti sənayesində istifadə edirlər. Bundan başqa konserv zavodlarında çox vaxt meyvələrin tumlarını ayırıb atırlar. Son illərə kimi ərik ağacının meyvələrinin tumları konserv zavodlarının tullantısı hesab olunurdu. Lakin hazırda əriyin toxumlarından əla keyfiyyətli tibb üçün yararlı, badam yağını əvəz edən piyli yağ istehsal olunur. Bu yağdan əczaçılıqda kamfora yağının Oleum Camphorae hazırlığında istifadə edilir. Ərik ağacının toxumlarında 60%-ə qədər əla keyfiyyətli piy yağı vardır. Bu yağ bütün xassəsilə badam və şaftalı yağlarına oxşayır. Ona görə də badam, şaftalı yağları kimi, ərik yağı da Dövlət Farmakopeyasına daxil edilmişdir. Toxumlarında piyli yağdan başqa 25%-ə qədər zülal maddələri və B15 vitamini (panqam turşusu) da vardır. Ərik ağacının şirin və acı tumlu sortları olur. Şirin sort ərik tumlarının ləpəsi yeməlidir, faydalıdır. Acı sortun tumlarında 50 – 60% piyli yağdan başqa 8, 43%-ə qədər amiqdalin qlikozidi olduğu üçün çox zəhərlidir. Odur ki, acı sort ərik ağacının tumlarını yemək olmaz.

Ərik ağacının meyvələri çox xeyirlidir. Meyvələrinin lətli hissəsində bir sıra müalicə əhəmiyyətli maddələr vardır. Bunlardan: karotini, B1 qrupu vitaminləri, pektin və aşı maddələrini, şəkəri (4–5%) üzvi turşuları (alma və limon turşularını) (2,5%), kalsiumu, maqneziumu və fosfat duzlarını göstərmək olar. Ərik ağacının yapışqanı isə uşaqlarda tez-tez baş verən qarın ağrılarında müalicə məqsədilə işlənən emulsiyanın tərkibində emulqator kimi istifadə olunur. Meyvələrindən xalq təbabətində sinəyumşaldıcı və bəlğəmgətirici, tam yetişməmiş meyvələri isə qurdqovucu dərman kimi işlədilir. Tam yetişmiş meyvələri mədənin həzm olma prosesini yaxşılaşdırır, maddələr mübadiləsinə və ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir.

pH-ı 3–4 arasında dəyişən təzə ərik, doqquz fərqli şəkər, on səkkiz sərbəst amin turşusu, zəngin A vitamini və betakaroten, yüksək miqdarda potasium və dəmir elementi ehtiva edən bir quruluşda yaradılmışdır. Hələ tam yetişməmiş dövrdə yüksək olan C vitamini (50–60mg/kg), meyvənin yetişməsi ilə birlikdə azalmaqdadır (30–50mg/kg). Yaş və quru ərikdə insan sağlamlığı üçün bir çox xüsusiyyət vardır. İnsan vücudunun günlük enerji və protein ehtiyacının qarşılanmasında çox az iştirakı olmasına baxmayaraq, yaş ərik, mineral maddələrdən potasium və betakaroten maddəsi baxımından çox zəngindir. A vitamininin ön maddəsi olan betakaroten; vücudu və orqanları əhatə edən epitel toxuması, göz sağlamlığı, sümük, diş inkişafı və endokrin bezlərinin çalışması üçün lazımdır. Bir qayısının rəngi nə qədər canlıdırsa, içindəki betakaroten nisbəti o qədər yüksəkdir.

Qaysı, sağlamlığın taraz şəkildə davamına və xəstəlikləri önləməyə vəsilə olacaq mahiyyətdə yaradılmışdır. Ərikdə olan A vitamini, çoxalma və böyümədə; infeksiyalara qarşı müqavimətin artmasında əhəmiyyətli təsirə malikdir. Digər tərəfdən A vitamini, normal vücud hüceyrələrinin bədxassəli hüceyrəyə çevrilməsinin başlıca cavabdehi olan aktiv karsinogenlərdən təkli oksigen radikallarının meydana gəlməsinin və ya meydana gəldikdən sonra təsirsiz qalmasının qarşısını ala bilir. Bundan başqa A vitamini, hüceyrələrin müqavimətinin artmasına vəsilə olaraq xərçəngə qarşı qoruyucu vəzifəni yerinə yetirməkdədir. Beləliklə, sərbəst radikalların meydana gəlməsi və hüceyrə ölümünə səbəb olan protein və yağ turşularının pozulma reaksiyalarının dayandırılması təmin edilir.

Ərikdə natrium az, potasium isə çox olduğuna görə, qəlb çatışmazlığı, böyrək xəstəlikləri, hepatit, siroz müalicəsində və qəlb əzələlərinin güclənərək düzgün işləməsində müsbət təsirinin olduğunu öyrənilmişdir. Bununla yanaşı, əriyin tərkibindəki maqneziumkalsium qırtlaq yanmalarının qarşısını alır. Quru qayısıya rəngi getməsin deyə əlavə olunan sulfat dioksidin astma kimi allergiyalara xeyirli olduğu müəyyən edilmişdir.

Quru qayısının qida və sağlamlıq baxımından digər önəmli xüsusiyyəti də lifli qida olmasıdır. Quru qayısının 100 qramında təqribən 24 qram lif var. Yeniyetmə bir insanın günlük lif ehtiyacı isə 25 qramdır. Dietlə qəbul edilən bu liflər, həzm sistemimizdə ifraz olunan fermentlər tərəfindən hidroliz edilə bilməyən polisaxarit və liqnin kimi birləşmələrdən ibarətdir. Bu lif; irritabl kolon sindromu, xroniki ürək xəstəlikləri, kolon xərçəngi, diş və şəkər xəstəliyi, apendisit, qəbzlik, hemoroid və kökəlmə kimi xəstəliklərin meydana çıxma riskini azaldır və bağırsaqların düzgün çalışmasına kömək edir.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 474.
  2. Ə-C. İ. Əhmədov, N. T. Əliyev. Meyvə və tərəvəzin əmtəəşünaslığı (Dərslik). — Bakı, 2009.
  3. 1 2 "USDA Germplasm Resources Information Network (GRIN)". 2011-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-22.