Ani qəsri

Ani qəsri və ya Kamsarakan qəsriAni şəhər xarabalıqlarının cənub qurtaracağında, hündür təpə üzərində yerləşən qəsr. Ani qəsrinin qala divarları qədim şəhər divarlarının ən qədim hissəsi olmaqla, VII əsrdə ŞirakArşakunik ərazilərini idarə edən Kamsarakan sülaləsi tərəfindən qoyulmuşdur. Ani qəsri ərazisində 1907–1908-ci illərdə akademik N. Marr tərəfindən arxeoloji qazıntı işləri aparılmışdır.[1]

Ani qəsri
Ani qəsrinin Mənuçöhr məscidinin minarəsindən görünüşü
Xəritə
40°30′05″ şm. e. 43°34′01″ ş. u.HGYO
Ölkə  Türkiyə
Şəhər Qars, Qars ili
Yerləşir Ani şəhər xarabalığı
Tikilmə tarixi VII-VIII əsrlər
Üslubu Erməni memarlığı
Vəziyyəti xarabalıq
Rəsmi adı: Archaeological Site of Ani
TipiMədəni
Kriteriyaii, iii, iv
Təyin edilib2016
İstinad nöm.1518
DövlətTürkiyə
RegionAvropa və Şimali Amerika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi və tədqiqi

[redaktə | mənbəni redaktə et]

Qəsrin inşası VII əsrə — Kamsarakan sülaləsinin hakimiyyəti dövrünə aid edilsə də [1], arxeoloji qazıntılar zamanı, XIII əsrə qədər onun dəfələrlə bərpa edildiyi aşkara çıxarılmışdır.[2] Məsələn, akademik N. Marr, qəsrin giriş qapısının Şəddadilər dövründə (1072–1199) inşa edildiyini və daha qədim olan qəsr divarlarına birləşdirildiyini yazır.[3]

Arxeoloji tədqiqatlar zamanı, Şəddadilər dövrünə aid qəsr qapısı altında, ilkin yer səthindən yuxarıda qəsrə su ötürən gil borular aşkara çıxarılmışdır. Qəsrin təbii su təchizatı olmadığına görə, bu borular vasitəsilə 11 kilometr aralıda yerləşən bulaqdan xüsusi olaraq çəkilmiş boru xətti vasitəsilə qəsrə su çatdırılırdı.[3]

K. Basmacıyan 1904-cü ildə nəşr edilmiş "Ani xatirələri" (fr. Souvenir d'Ani) adlı broşurda qəsr yerində 1903-cü ildə aşkarlanmış yunan dilli kitabə haqqında xəbər verir.[4] 1907-ci ildə qəsr ərazisində qazıntılar zamanı, N. Marr da yunan dilli kitabənin aşkar olunması haqqında məlumat verir və onu qısa müddətli Bizans idarəçiliyi dövrünə aid edir.[5]

Hər tərəfdən qala divarları ilə möhkəmləndirilmiş qəsrin üç tərəfi eyni zamanda sərt qayalıqlarla da müdafiə olunur. Qüllələrlə möhkəmləndirilmiş qəsrin şimal-qərb tərəfində giriş qapısı vardır.[5]

Giriş qapısının solunda yerləşən düzbucaqlı müşahidə qülləsinin hörgüsündə daha köhnə tikilinin daşlarından təkrar istifadə edilmişdir.[3] Qüllənin daşlarının araşdırılması zamanı, onlarda qaranquş quyruğuna bənzər metal əlavələrlə birləşdirməni göstərən oyuq yerləri qeydə alınmışdır. Bu inşaat texnikası Arşakilər sülaləsinin hakimiyyəti dövründə — I–IV əsrlərdə geniş yayılmışdı.[6] N. Marr qeyd edir ki, bu daşlar yaxınlıqda yerləşən Ani atəşgahından və ya atəşgahla eyni dövrə aid başqa bir binanın xarabalıqlarından gətirilmiş ola bilərdi.[5]

Qəsr daxilində geniş saray binasının xarabalıqları yerləşir.[3] Qədim saray, qəsrin və üzərində qəsr inşa edilmiş təpənin ən yüksək hissəsini əhatə edir.[5] Saraydan başqa qəsr ərazisində iki kilsə, hamam və şahzadə sərdabəsi yerləşir.[7]

Bu saray Aninin Baqratilər sülaləsindən olan hökmdarlarının, onların varislərinin və ehtimal ki, həm də Kamsarakan sülaləsindən olan şəhər hakimlərinin iqamətgahı olmuşdur.[8] Sarayın dövrümüzə yalnız xarabalıqları çatmışdır. 1908–1909-cu illərdə saray ərazisində akademik N. Marr tərəfindən həyata keçirilmiş geniş arxeoloji qazıntı işlərinə kimi, sarayın yerüstü – görünən hissələri yox dərəcəsində idi.[2]

Arxeoloji qazıntılar nəticəsində sarayın təməl planı tamamilə üzə çıxarılmış, əsrlər boyunca dəfələrlə fərqli inşaat işlərinə məruz qalan sarayın XV əsrdə tamamilə tərk edildiyi, sonradan sarayın fərqli hissələrinin inşaat materialı kimi söküldüyü müəyyən edilmişdir.[2] Kömürlənmiş ağac hissələri və divarlardakı yanıq hissələri sarayın yekun məhvinin yanğın nəticəsində baş verdiyini deməyə əsas verir.[7]

Saray 59 metr uzunluğa malik dəhliz ilə iki hissəyə — şimal və cənub hissələrinə bölünmüşdü. Arxeoloji qazıntılar nəticəsində N. Marr, sarayın giriş qapısının iki tərəfdən gözəl sütunlarla çərçivələndiyini müəyyən etmiş, həmçinin giriş qapısını bəzəmiş sfinks və şir təsvirli barelyefləri aşkara çıxarmışdır.[9]

Sarayın xaçvari plana malik zalı və qəsrin şimal divarı arasında kiçik saray hamamının qalıqları yerləşir.[7] Hamam, kiçik otaqla bir-birindən ayrılmış iki əsas hissədən ibarətdir. Ayırıcı otaqda su saxlanması üçün rezervuar və su qızdırılması üçün istixana yerləşir. Hamamın şərq tərəfində hipokast döşəmə üzərində altı sütun yeri vardır. Döşəmə, qalın sukeçirməz plaster təbəqə ilə örtülmüşdür. Divarlar üzlənmiş və al qırmızı rəngə boyanmış, yarpaq naxışları ilə bəzədilmişdir.[9] Otağın şimal və cənub divarlarındakı kiçik hovuzlara su, divarın içi ilə çəkilmiş gil borular vasitəsilə çatdırılırdı.[7]

Kiçik tağlı keçid, şərq hissədən, cənub divarında kiçik ayaq hovuzu olan giriş hissəyə gətirirdi. Giriş hissədən başqa bir tağlı keçid vasitəsilə yüksək dincəlmə yerlərinə malik soyunma otağına keçilir. Nazik dəhliz vasitəsilə soyunma otağı, hamamın qərb hissəsi ilə birləşir.[9]

Saray kilsəsinin xarabalıqları 2011-ci ildə

Mənbələrdə Kamsarakan kilsəsi, Müqəddəs Sarqis və Toros kilsəsi və Absalon kilsəsi kimi də qeyd edilən kiçik saray kilsəsi, Ani qəsrindəki hökmdar sarayının şərqində yerləşir. Dövrümüzə kilsənin yalnız şərq divarı çatmışdır.[10] Kilsənin, ehtimal ki, 1966-cı il zəlzələsi zamanı dağılmış cənub divarının, iri qalıqları yaxınlıqdakı ərazidə qalmaqdadır.

XIX əsrin sonlarında kilsənin şərq tərəfinin əsas hissəsi artıq dağılmışdı. Qərb fasadının da böyük bir hissəsi dağılmış, qalan hissəsi isə uçmaq təhlükəsində idi.[11] Abidə ərazisində arxeoloji tədqiqat işləri aparmış akademik N. Marr, 1912-ci ildə kilsənin qalan konstruksiyasının bərpasını təşkil etmiş, hörgünün çatışmayan hissələrini tamamlamışdır.[12]

Kilsənin inşa tarixi elmi ədəbiyyatda mübahisə mövzusu olaraq qalmaqdadır. Marr, saray kilsəsini Aninin dövrümüzə çatmış ən qədim kilsəsi hesab edir[13], və kilsənin Kamsarakan sülaləsinin hakimiyyəti dövründə inşa edilməsi ehtimalını irəli sürür.[13] Lakin, o, kilsənin sonrakı dövrlərdə əsaslı yenidənqurma və inşaat işlərinə məruz qaldığını da bildirir.[12] M. F. Brosse saray kilsəsini sarayın təntənəli zallarından biri hesab edir.[14] H. Linç bu fikirlə razılaşmayaraq, tikilinin şərqə istiqamətləndiyi və apsidası olmasını, apsida üzərində isə xaç təsvirinin qalıqlarının görünməsini əsas gətirərək, onun məhz kilsə binası olduğunu qeyd edir.[15]

Birnefli bazilika formasına malik olan[12] kilsə, bir apsidaya və tağtavanlı örtüyə malik idi.[12]

Kiçik şahzadələr türbəsi

[redaktə | mənbəni redaktə et]
Kiçik Şahzadələr türbəsinin xarabalıqları 2011-ci ildə

Mənbələrdə Kiçik şahzadələr türbəsi, Hökmdar övladları türbəsi, Micnaberd kilsəsi adları ilə qeyd edilən tikili, Ani qəsrindəki sara binasından bir qədər aşağıda – cənub-şərq istiqamətində yerləşir.[2] Tikilinin divarlarında onun hansı məqsədlə inşa edilməsi və ya kimə həsr olunmasını göstərəcək heç bir kitabə yoxdur və mənbələrdə qeyd edilən adların hamısı XIX əsrə aiddir.[2] M. F. Brosse memarlıq baxımından kilsənin təxminən XI əsrdə inşa edilmiş olması ehtimalını irəli sürür. M. F. Brosse saray kilsəsini sarayın təntənəli zallarından biri hesab edir.[16]

Altıguşəli qəsr kilsəsi

[redaktə | mənbəni redaktə et]

Həm də Qəsr monastırı və Müqəddəs Egiya kilsəsi kimi tanınan Altıguşəli kilsə, Ani qəsrinin cənub qurtaracağında, qaya üzərində inşa edilmişdir. Tikilinin dövrümüzə çatmış qalıqları ilkin müşahidə zamanı daha çox, müşahidə qülləsini xatırladır.[17] Tikili üzərində heç bir kitabə dövrümüzə çatmasa da, İ. Orbeli qeyd edir ki, abidənin kitabə qalığı üzərində 1026-cı il tarixinin, eyni zamanda hansısa Şahzadə Əbuhamrın adının göstərildiyi kitabə olmuşdur.[18]

Kilsə, altıguşəli əsasında yaradılmış radial plana malikdir. Sadə plana malik kilsə, ehtimal ki, X əsrin II yarısı və ya XI əsrdə inşa edilmişdir.[17]

  1. 1 2 Марр, 1934. səh. 66
  2. 1 2 3 4 5 Марр, 1934. səh. 69
  3. 1 2 3 4 Марр, 1934. səh. 67
  4. Basmadjian, K. J. Souvenir d'Ani. Paris. e Ier Mai 1904.
  5. 1 2 3 4 Марр, 1934. səh. 68
  6. Халпахчьян, О.X.; Квитницкой, Е.Д.; Павлова, В.В.; Прибытковой, А.М. Глава «Архитектура Армении» (Всеобщая история архитектуры. Том I. Архитектура Древнего мира»). Москва: Стройиздат. 1970.
  7. 1 2 3 4 Марр, 1934. səh. 70
  8. Марр, Н. Я.; Орбели, И. А. Археологическая экспедиция 1916 года в Ван (Раскопки двух ниш на Ванской скале и надписи Сардура Второго из раскопок западной ниши. Доклады Н. Марра и И. Орбели. Пг.: Русское археологическое общество). Академическая тип. 1922. 109.
  9. 1 2 3 Марр, 1934. səh. 71
  10. Марр, 1934. səh. 74
  11. Марр, 1934. səh. 51
  12. 1 2 3 4 Марр, 1934. səh. 52
  13. 1 2 Марр, 1934. səh. 50
  14. Brosset, 1860-1861. səh. 7
  15. Lynch, H.F.B. Armenia, travels and studies. Volume I: The Russian Provinces. London: Longmans, Green, and Co. 1901. 379.
  16. Brosset, 1860-1861. səh. 9
  17. 1 2 Марр, 1934. səh. 72
  18. Орбели, И. . Развалины Ани. С.-Петербургъ: Изданiе журнала "Нева". 1911. 4.