Əliyev Arif Rauf oğlu (Arif Buzovnalı; 6 sentyabr 1972, Buzovna) — şair, qəzəlxan, tədqiqatçı, şeirşünas, Azərbaycan Yazıçılar Birliyinin Xəzər (Bakı) bölməsinin sədri[1]
Arif Buzovnalı | |
---|---|
Arif Rauf oğlu Əliyev | |
Doğum adı | Arif Əliyev |
Doğum tarixi | 6 sentyabr 1972 (51 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair |
Vikianbarda əlaqəli mediafayllar |
Arif Buzovnalı 1972-ci ildə 6 sentyabr tarixində Bakının Buzovna qəsəbəsində ziyalı ailəsində dünyaya gəlib. 1979-1989 cu illərdə Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbdə təhsil alıb. 1990-cı ildə hərbi xidmətə yollanıb, 1992-ci ildə Sovet ordusunda (sonradan MDB ordusu) xidmətini başa vurub. 1993-cü ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olsa da, təhsilinə başlamadan könüllü olaraq Qarabağ cəbhəsinə gedib və atəşkəsə qədər (1994-cü il 1 may) Əzizbəyov adına Könüllülər Batalyonunda döyüşüb.
Arif Buzovnalının ədəbi fəaliyyəti erkən yaşlarına təsadüf edir. 1987-ci ildə “Pioner” jurnalına göndərdiyi “Vahidə bənzətmə” şeiri jurnalın konsepsiyasına uyğun gəlmədiyinə görə dərc edilməsə də, 1991-ci ildə həmin şeir “Azərbaycan Gəncləri” qəzetində çap olunub.
Bakıda və Abşeronda fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən “Füzuli” və “Məcməüş-şüəra” məclislərinin üzvü olub. Mütəmadi olaraq dövrü mətbuatda “Azərbaycan Gəncləri”, “Kaspi”, “İki sahil”, “Yol”, “Olaylar”, “Ədəbiyyat qəzeti”, “Tək səbir”, “Nəbz”, “Şəhriyar” və başqa qəzetlərdə, həmçinin “Hikmət”, “Kəlam”, “Ulduz”, “Karvan”, “Azərbaycan” jurnallarında bədii əsərləri və müxtəlif mövzulu məqalələri ilə çıxış edib.
2003-cü ildə Təbrizdə keçirilən “Şeri-tənz” Beynəlxalq şeir müsabiqəsinin qalibi olub.
2010-cu ildə Urmiyyədə keçirilən “Rəzəvi” Beynəlxalq Şeir Festivalının qalibi olub, 2011-ci ildən 2016-cı ilə qədər həmin festivalın türkdilli şeir üzrə münsifi olmuşdur.
2014-2021-ci illərdə Azərbaycan Dövlət Televiziyasında (Aztv) "Məclisi-Üns" verilişinin daimi iştirakçısı olmuşdur.
2018-2019- cu illərdə keçirilmiş 1-ci və 2-ci "Nəsimi - Şeir, incəsənət, mənəviyyat" festivalı çərçivəsində "Nəsimi məclisi" və "Bir qəzəlin şərhi" proyektlərinin müəllifi və aparıcısı olmuşdur.
2022-ci ildə Türkiyə Cumhuriyyətində keçirilmiş Beynəlxalq Türkologiya Kongresi professor Dk. Vüsalə Musalının "Çağdaş Azərbaycan ədəbiyyatında klassik gələnəyin davamı: Arif Buzovnalı sənəti" adlı tədqiqat işinə həsr edilmişdir.[2]
Azərbaycan,Türkiyə, İran, Ukrayna, Rusiyada keçirilmiş bir çox elmi və ədəbi konfranslarda iştirak edib, müxtəlif diplom və mükafatlara layiq görülüb. Şeirləri xarici dillərə tərcümə edilib və müxtəlif ölkələrin mətbuatında çap olunub.
Yeddi kitabı işıq üzü görüb və müxtəlif almanaxlarda əsərləri yer alıb.
Ömər Xəyyam, Sergey Yesenin və Leyla Əliyevadan tərcümələri var.
2022-ci ildə 50 illik yubileyi münasibətiylə haqqında təbriklər, ithaflar və məqalələrdən ibarət "Arif" kitabı çap olunub. Kitabda şairin həmkarlarının, müxtəlif elm və incəsənət xadimlərinin Arif Buzovnalı şəxsiyyəti və yaradıcılığı barədə yazıları toplanıb.[3]
Ailəlidir, iki övladı var.