Asif Əli Zərdari

Asif Əli Zərdari (urdu آصف علی زرداری; sindhi آصف علی زرداری; 26 iyul 1955[1][2], Nəvabşah[d], Sind əyaləti) — 10 mart 2024-cü il tarixindən Pakistan İslam Respublikasının 14-cü prezidenti, bundan əvvəl 2008–2013-cü illərdə ölkənin 11-ci prezidenti olmuşdur. Asif Əli Zərdari sui-qəsd nəticəsində həyatını itirən ölkənin keçmiş baş naziri Bənazir Bhuttonun həyat yoldaşıdır.

Asif Əli Zərdari
urdu آصف علی زرداری
Şəxsi məlumatlar
Doğum tarixi 26 iyul 1955(1955-07-26)[1][2] (69 yaş)
Doğum yeri Nəvabşah, Pakistan
Partiya
Fəaliyyəti siyasətçi, sahibkar
Həyat yoldaşı Bənazir Bhutto
Uşaqları
Dini İslam

Təltifləri "Pakistan" ordeni "Dövlət nişanı" ordeni Grand Cross of the Order of Excellence "İsmayıl Samani" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Asif Əli Zərdari 1955-ci il iyul ayının 22-də Pakistanın Sindx əyalətinin Nəvabşah şəhərində sahibkar Hakim Əli Zərdarinin ailəsində anadan olub. Kəraçidə böyüyüb boya-başa çatan Asif orta məktəbi Kəraçidə bitirdikdən sonra Petaro kollecində təhsil alıb. Maraqlıdır ki, Zərdarinin Londonun hansı ali təhsil ocağında təhsil aldığı dəqiq bilinmir. Britaniya rəsmiləri bu suala cavab tapmaqda çətinlik çəkirlər. Zərdarinin həmsədri olduğu Pakistan Xalq Partiyasının sənədlərində qeyd olunduğuna görə, o, Londonun İqtisadiyyat və Biznes kollecində təhsil alıb. Ancaq bu məlumat London təhsil dairələri tərəfindən təsdiqənməyib. Belə ki, sözügedən şəhərin təhsildən cavabdeh rəsmi şəxsləri belə bir institutun mövcudluğunu aydınlaşdıra bilmədiklərini qeyd edirlər.

Londonda təhsilini başa vuran Asif Pakistana geri qayıtdıqdan sonra əmlakın idarə olunması və tikinti biznesində atasına kömək etməyə başlayır. Bu zaman gənc Zərdarinin əsas məqsədi məşhur olmaq idi. Zərdarinin evində şəxsi diskotekaya sahib olması onun "pleyboy" adlandırılmasına gətirib çıxarır.

Asif Zərdari 1987-ci ildə o zaman Pakistan Xalq Partiyasının sədri olan Bənazir Bhutto ilə evlənir. O, həyat yoldaşının 1988–90-cı illərdəki ilk baş nazirliyi dövründə "Cənab 10 faiz" ləqəbini qazanır. Belə ki, o, Pakistan hökumətinin razılığı ilə həyata keçirilən iqtisadi layihələrdən 10 % haqq istəyirdi.

1990-cı ildə B. Bhuto hakimiyyətdən salınır və bu zaman onun əri Asif rüşvətxorluqda, adam oğurluğunda və hədə-qorxu ilə qarətdə ittiham olunaraq həbs olunur. O, 11 il məhbus həyatı yaşayır.

1993-cü ildə zaminə buraxılan Zərdari Bhutonun baş nazir olduğu hökumətdə Su ehtiyatları və enerji məsələlərinə nəzarət edən quruma rəhbərlik edir. A. Zərdari daha sonra Ətraf mühit və İnvestisiyalar naziri postuna yiyələnir. Zərdari Ətraf Mühit naziri vəzifəsini icra edərkən çıxışlarının birində ölkənin hər bir məktəbində ətraf mühitin qorunması üzrə şöbənin açıldığını iddia edir. Onun sözlərinə görə, bu dərnəklər hər bir şagirdi bir ağac əkməyə həvəsləndirmək məqsədilə yaradılmışdı.

1996-cı ildə həyat yoldaşı istefaya göndərildikdən sonra bu dəfə müxtəlif qətllərdə (o cümlədən qaynı Murtuza Bhuttonun qətlində), eləcə də narkotik qaçaqmalçılığında və rüşvətxorluqda günahlandırılaraq həbs olunan Zərdari 2004-cü ilə kimi həbsdə yatır. Asif sərbəst buraxıldıqdan sonra həyat yoldaşının mühacirətdə olduğu Birləşmiş Ərəb Əmirliklərinə gedir. Zərdari buradan müalicə olunmaq üçün Birləşmiş Ştatlara yollanır. Belə ki, o, şəkərli diabetdən və kürək ağrısından əziyyət çəkirdi.

2007-ci ildə Pakistan prezidenti P. Müşərrəf sürgündə olan siyasətçilərin ölkəyə qayıda bilməsini nəzərdə tutan əfv fərmanı imzalayır. Zərdari həyat yoldaşı Bənazir Bhutto ilə birlikdə 2007-ci ilin oktyabrında Pakistana qayıdır.

2007-ci il dekabrın 27-də Bənazir Bhutto ona qarşı təşkil olunmuş sui-qəsd nəticəsində qətlə yetirilir. Bundan sonra Asif Əli Zərdari oğlu Bilaval Bhutto ilə birlikdə Pakistan Xalq Partiyasının həmsədrinə çevrilir. Oksfordda təhsil alan Bilavalın təhsilini başa vurduqdan sonra partiyanın lideri olacağı gözlənilir.

Asif Əli Zərdari və ABŞ prezidenti Corc Buş, 23 sentyabr 2008

Zərdari 2008-ci il aprelin 19-da Londonda təşkil etdiyi mətbuat konfrasında iyunun 3-də keçiriləcək seçkilərdə iştirak edəcəyini və ölkənin yeni baş naziri olmaq uğrunda mübarizəyə qoşulacağını bildirir.

2008-ci ilin fevral ayında parlamentə keçirilən seçkilərdə qələbə qazanan Nəvaz Şərifin Müsəlman Liqası ilə koalisiyaya girir. Avqust ayında koalisiya prezident Pərviz Müşərrəf barəsində impiçment məsələsini müzakirəyə qoyulması üçün fəaliyyətə başlayır. Nəticədə təzyiqlərə tab gətirməyən Müşərrəf istefa verməyə məcbur olur.

Bundan sonra prezident postu uğrunda keçiriləcək seçkilərdə Zərdarinin namizədliyi PXP-nin Mərkəzi İcra Komitəsi tərəfindən irəli sürülür.

Prezident seçkiləri ərəfəsində bir çox siyasi analitik Zərdarinin prezident seçiləcəyi təqdirdə Pakistanın siyasi, iqtisadi və maliyyə baxımından çox əziyyət çəkəcəyini proqnozlaşdırırlar.

Sentyabrın 6-da Pakistan parlamentində keçirilən seçkidə Zərdari senatın və milli assambleyanın səsini toplayaraq dövlət başçısı postuna yiyələnir.

Asif Əli Zərdarinin prezident səlahiyyət müddəti 2013-cü il sentyabrın 5-də baş çatmışdır. Ondan sonrakı prezident Məmnun Hüseyndir.

Zərdarinin üç övladı (1988-ci il doğumlu oğlu Bilaval, 1990, 1993-cü illərdə anadan olmuş qızları Bəxtəvər və Asifə) var.[3]

Çirkli pulların yuyulmasında fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Asif Əli Zərdari 1990-cı ildə 60 milyon dolları mənimsəməkdə və çirkli pulların yuyulmasında günahlandırılaraq, həbs edilmişdi. İstintaq müəyyənləşdirmişdi ki, o, həmin pulları İsveçrə banklarında saxlayır. Lakin 1997-ci ildə Cenevrə bu işi bağlayıb və eyni zamanda Zərdarinin hesabını da dondurub[4].

  1. 1 2 Asif Ali Zardari // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Asif Ali Zardari // Munzinger Personen (alm.).
  3. "Asif Əli Zərdari". 2013-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-09-16.
  4. "Prezidentə cinayət işi açmaqdan imtina edən məmur həbs olundu". 2010-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-31.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]